Məhkəmə qərarları › İş №2(107)-1396/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1396/2021

17.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1396/2021 17.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X4 iclas katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X2 adına olan 0.09 ha həyətyanı torpaq sahəsinin Qax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 22 aprel tarixli, 04 nömrəli qərarı ilə Mollayev Bayram Məhəmməd oğlunun adına işlənmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-036A, KOD 40308028 nömrəli şəhadətnamə əsasında verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi ilə eyni daşınmaz əmlak olması faktının müəyyən edilməsi tələbi” nə dair mülki iş üzrə İddiaçı1 Qax Rayon Məhkəməsinin hakiminə etirazına Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X1 miras qalmış Qax rayonu Ağçay kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində 1996-cı ildə inşa edilmiş ümumi sahəsi 116.7 kv.m, yaşayış sahəsi 77 kv.m olan fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X2 adına olan 0.09 ha həyətyanı torpaq sahəsinin İlisu kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində bağlanmış təsərrüfatda göstərilən Qax rayon Dövlət Arxivində olan 1996-2000-ci illər üzrə olan təsərrüfatbaşına kitabında 29.05.1995-ci il tarixdə qeydiyyata alınmış daşınmaz əmlakın Qax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 22 aprel tarixli, 04 nömrəli qərarı ilə Mollayev Bayram Məhəmməd oğlunun adına işlənmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-036A, KOD 40308028 nömrəli şəhadətnamə əsasında verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi ilə eyni daşınmaz əmlak olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 məhkəməyə vəsatət təqdim edərək həmin mülki işə Qax Rayon Məhkəməsinin hakimi Malik Qarayev tərəfindən baxılmasına etiraz etmişlər. İddiaçılar etiraz vəsatətini onunla əsaslandırmışdır ki, hazırki mülki işin Qax Rayon Məhkəməsində baxılmasına etiraz edirlər. Belə ki, Qax Rayon Məhkəməsinin hakimi Malik Qarayevin qanunsuz hərəkətləri barədə Məhkəmə Hüquq Şurasına, Ədliyyə Naziri Cənab Fikrət Məmmədova şikayətlər etmişlər. Qax Rayon Məhkəməsinin hakimi Malik Qarayev onlara qarşı qərəzli mövqe tutur. İddia ərizəsinin obyektiv baxılmasına şübhə ilə yanaşır. Ona görə də, hakim Malik Qarayevin sədrliyi ilə mülki işə baxılmasına etiraz edirlər. Qax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(024)-432/2021 nömrəli qərardadı ilə etiraz baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Kollegiya tərəflərin iştirakı olmadan etiraza baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası etirazı iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, etiraz əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar və hakimə etiraz edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin; 19.2.3-cü maddəsinə görə, o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. 22.5-ci maddəsinə görə, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. 21.3-cü maddəsinə əsasən, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübüt etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. 182.2-ci maddəsinə əsasən etiraz əsaslı olmalı və yazılı formada verilməlidir. Etiraz etməyin səbəbləri prosesin hazırlıq mərhələsində deyil, müstəqil olaraq məhkəmə iclasında göstərilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2.-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Həmin Qərarın 5.3.-cü bəndinə əsasən bütün məhkəmə tərkibinə etiraz edildikdə, hər bir hakimə münasibətdə, etirazın əsasları konkret göstərilməlidir. Qeyd olunan Qərarın 5.4.-cü bəndinə əsasən etirazda konkret əsaslar olmadıqda, o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad (qərar) qəbul etməklə baxılmamış saxlanılır. Həmin Qərarın 6-cı bəndinin tələblərinə görə hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır Həmin qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin yuxarıda sadalanan müddəaları, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə aktına inamı artırmaq üçün qərəzsizliyi önə çəkərək buna xüsusi əhəmiyyət vermiş, bu yolla qəbul ediləcək məhkəmə qərarının ədalətliliyinə təminatı nəzərdə tutmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı” iş üzrə 22 oktyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmənin qərəzsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə, məhkəmədə qabaqcadan formalaşmış yanlış fikirlərin və qabaqcadan hasil olan qənaətlərin olmamasını ehtiva edir. Məhkəmənin qərəzsiz olmasının müəyyən edilməsinin iki metodu mövcuddur: 1) konkret hakimin işə dair şəxsi fikrinin və ya marağının müəyyən edilməsi cəhdi; 2) hakimin bu məsələyə dair hər hansı qanuni şübhələri istisna etməyə imkan verən zəmanətləri təmin edə bilib-bilməməsinin müəyyən edilməsi. Məhkəmə prosesində hakimin qərəzsizliyi işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə yönəlmiş heç bir şübhə mövcud deyildir. Belə ki, Qax Rayon Məhkəməsinin işə baxan hakiminin bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, həmçinin onun obyektivliyi və qərəzsizliyi barədə hər hansı əsaslı şübhə müəyyən olunmur. Əvvəla ona görə ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur. Bütün məhkəmə tərkibinə etiraz edildikdə hər bir hakimə münasibətdə etirazın əsasları konkret göstərilməlidir. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad(qərar) qəbul etməklə baxılmamış saxlanılır. Etiraz təmin edilərkən işin başqa məhkəməyə verilməsi o halda mümkün hesab edilməlidir ki, işə həmin məhkəmədə baxılması obyektiv səbəblərdən mümkün olmasın. Təqdim olunmuş iş materiallarında isə hakimin İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddiaya baxılmasında və cavabdehin xeyrinə həll edilməsində maraqlı olması görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır. Hakim qərəzsiz olmaqla yanaşı, məhkəmə icraatına hər hansı şəxs, o cümlədən də qohum, dost və tanışlar tərəfindən müdaxilə edilməsinə yol verməməlidir. Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18-23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X2 adına olan 0.09 ha həyətyanı torpaq sahəsinin Qax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 22 aprel tarixli, 04 nömrəli qərarı ilə Mollayev Bayram Məhəmməd oğlunun adına işlənmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-036A, KOD 40308028 nömrəli şəhadətnamə əsasında verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi ilə eyni daşınmaz əmlak olması faktının müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə İddiaçı1 oğlunun Qax Rayon Məhkəməsinin hakiminə etirazı təmin edilməsin və mülki iş baxılması üçün Qax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar