Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1318/2022 18.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh3 və Cavabdeh2 qarşı “Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən yaşayış evinin ½ hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması” təbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh3 və Cavabdeh2 uarşı Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən yaşayış evinin ½ hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə iddia ərizə yazaraq Cavabdeh3 adına Ucar şəhəri Nərimanov küçəsi 9 saylı (indiki Heydər Əliyev küçəsi 9) evin ½ hissəsinə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, həmin fərdi yaşayış evinin 14 hissəsinə miras qoyan X2 yeganə oğlu və qanuni varisi İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması və 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlərdən Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin (hakim Ç.İsgəndərov) 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Məhkəmənin həmin qətnaməsindən narazı qalan İddiaçı xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. İddiaçı apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 saylı qətnaməsi rəsmi qaydada təqdim olunmamış, yalnız Məhkəmə Hüquq Şurasına müraciət edəndən sonra rəsmi qaydada ona verilmişdir. Bildirir ki, həmin qətnamə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan notariat işində X2 verdiyi vəsiyyətnamə öz əksini tapmışdır. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə, saat 17:00 da verilmişdir (yəni ölümündən üç gün əvvəl). Həmin vəsiyyətnaməni mərhumun özü deyil, X7 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhum guya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyətnaməni imzalasın. Bu tamamilə yalandır. Vəsiyyətnaməni VCavabdeh3 əvəzindən imzalayan Söhrab Əskərovun, şahidlər X5 və X1 (şəxsi məlumatları) bilinmir. Onların şəxsiyyətinə dair notariat işində heç bir məlumat öz əksini tapmamışdır. İş materiallarından görünür ki, vəsiyyət qoyan “şizofreniya” xəstəsi olmuşdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364.1-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 402.2 və 402.2.1-ci maddələrinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının “apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında” qərardadından kassasiya şikayəti verilə bilər. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X14 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası qeyd edir ki, Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyrimümkün hesаb edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, təqdim olunmuş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən оlunmuşdur ki, yuxarıda mübahisələndirilən mülki iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı məhkəmədə X4 adlı nümayəndə ilə təmsil olunmuş, nümayəndə məhkəmə iclasında iştirak edərək izahat vermişdir (i/m səh. 69-71). İkincisi, iş materiallarının 77-ci səhifəsində olan “mülki iş üzrə məlumat” qəbzindən görünür ki, məhkəmənin xx.xx.2009-cu il tarixli, 2(067)-242/2009 nömrəıi qətnaməsi məlumat üçün tərəflərə, o cümlədən İddiaçı göndərilmişdir (i/m səh.77). Üçüncüsü, iş materiallarına əlavə olunmuş, Ucar Rayon Məhkəməsinin sədrinə və digər aidiyyəti orqanlara ünvanlanmış ərizələrin mətnindən görünür ki, iddiaçı mübahisələndirilən qətnamənin dövlət rüsumu ödənilməklə dublikatının onlara verildiyini bildirmişdir (i/m səh.86, 99 və s.) Dördüncüsü, məhkəmə kollegiyası аpellyаsiyаnın mümkünlüyü üzrə araşdırmanı davam etdirərək bildirir ki, iddiaçı şikayətində Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 saylı qətnaməsindən məlumatsız olduğunu bildirmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Ucar rayon notariat ofisinə və qeyrilərinə qarşı “şəhadətnamənin və vəsiyyətnamənin etibrasızlığı, vərəsəliyin qəbulu müddətinin uzadılması, miras payın bölüşdürülməsi və s.” iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət etmiş və həmin vaxt iddia tələbini əsaslandırarkan məhz hazırki mübahisələndirilən qətnaməyə istinad etməklə yanaşı, iddia ərizəsinə əlavə etmişdir (Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(063)-400/2021 nömrəli, Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(107)-1942/2022 nömrəli, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-1977/2022 nömrəli Qərarları). Beləliklə yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı K. Daşdəmirov Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 saylı qətnaməsindən məlumatlı olmuşdur. Lakin, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamənin qəbulundan 13 ilə yaxın vaxt keçməsinə baxmayaraq, müddətin buraxılıb-buraxılmamasına, buraxılmışdırsa üzrlü hesab edilməsinə hüquqi qiymət vermədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, apellyasiya şikayətinin uyğunluğu üzrə müvafiq araşdırma aparmadan mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Mülki Prosessual Məcəllənin 402.2 və 402.2.1-ci maddələrinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının “apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında” qərardadından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Göründüyü kimi iddiaçı verilmiş apellyasiya şikayətini qanunvericiliyin tələblərinə riayət etməməklə vermiş, həmçinin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim etməmişdir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263- 264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş prosessual müddətə hüquqi qiymət verilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-364-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Ucar Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1318/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1318/2022
18.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver