Məhkəmə qərarları › İş №2(107)-1388/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1388/2023

07.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1388/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(016)-801/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi, həmin yaşayış evindən mülkiyyət hüququ üzrə istifadə, ona sahiblik və onun üzərində sərəncam vermək faktının müəyyən edilməsini, həmin yaşayış evindən cavabdehə məxsus ev avadanlıqlarının və əmlakların çıxarılaraq boşaldılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(016)-801/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(016)- 801/2023 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verildiyi halda, onun qaldırdığı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi mübahisəli olduğuna görə yalnız məhkəmədə baxılmalıdır. Lakin onun və cavabdehin ifadələri məhkəmə iclasında onların dedikləri kimi yox fərqli olaraq yazılmış, yəni onun mübahisəli evin onun tərəfindən tikilməsini təsdiq edəcək şahidlərinin və sənədlərinin olduğunu deməməyi və bu sübutlarının məhkəmədə araşdırılmasını xahiş etməyi barədə ifadəsi ümumiyyətlə məhkəmə iclas protokolunda göstərilməmiş, iş üzrə Cavabdeh “mübahisəli evin onun özü tərəfindən tikilməsi və İddiaçı əks sübutları varsa məhkəməyə təqdim edə bilər” barədə ifadəsinin əvəzinə onun guya mübahisəli evi həqiqətən mənim tikdiyimi təsdiq etməsi, etiraf etməsi kimi göstərilmişdir ki, bu hal məhkəmənin iş üzrə qeyri-obyektiv mövqe tutduğuna dəlalət edir. Məhkəmə iclas protokolunda ifadələrin təhrif edilməsi halında çıxarılmış qərardad qanunsuz və əsassızdır. Odur ki, Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(016)-801/2023 saylı qərardadının ləğv edilməsi xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(016)-801/2023 saylı qərardadı ilə Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(016)-801/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab etmişdir ki, şikayət qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(016)-801/2023 saylı qərardadı ləğv edilməli, mülki iş üzrə iddia tələbinə “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

180. Özbaşına tikinti və onun nəticələri; 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Cavabdeh torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış, ona 30 noyabr 2007-ci il tarixdə 500 manat pul müqabilində 0,05 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Ağsu Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 14 saylı protokolundan çıxarışdan görünür ki, Bakı şəhər sakini Cavabdeh müraciəti nəzərə alınaraq fərdi yaşayış evi tikdirmək üçün ona M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha həyətyanı torpaq sahəsi satılmışdır. Ağsu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli rəydə bildirilmişdir ki, Cavabdeh fərdi yaşayış evinin tikintisinə görə M.Ə.Rsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsi üçün “Şəhərsalmanın əsasları haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” əsasnamənin şərtlərinə uyğun olaraq müvafiq tikintilərin altına torpaq sahələrinin ayrılmasına Ağsu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Kollegiyanın qənaətinə görə yuxarıda qeyd edilən tələbin təmin ediləcəyi təqdirdə belə iddiaçı üçün heç bir hüquqi nəticəsi olmayacaqdır. Çünki mübahisə predmeti olan tikili cavabdehə məxsus torpaq sahəsində yerləşir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, daşınmaz əmlaklarla bağlı hüuqi əhəmiyyətli faktların müəyyən edilməsi şağıdakı tələblərlə bağlı ola bilər; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cü il tarixli 03 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbində “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” faktının müəyyən edilməsini xahiş etmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi mübahisəli tikili, iddiaçıya məxsus torpaq sahəsində deyil cavabdehə məxsus topaq sahəsində tikilmişdir. Birinci instansiya məhkəməsi isə iş üzrə icraata xitam verərəkən tərəflər arasında mübahisənin olmaması əsası ilə xitam verməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Kollegiyanın qənaətinə görə iddiaçı ilk növbədə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini öz adına rəsmləşdirməlidir. Bundan sonra tikilinin öz adına qeydə alınması üçün müvafiq icra hakimiyyətinə müraciət etməlidir. Müvafiq icra hakimiyyəti tikilini qeydə almaqdan imtina etdiyi halda iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüuqundan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(016)-801/2023 saylı qərardadı ləğv edilməli, mülki iş üzrə iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 263, 264-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı:

İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(016)-801/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş üzrə iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” faktının müəyyən edilməsinə dair mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar