Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-133/2022 12.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və yolun üzərinə qoyulmuş dəmir darvazanın öz hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: gediş-gəliş yolunun açılması, yolun üzərinə qoyulmuş dəmir darvazanın sökülməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və yolun üzərinə qoyulmuş dəmir darvazanın öz hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(016)-545/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları : 1.RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.3012 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. 2.RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.0352 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, idarə binası, gözətçi binası, hasar və darvazadan ibarət olmaqla daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində "xxxx" MMC-nin adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.
3. Apellyasiya icraatı zamanı əldə edilmiş DƏRDX-in 14 saylı Əİ-nin 03 dekabr 2021ci il tarixli məktubunun məzmunundan görünür ki, məktubda qeyd olunan sualların cavablandırılması zamanı Əİ istifadəsində olan mövcud elektron baza xəritəsinə və Ağsu şəhərinin 1987-2007 –ci illərə aid olan baş plana istinad olunmuşdur. - İddia olunan ərazi Ağsu şəhərinin 1987-2007-ci illərə aid baş planında yol kimi qeyd edilmişdir. - Qeyd olunan ərazi hazırda dəmir darvaza ilə bağlanmışdır.. - İddiaçı (yaşayış, qeyri-yaşayış) ünvanında alternativ olaraq gediş-gəliş yolu mövcuddur. Həmin yol Məhəmməd Hadi küçəsi tərəfindən mümkündür.
4. Ağsu RİHbaşçısının 9 dekabr 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı yaşayış ünvanına ünvan 3 M.Ə.Rəsulzadə küçəsi ilə mövcud olsa da, qət edilən məsafə uzun olduğu üçün alternativ yol əlverişsiz hesab edilir.
5. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli, 10/124 nömrəli ekspert rəyindən görünür ki,
6. 1-ci və 2-ci suallar üzrə: Azərbaycan Respublikası Ağsu rayon İcra Hakimiyyətinin başçısının 361-yxs 09 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Ağsu şəhəri, M.Hüseyn küçəsi döngə 2 ünvanında əvvəllər gediş-gəliş yolu mövcud olduğu göstərmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak məsələləri Dövlət xidməti Şamaxı Ərazi şöbəsi tərəfindən, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən möhürlənmiş Daşınmaz dövlət əmlakının baş planında mübahisəi yolu "xxxx" MMC- nin istifadəsində olan ərazisinə yerləşdiyi müəyyən edilmişdir.
7. 3-cü sual üzrə: İddiaçı yaşayış (qeyri-yaşayış) ünvanına Ağsu şəhəri, M.Hüseyn küçəsi döngə 2, ev 4-ə alternativ gediş-gəliş yolu mövcud və işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, iddiaçı tərəfində iddia edilən yolun ("xxxx" MMC-nin istifadəsində olan ərazisinə) üzərində müxtəlif növ yaşıllığın və ağacların əkildiyi və faktiki olaraq yol kimi istifadə olunmadığı müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərinə qoyduğu dəmir darvazanın öz vəsaiti hesabına sökdürərək çıxarılması və dövlət torpaqlarında qanunsuz tikintinin aparılmamasını xahiş etmişdir. 9..İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları məhəllədə mövcud olan "xxxx" MMC qanunsuz olaraq, yəni özbaşına M.Hüseyn küçəsi dalan 2-nin girişinə dəmir darvaza yerləşdirərək istər piyada, istərsə də nəqliyyat vasitələrinin gediş-gəliş yolunu tamamilə bağlamışdır. Zavodun zibil tullantılarını yük maşınına yükləmək üçün qurğu quraşdırılaraq iş gedən zaman yük maşınlarını orada saxlayaraq yükləmə aparmışlar. "xxxx" MMC-nin məsul şəxslərinə öz narazılıqlarını və etirazlarını bildirmişlər, lakin buna baxmayaraq, onlara neqativ cavab verilmişdir. Hətta M.Hüseyn küçəsindən gələn yolu pulla aldıqlarını və yaxın günlərdə M.Ə.Rəsulzadə küçəsindən gələn yolu da daş hasarla bağlamaq istəyərkən dövlət qurumları tərəfindən qanunsuz tikinti aparıldığı üçün tikintisi dayandırılmışdır. Lakin zavod rəhbərliyi onlara bildirmişdir ki, yaxın günlərdə o yolu da səlahiyyətli şəxslərdən alaraq tikinti davam etdiriləcək və yolu bağlayacaqlar. Onlara özləri üçün başqa istiqamətlərdən yol tapmağı xəbərdarlıq etmişlər. Lakin evlərinin yerləşdiyi hissədən başqa yol açmaq mümkün deyildir. 1980-ci ildən mövcud olan bu ünvan dövlət müəssisəsi kimi fəaliyyət göstərib və yol da indiki gedib-gəldikləri hissədən olmuşdur. O, 2000-ci ildən bəri ailəsi ilə bu ünvanda yaşayır.
10. Ağsu Rayon Məhkəməsinin (hаkim A.Əsgərov) 14 iyul 2021-ci il tarixli, 2(016)- 545/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan 1996-cı il tarixdə təsdiq edilmiş “Torpaq sahəsinin planı”ndan görünür ki, iddiaçının mübahisələndirdiyi yol zavodun ərazisində yerləşir. İddiaçı cavabdehin özbaşına zəbt etdiyi gediş-gəliş yoluna darvaza yerləşdirərək istər piyada, istərsə də nəqliyyat vasitələrinin yolunun bağlanmasını qeyd etsə də, tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. İş üzrə sübutlarla ünvan 2 ünvanında 0.0352 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının - idarə binası, gözətçi binası, hasar və darvazadan ibarət olmaqla "xxxx" MMC-nin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən edilmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67, 68 və 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
12. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən şikаyət verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-545/2021 nömrəli qətnaməsində göstərdiyi "xxxx" MMC yə aid tikililər barədə heç bir etirazı olmayıb, həmin tikililəri normal qarşılayır. Onların yerləşdiyi ərazilər barədə heç bir tələbi və iddiası yoxdur. O, yalnız Dövlətin balansında olan gediş gəliş yolunun özbaşına zəbt edildiyi vaxtdan istifadə etdiyi yolun dəfələrlə uzanmağı barəsindədir ki, bu yolla dəfələrlə artıq yol qət etməli olurlar. Ağsu Rayon Məhkəməsi Ağsu Rayonun Baş planını əsas saymayaraq Ağsu Rayonunun İcra Hakimiyyəti və Ağsu Rayon Memarlıq və Tikinti Şöbəsindən rəsmi sorğu almadan çıxardığı 2(016)-545/2021 nömrəli qətnaməsi ilə səhv nəticəyə gəlmişdir. Məhkəmə sorğu göndərdiyi dövlət müəssisələri yalnız onun və "xxxx" MMC nin adına olan tikililəri göstərib. Həmin müəssisələr dövlət balansında olan yolların salnmasında və ya ləğv edilməsində səlahiyyətli orqan deyildirlər. Bu yolun ləğv olunmasında Ağsu Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamı olmalıdır ki, bu sərəncam da hal hazırda verilməyib. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(016)-545/2021 nömrəli qətnaməsinin ləğv edilərək dövlət balansında olan bu yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14 Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli ərazi əvvəllər yol olsa da, sonradan cavabdeh MMC tərəfindən bağlanmışdır. Cavabdeh tərəf hətta onların digər yolunu da bağlamaq istəmiş, bundan sonra onlar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Qeyd olunan yol şəhəri Baş planında göstərilsə də, sonradan heç bir əsas olmadan cavabdehin ərazi dairəsinə aid edilmişdir. ŞİH tərəfindən verilmiş məktubdan da göründüyü kimi həmin ərazi şəhəri baş planında yol kimi göstərilmişdir. Bundan əlavə ekspert rəyi ilə razılaşmır, ona görə ki, ekspert həmin əraziyə gələrkən şəhər rəhbərliyindən heç kim orada təmsil olunmamışdır. Hesab edir ki, ekspert tədqiqat apararkən şəhər rəhbərliyindən də kimsə olmalı idi. Apellyasiya şikayətini müdafiə edir və Ağsu Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddiasının təmin olunmasını xahiş edir.
16. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi ərazidə heç vaxt ictimai yol olmayıb. Həmin yerdə daim kanal olub. İddiaçının mübahisələndirdiyi ərazi yol olmamaqla yanaşı, onların ərazisinin hüdudları daxilindədir və orada coxillik ağaclar, kol, kos var. Əvvəllər yol kimi istifadə olunsaydı yəqin nə ağaclar, nə də ki, kol-kos olardı. İddiaçı tərəf daim alternativ yoldan istifadə edib, onların həmin yolu bağlamaq niyyəti olmayıb. Bundan əlavə ekspert həmin ərazidə tədqiqat aparakən DƏDRX-in nümayəndələri də orada idi. Hesab edir ki, apellyasiya şikayəti tam əsasızdır, ona görə də təmin olunmamasını xahiş edir.
Tətbiq edilən hüquq
17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahəsində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20.Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(016)- 545/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İşdən görünür ki, iddiaçı hazırki tələbində mübahisəli ünvanda yerləşən ümumi istifadə üçün nəzərdə tutulmuş yolun açılmasını xahiş edir. Tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2, 238.1 və 239.2-ci maddələrinə istinad etməklə əsaslandırır.
24. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır 25.Kollegiyanın qənaətinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
26. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 27.Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Bu səbəblərdən də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir
28. İşin faktiki hallarından müəyyən edilir ki, 1996-cı il tarixdə təsdiq edilmiş “Torpaq sahəsinin planı” na əsasən iddiaçının mübahisələndirdiyi yol zavodun ərazisində yerləşir. 29.İddiaçı cavabdehin özbaşına zəbt etdiyi gediş-gəliş yoluna darvaza yerləşdirərək istər piyada, istərsə də nəqliyyat vasitələrinin yolunun bağlanmasını qeyd etsə də, tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. İş üzrə sübutlarla ünvan 2 ünvanında 0.0352 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının - idarə binası, gözətçi binası, hasar və darvazadan ibarət olmaqla "xxxx" MMC-nin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən edilmişdir.
30. Ekspert tərəfindən verilmiş rəydən də müəyyən edilir ki, Azərbaycan Respublikası Ağsu rayon İcra Hakimiyyətinin başçısının 361-yxs 09 dekabr 2021-ci il tarixli məktubuna əsasən Ağsu şəhəri, M.Hüseyn küçəsi döngə 2 ünvanında əvvəllər gediş-gəliş yolu mövcud olduğu göstərmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak məsələləri Dövlət xidməti Şamaxı Ərazi şöbəsi tərəfindən, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən möhürlənmiş Daşınmaz dövlət əmlakının baş planında mübahisəi yolu "xxxx" MMC- nin istifadəsində olan ərazisinə yerləşdiyi müəyyən edilmişdir. İddiaçı yaşayış (qeyri-yaşayış) ünvanına Ağsu şəhəri, M.Hüseyn küçəsi döngə 2, ev 4-ə alternativ gediş-gəliş yolu mövcud və işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, iddiaçı tərəfində iddia edilən yolun ("xxxx" MMC-nin istifadəsində olan ərazisinə) üzərində müxtəlif növ yaşıllığın və ağacların əkildiyi və faktiki olaraq yol kimi istifadə olunmadığı müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası iddiaçı tərəfin ekspert rəyi ilə razılaşmamasına münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
32. Göründüyü kimi iddiaçı ekspert rəyinin əsassızlığı barədə hər hansı sübuta istinad edə bilməmişdir. Apellyasiya araşdırması zamanı da müəyyən edilmişdir ki, əldə edilmiş ekspert rəyi ilə mübahisələndirilən sahənin cavabdehlərin ərazi hüdudlarının daxilində olması öz təsdiqini tapmışdır. Ekspert rəyinin qeyri-mötəbərliyi müəyyən edilmədiyi üçün iddiaçının bu dəlili də əsassızdır.
33. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(016)-545/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(016)-545/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov