Məhkəmə qərarları › İş №2(107)-1425/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1425/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1425/2020 18.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 və Cavabdeh iştirakı ilə İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-255/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 8654 manat pul vəsaiti və məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-255/2020 nömrəli(hakim R.Şirinov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 8654 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 8684 (səkkiz min altı yüz səksən dörd) manat məbləğ alınaraq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı distributor müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxx” ASC-nin istehsal etdiyi sementin satışı həyata keçirildiyi zaman cavabdehə 11304 manat dəyərində sement vermişdir. Cavabdeh tərəfindən ödəniş 2650 manat təşkil etmiş, son ödəniş isə xx xxxxxx 2018-ci il tarixdə daxil olmuşdur. xx xxxxxx 2018-ci il tarixli razılıq ərizəsinə əsasən cavabdeh qalan 8654 manat məbləğində pulu qaytarmasını öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh tərəfindən heç bir ödəniş daxil olmamışdır. İddiaçı dəfələrlə cavabdehdən borcu ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcu ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı cavabdehdən 8654 manat pul vəsaiti və 30 manat dövlət rüsumu məbləğini tələb edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi müvafiq qətnamə qəbul edərkən işə iddia tərəfinin iştirakı olmadan baxmışdır. O, məhkəmənin həm hazırlıq iclasında, həm də sonrakı iclasında iştirak etmişdir. İddia tərəfi isə məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, eləcə də mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. O, isə mülki işə iddia tərəfinin iştirakı olmadan baxılmamasını məhkəmədən xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış, işə baxmış və hər hansı zəruri araşdırma aparmadan tələm-tələsik, qanunsuz və əsaslandırılmamış qətnamə qəbul etmişdir. Kreditorla onun rəhbərlik etdiyi «xxxxx» MMC arasında bağlanmış müqaviləyə əsasən ona verilmiş sement daşlaşmış olduğu üçün tikintiyə yaramadığı səbəbindən satılmamışdır. İddia tərəfi söz vermişdir ki, həmin sementi dəyişdirəcəkdir, lakin bunu etməmiş, nəticədə o, iddiaçının məsuliyyətsizliyi üzündən 2 il müddətində yararsız sementin yerləşdirildiyi mağazanın sahibinə icarə haqqı ödəmiş, məhkəmə bu məsələni də araşdırmamış, icarə haqqı kimi ödənil-miş məbləği nəzərə almamışdır. Xüsusilə məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, hazırki iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir, belə olan halda hazırki iddiaya baxılması qanunvericiliklə iqtisadi məhkəmələrin səlahiyyə-tinə aid edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən, yuxa-rıda göstərilən qanun pozuntularından başqa, həmçinin, məhkəmə aidiyyəti məsələsi də pozulmuşdur. Maraqlı haldır ki, birinci instansiya məhkəməsi, ümumiyyətlə, iddia tərəfinin istinad etdiyi müqaviləni müzakirə etməmişdir, qətnamədə bu barədə araşdırma aparılmasını göstərən hər hansı bir hal yoxdur. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-255/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də iddiaçıdan 11304 manat dəyərində nisyə sement götürmüş, pulunu da sonradan qaytarmalı idi. Lakin sonradan bilmişdir ki, verilmiş sementlər tam yararsızdır. Düzdür, o 8654 manat məbləğində borcunun olmasına dair ərizələri imzalamışdır, lakin sement yararsız olduğundan o iddiaçı tərəfə pul qaytarmalı deyil. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxxxx 2018-ci il tarixli razılıq ərizəsindən görünür ki, cavabdeh iddiaçıdan 11304 manat dəyərində sement aldığını, həmin məbləğdən 2650 manatı ödədiyini, qalan 8654 manat məbləği isə ödəyəcəyini öhdəsinə götürmüşdür. Xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öhdəliklərini icra etmədiyi üçün 10 iş günü müddətində borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə 11304 manat dəyərində sement verilmişdir. Cavabdeh aldığı sementin dəyərindən 2650 manatı ödəmiş və xx xxxxxx 2018-ci il tarixli razılıq ərizəsinə əsasən qalan 8654 manatı da ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh sonra heç bir ödəniş etməmişdir. İddiaçı cavabdehdən 8654 manat pul vəsaiti və 30 manat dövlət rüsumu məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında nisyə alqı-satqı müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (mülki Məcəllənin 600-cü maddəsi). Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh iddiaçıdan nisyə qaydada sement aldığını, bununla bağlı sadə yazılı qəbzlərə imza etdiyini etiraf etsə də, sementin yararsızlığı ilə bağlı artıq iddiaçıya heç bir borcunun olmadığını bildirmiş, lakin apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz dəlillərini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Bundan əlavə cavabdeh mülki işin 7-ci və 36-cı səhifələrində olan ərizələrlə borcunun olduğunu ərizələrdəki şərtlərlə razılaşaraq imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir, yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə imzalanmış qəbzdəki (ərizələrdəki) pulun qaytarılması tələbidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Kollegiya sonda apelyasiya şikayətinin digər bir dəlilinə də, yəni cavabdehin də sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəf bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-255/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar