Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1328/2022 12.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə”tələbinə dair (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(051)-1112/2022 nömrəli qətnaməsindən Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları: 1.Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 420 №-li 06 mart 1993-cü il tarixli sərəncamından çıxarışda göstərilir ki, həyat yoldaşı və 3 uşağı ilə birlikdə yaşadığı Mingəçevir şəhəri, Təbriz küçəsi, 42 saylı evin 3 otaqlı 15 saylı mənzili X6 mülkiyyətinə keçirilməsinə icazə verilsin.
2. Mingəçevir şəhər İH-nin nümayəndəsi ilə X11 arasında bağlanmış və notariat kontorunda təsdiq edilmiş 17 fevral 1995-ci il tarixli müqavilədən görünür ki, dövlətə məxsus olan Mingəçevir şəhəri, Təbriz küçəsi, 42 saylı evin, 15 saylı mənzili X8 bağışlanmışdır.
3. Qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, 42 saylı evin, 15 saylı mənzili 17 fevral 1995-ci il tarixdə X6 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışından görünür ki, İddiaçı, Cavabdeh və digər şəxslər Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilində qeydiyyatdadırlar.
4. Mingəçevir Şəhər Məhkəməsinin 2-300/2002 saylı qətnaməsindən görünür ki, Mingəçevir şəhəri, Təbriz (indiki Naxçıvan) küçəsi, 42 saylı evin, 15 saylı mənzili bölünərək yaşayış sahəsi 16.33 kv. metr olan iki otaq Cavabdeh, X9, X3 və İddiaçı mülkiyyətinə, yaşayış sahəsi 11.14 kv. metr olan otaq isə X5 mülkiyyətinə verilməsi qət edilmişdir.
5. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında 09 avqust 2021-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 559 № ilə nikah qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma anasıdır. O, ünvan 1 ünvanında yaşamışdır. Həmin mənzil valideynlərinin, bacı-qardaşlarının və onun istifadəsinə verilmiş, sonra atası Zakir Əsədovun adına özəlləşdirilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhəri, Təbriz (indiki Naxçıvan) küçəsi, 42 saylı evin, 15 saylı mənzili bölünərək iki otaq anası Cavabdeh, qardaşı X9, bacısı X3 və onun mülkiyyətinə, bir otaq isə atası X5 mülkiyyətinə verilməsi qət edilmişdir. O, xx.xx.2021-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan bir müddət sonra, yəni sentyabr ayının 15-də anası ilə arasında mənzillə bağlı mübahisə yaranmışdır. Belə ki, arvadı Könül Mustafayevanın qardaşı öz adına ipoteka ilə ev almış, Könül isə qardaşına zamin durmuşdur. Həmin ipoteka ödənişlərini Könülün qardaşı özü edir. Bununla bağlı anası Cavabdeh ona deyib ki, arvadı Könülü qardaşının evinə aparsın, 20000 manat kredit borcu bitdikdən sonra gətirər. Anası Nuridə “bu mənzil qızımındır” deyərək onları evdən qovmuşdur. Onlar da məcbur olub evi tərk etmişlər. Halhazırda kirayədə yaşayırlar.
8. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 10 avqust 2022-ci il tarixli, 2(051)-1112/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilinə istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı anasıdır. Mübahisəli mənzil olan Mingəçevir şəhəri, Təbriz (indiki Naxçıvan) küçəsi, 42 saylı evin, 15 saylı mənzili dövlət fondu mənzili olmuş, iddiaçının, cavbdehin və onların ailə üzvlərinin istifadəsinə verilmiş, 1995-ci ildə mənzil iddiaçının atası, cavabdehin əri X6 adına özəlləşdirilmiş və onun adına qeydə alınmışdır. Məhkəmənin 15 noyabr 2002-ci il tarixli qətnaməsi ilə həmin mənzilin iki otağı iddiaçının, anasının və bacı-qardaşlarının, bir otağı atasının mülkiyyətinə verilməsi qət edilsə də, məhkəmə qərarı icra olunmamış, onlar mülkiyyət hüququnu təsdiq edən Çıxarış almamışlar. İddiaçı xx.xx.2021-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan bir müddət sonra, yəni sentyabr ayının 15-də anası ilə arasında mənzillə bağlı mübahisə yaranmışdır. İddiaçının cavabdehlə münasibətləri pozulmuşdur. Cavabdeh iddiaçının mənzilə köçüb yaşamağına icazə vermir.
10. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə iddia tələbi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərməmişsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
11. Məhkəmə işin hallarını 01 oktyabr 2009-cu ilədək, yəni tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri əsasında təhlil edib hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin olunmalı, iddiaçının Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilinə istifadə hüququ tanınmalı və sözügedən mənzilə köçürülməlidir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 10 avqsut 2022-ci il tarixli, 2(051)-1112/2022 saylı qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, qətnamə məhkəmə iclasında təqdim olunmuş sübutlar əsasında deyil hakimin öz mülahizələri və yalnız heç bir sübuta əsaslanmayan iddiaçının ifadəsi əsasında çıxarılmışdır. İddiaçı onun oğludur. Ondan başqa onun bir oğlu və bir qızı vardır. Mübahisəli mənzil 3 otaqdan ibarətdir və həyat yoldaşı X6 mülkiyyətindədir. Onun iddiası əsasında Mingəçevir Şəhər Məhkəməsində işə baxılaraq mənzil bölgüsü aparılmış və mənzilin 16,33 kvm yaşayış sahəsinin ona və 3 uşağına, 11,14 kvm hissəsinin isə həyat yoldaşına verilməsi barədə xx.xx.2002-ci il tarixli qətnamə çıxarmışdır. Uşaqlar böyüyüb ailə qurmuşlar. İddiaçı ailə qurduqdan sonra həmin mənzildə yaşamayıb. Mənzildə hamının yaşaması üçün şərait yoxdur. Məhkəmə isə bunu nəzərə almayıb. Beləliklə hesab edirlər ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığına görə ləğv edilməli, iddianın təmin olunmaması haqqında yeni qətnamə çıxarılmalıdır.
15. Məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara obyektiv hüquqi qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmaqla cavabdehin hüquqları pozulmuşdur. Lakin məhkəmə İddiaçı mənzilə köçürülməsini qət edərkən digər mülkiyyətçilərin razılığının olmamasını nəzərə almamışdır. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. Məhkəmə bu tələbə də diqqət yetirməmiş, onun hüququ pozmuşdur. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(051)-1112/2022 saylı qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etirz erdərək bildirmişdir ki, mübahisəli mənzil əvvəllər atasına məxsus olmuşdur. Hazırda atası X7 müalicə olunur. Qeyd olunan mənzil məhkəmə tərəfindən bölünməsinə, digər bacı-qardaşı kimi ona da pay verilməsinə baxmayaraq anası onu evə buraxmır. O, 2020-ci ilin fevral ayına kimi həmin mənzildə yaşamış, sonra qarşılıqlı razılıq əsasında həyət evinə köçmüşdür. Sonradan onu həyət evindən də çıxarmışılar. İndi yaşamağa başqa yeri yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavadeh Cavabdeh, məhkəmə tərəfindən cəlb olunmuş 3-cü şəxslər Elman Əsədov və Gülnarə Əsədova səbəb və mümkünsüzlüyü barədə məlumat verməməklə, məhkəmə iclasına gəlməmişlər.
19. Cavabdeh və 3-cü şəxslər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq istifadələrində olan 051 525 53 88, 055 656 25 23 və 050 559 76 18 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
20. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyasının
13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(051)-1112/2022 saylı qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı payları məhkəmə qətnaməsi ilə müəyyən olunmuş mənzilə köçmək və istifadə hüququnun tanınmasını tələb edir.
30. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, mübahisəli mənzil əvvəllər valideynlərinin, bacı-qardaşlarının və onun istifadəsinə verilmiş, sonra atası Zakir Əsədovun adına özəlləşdirilmişdir. Sözügedən mənzil Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə bölünərək iki otaq anası Cavabdeh, qardaşı X9, bacısı X3 və onun mülkiyyətinə, bir otaq isə atası X5 mülkiyyətinə verilmişdir. O, xx.xx.2021-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuş, bir müddət həmin mənzildə yaşayandan sonra cavabdehlə aralarında mübahisə yarandığından başqa ünvana köçmüşdür. Hal-hazırda kirayədə yaşayırlar.
31. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, sözügedən mənzildə onların birgə yaşaması mümkün deyil. İşin mübahisəsiz halından görünür ki, iddiaçı ilə cavabdeh ana-oğul münasibətində olmaqla, “ailə üzvü” statusuna malik olan şəxslərdəndirlər.
32. Öyrənilən işdən müəyyən olunur ki, mübahisəsi gedən mənzil əvvəllər dövlət mənzil fonduna aid olmaqla iddiaçının, cavbdehin və onların ailə üzvlərinin istifadəsinə verilmişdir. 1995-ci ildə mənzil iddiaçının atası, cavabdehin isə əri X6 adına özəlləşdirilmiş və sonuncunun adına qeydə alınmışdır. Məhkəmənin 15 noyabr 2002-ci il tarixli qətnaməsi ilə həmin mənzilin iki otağı iddiaçının, anasının və bacı-qardaşlarının, bir otağı atasının mülkiyyətinə verilməsi qət edilsə də, məhkəmə qərarı sonadək icra olunmamış, yəni sonuncular mülkiyyət hüququnu təsdiq edən Çıxarış almamışlar.
33. Göründüyü kimi iddiaçının sözügedən mənzillə bağlı hüququ 2000-ci il tarixdən əvvəl yarnmışdır. Ona görə də kollegiya hesab edir ki, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı ikinci dəfə ailə qurduqdan sonra da bir müddət mübahisəli evdə yaşamış, orada yaşayan digər şəxslərlə birlikdə yaşayıb ümumi təsərrüfat aparmışdır.
35. Göründüyü kimi iddiaçının evdən çıxıb getməsi də heç də könüllü deyil, cavabdehlə münasibətləri pozulması səbəbindəndir. Aralarında yaranmış narazılığa görə iddiaçı hazırda arvadı ilə birlikdə kirayədə yaşayır. İddiaçının hazırki yaşayış yeri iradəsindən asılı olmayan səbəbdən başqa ünvandır. Cavabdeh tərəf iddiaçını evə buraxmadığından o hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı anadan olan tarixdən mübahisəli ünvanda fasiləsiz olaraq ailə üzvləri ilə birlikdə yaşamaqla təsərrüfat aparması həm iddiaçının, həm cavabdeh tərəfin etirazı tam sübuta yetir. Beləliklə də, iddiaçı qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri qaydasında mübahisəli yaşayış sahəsindən istifadə etmək, yaşamaq hüququ əldə etmişdir.
37. Apellyasiya şikayətinə dəlillərinə ümumilikdə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin məhkəmə qərarından sonra bölünmüş (payları müəyyən olunmuş) vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur.
38. Belə ki, mübahisəli mənzil məhkəmə qərarından sonra bölünmüş (payları müəyyən olunmuş) vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mənzil faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli mənzildə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
39. Bu yanaşmanın əksi, yəni iddiaçının digər şəxslərlə yaşamasının qeyri-mümkün olması, həmin mənzildə digər şəxslərin də payının olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
40. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
41. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi yaşayış sahəsində uzun müddət fasiləsiz yaşayıb, lakin hazırda cavabdehin müdaxiləsi nəticəsində yaşamaqdan məhrum olub. 3-cü hala gəldikdə isə kollegiya bildirir ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
42. Beləliklə, göründüyü kimi iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri də hal-hazıra kimi davam edir. Kollegiya qeyd edir ki, əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər.
43. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir.
44. Apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, mübahisələndirilən mənzilə dair digər şəxslərin də hüququnu nəzərə alan kollegiya həmin şəxsləri müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb etmiş, lakin sonuncular səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmiş, tələblə bağlı hər hansı etiraz bildirməmişlər.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(051)-1112/2022 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov