Məhkəmə qərarları › İş №2(107)-1316/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1316/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1316/2022 22.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyəti və qeyrilərinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququ, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-725/2022 saylı qətnaməsindən Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinə, Cavabdeh1nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonunun Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m2 olan fərdi yaşayış evinə dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələrinə dair 01 mart 2012-ci il tarixli, Y- 816 saylı protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 BOKT MMC- nin adına verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə Cavabdeh3 BOKT QSC ilə oğlu X4 arasında bağlanmış təminatlı kredit müqaviləsinə görə ona 70 baş ana qoyun alınması məqsədilə illik 24 % olmaqla 18 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Öhdəliyinin icrasının təmin olunması məqsədilə ona mülkiyyət hüququ əsasında məxsus olan Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Ödənişlər vaxtında həyata keçirilmədiyi üçün bank X3 və onu məhkəməyə vermişdir. Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, X4 ilə Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSC arasında xx.xx.2010-cu il tarixli CAGab 44753/10 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4489 (dörd min dörd yüz səksən doqquz) manat əsas borc, 491 (dörd yüz doxsan bir) manat faiz borcu, gecikdirməyə görə 1500 (bir min beş yüz) manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 15 sentyabr 2011-ci il tarixə 6530 (altı min beş yüz otuz) manat borc, ipotekaya qoyulmuş ona mülkiyyət hüququ əsasında məxsus Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə (0,59 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin hərracda ilkin satış qiyməti 10.000 (on min) manat məbləğində müəyyənləşdirilməsi, satışdan əldə olunan vəsait borcun həcmi məbləğində Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi, hərrac keçirildikdən sonra 1 (bir) ay müddətində girov qoyulmuş, yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Onun hərraclar barədə məlumatı olmamışdır. Yaşlı adam olduğundan məhkəmə işləri və sənədləri ilə bağlı hər hansı hüquqi savadı yoxdur. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın yekunları barədə Y-816 nömrəli Protokola əsasən Qəbələ rayonu Nic kəndində fərdi yaşayış evinin (0,59 ha torpaq sahəsi ilə birlikdə) son qiyməti 6375 (altı min üç yüz yetmiş beş) manat müəyyən edilmişdir. Eyni zamanda göstərilmişdir ki, “İpoteka haqqında” AR qanunun 43.5 və 43.7 maddələrinə əsasən ilkin satış qiymətinin enmiş faizləri təkrar hərracda 15 % (on beş) və 25 % (iyirmi beş) azalmışdır. Bu da onu göstərir ki, 3 hərrac keçirilmiş, birinci hərracda əmlakın qiyməti 15 %, ikinci hərracda 25 % azaldılmışdır. Nəticədə üçüncü hərrac zamanı əmlakın qiyməti 6375 manat olmuşdur. Daha sonra 01 mart 2012-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinə əsasən satıcı əmlakı hərracın nəticələri barədə yekun protokoluna əsasən 6375 (altı min üç yüz yetmiş beş) manata satmış, alıcı isə həmin qiymətə almışdır. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh3 BOKT QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2 nömrəli reyestri kitabının 55 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. Onun isə ya birinci hərracdan, ya ikinci, ya da üçüncü hərracdan xəbəri olmamışdır. Hərraclar keçirilən zaman əmlakın mülkiyyətçisi kimi birinci ona məlumat verilməli və hərraclar onun iştirakı ilə keçirilməli idi. O, hərrac keçirilən vaxt həmin evin mülkiyyətçisi olduğu halda hərrac onun iştirakı olmadan təşkil olunmuş, həmin ev dəyərindən ucuz qiymətə satılmış və evi alan isə onu ucuz qiymətə almaqda maraqlı olan bank olmuşdur. Hal-hazırda həmin torpaq sahəsinin fərdi yaşayış evi birlikdə 100000 (bir yüz min) və daha artıq qiyməti vardır. Dəyəri 100000 manatdan olan daşınmaz əmlakın 6375 manat qiymətləndirilməsi ilə onun mülkiyyət hüquqlarını kəskin şəkildə pozmuşdur. Bu yaxınlarda icra məmuru oğlu X2 bildirmişdir ki, bank əmlakını özü almış və artıq balansına götürmüşdür. Bu yaxınlaradək qətnamə üzrə icra icraatına başlanması, əmlakının hərraca çıxarılması və hərracda satılması ona bildirilməmiş, rəsmi xəbərdarlıq göndərilməmiş, hərrac məqsədli şəkildə iştirakı olmadan həyata keçirilmişdir. Hərraclar keçirilən zaman, onun hüquqları kobud surətdə pozularaq, əmlakı qanunsuz olaraq əlindən qərəzli şəkildə alınmışdır. Cavabdehlər - hərracı keçirən təşkilatçılar bank ilə əlaqəyə girərək, əmlakı ona sərf edən ucuz, dəyərindən çox-çox aşağı qiymətə satılmasını təşkil etmiş və cavabdehlər bu cür qanunsuz hərəkətləri ilə ona küllü miqdarda ziyan vurulmuşlar. Cavabdehlər onun maraqlarına toxunaraq, qanunsuz hərəkətləri ilə Mülki Məcəllənin və “İpoteka haqqında” xx.xx.2005-ci il tarixli Qanunun tələbləri kobud surətdə pozmuşlar. Bundan əlavə "xxxx" BOKT MMC-yə bu yaxınlarda icra vərəqəsində nəzərdə tutulmuş məbləğin ödənilməsini və çıxarışın onların adlarına qaytarılması tələb edilsə də, onlar əsassız olaraq daha çox məbləğ tələb etmişlər və bütün bunlar onların göstəricisidir ki, Cavabdeh3 BOKT MMC-nin məqsədi ondan borc öhdəliyini tələb etmək deyil, ona məxsus torpaq sahəsini və fərdi yaşayış evini daha yüksək qiymətə satıb gəlir əldə etməkdir. Buna görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd olunanlardan məlum olur ki, hərracın keçirilməsi zamanı ipotekaya qoyulmuş daşınmaz əmlakların satılması “İcra haqqında” Azərbaycan Respublikası Qanunun, “İpoteka haqqında” Azərbaycan qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmaqla həyata keçirildiyindən, ona məxsus Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m2 olan fərdi yaşayış evi ilə bağlı hərracın yekunları barədə 01 mart 2012-ci ildə tərtib olunmuş № Y- 816 saylı protokol və hərracın yekunları üzrə həmin tarixli əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, qeyd olunan hərracların keçirilməsi ilə bağlı əmlakların mülkiyyətçinə, yəni ona qanunla müəyyən olunmuş qaydada bildirişlər göndərilməmiş və onun həmin hərrac barədə məlumatı olmamışdır. Bu isə onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd olunduğu kimi ona məxsus Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m2 olan fərdi yaşayış evi 01 mart 2012-ci il tarixli hərracın yekunları barədə protokola əsasən Cavabdeh3 BOKT MMC-yə satılmış və daşınmaz əmlakın dövlət reyestrində "xxxx" BOKT MMCnin adına qeydiyyata alınmamışdır. Hərracın nəticələri haqqında yekun protokol etibarsız olduğundan Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m2 olan fərdi yaşayış evi üzərində Cavabdeh3 BOKT MMC-nin mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməli, həmin əşya, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmalıdır. Başqa sözlə, Cavabdeh3 BOKT MMC-nin adına verilmiş Çıxarış ləğv edilməlidir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-725/2022 saylı qətnaməsi (hakim E.İsayev) ilə iddia tələbinin təmin edilməsi, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələrinə dair 01 mart 2012-ci il tarixli, Y-816 saylı protokolu və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin adına verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı adına qeydiyyatının bərpa edilməsi, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin yenidən ilkin satış qiyməti müəyyən olunmaqla, hərracın keçirilməsinin icra məmuruna həvalə edilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli icra vərəqəsinin, Qəbələ rayon İcra Qrupunun sifariş məktubunun icrasına əsasən, İddiaçı məxsus Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 kv.metr olan fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsini iddiaçının iştirakı olmadan təşkil etmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar alıcı "xxxx" BOKT MMC-nə satılmışdır. Hal-hazırda iddiaçı Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m2 olan fərdi yaşayış evinə dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələrinə dair 01 mart 2012-ci il tarixli, Y- 816 saylı protokolun və alğı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" BOKT MMC- nin adına verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və onun mülkiyyət hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli qətnaməsindən məlum olmuşdur ki, Nümayəndə1 ilə Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSC arasında xx.xx.2010-cu il tarixli CAGab 44753/10 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4489 (dörd min dörd yüz səksən doqquz) manat əsas borc, 491 (dörd yüz doxsan bir) manat faiz borcu, gecikdirməyə görə 1500 (bir min beş yüz) manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 15 sentyabr 2011-ci il tarixə 6530 (altı min beş yüz otuz) manat borc, ipotekaya qoyulmuş İddiaçı mülkiyyət hüququ əsasında məxsus Qəbələ rayon Nic qəsəbəsində 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi (0,59 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin hərracda ilkin satış qiyməti 10.000 (on min) manat məbləğində müəyyənləşdirilməsi, satışdan əldə olunan vəsait borcun həcmi məbləğində Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi, hərrac keçirildikdən sonra 1 (bir) ay müddətində girov qoyulmuş yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə hərracın nəticələrinin etibarsız hesab olunması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbində hərrac təşkilatının hərracın keçirilməsi barədə ona bildirişlər təqdim edilmədiyi, hərracın keçirilməsi qaydalarının pozulduğunu, real hərrac keçirilmədiyini, 100000 manat dəyərində olan əmlakın məhkəmə qərarı əsasında 10000 manata hərraca çıxarıldığını, 6375 manata banka satıldığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun tələbindən göründüyü kimi, hərracın vaxtı, yeri və s. ilə yanaşı onun predmeti dəqiq şəkildə tərəflərə bildirilməli və elan olunmalıdır. Bu qaydanın məqsədi hərracın formal deyil, real şəkildə, yəni iştirakçı çoxluğu olan həqiqi auksion formasında keçirilməsidir. Bu səbəbdən həmin məlumatlardakı yanlışlıq (qeyri-dəqiqlik) hərracın iştirakçılar olmadan formal keçirilməsinə səbəb olur. Bu hal isə hərracların iştirakçısının olmaması, dolayısı ilə hərracların baş tutmamış sayılması ilə nəticələnir. Hərracın baş tutmaması isə ipoteka qoyanın əmlak mənafeyinə uyğun deyil. Çünki, bu halda hərrac predmetinin satış qiyməti əvvəlcə 15%, təkrar hərracdan sonra isə 25 % aşağı düşür və əşya daha ucuz qiymətə satılır. Göründüyü kimi, sözügedən məlumatların düzgün göstərilməməsi ipoteka qoyanın əmlakın həqiqi dəyərindən ucuz qiymətə əlindən çıxmasına, başqa sözlə onun əmlak mənafeyinin əsassız pozulmasına səbəb olur. Hərracın nəticələri haqqında protokol etibarsız hesab edildiyindən onun etibarsızlıqdan irəli gələn hüquqi nəticələr tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətə qaytarılması təmin olunmalıdır. Çünki, “İpoteka haqqında” Qanunun 42.6-cı maddəsindən göründüyü kimi, hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malik olur. Məhkəmə qeyd etmişdir ki, İddiaçı məxsus olan Qəbələ rayonu Nic qəsəbəsində olan 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 kv.metr olan fərdi yaşayış evi haqqında 01 mart 2012-ci il tarixli hərracın nəticələri haqqında protokol əsasında Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinə satılmış və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin adına qeydiyyata alınmışdır. Məhkəmə, hərracın nəticələri haqqında yekun protokolun etibarsızlığından irəli gələn hüquqi nəticələri tətbiq edərək hesab edir ki, Qəbələ rayonu Nic qəsəbəsində olan 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 kv.metr olan fərdi yaşayış evi üzərində Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməli, həmin əşya, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmalıdır. Başqa sözlə, iddianın Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi, adı çəkilən əmlakın iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsi də əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin yenidən ilkin satış qiyməti müəyyən olunmaqla, hərracın keçirilməsi icra məmuruna həvalə edilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələrinə dair 01 mart 2012-ci il tarixli, Y-816 saylı protokolu və alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin adına verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı adına qeydiyyatı bərpa edilməli, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin yenidən ilkin satış qiyməti müəyyən olunmaqla, hərracın keçirilməsi icra məmuruna həvalə edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 416, 337.4-cü və 337.5-ci maddələri ilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 42.1, 42.3, 43.4,43.5, 43.7, 44-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 BOKT MMC tərəfindən Qəbələ Rayon Məhkəməsinin 2(025)-725/2022 saylı 30 avqust 2022- ci il tarixli qətnaməsi, rəsmi qaydada, poçt vasitəsi ilə 26 sentyabr 2022-ci il tarixdə qəbul olunmuşdur. Həmin qətnamədən məlum olmuşdur ki, Cavabdeh3 BOKT MMC-nin maddi hüquq normaları pozulmuşdur. Belə ki, qətnamədə qeyd olunub ki, guya həmin daşınmaz əmlak üzrə qiymət düzgün qoyulmayıb. Lakin buna dair heç bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə Qəbələ Rayon Məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin heç bir bəndinə riayət etmədən qətnamə çıxarmışdır. Belə ki, İddiaçı tərəfindən məhkəmə iclas zamanı irəli sürdüyü iddia ərizəsinə əsasən heç bir dəlil sübut təqdim edə bilməmişdir. Bu da bir daha onu sübuta yetirir ki, iddia ərizəsi əsassızdır. Cavabdeh3 BOKT MMC tərəfindən isə kifayət qədər sənəd şəklində sübut təqdim olunmuşdur ki, İddiaçı, həmin daşınmaz əmlakın təşkilatın adına keçirilməsi və təşkilata məxsus olması xəbəri var idi. Məhs bu halda sual yaranır ki, hansı səbəblərdən İddiaçı neçə illər ərzində məhkəməyə müraciət etməmişdir? Bu kimi faktda onu sübuta yetirir ki, artıq məhkəməyə müraciət etmə müddəti keçmişdir. Belə ki, məhkəmə iclas zamanı Cavabdeh3 BOKT MMC tərəfindən elektron qaydada sənədlər təqdim olunmuşdur ki, hansılara İddiaçı 2019-cu il tarixdə imza edərək qəbul etmişdir. Lakin məhkəmə tərəfindən bu kimi fakt nəzərə alınmamışdır. Məhkəmə iclas zamanı İddiaçı tərəfindən etiraf olunmuşdur ki, hərracdan, məhkəmə qətnaməsindən, icradan və əmlakın Cavabdeh3 BOKT MMC-nin mülkiyyətinə keçirilməsi barəsində xəbəri var idi və buna əsasən dəfələrlə təşkilata gələrək, təklif edirdi ki, müəyyən bir məbləğdə vəsait ödəyib daşınmaz əmlakı geriyə alsın. Bu kimi fakt İddiaçı məhkəməyə verildiyi iddia ərizəsinin əsassız olmağını sübuta yetirir (məhkəmə iclasının video yazısında eşitmək olar). Lakin məhkəmə tərəfindən bu kimi fakt nəzərə alınmadan, iddiaçını xeyrinə qətnamə çıxarılmışdır. Məhkəmə iclas zamanı İddiaçı dəfələrlə izahat verərkən ifadəsində qeyd etmişdir ki, neçə illər ərzində dəfələrlə Cavabdeh3 BOKT MMC-yə borcun bağlanması və evin qeriyə götürülməsi barəsində müraciət etmişdir. Bu kimi fakt bir daha onu sübuta yetirir ki, İddiaçı bu prosedurlardan xəbərdar idi. Buna dair sübut: Qəbələ rayon məhkəməsində, məhkəmə iclas zamanı video yazı. Cavabdeh3 BOKT MMC tərəfindən Qəbələ Rayon Məhkəməsinə həmin iş üzrə elektron qaydada sənədlər təqdim olunmuşdur. Həmin sənədlər 2019-cu il tarixli sənədlər idi və həmin sənədlərdə İddiaçı sənədlərin qəbul etdiyinə dair imzası vardır. Bu kimi faktıda İddiaçı məhkəmə iclas zamanı etiraf etmişdir. Bundan başqa məhkəmə iclas zamanı, İddiaçı qeyd etmişdir ki, verdiyi iddia ərizəsi üzrə sübutlar və dəlillər vardır. O, zaman hakim Elman İsayev tərəfindən bununla əlaqədər məhkəmə iclası təxirə salınmışdır. Lakin buna baxmayaraq, növbəti məhkəmə iclasında İddiaçı tərəfindən heç bir dəlil sübut təqdim olunmamış və hakim tərəfindən naməlum səbəblərə əsasən iddiaçının xeyrinə qətnamə çıxarılmışdır. Belə ki, İddiaçı tərəfindən məhkəmə iclas zamanı irəli sürdüyü iddia ərizəsinə əsasən heç bir dəlil sübut təqdim edə bilməmişdir. Bu da bir daha onu sübuta yetirir ki, iddia ərizəsi əsassızdır. Qeyd edilənləri nəzərə alaraq o, Qəbələ rayon Məhkəməsinin 2(025)-725/2022 saylı 30 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Qəbələ rayon Məhkəməsinin 2(025)-725/2022 saylı 30 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər proses tərəfləri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərrac keçirilməsi qaydalarının pozulması nəticələri bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41. İpoteka predmetinin satış üsulları - 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. - 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. - 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. - 41.5. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42. Hərracın keçirilmə qaydası Maddə 42.1. (Hərracın keçirildiyi vaxt qüvvədə olan) Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. - 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. - 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 53. Üzərinə həbs qoyulmuş əmlakın satılması - 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, cavabdeh Qəbələ rayon Məhkəməsinin 2(025)-725/2022 saylı 30 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-725/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, hazırki mübahisə obyekti olan ipoteka qoyulmuş daşınmaz əmlakla bağlı Qəbələ Rayon Məhkəməsinin icra sənədi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq 3 hərracın keçirilməsi təşkil edilmiş, bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmişdir. 01 mart 2012- ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinə əsasən satıcı əmlakı hərracın nəticələri barədə yekun protokoluna əsasən 6375 (altı min üç yüz yetmiş beş) manata satmış, alıcı isə həmin qiymətə almışdır. Eyni zamanda məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 saylı məhkəmə qətnaməsi ilə Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSC olan ödənilməmış kredit borcunun ona mülkiyyət hüququ əsasında məxsus olan Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsindən məlumatı olmuşdur. Apellyasiya şikayətində qeyd edilir ki, məhkəmə iclası zamanı İddiaçı tərəfindən etiraf olunmuşdur ki, hərracdan, məhkəmə qətnaməsindən, icradan və əmlakın Cavabdeh3 BOKT MMC-nin mülkiyyətinə keçirilməsi barəsində xəbəri var idi və buna əsasən dəfələrlə təşkilata gələrək, təklif edirdi ki, müəyyən bir məbləğdə vəsait ödəyib daşınmaz əmlakı geriyə alsın. Bu kimi fakt İddiaçı məhkəməyə verildiyi iddia ərizəsinin əsassız olduğunu sübuta yetirir. (Məhkəmə iclasının video yazısında eşitmək olar). Lakin məhkəmə tərəfindən bu kimi fakt nəzərə alınmadan, iddiaçını xeyrinə qətnamə çıxarılmışdır. Məhkəmə iclas zamanı İddiaçı dəfələrlə izahat verərkən ifadəsində qeyd etmişdir ki, neçə illər ərzində dəfələrlə Cavabdeh3 BOKT MMC-yə borcun bağlanması və evin qeriyə götürülməsi barəsində müraciət etmişdir. Bu kimi fakt bir daha onu sübuta yetirir ki, İddiaçı bu prosedurlardan xəbərdar idi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 dekabr 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Eyni zamanda iş materiallarında olan iddiaçıya və Cavabdeh1nə ünvanladığı xx.xx.2019-cu il tarixli 1926/19 №-li bildirişdə (iş vər.44) bildirir ki, Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi artıq uzun müddətdir ki, MMC-yə məxsusdur. Qəbələ Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçının və həmin ünvanda onunla birgə qeydiyyatda olan digər şəxslərin həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş və yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Lakin iddiaçı və evdə yaşayan digər şəxslər qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etmək və evi boşaltmaqdan imtina edir və evdən istifadə etməkdə davam edirlər. Qeyd olunanları nəzərə alaraq BOKT iddiaçıya həmin evi almağı (ilkin olaraq evin bazar dəyərinin 15-20% ödənilməsi, qalan məbləğin isə 24-36 ay müddətində hissə-hissə ödəmək şərti ilə) iddiaçıya təklif etmişdir. BOKT-un təklifinin qəbul edilmədiyi halda isə evdə yaşayan şəxslərin əşyalarla birlikdə evdən çıxarılacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Sözügedən bildirişə torpaq sahəsinə və fərdi yaşayış evinə dair BOKT-un adına verilmiş çıxarış əlavə edilmişdir. MMC-nin həmin bildirişini və bildirişə əlavə olunmuş Çıxarışı xx.xx.2019-cu il tarixdə iddiaçı ilə birlikdə mübahisəli evdə yaşayan oğlu Nümayəndə1 qəbul etmiş və bu barədə bildirişə imza etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində evin hərraca çıxarılması, hərracdan satılması, BOKT-un evi əldə etməsindən məlumatlı olmaması barədə bildirdikləri inandırıcı sayıla bilməz. Ona ğörə də kollegiya hesab edir ki, iddia tələbi hərracın etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Kollegiya iddia tələbinin çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, 01 mart 2012- ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinə əsasən satıcı əmlakı hərracın nəticələri barədə yekun protokoluna əsasən 6375 (altı min üç yüz yetmiş beş) manata satmış, alıcı isə həmin qiymətə almışdır. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh3 BOKT QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2 nömrəli reyestri kitabının 55 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunu; Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol və sair. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Cavabdeh3 BOKT QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-725/2022 saylı qətnaməsi ləğv edilməli. İş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-725/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh3 Bank Olmayan Kredit X1 Cəmiyyəti və qeyrilərinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar