Məhkəmə qərarları › İş №2(107)-1424/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1424/2021

06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1424/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs İsmayıllı rayon Basqal bələdiyyəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsinin icraata qəbul edilməkdən imtina edilməsi barədə İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(037)-349/2021 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Basqal kənd ərazisində olan 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(037)-349/2021 nömrəli (hakim İ.Hüseynov) qərardadı ilə Ərizəçi “torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(037)-349/2021 nömrəli qərardadından Ərizəçi məhkəməyə şikayət təqdim edərək İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(037)- 349/2021 saylı qərardadının ləğv edilməsi, ərizəçi kimi onun maraqlı şəxs İsmayıllı rayon Basqal bələdiyyəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbi”nə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o Sumqayıt şəhərində ailəsi ilə birlikdə yaşayır. Lakin valideynləri tərəfindən İsmayıllı rayonu, Basqal kəndində yerləşən torpaq sahəsində ev tikilmişdir. Belə ki, kolxozun təsərrüfat başına kitabına əsasən mərhum anası X2 adına 1981-ci il tarixli 380 saylı əmrlə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin vaxtdan ev tikilmiş, torpaq sahəsinə isə vergi ödənilməyə başlanmışdır. Həmin sahə artıq 40 ildir istifadələrində olmasına baxmayaraq, həmin torpaq sahəsinə mülkiyyət sənədi yoxdur. Buna görə gə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 307-ci maddəsinə əsasən hazırki işə məhkəmədə baxılmalıdır. Qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(037)- 349/2021 saylı qərardadında göstərilmiş əsaslar qanunsuz və əsassız olduğundan həmin qərardad ləğv edilməli, ərizəyə mahiyyəti üzrə baxılmalıdır. İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(037)-349/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili X3 şikayəti müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin İsmayıllı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(037)-349/2021 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı icraata qəbul etməkdən imtinası barədə mövqeyi əsaslıdır. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2 bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı”nın 7-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 7.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Yuxarıda qeyd olunan hüquq normalarına və müvafiq Plenum qərarına istinad edərək məhkəmə hesab edir ki, hazırki tələb üzrə özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs, yəni ərizəçi həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirməsi və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkün olmaması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi sözügedən torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin (çıxarışın) verilməsi üçün əvvəlcə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etməli və bundan sonra müvafiq müraciətin nəticəsindən asılı olaraq qanunla müəyyən edilmiş qaydada aidiyyəti olan məhkəməyə müraciət etməli idi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi maraqlı şəxs İsmayıllı rayon Basqal bələdiyyəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbi”nə dair ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinin tələbinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Konstitusiya Məhkəməsi Plenumu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014cü il tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır”. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki; Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, ərizəçinin hazırki mübahisəsinin predmeti hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməz. Çünki bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir Kollegiya sonda qeyd edir ki, ərizəçi mübahisənin həlli ilə bağlı həmin sənədləri verən orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciətləri müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(037)-349/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar