Məhkəmə qərarları › İş №2(107)-1421/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1421/2021

27.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1421/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(035)- 297/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Zərdab rayon Qaravəlli kənd tam orta məktəbin direktorunun işdən azad edilməyinə dair 01 mart 2021-ci il tarixli 99 saylı əmrini etibarsız hesab edib Cavabdehnə informatika müəllimi vəzifəsinə bərpa olunmasına və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 15 aprel 2021-ci il tarixli, 2(035)- 297/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Zərdab Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(035)-297/2021 nömrəli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Qaravəlli kənd tam orta məktəbində 16.09.2013-cü ildən 01.03.2021-ci ilədək informatika müəllimi işləmişdir. Belə ki, Zərdab rayon Təhsil şöbəsinin müdiri Gülağa İsgəndərov ona məktəbdə qanunsuz işlədiyinə görə tutduğu vəzifədən azad edilməsinə dair ərizə vermədiyi təqdirdə onun cinayət məsuliyyətinə cəlb olunacağını, həmin tarixdən, yəni 16.09.2013-cü il tarixdən etibarən aldığı əmək haqqını qaytarmağa məcbur ediləcəyini, bildirmişdir. Eyni zamanda onun işdən azad edilməyinə dair göstəriş Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ucar regional Təhsil İdarəsi rəhbərliyinin göstərişi olduğunu bildirmişdir. Bu səbəbdən məcbur olub öz təşəbbüsü ilə işdən azad edilməsi barədə ərizə yazmışdır. Ərizəsinə əsasən məktəbin əvvəlki direktoru N.Mənsimovun 01.03.2021-ci il tarixli 99 saylı əmrinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Sonra bunun doğru olub-olmamasını müəyyən etmək üçün Ucar regional Təhsil İdarəsinə getmiş, orada ona tərəflərindən hər hansı bir göstəriş verilmədiyini, məsələnin onlara aidiyyatı olmadığını bildirmişlər. Bunu bildikdən sonra rəhbərliyə rəsmi müraciət edərək ərizəsindən imtina etdiyini və əvvəlki işinə qaytarılmağını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin 01 mart 2021-ci il tarixli 99 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarına istinad edilmədən "şəxsi təşəbbüsü nəzərə alınaraq" tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, işdən azad edilməyinə dair əmr qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməli, işə bərpa olunmağına, məcburi iş buraxmaya görə əmək haqqı hesablanıb verilməsinə dair qətnamə qəbul edilməlidir. İşdən azad edilməyinə dair təşəbbüsü azad iradə ifadəsi olmamışdır. Ərizə təzyiq və qorxu nəticəsində ondan alınmışdır. Məhkəmə gəldiyi qanunsuz qərarı əsaslandırmaq üçün ali təhsil diplomunun olmamasını xüsusi vurğulamışdır. Hansıki, həmin diplom olmadan da o uzun illər işləmişdir. Göründüyü kimi işdən azad edilməyi qanunsuz və əsassız olmuş, məhkəmə qanuni əmək hüquqlarımı bərpa etməmişdir. Qeyd edilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(035)-297/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi kimi o işdən çıxma barədə ərizəni təzyiq və məcburiyyətdən yazmışdır. Belə ki, məktəb direktoru ondan bu ərizəni yazmayacağı təqdirdə 2013-cü il tarixdən etibarən aldığı əmək haqqını qaytarmağa məcbur ediləcəyini, valideynləri həmin məktəbdə müəllim işlədiyindən onların dərs saatlarının azaldılacağını bildirmişdir. O, 01.03.2021-ci il tarixli əmrlə işdən azad olunmasına baxmayaraq, 02.03.2021-ci il tarixdə işdə olmuşdur. 03 mart 2021-ci il tarixdə ərizəsindən imtina etməsi barədə direktorun adına ərizə ünvanlasa da, direktor həmin ərizəyə münasibət bildirməmiş, onun yerinə müqavilə əsasında digər şəxs işə qəbul edilmişdir. Məktəbin hazırki direktoru onun işə bərpa olunmasına etiraz etmir, lakin deyir ki, bu yalnız məhkəmə qərarı əsasında ola bilər. O, 10-12 il pedoqoji fəaliyyətlə məşğul olduğundan artıq bu hüququ qazanmış və hesab edir ki, ixtisası barədə müvafiq diplomu olmasa da pedoqoji fəaliyyətini davam etdirə bilər. Lakin barəsində verilmiş əmr qanunsuz olduğundan, bu hüququndan istifadə edə bilmir. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. ( məktəbin direktor əvəzi F.Kərimov iddiaçıdan əmrin verilmə şəraitini düzgün qəbul etmədiyi barədə ərizə göndərmişdir. Ərizənin mahiyyəti tam başa düşülən deyil). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(035)-297/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər: Əmək müqaviləsinin (kontraktı) təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon S.Vurğun adma Qaravəlli kənd tam orta məktəbin direktoru X2 ilə hazırkı İddiaçı arasında 16.09.2013-cü il tarixdə sonuncunun həmin məktəbə informatika, riyaziyyat müəlimi təyin olunması barədə əmək müqavləsi (kontraktı) bağlanmışdır. İddiaçı tərəfindən Qaravəlli kənd tam orta məktəbin direktoru N.Mənsimovun adma yazılmış 01.03.2021-ci il tarixli ərizədən görünür ki, o, şəxsi təşəbbüsünü nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə 01.03.2021-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. Səməd Vurğun adma Qaravəlli kənd tam orta məktəbi üzrə 01 mart 2021-ci il tarixli 99 saylı əmrdən çıxarışdan görünür ki, məktəbin informatika müəllimi İddiaçı şəxsi təşəbbüsü nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə 01 mart 2021-ci il tarixdən xitam verilmişdir. Əsas: şəxsin ərizəsi göstərilmişdir. Səməd Vurğun adma Qaravəlli kənd tam orta məktəbi üzrə 04 mart 2021-ci il tarixli 100 saylı əmrdən çıxarışdan görünür ki, informatika müəllimi orta ixtisas təhsilli X3 04.03.2021-ci il tarixdən 14.06.2021-ci il tarixədək məktəbdə ixtisası üzrə müəllim təyin edilmişdir. İddiaçı tərəfindən Qaravəlli kənd tam orta məktəbin direktoru N.Mənsimovun adma yazılmış 03.03.2021-ci il tarixli ərizədən görünür ki, o, 01.03.2021-ci il tarixdə yazdığı ərizədən imtina etdiyini bildirərək, əvvəlki işinə qaytarılmasını xahiş etmişdir. Qaravəlli kənd tam orta məktəbin hazırkı direktor əvəzi F.Kərimov tərəfindən məhkəməyə təqdim edilmiş 08.04.2021-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı işə bərpa olunmasına razı olduğunu bildirmişdir. Beləliklə məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ixtisası üzrə müvafiq diploma malik olmasa da, arayışa əsasən Zərdab rayon Qaravəlli kənd orta məktəbində 16.09.2013-cü il tarixdən 01.03.2021-ci il tarixədək informatika müəllimi işləmişdir. 01.03.2021-ci il tarixdə işdən çıxma barədə ərizə verərək, elə həmin gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçının şəxsi təşəbbüsü nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə 01.03.2021-ci il tarixli, 99 saylı əmrlə xitam verilmişdir. Əsas kimi də işçinin ərizəsi göstərilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən iki gün sonra, yəni 03.03.2021-ci il tarixdə məktəbin direktorunun ünvanına ərizə yazaraq 01.03.2021-ci il tarixdə yazdığı ərizəsindən imtina etdiyini və əvvəlki işinə qaytarılmasını xahiş etmişdir. Araşdırma nəticəsində həmçinin müəyyən edilmişdir ki, həmin məktəbə 04.03.2021-ci il tarixli 100 saylı əmrə əsasən iddiaçının yerinə başqa şəxs işə götürülmüşdür. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə apararaq qeyd edir ki; Birincisi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası 1 İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Üçüncü, yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarından görünür ki, qanunverici işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin iki qaydasını nəzərdə tutmuşdur: 1) işçi tərəfindən bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə; 2) işçinin ərizəsində göstərdiyi gün.

Qeyd olunan hallarla bağlı nəzərə alınmalıdır ki, işçi öz istəyi ilə əmək müqaviləsinə xitam vermək istəyirsə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Bir ay ərzində işçi işə çıxmalı və gündəlik işlərini görməlidir. Xəbərdar edilmənin vaxtı ərizə veriləndən növbəti gün başlayır. Lakin, əgər işçi və işəgötürən razılığa gəliblərsə, əmək müqaviləsinə daha tez xitam verilə bilər. Sonuncu halda yuxarıda göstərilən hallara riayət olunması tələb olunmur.

Göründüyü ki, qanunvericilik birinci halda xəbərdarlıq müddəti bitənədək işçinin istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilməsi imkanını nəzərdə tutsa da, ikinci halda, yəni işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilməsi halında işçinin istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilməsi imkanını nəzərdə tutmamışdır. Dördüncü, araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, 01.03.2021-ci il tarixdə öz təşəbbüsü ilə ərizədə göstərildiyi gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, bundan sonra onun yerinə başqa bir işçi işə götürlmüşdür. Beşinci, məhkəmə kollegiyası iddiaçının şikayəti üzrə digər bir dəlilinə, yəni 02.03.2021-ci tarixdə işdə olmasına münasibət bildirərk qeyd edir ki, iş materiallarında olan ərizənin qeydə alınma tarixindən (i/m səh. 71) görünür ki, iddiaçının işdən çıxma barədə ərizəsi 01.03.2021-ci il tarixdə qeydə alınıb, əmr də məhz ərizədə göstərildiyi gün (01.03.2021-ci il) verilmişdir.( əmək kitabçası (i/m səh 23, 01.03.2021-ci il tarixli 99 nömrəli əmr. –səhifə 73). Altıncı, apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırmanı davam etdirən kollegiya bildirir ki, işəgötürən tərəfindən iddiaçıya hər hansı zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi halı müəyyən edilməmiş, iddiaçı tərəf bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arsındakı münasibətə düzgün hüquqi qiymət verməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya sonda cavabdeh məktəbin direktorunun etirafına və apellyasiya məhkəməsinə göndərdiyi ərizəyə münasibət bildirərək qeyd edir ki, işəgötürən tərəfindən əvvəl verilmiş hər hansı bir əmrin ləğv edilərək, işçinin yenidən işə bərpa olunması, işçi ilə yeni əmək müqaviləsinin rəsmiləşdirilməsi əmək qanunvericiliyində nəzərdə tutulan qaydada işəgötürənin, hazırki halda isə Zərdab Rayon Qaravəlli kənd tam orta məktəbinin direktorunun səlahiyyətinə aid olmaqla, iradəsi olduğu təqdirdə bunu məhkəmədən kənar qaydada həyata keçirmək imkanı olduğundan, etirafının məhkəmə qaydasında legitimləşdirilməsi yolverilməzdir. Çünki yuxarıda qeyd olunduğu kimi hazırki iş üzrə mübahisələndirilən əmrin, yəni iddiaçının işdən azad olunması barədə verilmiş əmrin əsasını heç də sonuncunun hansısa ixtisas üzrə müvafiq diploma malik olmaması deyil, məhz özünün təşəbbüsü (xahişi) ilə işdən azad olunması olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(035)-297/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. . Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar