Məhkəmə qərarları › İş №2(107)-1410/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1410/2021

22.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1410/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin direktoru Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin direktoruna qarşı “bir stavka dərs yükü və sinif rəhbərliyi ilə təmin edilmə tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-706/2021 nömrəli qətnaməsindən cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-706/2021 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia təmin olunmuş, İddiaçı Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 1 stavkadan (18 saatdan) az olmayan dərs yükü ilə təmin edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin direktoruna qarşı bir stavka dərs yükü və sinif rəhbərliyi ilə təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir şəhəri N.Nərimanov adına l nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü və ibtidai sinif üzrə sinif rəhbərliyi ilə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqda əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 18 saatdan sözündən əvvəl 1 stavka sözünü əlavə etməklə iddia tələbinin 1 stavka - 18 saatdan az olmayan dərs yükü və ibtidai sinif üzrə sinif rəhbərliyi ilə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı tələbin, ibtidai sinif üzrə sinif rəhbərliyi ilə təmin edilməsi hissəsində, həcmini azaldılması barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən yalnız 1 stavka - 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclası zamanı iddianı müdafiə etmiş, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, 25 iyun 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunu İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bitirmiş, 01.11.2004-cü ildə Mingəçevir şəhər Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinə ibtidai sinif müəllimi ixtisaslı dərnək rəhbəri vəzifəsinə işə qəbul olmuş və 29 sentyabr 2015-ci il tarixədək bu vəzifədə işləmişdir. Mingəçevir şəhər Təhsil Şöbəsinin müdirinin 29 sentyabr 2015-ci il tarixli 21/ş saylı əmri ilə Mingəçevir şəhər Təhsil Şöbəsinin N.Nərimanov adına l№-li tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə keçirilmişdir. Bundan sonra onunla məktəb direktoru arasında ibtidai sinif müəllimi vəzifəsinə 05.10.2015-ci il tarixli, müddətsiz (daimi) əmək müqaviləsi bağlanmış və o, 2015-2016 və 2016-2017-ci tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyasını yerinə yetirərək vahid tarif cədvəlinə uyğun 12-ci dərəcə ilə əmək haqqı almışdır. İşlədiyi müddətdə hər hansı intizam tənbehi olmayıb, işinin öhdəsindən layiqincə gəlmiş və əmək funksiyasını lazımi qaydada yerinə yetirmişdir. 23.01.2017-ci il tarixdə Təhsil Nazirliyinin Təhsil X2 İnstitutu tərəfindən ona “məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” ixtisasartırma proqramı üzrə "ixtisasartırma təhsili haqqında” 7356 qeydiyyat nömrəli Sertifikat, “Yeni ibtidai təhsil kurikulumu’ ixtisasartırma təhsil proqramı üzrə Sertifikat verilmişdir. Lakin işlədiyi l№-li tam orta məktəbin direktorunun 14.06.2017-ci il tarixli 750(b)p-saylı əmri ilə o, 12 illik fasiləsiz pedaqoji iş stajına malik olan, qüsursuz işləyən müəllim kimi işlədiyi halda, heç bir qanuni əsas olmadan Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "d” bəndinə (tərəflərin iradəsindən asılı olmayan hallar) əsasən 14.06.2017-ci il tarixdən işdən azad edilmişdir. Bundan sonra o, işə bərpa tələbinə dair məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli 2(051)-3678/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək onunla əmək müqaviləsinə xitam verilməsi haqqında Mingəçevir şəhər 1 №-li Tam orta məktəbin direktorunun 14 iyul 2017-ci il tarixli 750(b)p-l saylı əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən1 №-li Tam orta məktəbin direktoru A.Rəsulovanın 01 avqust 2017-ci il tarixli 751(e) nömrəli əmri ilə öz vəzifəsinə-ibtidai sinif müəllimi vəzifəsinə bərpa edildi və onunla məktəb direktoru arasında bağlanmış müddətsiz əmək müqaviləsi davam etdi, eləcə də məktəbin l e sinfinin sinif rəhbərliyi ona verildi. 29 avqust 2018-ci il tarixdə məktəbin yeni təyin olunmuş hazırkı direktoru Nümayəndə ilə onun arasında yenidən müddətsiz əmək müqaviləsi bağlandı. Məlumat üçün bildirir ki, o, əsassız işdən azad olunan müddətədək, yəni 2015- 2016 və 2016-2017-ci tədris ilində onun 1 stavka (12 saat) dərs yükü və sinif rəhbərliyi olmuşdur. İşə bərpa olunduqdan sonra 2017-2018-ci tədris ilində onun 20 saat dərs yükü oİmuşdur. Lakin 2018-2019-cu tədris ilində və ondan sonrakı tədris illərindən, hal-hazıradək ona cəmi 6 saat (2 saat texnologiya, 2 saat fiziki tərbiyə (əlavə dərslər), 2 saat da musiqi (əsas dərs)) dərs verildi, habelə sinif rəhbərliyi ondan alındı. Hal-hazırda əmək haqqı 144,00 (bir yüz qırx dörd) manatdır. Bu isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından çox aşağı məbləğdir. Səbəb isə budur ki, o, diaqnostik qiymətləndirmədən keçməmis, ona görə də 1 stavka dərs yükü ilə təmin etmək mümkün deyildir. Əslində isə qanuna müvafiq olaraq işəgötürən onu ana dili, riyaziyyat, həyat bilgisi, musiqi kimi əsas, rəsm, texnologiya, bədən tərbiyəsi kimi əlavə dərslərlə təmin etməlidir. Onu da qeyd edir ki, məktəbdə ondan başqa 27 nəfər ibtidai sinif müəllimi işləyir ki, həmin müəllimlərdən 5 nəfərinin 20 saat, 9 nəfərinin 21 saat, 2 nəfərinin 22 saat, 3 nəfərinin 23 saat dərs yükü vardır. Diaqnostik qiymətləndirmədə müəllim kimi iştirak etməyini təşkil və təmin etmək isə məktəb direktorunun üzərinə düşür və o, bu məsələnin həllində sərbəst deyil ki, gedib iştirak edə bilsin. Əgər o, 6 saat dərs yükü ilə təmin olunursa, onun aylıq əmək haqqı 138,75 manat təşkil edir. Halbuki, ölkə üzrə minimum əmək haqqı 250 manatdır. Hesab edir ki, o, işlədiyi 1 №-li Tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 1 stavka- 18 saatdan az olmayan dərs yükü və ibtidai sinif üzrə sinif rəhbərliyi ilə təmin edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçıın nümayəndəsi (vəkili) X3 birinci instansiya məhkəməsinin iclası zamanı iddianı müdafiə etmiş, təmsil etdiyi şəxlə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 № li tam orta məktəbin direktoru Nümayəndə iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa və Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında “Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında 11.07.2016-cı il tarixli 270 nömrəli qərarına, “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.08.2017-ci il tarixli 236-1 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara uyğun aparılır. Təhsil Nazirliyinin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. X4 müəllimlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul edildiyindən diaqnostiq qiymətləndirilməyə buraxılmamışdır. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydalarına əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirilmədə iştirak edərək hər hansı bölmə üzrə 10%-dən aşağı nəticə göstərmiş, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirilmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6saat) müəyyənləşdirilir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin direktoru Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin direktoru Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Məhkəmə qətnamə qəbul edərkən formalizmə əməl etmiş, tərəflərin izahatı və işdə olan sənədlərə səthi qiymət verərək iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Lakin İddiaçı işə mərkəzləşdirilmiş müsabiqə yolu ilə deyil məhkəmə vasitəsi ilə daxil olmuşdur. Belə olan halda sözügedən qaydaların tələblərindən kənar işə qəbul olunmasına baxmayaraq iddiaçı diaqnostik qiymətlənmədən keçməlidir. İddiaçının diaqnostik qiymətlənmədən keçməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, onun diaqnostik qiymətləndirilmədən keçirilməsindən imtina olunarsa müvafiq icra hakimiyyəti orqanının qərarından İnzibati Məhkəməyə şikayət verməlidir. Şəhər və rayon məhkəmənin qanunvericiliklə müəyyən olunmuş qaydadan kənar dərs yükünün verilməsi qanuna müvafiq olmumaqla yanaşı diaqnostik qiymətləndirilmənin keçirilməsi vəzifəsini müvafiq icra hakimiyyəti orqanının üzərinə qoymaq səlahiyyəti də yoxdur. İddiaçını diaqnostik qiymətləndirilmədən keçirməsi mütləq olsa da sözügedən müsabiqənin keçirilməsi hazırki iş üzrə cavabdeh olan Mingəçevir şəhəri 1 saylı orta məktəbin direktorunun yəni mənim deyil müvafiq icra hakimiyyəti aparmalıdır. Məhkəmə yalnız iddiaçının göstərdiyi tələbini “təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli qərarı ilə əsaslandırsa da sözügedən qərarda müəllimlərə düşməli olan 1 stavka dərs yükünün 18 saat olması göstərilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı sərəncamı ilə təstiq edilmiş «Qaydalar»da diaqnostik qiymətləndirilməsi aparılandan sonra sözügedən dərs yükünün verilməsi məqsədə müvafiq sayılmışdır. Halbuki, məhkəmə normativ hüquqi aktları tətbiq edərkən normativ hüquqi aktların kolliziyasını nəzərə alınmalıdır. Belə ki, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı sərəncamı ilə təstiq edilmiş «Qaydalar» 2010-cu ildə qubul edilmiş nazirlər kabinetinin qərarlarından daha üstün götürülməlidir. Məhkəmə qətnamə qəbul edərkən işə yalnız iddiaçının maraqlarından yanaşmışdır. Halbuki, məktəbdə eyni ixtisas üzrə bir neçə müəllim işləyir ki, həmin müəllimlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada imtahan vermiş və müvafiq dərs saatları ilə təmin olunmuşlar. İş üzrə Cavabdeh İddiaçı imtahandan kənar sözügedən 18 saat dərs yükünün verilməsi digər müəllimlərin qanunla müəyyən olunmuş hüquqlarının kobud surətdə pozulmasına səbəb olar. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)- 706/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin direktoru Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-706/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-706/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 29.08.2018-ci ildə Mingəçevir şəhəri 1 №-li tam orta məktəbinin direktoru ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Mingəçevir şəhəri 1 №-li tam orta məktəbinin “ibtidai sinif” müəlliməsi vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, bu əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.11.2004-cü ildə əmək fəaliyyətinə başlayıb. 29.09.2015-ci ildə Mingəçevir şəhər 1 №-li tam orta məktəbə ixtisası üzrə müəllim vəzifəsinə keçirilmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 01.11.2004-cü ildə Mingəçevir şəhər Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinə ibtidai sinif müəllimi ixtisaslı dərnək rəhbəri vəzifəsinə işə qəbul olmuş və 29 sentyabr 2015-ci il tarixədək bu vəzifədə işləmişdir. Mingəçevir şəhər Təhsil Şöbəsinin müdirinin 29 sentyabr 2015-ci il tarixli 21/ş saylı əmri ilə Mingəçevir şəhər Təhsil Şöbəsinin N.Nərimanov adına l№-li tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə keçirilmişdir. Bundan sonra l№-li tam orta məktəbin direktorunun 14.06.2017-ci il tarixli 750(b)p-saylı əmri ilə o, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "d” bəndinə əsasən 14.06.2017-ci il tarixdən işdən azad edilmişdir. Bundan sonra iddiaçı 01.08.2017-ci il tarixdən 1 nömrəli məktəbin ibtidai sinif müəlliməsi vəzifəsinə bərpa edilmişdir. İşdə olan Mingəçevir şəhər 1 saylı tam orta məktəbinin direktorunun 16.11.2020-ci il tarixli, 110 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də Mingəçevir şəhəri N.Nərimanov adına 1№ li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir, 2018-2019-cu tədris ilində İddiaçı 6 (altı) saat dərs yükü ilə təmin olunmuşdur. İşdə olan Mingəçevir şəhər 1 saylı tam orta məktəbinin direktorunun 26.02.2021-ci il tarixli, 21 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də Mingəçevir şəhəri N.Nərimanov adına 1 № li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir, İddiaçı 2017- 2018-ci tədris ilində 20 (iyirmi saat), 2018-2019, 2019-2020, 2020-2021-ci tədris illərində 6 (altı) saat dərs yükü ilə təmin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanlandığı 30.07.2019-cu il tarixli, Kol-8028/09 nömrəli məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir o, müəllimlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul olunduğundan diaqnostik qiymətləndirilməyə buraxılmamış və ona “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydalarına əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirildiyi bildirilərək ona müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək tövsiyyə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12.1, 147.1, 147.4 və 288-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 1.2, 4.1, 5.2, 7.2 və 7.3-cü bəndlərinə və «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamının 1-1-ci hissəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək normaları — hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 147-ci maddəsinin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215-nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 1.2-ci bəndinə görə (bundan sonra mətndə Qaydalar) Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir. «Qaydalar»ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Həmin «Qaydalar»ın 5.2-ci bəndinə əsasən işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. Həmin “Qaydalar”ın 7.2-ci bəndinə əsasən yerli təhsili idarəetmə orqanları imtahanda iştirak edəcək heyət haqqında məlumatın www.dq.edu.az saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirmənin məqsədinin heyətə düzgün formada çatdırılması öhdəliyini daşıyırlar. Həmin “Qaydalar”ın 7.3-cü maddəsinə əsasən yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda heyətin diaqnostik qiymətləndirmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar. «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamına 23 avqust 2017-ci il tarixdə dəyişiklik edilərək 1-1-ci hissə əlavə edilmiş, həmin hissəyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı 01.11.2004-cü il tarixdə Mingəçevir şəhər Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinə ibtidai sinif müəllimi ixtisaslı dərnək rəhbəri vəzifəsinə işə qəbul olmuş və 29 sentyabr 2015-ci il tarixədək bu vəzifədə işləmişdir. Mingəçevir şəhər Təhsil Şöbəsinin müdirinin 29 sentyabr 2015-ci il tarixli 21/ş saylı əmri ilə Mingəçevir şəhər Təhsil Şöbəsinin N.Nərimanov adına l№-li tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə keçirilmişdir. Bundan sonra onunla məktəb direktoru arasında ibtidai sinif müəllimi vəzifəsinə dair 05.10.2015-ci il tarixli miiddətsiz (daimi) əmək müqaviləsi bağlanmış və o, 2015-2016, 2016-2017 tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyasını yerinə yetirərək vahid tarif cədvəlinə uyğun 12-ci dərəcə ilə əmək haqqı almışdır. İddiaçı 1 №-li tam orta məktəbin direktorunun 14.06.2017-ci il tarixli 750(b)p-/ saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «d» hissəsi ilə işdən azad edilmiş, lakin Mingəçevir Şəhər Məhkəməsinin 27.07.2017-ci il tarixli 2(051)-3678/2017 saylı qətnaməsi ilə sözügedən əmr ləğv edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə sözügedən məktəbə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmişdir. Bundan sonra iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 27.07.2017-ci il tarixli 2(051)-3678/2017 saylı qətnaməsinə əsasən 01.08.2017-ci il tarixdən qeyd olunan məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə mübahisənin predmetinin nədən ibarət olaması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin (işəgötürənin) əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməsi səbəbindən, iddiaçı tam iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək imkanına malik olmamış, nəticədə onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmuşdur. Bu hal isə işçinin qanunla qorunan əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, ümumtəhsil məktəblərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyən edidiyi halda, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni icrası hamı üçün məcburi olan normativ hüquqi akta istinad etmədən iddiaçının dərs yükünün 6 saat həcmində müəyyən etmişdir. Belə olan halda iddiaçı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı almışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı işə götürülərkən işəgötürən «Qaydalar»ın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar müddətsiz əmək müqaviləsi bağlamış, sonradan əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin 27.07.2017-ci il tarixli 2(051)-3678/2017 №li qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə 1 №li tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmuşdur. Bununla da iddiaçının mərkəzləşdirilmiş müsabiqədən kənar işə qəbul edilməsi məsələsi aradan qalxmışdır. Göründüyü kimi, «Qaydalar»ın 4.1-ci bəndinə görə işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Belə olan vəziyyətdə cavabdeh iddiaçıya müsabiqədən kənar işə qəbul olunduğu üçün diaqnostik qiymətləndirməyə buraxmamaqda haqlı olmamışdır. Çünki sözügedən «Qaydalar»ın 5.2-ci bəndi buna imkan vermir. Belə ki, orada göstərilmişdir ki, işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. Birinci instansiya məhkəməsi cavabdehin «Ümumi Təhsil Müəssislərində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması» Qaydalarının 5.5-ci bəndinə istinad etməsi ilə də razılaşmamışdır. Belə ki, həmin bənddə diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün (6 saat) müəyyənləşdirilməsindən söhbət gedir ki, bunun da iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə ki, o, ümumiyyətlə yuxarıda göstərilən səbəbdən diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.04.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-706/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Mingəçevir Şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-706/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar