Məhkəmə qərarları › İş №2(107)-1423/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1423/2021

13.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1423/2021 13.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, Cavabdeh2 Sedreddinovnanın nümayəndəsi X5 iştirakı ilə İddiaçı, Oğuz rayon Oğuz Bələdiyyəsi cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2 Sedreddinovnaya qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(054)-23/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı (iddia ərizəsinə adı “Nahilə” kimi qeyd edilmişdir), Maraqlı şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2 Sedreddinovnaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1999-cu ildə ona işlədiyi sovxozdan əmlak payı kimi verilmiş cəmi 121 ədəd fındıq, qoz və şabalıd ağacları yerləşən, Maraqlı şəxs mülkiyyətində olmuş 0,27 hektar torpaq sahəsinin Cavabdeh2 Sedreddinovnanın mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 19.11.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(054)-23/2021 nömrəli (K.Süleymanov) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı Oğuz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(054)-23/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28 il Oğuz rayon “28 May” kolxozunda, sonra isə həmin sovxozun nəzdində yaranmış kənd təsərrüfatı məhsullarının istehsalı kooperativində fəhlə işləmişdir. Aqrar islahatla əlaqədar kolxozçuların qazandığı əmək haqqına görə əmlak payı hesablanmış, əmək haqqı hesabına ona da 145 topa fındıq, 5 ədəd qoz və 1 ədəd şabalıd ağacından ibarət olmaqla, 1440 manat dəyərində bağ sahəsi 05.07.1999-cu il tarixli aktla təhvil verilmişdir. O, artıq 20 ildir ki, həmin bağa qulluq edib meyvələrindən bəhrələnir və hazırda bağ onun qanuni istifadəsindədir. Yaşlı olduğuna görə son illərdə bağa gedib-gələ bilmədiyindən həmin bağa nəzarət edilməsini qonşu bağın sahibi X6 həvalə etmişdir. Bağın yerləşdiyi ərazini hərrac yolu ilə Oğuz rayon Oğuz Bələdiyyəsindən satın almaq istəmiş, sonradan isə ona məlum olmuşdur ki, onun əmlak payı olan bağ hazırki iş üzrə Cavabdeh2 Sedreddinovnanın mülkiyyətinə verilmiş və həmin şəxs qeyd olunan torpaq sahəsinə dair öz adına hüquqmüəyyənedici sənədlər əldə etmişdir. Həmin hüquqmüəyyənedici sənədlərə istinad edilməklə Cavabdeh2 X1 qarşı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə iddiası təmin edilmişdir. Hesab edir ki, 0,27 hektar torpaq sahəsinin Cavabdeh2 Sedreddinovnanın mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 19.11.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi etibarsız hesab edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən mübahisələndirilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin qətnaməsini tam şəkildə qanuna zidd hesab edir. Ona görə də Oğuz Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli 2(54)-23/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin mümkün sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Sedreddinovnanın nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, qeyd olunan torpaq sahəsi AİK qərarı ilə onlara ayrılmış, sonradan Şəki İnzibati Məhkəməsinin qərarı əsasında torpağa çıxarış almışlar. İddiaçı hər dəfə onları müxtəlif bəhanələrlə məhkəməyə verir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, hazırki mübahisəyə aidiyyət qaydalarının pozulması ilə baxıldığından iddiaçının iştirakı olmadan da işə baxılmasını mümkündür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında iştirak edən şəxsin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 29.03.2021-ci il tarixli mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş, torpaq sahələrinin yerləşmə sxemindən görünür ki, Oğuz şəhəri ərazisində yerləşən, iddiaçının ona əmlak payı kimi verildiyini qeyd etdiyi 0,27 hektar torpaq sahəsi faktiki olaraq 2690 kv.metrdir. Həmin torpaq sahəsinin 2334 kv.metrdən ibarət hissəsi xüsusi mülkiyyət, 356 kv.metrdən ibarət hissəsi isə bələdiyyə mülkiyyətidir. Oğuz şəhəri ərazisində yerləşən, iddiaçının ona əmlak payı kimi verildiyini qeyd etdiyi ağacların yerləşdiyi 0,27 hektar torpaq sahəsi Cavabdeh2 Sedreddinovnanın adına tərtib edilmiş 19.11.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda, həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə 2334 kv.metrdə üst-üstə düşür. Oğuz Rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli, 2 (054)-72/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 Sedreddinovnanın cavabdeh X6 qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə iddia tələbi təmin edilmiş, cavabdeh X2 şəhərində yerləşən, 19.11.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçı Cavabdeh2 Sedreddinovnanın xüsusi mülkiyyətində olan 5096 kv.metr (0,5096 hektar) torpaq sahəsinin koordinatları çərçivəsində zəbt edilmiş 0,27 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh2 Sedreddinovnaya qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 18.11.2020-ci il tarixli 2 (107)-2004/ 2020 nömrəli qətnaməsinə əsasən cavabdeh X10 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Oğuz Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(054)-72/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.04.2021-ci il tarixli 2 (102) - 2557 / 2021 nömrəli qərarına əsasən cavabdeh X10 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli 2-1(84)-333/2019 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh2 Sedredinovnanın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Oğuz şəhərində yerləşən 5096 kv.m torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməsi, X3 adına verilmiş və 12.03.2009-cu ildə X13 Kitabında 2277 nömrə ilə uçota alınmış A-147608 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 5096 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə X3, Cavabdeh2 Sədrəddin qızının, X5, X4 və X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçı Cavabdeh2 Sedredinovnaya bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin 9 saylı Qəbələ Ərazi İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Mingəçevir şəhar Vəkil Bürosunun (vəkil: Mahir Bayramov) sorğusuna 31 avqust 2020-ci il tarixli **********02 nömrəli cavab məktubundan görünür ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində olan elektron məlumatlara əsasən Cavabdeh2 Sedreddinovnanın adına Oğuz şəhərində 5 nəfərlə birlikdə 0.5096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 19.11.2019cu il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində hüquqları Dövlət qeydiyyatına alınmışdır. Həmin əmlak Oğuz rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 0.5096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün 12.03.2009-cu il tarixində X3 adına tərtib edilmiş AN 147608 olan “torpaq sahəsinin planı və ölçüsü” sənədi və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30.07.2019-cu il tarixli 2-1(84)-333/2019 saylı Qərarı əsasında qeydiyyata alınmışdır. Hüquqi məsələlər: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(054)-23/2021 nömrəli qətnaməsinin apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi işə ümumi məhkəmədə mahiyyəti üzrə baxaraq iddia tələbini rədd edərkən məhkəmə aiddiyyatı qaydalarını pozmuşdur. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı 1999-cu ildə ona işlədiyi sovxozdan əmlak payı kimi verilmiş cəmi 121 ədəd fındıq, qoz və şabalıd ağacları yerləşən, Maraqlı şəxs mülkiyyətində olmuş 0,27 hektar torpaq sahəsinin Cavabdeh2 Sedreddinovnanın mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 19.11.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini xahiş edir. Lakin işin faktiki halından müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi 19.11.2019-cu il tarixli ********** nömrəli Dövlət reyestrindən Çıxarış və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi cavabdehin adına Oğuz rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 0.5096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün 12.03.2009-cu il tarixində X3 adına tərtib edilmiş AN 147608 olan “torpaq sahəsinin planı və ölçüsü” sənədi və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30.07.2019-cu il tarixli 2-1(84)-333/2019 saylı Qərarı əsasında qeydiyyata alınmışdır (i/m səh.6-7, 11). Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən iş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli 2(054)-72/2020 nömrəli, Şəki Apelyasiya Məhkəməsinin 18.11.2020-ci il tarixli 2 (107)-2004/2020 nömrəli qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.04.2021-ci il tarixli 2(102)-2557/2021 nömrəli qərarına istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, istinad edilən məhkəmə qətnamələri mülki xarakterlidir, mübahsiə edilən Çıxarış isə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2-1(84)-333/2019 saylı Qərarı əsasında qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı tələb üzrə cavabdeh kimi Aniyət Əliyevanı göstərməklə yanaşı, tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə də yönəltmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 3.1.14-cü bəndinə əsasən həmin orqan inzibati orqandır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulan mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Göründüyü kimi cavabdeh orqan həmin qeydiyyatı apararkən və qeydiyyatın nəticəsi olaraq mübahisələndirilən Çıxarışı verərkən mülki hüququn subyekti kimi deyil, hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan kimi çıxış etmişdir ki, iddiçının bu hissədə tələbinin faktiki əsasını cavabdeh orqanın hərəkətlərinə yönəlmiş, həmin qeydiyyatın saxta sənədlər əsasında aparıldığını iddia etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın DövlətReyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında baxılır”. Qərarda həmçinin qeyd edilmişdir ki, “...bununla belə, MM-nin 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir” Göründüyü kimi iddiaçının tələbi inzibati orqan olan dövlət qurumlarının publik hüquq münasibətindən irəli gələn hərəkətləri ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini yolverilməzliyə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxaraq prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(054)- 23/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kollegiya sonda qeyd edir ki, iddiaçıya hazırki mübahisənin həlli ilə bağlı ilk növbədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın, Torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi ilə bağlı həmin sənədləri verən orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263- 264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(054)-23/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar