Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1336/2022 13.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı Zərdab rayon Mədəniyyət Mərkəzinin xx.xx.2022-ci il tarixli, 02 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru E.Məmmədovanın 17 yanvar 2022-ci il tarixli, 02 №-li əmrini ləğv edib Zərdab rayon X1 kənd diyarşünaslıq klubunun mədəni-təşkilatçısı vəzifəsinə bərpa olunmağı, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, Zərdab rayon X1 kənd diyarşünaslıq klubunun mədəni-təşkilatçısı vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Zərdab rayon Mədəniyyət Mərkəzinin 17 yanvar 2022-ci il tarixli, 02 №-li əmri ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. O, həyat yoldaşının vəfatı ilə əlaqədar, əmlak hüquqlarını qəbul etmək üçün vəfat edənin varisi kimi hazırda Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında mübahisəli zona hesab edilən Donetsk vilayətinə getmək məcburiyyətində qalmışdır. Gedərkən 07 noyabr- 07 dekabr tarixlərində 1 aylıq öz hesabına məzuniyyət götürmüş, gedərkən ona Mərkəzin rəhbərliyi tərəfindən söz verilmişdir ki, ona köməklik göstəriləcək, ləngiyərsə bu nəzərə alınacaq və məzuniyyətin müddəti uzadılacaq. O, Donetskdə bəzi sənədləşmə işlərinin səbəbindən ləngiməli olmuş, bundan sonra o, həm Ağdaş regional Mədəniyyət İdsarəsinin elektron ünvanına, həm də Zərdab rayon Mədəniyyət Mərkəzinin elektron ünvanına elektron məktublarla ərizə göndərmiş, öz hesabına məzuniyyətin müddətinin uzadılmasını xahiş etmiş, dəfələrlə telefonla danışmış, whatsap sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Mərkəz rəhbərliyinin teleqram vurmaqla bağlı tapşırığını isə olduğu regionun beynəlxalq səviyyədə tanınmaması səbəbindən, beynəlxalq poçtteleqram sisteminin olmaması üzündən yerinə yetirə bilməmiş və bunu rəhbərliyə bildirmişdir. Bundan başqa gələn şəxslər vasitəsilə öz xətti ilə ərizə belə yazıb göndərmişdir. Lakin Zərdab rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi bütün bunları nəzərə alacağına dair söz versə də, elan olunmadan onu işdən çıxarmışlar. İşdən azad edildikdən sonra sorğu əsasında əmək kitabçası ona qaytarılarkən işə qəbul olarkən əvvəlki iş yerlərinin qeyd olunduğu əmək kitabçası itirildiyi üçün ona yeni yazılıb hazırlanmış əmək kitabçası verilmişdir. O, mediasiya prosessindən keçmiş və bu barədə ona mediator X2 tərəfindən xx.xx.2022-ci il tarixli, X/O-296 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə” arayış verilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, İddiaçı 2006-cı ildən Zərdab rayon Məmmədqasımlı kənd diyarşünaslıq evində mədəni təşkilatçı vəzifəsində çalışmış, 07 noyabr 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixə qədər haqqı ödənilmədən məzuniyyətə çıxmış, lakin 08 dekabr 2021-ci il tarixdən iş yerinə gəlməmiş, əmək intizamını kobud surətdə pozmuşdur. Sonrakı günlərdə də o, işə gəlməmiş və bu barədə müvafiq olaraq aktlar tərtib edilmişdir. 25 dekabr 2021-ci il tarixdə İddiaçı teleqramla işə gəlməməsinin səbəbini bildirməsi barədə müraciət olunmuşdur. İddiaçı telefonla Ukrayna Respublikasının Donetsk şəhərində olduğunu bildirmiş, guya gələ bilmədiyini bəhanə gətirərək yenə də əmək intizamını kobud şəkildə pozaraq işə gəlməmişdir. Hər dəfə ona müəyyən müddət verilərək işə gəlməsi tələb olunmuş, lakin o, yenə də işə gəlməməkdə davam etmiş, buna görə də 13 yanvar 2022ci ildə MİHİ-nin Zərdab rayon komitəsinin mədəniyət evləri və klublarının ilk təşkilatında İddiaçı barədə məsələnin müzakirə olunması qərarı qəbul edilmişdir. Bu barədə 07 yanvar 2022-ci il tarixdə İddiaçı ünvanına teleqram vurularaq məlumat verilmişdir. Lakin İddiaçı iclasa da gəlməmiş və onun iştirakı olmadan məsələ müzakirə olunaraq işdə qalmasının məqsədə uyğun olmaması barədə qərar qəbul olunmuşdur. Nəticədə İddiaçı 17 yanvar 2022-ci il tarixdə Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova tərəfindən 02 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(014)- 1209/2022 nömrəli iş üzrə qəbul etdiyi 29 avuqst 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı məzuniyyət müddəti bitdikdən sonra üzrsüz səbəbdən işə gəlməmiş, gəlməməsinin səbəbi barədə işlədiyi təşkilata heç bir məlumat verməmiş, dəfələrlə iddiaçı ilə əlaqə saxlanılmış, işə gəlməsi tələb edilmiş, bütün bunlara baxmayaraq iddiaçı heç bir əsaslı səbəb olmadan xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdə olmamışdır, iddiaçının işdən çıxarılma qaydalarına tam əməl olunmuşdur. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 72, 80, 128 129, 130-cu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 218-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə mübahisəli məsələdə iddiaçının bilərəkdən və qəsdən işə gəlmədiyi qənaətinə gəlmişdir. Ancaq iddiaçı dəfələrlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cavabdehnə və Zərdab rayon Mədəniyyət Mərkəzinə həm telefon zəngi vasitəsilə, həm vatsap vasitəsilə, həm də hər iki qurumun elektron poçtları vasitəsilə əlaqə saxlamış və gələ bilmədiyini bildirmişdir. Bunu təsdiq edəcək sübutlar proses zamanı iddiaçı tərəfindən təqdim ediləcəkdir. Məhkəmə tərəfindən iş materiallarında cavabdehin səsləndirdiyi məsələlərin həqiqiliyi heç bir sübutla təsdiqlənməmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi istənilən fikri və kağız parçasını sübut kimi qiymətləndirmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 72, bənd 2. özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-ci tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2-ci bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1-ci hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 08 dekabr 2021-ci il tarixdən işə çıxmamaqla əmək müqaviləsi üzrə funksiyalarını yerinə yetirməmişdir. Cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli əmrlə iddiaçı ilə olan əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə müvafiq olaraq həmkarlar ittifaqı təşkilatının razılığı alınmışdır. İddiaçının işdən qərəzli olaraq çıxarılması barədə dəlilləri Rayon Məhkəməsi tərəfindən yoxlanılmış və həmin dəlillərin əsassız olması müəyyən olunmuşdur. Göstərilən vəziyyətdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsaslar olduğundan Rayon Məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Hazırda Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan iddiaçı bildirir ki, onun 08 dekabr 2021-ci il tarixdən işə çıxmaması üzrlü səbəblərdən baş vermiş və bu barədə o, cavabdeh təşkilatı əvvəlcədən məlumatlandırmışdır. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur . Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına (baş verib-vermədiyinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Göstərilən hüquqi mövqeləri hazırkı işə tətbiq etdikdə aydın olur ki, xx.xx.2021-ci il tarixdən işə çaxmamasının üzrlü səbəblərdən olmasına istinad edən iddiaçının həmin sübutu məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Lakin iddiaçı bu kimi sübutu məhkəmələrə təqdim etməmişdir. İddiaçı hazırki iş üzrə verdiyi apellyasiya şikayətində dəlilərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edəcəyini bildirmişdir. Lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, apellyasiya baxışının iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. İddiaçı üzrlü səbəb ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməsə də, Məhkəmə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması, iddiaçıya sübutlarını təqdim etmək üçün şərait yaratması məqsədi ilə məhkəmə iclasını təxirə salmışdır. Lakin iddiaçı növbəti məhkəmə iclasında da heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. İddiaçı tərəfindən cavabdeh təşkilatın mail ünvanına göndərilmiş məktuba münasibət bildirən Məhkəmə bildirir ki, bu məktub hazırda mübahisələndirilən əmrin qanunsuz hesab edilməsi üçün əsas deyil. Çünki sözügedən məktub cavabdehə xx.xx.2022-ci il tarixdə, yəni iddiaçının işə çıxmalı olduğu gündən 1 ay 14 gündən sonra göndərilmişdir. Bundan başqa həmin məktubda iddiaçının üzrlü səbəb kimi qeyd etdiyi Donetsk vilayətində “mövcud vəziyyət”in nədən ibarət olması anlaşılan deyil. Belə ki, hamıya bəlli olan o fakt var ki, Ukrayna Respublikasının ərazisində, o cümlədən də Donetsk vilayətində geniş miqyaslı silahlı münaqişə 2022-ci ilin fevral ayında başlanmışdır. Ona görə də cavabdeh təşkilat, iddiaçının işə çıxmamasının onun özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi ilə bağlı olmadığını nəzərə alaraq, haqlı olaraq “mövcud vəziyyəti” üzrlu səbəb kimi qəbul etməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının dəliləri iş materialları ilə təsdiq olunmur. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliklə ona verilmiş hüquq çərçivəsində xitam vermişdir. İddiaçı 08 dekabr 2021-ci il tarixdən işə çıxmamış və gəlməməsinin səbəbləri barədə işəgötürənə məlumat verməmişdir. İşəgötürənin təşəbbüsü ilə tərəflər arasında bir neçə dəfə telefon danışıqları olmuş, iddiaçı gəlməməsinin səbəbini mərhum ərindən qalmış mirasın qəbulu ilə izah etmişdir. İşəgötürən bununla bağlı iddiaçıya bir müddət güzəştə getsə də, iddiaçı yenə də işə çıxmamışdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 avqust 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1336/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1336/2022
13.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver