Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-14/2022 13.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı (iddiaçının hüquq varisi Nümayəndə1) cavabdeh X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Qabaqçöl Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tаrixli 2(019)-24/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 19 fevral 2020-ci il tаrixli 2(019)- 24/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Qabaqçöl Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak X13 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (iddiaçının hüquq varisi Nümayəndə1) Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Qabaqçöl Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bələdiyyə mülkiyyətində olmayan kobud qanun pozuntusu ilə, aldatma, yalan, saxta sübutlar üzərində 05 mart 2002-ci il tarixli 3 saylı, Balakən rayonu Qabaqçöl Bələdiyyəsinin sərəncamı adlanan-bələdiyyə aktını onun xüsusi mülkiyyətində olan torpaq sahəsini və üzərində yerləşən qeyri-yaşayış sahəsini qanunazidd zəbt etdiyinə görə mərhum X5 varisi-oğlu Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus torpaq sahəsində 38 kv.m. qeyri-yaşayış tikilidən qanunsuz istifadə edən Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı (iddiaçının hüquq varisi Nümayəndə1) iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qabaqçöl qəsəbəsində 0,0699 ha (7 sot) torpaq sahəsinin hüquqi sahibidir. Həmin ərazidə ona məxsus 1973-cü ildə inşa edilmiş və texniki pasport qeydiyyatında olan yaşayış evi və ərazidə yerləşən 42,3 kv.m. olan qeyri-yaşayış tikili binası vardır. Həmin 42.3 kv/m qeyri-yaşayış sahəsi və onun yanında olan 58 kv/m torpaq sahəsi, cəmi 100 kv/m ərazini o, 12 dekabr 2012-ci ildə Balakən rayonu Sarıbulaq kənd sakini Cavabdeh 1 il müddətinə, ayda 40 AZN və 1 kisə un almaqla icarəyə vermişdir. Bunu təsdiq edən rəsmi müqavilə mövcuddur. Bağladıqları müqavilənin müddəti bitdikdən sonra Cavabdeh ona məxsus ərazini tərk etməyi xahiş etmişdir. Onun nümayəndəsi olan doğma qızı Nümayəndə1, qızının həyat yoldaşı Katexliyev Ramazan və Bakıdan onlara qonaq gələn X10 ilə birlikdə Cavabdeh Sarıbulaq kəndindəki evinə gələrək ona məxsus həmin ərazini çörək sexi avadanlığından boşaldıb qaytarılmasını istəmişdir. Lakin ərazini zəbt edən Cavabdeh 42,3 kv/m qeyri-yaşayış sahəsini və ona bitişik olan 0,7 kv/m ərazini qaytarmaq istəmir. Artıq o, 50 kv/m ərazinin özününkü olduğunu bildirir və buna sübut olaraq Qabaqçöl bələdiyyəsinin 05 mart 2002-ci il tarixli 3 nömrəli sərəncamı ilə mərhum atası X5 şəxsi mülkiyyətinə keçməsini göstərmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (02 iyul 1999-cu il, №698-İQ) 33-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları daxildir. Həmin maddədə göstərilən qeyri-yaşayış binaları anlayışından istifadə edərək, onun 50 kv/m ərazisini bələdiyyə mülkiyyəti kimi qələmə verərək, qanunları kobud pozaraq, özgəsinə verilməsi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası MM-nin maddələrinə əsasən ərazi yalnız alqı-satqı, bağışlama-bəxşiş, varis-vərəsəlik qaydası ilə bir şəxsdən digərinə keçə bilər. Onun nümayəndəsi olan doğma qızı Nümayəndə1 14 iyun 2019-cu il tarixində Balakən rayon Reyestr xidmətinə ərizə ilə müraciət edərək onun 2002ci ildə X11 ilə alqı-satqı və digər hərəkətlərinin aparılıb-aparılmaması barədə məlumat verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsindən gələn, heç bir məntiqə sığmayan yazılı 08 iyul 2019-cu il tarixli cavabda deyilir: "Daşınmaz Əmlakın Reyestrində X2 adına qeydiyyata alınmış Balakən rayon Qabaqçöl qəsəbəsində yerləşən 50 kv/m sahəyə dair məlumat aşkar edilməmişdir.” Burada bir məntiqin olmaması nəzərə çarpır. Əgər həmin 50 kv/m sahə 2002-ci ildə Bələdiyyə sərəncamı ilə ondan alınaraq ata X8 verilibsə, onda necə olur ki, həmin sahə 10 il sonra 12 dekabr 2012-ci il tarixdə oğlu Cavabdeh onun tərəfindən təzədən icarəyə verilmişdir? Burada kobud qanun pozuntusu əmələ gəlmişdir. Balakən Rayon İcra Hakimiyyətinin Dövlət Arxivindən sorğu ilə alınan 30 may 2019-cu il tarixli cavabda yazılmışdır ki, guya o, ərizə verib ki, həmin torpaq sahəsi cavabdehin atası X8 verilsin. Həmin arxiv idarəsinin həmin tarixli bir arayışında da göstərilmişdir ki, bələdiyyənin 28 fevral 2002-ci il tarixli 02 saylı protokoluna əsasən həmin 50 kv/m sahənin çörək sexi tikilməsi üçün ayrılmışdır. Burada Balakən rayon Qabaqçöl bələdiyyəsinin qanunazidd hərəkətlərinin nəticəsi olaraq ona məxsus 50 kv/m sahəsi başqa birisinin şəxsi mülkiyyətinə keçmiş, halbuki, o, 100 kv/m ərazini və onun içində olan 50 kv/m qeyri-yaşayış sahəsini yalnız icarəyə vermişdir. Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Balakən Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tаrixli 2(019)-24/2020 nömrəli qətnaməsi çıxarılmışdır. İddiaçı apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tаrixli 2(019)-24/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tаrixli 2(019)-24/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, mübahisə predmeti olan ərazi iddiaçıya aqrar islahat zamanı verilmiş və cavabdehin mülkiyyətinə qanunsuz olaraq keçirilmişdir. Bununla bağlı məhkəmə heç bir araşdırma aparmamış, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehin atası Sədrəddin Eminovun mülkiyyətinə keçməsi hissəsini tədqiq etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli iclasında xx.xx.2021-ci il tarixdə ölmüş İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən prosessual hüquq varisi Nümayəndə1 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi və üzərində inşa olunmuş qeyri-yaşayış binası onun atası X5 mülkiyyətindədir. Həmin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin atasının mülkiyyətində olması barədə Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsi və qeyriyaşayış binasının Texniki pasportu vardır. O da atasından qalan mirası qəbul etmiş vərəsədir. Onun həmin torpaq sahəsindən və qeyri-yaşayış binasından istifadə hüququ vardır. Həmin torpaq sahəsi bələdiyyənin qərarı ilə alınmışdır. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tаrixli 2(019)-24/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmalı və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları kifayət qədər araşdırmamış və mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx.xx.2012-ci il tarixdə bağlanmış və Balakən Rayon İcra Hakimiyyətinin Qabaqçöl qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş müqavilədən görünür ki, həmin müqavilə Balakən rayon Qabaqçöl qəsəbə sakini İddiaçı ilə Balakən rayonu Sarıbulaq kənd sakini Cavabdeh arasında bağlanmış, İddiaçı özünə məxsus həyətyanı torpaq sahəsindən çörək sexi üçün 100 kv/m sahəni ayda 40 (qırx) manat və 1 kisə un olmaqla bir il müddətinə, yəni 12 dekabr 2012-ci il tarixdən 12 dekabr 2013-cü ilə kimi icarəyə vermiş, torpaq sahəsini icarəyə götürən Cavabdeh həmin torpaq sahəsində əsaslı tikinti aparmamaqla sanitar və texniki təhlükəsizlik qaydalarına riayət etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 28 avqust 2018-ci il tarixdə verilmiş inventar nömrəsi 215, reyestr nömrəsi **********148-10301 nömrəli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən fərdi yaşayış evinin hüquqi subyekti İddiaçıdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində 0.0699 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı, torpaq sahəsi İddiaçı, X1, X9 ümumi birgə mülkiyyətinə verilməklə daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabınının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən Nümayəndə1 ünvanlanmış 08 iyul 2019-cu il tarixli **********30 nömrəli məktubda göstərilmişdir ki, “Keçmiş Balakən rayon DTİ və MHQ idarəsininin arxiv fondunda (qeydiyyat kitablarında) və daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adında qeydiyyata alınmış, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 50.0 kv/m sahəyə dair məlumat aşkar edilməmişdir”. Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş 30 may 2019-cu il tarixli 122 nömrəli Arxiv arayışından görünür ki, Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 28 fevral 2002-ci il tarixli 02 saylı protokol qərarına əsasən İddiaçı həyətyanı torpaq sahəsindən Eminov Sədrəddinə çörək sexi tikmək üçün 50 kv/m torpaq sahəsinin ayrılması üçün sərəncam verilməsi qərara alınmışdır. Balakən Rayon Dövlət Arxivi tərəfindən 30 may 2019-cu il tarixdə verilmiş 122 nömrəli Arxiv arayışından görünür ki, Balakən rayon Qabaqçöl bələdiyyəsinin 05 mart 2002-ci il tarixli 3 nömrəli sərəncamı ilə İddiaçı məxsus həyətyanı torpaq sahəsindən 5,0X10,0 metr, 50 kv/m torpaq sahəsi azaldılaraq mağaza binası tikmək üçün X5 adına keçirilməsi və ayrılmış torpaq sahəsinin tikinti tikmək üçün X5 istifadəsinə veriməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsi və qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, mübahisəli 50 kv/m torpaq sahəsi və orada inşa edilmiş qeyri-yaşayış binası mərhum X5 adına tam mülkiyyət hüququ ilə keçmiş Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 1 nömrəli reyestr kitabının 75-ci səhifəsində 309 reyestr nömrəsi ilə qeydə alınmış və Sədrəddin Eminova 28 oktyabr 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsi və qeyri-yaşayış binasının texniki pasportu verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27 dekabr 2019-cu il tarixli **********67 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30 avqust 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi 0.699 hektardır və həmin ərazi naturada 0.23 hektar təşkil edir. Cavabdeh mərhum atası X5 mülkiyyətində olan, Balakən rayonu Qabaqçöl kəndində yerləşən 50 kv/m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qabaqçöl kəndində yerləşən 0.0699 ha torpaq sahəsinin 38 kv/m hissəsində yerləşir. Aparılmış tədqiqatın dəyəri 130.86 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli 23939 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30 avqust 2018-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi 0.699 hektardır və həmin ərazi naturada 0.23 hektar təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Cavabdeh mərhum atası X5 mülkiyyətində olan, Balakən rayonu Qabaqçöl kəndində yerləşən 50 kv/m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyriyaşayış binası İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qabaqçöl kəndində yerləşən 0.0699 ha torpaq sahəsinin 38 kv/m hissəsində yerləşir. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. 11 yanvar 2021-ci il tarixdə verilən Ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ölmüşdür. 05 iyul 2021-ci il tarixdə verilən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş İddiaçı vərəsəsi Nümayəndə1dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən ümumi sahəsi 40.90 kv.m. olan fərdi yaşayış evi tam, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin isə 3/2 hissəsi xüsusi mülkiyyət hüququ ilə Nümayəndə1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2-1(116)-106/2021 nömrəli qərarından görünür ki, İddiaçı iddası qismən təmin edilmiş, Balakən rayonu Qabaqçöl bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 02 saylı protokol qərarı İddiaçı həyətyanı torpaq sahəsindən X8 mağaza binası tikmək üçün 50 kv.m. ayrılması barədə sərəncam verilməsi hissəsində və Balakən rayonu Qabaqçöl bələdiyyəsinin İddiaçı məxsus həyətyanı torpaq sahəsindən 50 kv.m. torpaq sahəsi azaldılaraq mağaza binası tikmək üçün X5 adına keçirilməsi barədə xx.xx.2002-ci il tarixli 3 saylı sərəncamı İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 38 kv.m. hissədə etibarsız sayılmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2021-ci il tarixli 2-1(107)- 271/2021 nömrəli qərarı ilə iddiaçının prosessual hüquq varisi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2-1(116)-106/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2-1(116)-903/2022 nömrəli qərarından görünür ki, iddiaçı Nümayəndə1 iddiası təmin edilmiş, X5 adına verilmiş xx.xx.2002-ci il tarixli 309 nömrəli “Qeydiyyat vəsiqəsi”nin xx.xx.2021-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Nümayəndə1 paylı mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-903/2022 nömrəli məktubundan görünür ki, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2-1(116)-903/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Məhkəmə işin hallarını, mübahisəli 38 kv/m torpaq sahəsinə iddiaçı ilə yanaşı Cavabdeh mərhum atası Eminov Sədrəddinin də mülkiyyət hüququnun olmasını, bu barədə keçmiş Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2002-ci il tarixli 304 nömrəli Qeydiyyat vəsiqəsi və qeyri-yaşayış binasının texniki pasportunun qüvvədə olmasını, qeyri-yaşayış binasının ona məxsus olması barədə iddiaçının heç bir sübut təqdim edə bilməməsini, lakin cavabdehin mərhum atasının həmin qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsi olmasını, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 50 kv/m torpaq sahəsinin cavabdehin atasına qanunsuz verilməsi barədə iddiaçının dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında iddiaçının nümayəndəsinə dəfələrlə bu barədə müvafiq məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsə də, o bu hüququndan istifadə etməmiş, işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini tələb etmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin gerçək halı ondan ibarətdir ki, İddiaçı (iddiaçının hüquq varisi Nümayəndə1) mülkiyyətində olmuş, Balakən rayonu Qabaqçöl kəndində yerləşən 0.0699 ha torpaq sahəsinin 50 kv/m hissəsi Balakən rayonu Qabaqçöl bələdiyyəsinin xx.xx.2002-ci tarixli 02 saylı protokol qərarı və xx.xx.2002-ci il tarixli 3 saylı sərəncamı ilə ayrılaraq qeyri-yaşayış binası-çörək sexi tikintisi üçün Cavabdeh mərhum atası X8 verilmiş, sonuncu həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmişdir. Sözügedən torpaq sahəsi və orada inşa olunmuş qeyri-yaşayış binası cavabdehin mərhum atası X5 adına tam mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 1 nömrəli reyestr kitabının 75-ci səhifəsində 309 reyestr nömrəsi ilə qeydə alınmış və Sədrəddin Həmzətovun adına 28 oktyabr 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsi və qeyri-yaşayış binasının Texniki pasportu tərtib edilmişdir. 12 dekabr 2012-ci ildə İddiaçı özünün mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 100 kv/m hissəsini cavabdehin işlətdiyi çörək sexi üçün istifadə olunmasından ötrü 1 il müddətinə Cavabdeh icarəyə vermişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2019-cu il tarixli 23939 nömrəli Ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin atasının mülkiyyətində olan qeyri-yaşayış binası iddiaçının mülkiyyətində olan 0.0699 ha torpaq sahəsinin 38 kv/m hissəsində yerləşir. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ilə müraciət edərək Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2-1(116)-106/2021 nömrəli qərarı ilə Balakən rayonu Qabaqçöl bələdiyyəsinin xx.xx.2002-ci tarixli 02 saylı protokol qərarının İddiaçı həyətyanı torpaq sahəsindən X8 mağaza binası tikmək üçün 50 kv.m. ayrılması barədə sərəncam verilməsi hissəsində və Balakən rayonu Qabaqçol bələdiyyəsinin İddiaçı məxsus həyətyanı torpaq sahəsindən 50 kv.m. torpaq sahəsi azaldılaraq mağaza binası tikmək üçün X5 adına keçirilməsi barədə xx.xx.2002-ci il tarixli 3 saylı sərəncamının İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 38 kv.m. hissədə etibarsız sayılmasına nail olmuşdur. X5 adına verilmiş xx.xx.2002-ci il tarixli 309 nömrəli “Qeydiyyat vəsiqəsi” məhz Qabaqçöl bələdiyyəsinin həmin qərarı və sərəncam əsasında verildiyindən Şəki İnzibati Məhkəməsində iddiaçının vərəsəsi Nümayəndə1 iddiası təmin edilərək Şəki İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2-1(116)-903/2022 nömrəli qərarı ilə X5 adına verilmiş xx.xx.2002-ci il tarixli 309 nömrəli “Qeydiyyat vəsiqəsi”nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Nümayəndə1 paylı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtidiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin hər iki qərarı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaratmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 82-ci maddəsinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyindən də göründüyü kimi, Cavabdeh mərhum atası X5 mülkiyyətində olan, Balakən rayonu Qabaqçöl kəndində yerləşən 50 kv/m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qabaqçöl kəndində yerləşən 0.0699 ha torpaq sahəsinin 38 kv/m hissəsində yerləşir. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin 38 kv/m hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Belə olan halda iddiaçı torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Kollegiya qeyd edir ki, sözügedən 0.0699 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin çıxarış rəsmi sənəddir, hər hansı səlahiyyətli orqan tərəfindən ləğv edilməmiş və ya etibarsız sayılmamışdır. Cavabdehin isə üzərində qeyri-yaşayış binası inşa edilmiş mübahisəli 38 kv.m torpaq sahəsinə dair heç bir hüquq müəyyən edici sənədi mövcud deyildir. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etməsinin əsası kimi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsinə istinad edir. Lakin, yuxarıda qeyd edildiyi kimi, 28 oktyabr 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Balakən rayonu Qabaqçöl bələdiyyəsinin xx.xx.2002-ci tarixli 02 saylı protokol qərarının İddiaçı həyətyanı torpaq sahəsindən X8 mağaza binası tikmək üçün 50 kv.m. ayrılması barədə sərəncam verilməsi hissəsində və Balakən rayonu Qabaqçol bələdiyyəsinin İddiaçı məxsus həyətyanı torpaq sahəsindən 50 kv.m. torpaq sahəsinin azaldılaraq mağaza binası tikmək üçün X5 adına keçirilməsi barədə xx.xx.2002ci il tarixli 3 saylı sərəncamının İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 38 kv.m. hissədə etibarsız sayılması Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2-1(116)-106/2021 nömrəli qərarı ilə qərara alınmışdır. O cümlədən, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2-1(116)-903/2022 nömrəli qərarı ilə həmin 28 oktyabr 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsinin xx.xx.2021 il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Nümayəndə1 paylı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş və iddianı rədd etməklə səhvə yol vermişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Maddə 217.1, 217.3, 217.4). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı, mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tаrixli 2(019)-24/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27 dekabr 2019-ci il tarixli ŞM-462 nömrəli rəy üzrə mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərcinin dəyəri 130.86 manat və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli 23939 nömrəli rəy üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəlir ki, iddia təmin edildiyindən birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 130.86 manat torpaq sahəsinin inventarlaşdırılması xərci cavabdeh X3 alınaraq Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesabına, 50 manat ekspertiza xərci isə Az.MEM VÖEN:**********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tаrixli 2(019)-24/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı (iddiaçının hüquq varisi Nümayəndə1) cavabdeh X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Qabaqçöl Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı (iddiaçının hüquq varisi Nümayəndə1) mülkiyyətində olan 0.0699 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli 23939 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş 38 kv/m hissəsindən çıxarılsın. Birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 130.86 manat torpaq sahəsinin inventarlaşdırılması xərci cavabdeh X3 alınaraq Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesabına, 50 manat ekspertiza xərci isə cavabdeh X3 alınaraq Az.MEM VÖEN:**********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-14/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-14/2022
13.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver