Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1381/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış-istifadə və təsərrüfatda qeydiyyat hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(014)-838/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış-istifadə və təsərrüfatda qeydiyyat hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) 26 aprel 2021-ci il tarixli, 2(014)- 838/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsi, Cavabdeh İddiaçı məxsus Ağdaş rayonu, Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabında 108 nömrə ilə qeydə alınmış təsərrüfatdan istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayonu Tofiqi kəndində 109 saylı təsərrüfatda qeydiyyatda olmaqla həmin təsərrüfatın rəhbəridir və yaxın qohumlarının evində yaşayır. Həmin yaşayış sahəsi DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən çıxarışla yaxın qohumlarının mülkiyyətinə verilmişdir. Cavabdehlə ayrılana qədər qohumlarına məxsus evdə yaşamışlar. Cavabdehlə 2 ilə yaxındır ki, ayrılsalar da cavabdeh hələ də ona məxsus 108 saylı təsərrüfatda onunla birlikdə qeydiyyatda qalmaqdadır. Cavabdeh hazırda valideynlərinə məxsus təsərrüfatda yaşayır. Bu isə ona 109 saylı təsərrüfat rəhbəri kimi təsərrüfatından sərbəst, maneəsiz istifadəsinə əngəl olur, dolayısı ilə təsərrüfat hüquqlarını pozur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Ağdaş rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığndan mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanuni düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi işin həqiqi hallarını, cavabdehlə onun qarşılıqlı münasibətlərini, təsərrüfatda yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin başqa şəxs olmamasını, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasını nəzərə almamışdır. Onun qanunla qorunan hüquq və mənafelərini pozmaqla onun həmin təsərrüfatda istifadə hüququna xitam verilməsinə dair iddia üzrə maddi hüquq normalarının tələblərini pozmaqla və düzgün tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, İcra nümayəndəliyində onun adına ayrıca təsərrüfat hesabı açılmasına baxmayaraq, mülkiyyətində nə ev, nə də ki, torpaq sahəsi vardır. Mübahisəli təsərrüfatda yerləşən ev və torpaq sahəsi hazırda anasına məxsusdur. Lakin cavabdehin adı təsərrüfatbaşına kitabda qalmaqda davam edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(014)-838/2021 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Ağdaş RİHB-nin Tofiqi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli, 139 saylı arayışdan görünür ki, 108 saylı təsərrüfat İddiaçı məsusdur. Ağdaş RİHB-nin Tofiqi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.02.2021-ci il tarixli, 73 saylı arayışdan görünür ki, İddiaçı məxsus 108 saylı təsərrüfatda İddiaçı ilə birlikdə sabiq həyat yoldaşı Cavabdeh, oğlu X7 və qızı X11 qeydiyyatdadır. Ağdaş RİHB-nin Tofiqi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli, 02 saylı məktubdan görünür ki, Cavabdeh təsərrüfatdan çıxması üçün ərizə yazmadığından, İddiaçı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli, 2(014)-1363/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçi X9 ilə cavabdeh İddiaçı arasında bağlanılaraq Ağdaş rayon Tofiqi kənd icra nümayəndəliyində 21 fevral 2007-ci il tarixdə 03 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 10 iyul 2004-cü ildə anadan olmuş X7 və 25 dekabr 2005-ci ildə anadan olmuş X11 anaları X4 yanında saxlanılmış, İddiaçı 09 iyul 2019-cu il tarixdən başlayaraq 10 iyul 2004-cü ildə anadan olmuş X7 və 25 dekabr 2005-ci ildə anadan olmuş X11 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X4 xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat alimentin tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi və qətnamənin aliment tələbinə dair hissəsində dərhal icra edilməsi qət edilmişdir. Apellyasiya icraatı zamanı əldə olunmuş 14.02.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən (təsdiq olunmuş surəti Şəki Apellyasiya Məhkəməsinin icraatında olan (hazırda dayandırılmış) 2(107)-293/2021 nömrəli işdə saxlanılır) müəyyən edildi ki, Ağdaş rayon Tofiqi kəndində yerləşən 0.7248 ha torpaq sahəsi və fərdi yaşayı evi ümumi birgə mülkiyyət hüququ ilə X1, X5, X3 və X2 məxsusdur (i/m səh. 66). Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, bu apellyasiya şikayətininn dəlilləri əsaslı olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi üçün əsasdır. Kollegiya şikayətin dəlilləri ilə bağlı mülki və torpaq qanunvericiliyinin mülkiyyət hüququnun həyata keçirilməsinin əsaslarını və qaydalarını tənzimləyən müvafiq hüquq normalarının təhlilini zəruri hesab edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biriTorpaq Məcəlləsidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. Lakin birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul edərkən qeyd edilənləri, xüsusən də iddiaçının özünün iddia tələbində qeyd etdiyi hallara, yəni mübahisəli əmlakın onun mülkiyyətində olmamasına əhəmiyyət verməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin mübahisəsiz halından müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi Ağdaş rayon Tofiqi kəndində yerləşən 0.7248 ha torpaq sahəsi və fərdi yaşayı evi ümumi birgə mülkiyyət hüququ ilə X6, X5, X3 və X2 məxsusdur (i/m səh. 66). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisə edilən əmlakın iddiaçının mülkiyyətində olması təsdiq edilmir. Bu işin mübahisəsiz halıdır, çünki iddiaçı özü də etiraf edir ki, həmin əmlak anasının və digər şəxslərin mülkiyyətindədir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil. Kollegiya bildirir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(014)-838/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(014)-838/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış-istifadə və təsərrüfatda qeydiyyat hüququna xitam verilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1381/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1381/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver