Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1340/2021 13.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə X7 iclas katibliyi və İddiaçı BOKT-n nümayəndəsi X4 iştirakı ilə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(037)-274/2021 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) ərizə ilə məhkəməyə müraciət edərək (iddia tələbini azaldaraq) Cavabdeh3 (bundan sonra cavabdeh) iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 14 aprel 2021-ci il tarixli, 2(037)- 274/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən Cavabdeh3 istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh3 İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(037)- 274 nömrəli qətnaməsinin müəyyən etdi hissəsindəki yanlışlığın düzəldilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(037)-274 nömrəli qətnaməsinin müəyyən etdi hissəsində yol verilmiş yanlışlıq düzəldilməsi, qətnamənin müəyyən etdi hissəsinin birinci abzasında qeyd edilmiş İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh3 iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin mənzildən çıxarılması hissəsi” sözləri, “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin mənzildən çıxarılması” kimi yazılması və İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(037)-274 nömrəli qətnaməsinin müəyyən etdi hissəsinin ikinci abzası “İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə iddia tələbinin həcmin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh3 iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir” kimi qeyd olunması qərara alınmışdır. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 mart 2018-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, Daşınmaz Əmlak Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınan Seriya RX № ******* nömrəli çıxarışa əsasən, İsmayıllı şəhəri, V.Osmanov küçəsində yerləşən 1 saylı binada 22 nömrəli mənzil İddiaçı BOKT MMC-yə məxsusdur. Lakin həmin mənzil İddiaçı BOKT MMC-nin adına keçərkən, mənzilin qeydiyyatında olan və yaşayan iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hal-hazıradək həmin mənzilin qeydiyyatındadırlar və yaşayırlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İsmayıllı rayon Məhkəməsinin 2(037)-274/2021 saylı 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə razılaşmır. Hesab edir ki, o, mərhum əri tərəfindən alınmış İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də yerləşən mənzildə qeydiyatda olmaqla həmin mənzildə yaşayır. Buna baxmayaraq qəbul olunmuş məhkəmə qətnaməsində onun mənafeyi nəzərə alınmadığından və işin faktiki hallarına düzgün qiymət verilmədiyindən İsmayıllı rayon Məhkəməsinin 2(037)-274/2021 saylı 14 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunmalıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı rayon Məhkəməsinin 2(037)-274/2021 saylı 14 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, cavabdeh tərəf apellyasiya şikayəti verməklə süni şəkildə yubanmalar yaradır. İddiaçı tərəf bu gün də cavabdeh tərəflə qarşılıqlı razılığa gəlməkdə maraqlıdır. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, ona görə də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmişdir. Cavabdeh teleqrama üzrlü səbəb barədə hər hansı sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13 aprel 2007-ci il tarixli MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İsmayıllı şəhəri, V.Osmanov küçəsində istifadədə olan 0.08556 hektar torpaq sahəsində yerləşən 1 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən 102.1 kv.m ümumi, 62.7 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. 09 dekabr 2014-cü il tarixli 09/72 nömrəli Azərmənzilkomplektlayihətəmir Respublika Birliyi İsmayıllı Mənzil İstismar Sahəsinin arayışından görünür ki, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X1 şəhəri, V.Osmanov küçəsi 1 saylı 4 mərtəbəli komunal yaşayış evinin 3cü mərtəbəsində, 5 otaqlı, yaşayış sahəsi 62.7 kv.m olan 22 saylı mənzildə qeydiyyatdadırlar. İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli 2(037)-1204/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli kredit və sonrakı ipoteka müqaviləsi üzrə öhdəliklər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən lazımi qaydada icra edilmədiyinə görə iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka ilə yüklü edilmiş əmlaka hərracda satılmaqla yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən cəmi 45.306 ABŞ dolları məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24 manat məbləğinin Cavabdeh4 tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi, həmin məbləğin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 13 dekabr 2014-cü il tarixli RX seriyalı çıxarışı ilə Cavabdeh4 adına qeydə İsmayıllı şəhəri, V.Osmanov küçəsində istifadədə olan 1 nömrəli evin 22 nömrəli mənzilinə açıq hərracda satılmaqla yönəldilməsi, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2017-ci il tarixli 2(107)- 244/2017 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli 2(037)-1204/2015 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək İsmayıllı rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli 2(037)-1204/2015 nömrəli qətnaməsində ümumi borc məbləğində dəyişikliklər edilmiş, qətnamənin digər hissələrinin isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 28 mart 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İsmayıllı şəhəri, V.Osmanov küçəsi, bina 1, mənzil 22-də yerləşən ümumi sahəsi 96.4 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(037)-110/2019 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X5 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X5 İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən çıxarılması, İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilinin boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152,157 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42, 59 maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kоllegiyаsı, birinci instаnsiyа məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakla bağlı hüquqların araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləlilkə məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli kredit və sonrakı ipoteka müqaviləsi üzrə öhdəliklər Cavabdeh4 tərəfindən lazımi qaydada icra edilmədiyinə görə iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka ilə yüklü edilmiş əmlaka hərracda satılmaqla yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən cəmi 45.306 ABŞ dolları məbləğin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24 manat məbləğinin Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 13 dekabr 2014-cü il tarixli RX seriyalı çıxarışı ilə Cavabdeh4 adına qeydə alınmış İsmayıllı şəhəri, V.Osmanov küçəsində istifadədə olan 1 nömrəli evin 22 nömrəli mənzilinə açıq hərracda satılmaqla yönəldilməsi, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən olunması qət edilmişdir. Paşayev X8 rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, ümumi borc məbləği dəyişdirilmiş və İsmayıllı rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli qətnaməsinin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh4 Şəki Apellyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi icra olunmuş, ipoteka qoyulmuş mənzil açıq hərracda satışa çıxarılmış və iddiaçı tərəfindən satın alınmışdır. İddiaçı İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili üzərində mülkiyyət hüququnun tanınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 28 mart 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İsmayıllı rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(037)- 110/2019 saylı qətnaməsi ilə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X5 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X5 İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən çıxarılması və İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilin boşaldılması qət edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(037)-274/2021 nömrəli qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1340/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1340/2021
13.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver