Məhkəmə qərarları › İş №2(107)-1430/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1430/2020

08.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1430/2020 08.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçın, onun nümayəndəsi X1, vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs Abbasova Şöhlət Əliheydər qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin nümayəndəsi Hacı-X2 iştirakı ilə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılması” tələbinə dair ilk; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı, Şəki rayonu 2 saylı Notariat Kontoruna və DƏDRX-nin 12 saylı X18rşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı; Müstəqil tələb irəli sürən üçüncü şəxs Abbasova Şöhlət Əliheydər qızının cavabdehlər Cavabdeh, İddiaçı, DƏDRX-nin 12 saylı X22 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-52/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən müıkiyyətində olan ünvan 1 A ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh onun özünə məxsus əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə cavabdehlər İddiaçı, Şəki rayonu 2 saylı Notariat Kontoruna və DƏDRX-nin 12 saylı X18rşı məhkəməyə müraciət edərək, xx xxxx 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abbasova Şöhlət Əliheydər qızı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb оlunmа bаrədə və mübahisə predmeti barəsində üçüncü şəxsin müstəqil tələb irəli sürməsi bаrədə ərizəsini məhkəməyə göndərərək, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış Şəki rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* saylı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına xx xxxxxx 2017-ci il tarixdə verilmiş ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-52/2020 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən onun müıkiyyətində olan ünvan 1 A ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh, onun özünə məxsus əşyaları ilə birlikdə çıxarılmasına dair ilk iddiasının təmin edilməməsi; Cavabdeh İddiaçı, Şəki rayonu 2 saylı Notariat Kontoruna və DƏDRX-nin 12 saylı X15rşı qarşılıqlı iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs Abbasova Şöhlət Əliheydər qızının Cavabdeh, İddiaçı, Şəki rayonu 2 saylı Notariat Kontoruna və DƏDRX-nin 12 saylı X15rşı iddiasının təmin olunması, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxx 2017ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 126 manat İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat rüsumunun onun özünə aid edilməsi, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı alınıb Cavabdeh qaytarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-52/2020 nömrəli qərardadı ilə X1 əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Şəki rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı (qarşılqılı iddia üzrə cavabdeh) İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin və 3-cü şəxsin iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 tələbini onunla əsaslandırmışdır ki, iddiaçı onun həyat yoldaşıdır. Özü Şəki ŞRPŞ-də siravı heyətdə polis vəzifəsində işləyir. İddiaçı xx.xx.2017-ci il tarixdə Şəki F.Sadıqov küçəsində yerləşən hazırki iş üzrə Cavabdeh məxsus fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Fərdi yaşayış evini alqı-satqı müqaviləsi ilə aldıqdan sonra iddiaçı həmin fərdi yaşayış evinə dair öz adına RX seriyalı ******* nömrəli çıxarış da almışdır. Həmin fərdi yaşayış evini alqı-satqı qaydasında əldə edən zaman Cavabdeh bildirmişdir ki, yaşlı adamdır və heç bir kimsəsi yoxdur, bu səbəbdən ölüm gününədək həmin evdə yaşamasını iddiaçıdan xahiş etmişdir. Yaşlı və kimsəsiz olduğu üçün iddiaçı cavabdehlə razılaşmış və alqı-satqı baş tutandan sonra da cavabdehin həmin evdə yaşamasına icazə vermişdir. Cavabdeh təxminən 2019cu ilin yay aylarınadək heç bir narazlıq etmədən həmin evdə yaşamışdır. Lakin sonradan cavabdeh iddiaçını öz şəxsi mülkiyyətində olan evə buraxmaq istəməmiş, bununla da onlar arasında narazılıq yaranmışdır. Bundan sonra iddiaçı cavabdehdən evini tərk etməsini tələb etmiş, lakin cavabdeh evdən çıxmayacağını bildirmiş, müxtəlif icra hakimiyyəti və hüquq mühafizə orqanlarına şikayət etməyə başlamışdır. Cavabdeh şikayətlərində göstərmişdir ki, güya iddiaçı ilə onun arasında alqı-satqı müqaviləsi bağlanarkən daşınmaz əmlakın dəyəri olan 30 000 manat pul ona ödənilməmişdir. Cavabdehin bütün bu şikayətlərindəki iddialarına son qoymaq üçün cavabdehdən xx xxxx 2019-cu il tarixdə sözügedən fərdi yaşayış evini alqı-satqı edilərkən evin dəyəri olan 30.000 manat pul məbləğinin ona ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə almışdır. Cavabdeh həmin ərizəni notariat ofisinə gedərək könüllü olaraq vermişdir. Həmçinin cavabdeh həmin zamanlar cavabdeh yenidən həmin fərdi yaşayış evinə iddiaçının gəlib-getməsinə maneələr yaradır. Bu səbəbdən də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-52/2020 nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edir. Çıxarılmış qətnamə qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. Şəki Rayon Məhkəməsi hazırki qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə real və əhəmiyyət kəsb edəcək sübutları ön plana çəkərək həmin sənədlərə mülahizələri ilə əsassız olaraq qiymət verərək dövlət orqanının tanımış olduğu müqavilələri, evi almaq üçün maraqlı olan qonşu ifadələrinə, birdə iddiaçının yalan ifadələrinə əsaslanıb qiymət vermişdir. Məhkəmə onun qanuni əsaslarla əldə etdiyi evinin həm alqı-satqı müqaviləsini etibarsız hesab edir, həmdə həyat yoldaşı barəsində xiisusi qərardad qəbul edib Prokurorluğa göndərib. Əsaslanmasını qətnamədə 5 adda olan mülahizələrı ilə qərəzli olaraq əsaslandırır. O, bu əsassız qətnamə ilə Ali Məhkəmənin sədrinə rəsmi şikayət etmişdir. Mülkiyyəti gözünün içinə baxıla-baxıla əlindən alınır. Hər kəs əmlak əldə edərkən dövlət notariat kontoruna gedir. Bu orqanda hüquqi münasibətlər qarşılıqlı qaydada sənədləşdirilir. Şəxs ağlı başında dövlət notariat kontoruna gedərək rəsmi müqavilə bağlayır, həmin müqaviləni rəsmi dövlət orqanında bağlayır. Hazırki mülki işin materiallarında olan evi almaq istəyən qonşu şahidlər ortaya çıxanadək belə bir mübahisə mövcud olmamışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-52/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin və 3-cü şəxsin iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı Günel onun arvadıdır. Hazırki mübahisəli yaşayış evini notarial qaydada müqavilə rəsmiləşdirməklə cavabdehdən 30.000 manata almışlar. Aralarındakı razılığa əsasən cavabdeh bir müddət həmin evdə yaşamalı idi. Düzdür, işi ilə bağlı notariat kontorunda özü olmasa da, 30.000 manat pulu Günellə qaynı Ruslana vermişdir ki, alqı-satqı rəsmiləşdirilən zaman satıcıya (cavabdehə) versinlər. Lakin cavabdeh sonradan kənar şəxslərin təsiri ilə guya ona pul ödənilməməsi səbəbindən müxtəlif orqanlara ondan şikayət etməyə başlamışdır. Şikayət ərəfəsində cavabdeh yenidən notarial qaydada ərizə verərək alqı-satqı ilə bağlı pulun tam olaraq ödənilməsini bildirmişdir. Lakin cavabdeh sonradan yenə də şikayət etməyə başlamışdır. Hansıki iddiaçı vicdanlı alıcıdır. Buna görə də, apelyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən iddiaçının vəkili Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual normaların pozuntusuna yol vermişdir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, cavabdeh mübahisəli evin alqı-satqısı ilə bağlı pulun tam olaraq ona ödənilməsini bildirmişdir. Hesab edir ki, qarşılıqlı iddianın heç bir hüquqi əsası yoxdur. Müqavilə rəsmiləşdirilən zaman satıcı “subay olması” barədə ərizə də vermişdir. Ona görə də apelyasiya şikayətinin təmin olunaraq ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılqılı iddiaçı) Cavabdeh apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur və hazırda həmin evdə tək yaşayır. 2017-ci ildə arvadından boşanmaq üçün Şəki Rayon Məhkəməsinə getmişdir. Həmin vaxt məhkəmədə mühafizəçi işləmiş Ramin adlı şəxs məhkəmədən sonra onu yaşadığı evə gətirmişdir. O da Raminə 20 manat pul ödəmişdir. O, Raminə tək yaşadığından ona qulluqçu lazım olduğunu bildirmişdir. Sonradan Ramin ona guya qəyyum təyin edilməsi ilə bağlı sənədə imza etdirmişdir. Düzdür, o mübahisəli müqaviləyə imza etmişdir, lakin müqavilənin evin satılması barədə olmasından xəbərsiz olmuşdur. Çox sonralar bilmişdir ki, imzaladığı müqavilə evinin satılması ilə bağlıdır. Halbuki o öz evini satmaq niyyətində olmamışdır. Onun 84 yaşı var, evi satmaq onun nəyinə gərəkdir. Bundan əlavə həmin müqavilə bağlanan zaman ona heç bir pul ödənilməmişdir. Ramin onun yaşlı, həm də etibarından sui-istifadə edərək sənədlərə imza etdirmişdir. Notarius da ona heç nə başa salmamışdır. Cavabdeh sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Abbasova Şöhlət Əliheydər qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildrdi ki, Cavabdeh onun babası, Şöhlət Abbasova isə nənəsidir. Nənəsi ilə babası 2017-ci ilin iyun ayında rəsmi qaydada boşanmışlar. Mübahsiəli yaşayış evi nənəsi ilə babasının birgə nikah dövründə alınmış, lakin tərəflər rəsmi qaydada boşandığından babası həmin evdə tək yaşamışdır. Baş verən bu hadisələrdən onların heç birinin xəbəri olmamışdır. Olsaydı yəqin ki, imkan verməzdilər. Çünki nənəsi ilə babasının iki oğlu var. Bundan əlavə alqı-satqı müqaviləsi bağlanan zaman nənəsinin razılığı alınmamış, babasına da heç bir pul ödənilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin nümayəndəsi X3 oğlu izahat verərək bildirdi ki, xx xxxx 2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında mübahisəli evə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən notarius tərəfindən onların hər ikisinə hüquq vəzifələri izah olunmuş, bundan sonra müqavilə təsdiq edilmişdir. Həmin vaxt tərəflərin, o cümlədən də satıcı Cavabdeh heç bir etirazı olmamışdır. Düzdür, müqavilə rəsmiləşdirilərkən tərəflər özü arzu etdiyindən satıcıya pul bankda açılmış depozit vasitəsilə də ödənilməmişdir. Pulun onların yanında ödənilməsini də görməmişdir. Lakin satıcı həmin vaxt bununla bağlı hər hanslı narazılıq da bildirməmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehi ev alqı-satqısı zamanı notariat kontorunda görmüşdür. Belə ki, mübahisəli evə dair alqı-satqı müqaviləsi bağlamaq məqsədilə qardaşı Ruslanla birlikdə notariat kontoruna getmişdir. Həmin vaxt Cavabdeh onları notariat kontorunun qarşısında gözləyirdi. Evin pulunu 29000 manatı qardaşı Ruslana vermiş, Ruslan da notariat kontorunun dəhlizində sayaraq cavabdehə (satıcıya) ödəmişdir. 1000 manat pul əvvəlcədən beh kimi verilmişdir. Bundan sonra müqavilə tərtib olunmuş və hər ikisi müqaviləyə sərbəst qaydada imza etmişlər. Həmin vaxt cavabdehə qarşı hər hansı hədə-qorxu və ya təsir edilməmişdir. Cavabdeh kifayət qədər yaşlı olmasına baxmayaraq öz hərəkətlərini yaxşı idarə edirdi. Verilmiş pul əskinazları da iki bağlama yüzlük, qalanı isə əllilik olmuşdur. Razılığa əsasən cavabdeh bir müddət həmin evdə yaşamalı idi. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq DƏDRX-nin 12 saylı X17 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-52/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Mülki işdə olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən sənədlər; xx xxxxxxx 2003-cü il tarixdə qeydə alınmış, 5518/1184 nömrəli qeydiyyat vəsiqısinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, F.Sadıqov küçəsində yerləşən 15 saylı ev X9 mülkiyyətində olmuşdur. xx xxxxxx 2003-cü il tarixli 200989 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X7 şəhəri, F.Sadıqov küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh 15000 manata satmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-3063/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə Abbasova Şöhlət Əliheydər qızı arasında Şəki şəhər VVADQ Şöbəsində bağlanmış xx xxxx 1964-cü il tarixli nikahın pozulması qət edilmişdir. xx xxxxxx 2003-cü il tarixdə qeydə alınmış, 5518/1184 nömrəli qeydiyyat vəsiqısinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, F.Sadıqov küçəsində yerləşən 15 saylı ev Cavabdeh mülkiyyətində olmuşdur. RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq surətindən görünür ki, Şəki şəhəri, Fərman Sadıqov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuşdur. RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq surətindən görünür ki, Şəki şəhəri, Fərman Sadıqov küçəsində yerləşən 15 A saylı fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuşdur. xx xxxx 2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, Fərman Sadıqov küçəsində yerləşən 15 A saylı fərdi yaşayış evini 30000 manata satmışdır. RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq surətindən görünür ki, Şəki şəhəri, Fərman Sadıqov küçəsində yerləşən 15 Asaylı fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınmış, onun mülkiyyətindədir. Cavabdeh Şəki rayon 2 saylı nitariat kontoruna yazdığı xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh bildirmişdir ki, ona məxsus daşınmaz əmlaklarını satan zaman subay olmuşdur. Bununla bağlı gələcəkdə hər hansı mübahisə yarandığı təqdirdə məsuliyyəti və məsələnin həllini öz üzərinə götürür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X22 tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 1210 nömrəli məktubdan və 1988-ci ilin iyul ayında tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh adına texniki pasport tərtib edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, həmin ərizədə Qədir Abdurahmanov bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ilə aralarında alqı-satqı müqaviləsi olmuş, həmin müqaviləyə əsasən bütün məbləğ ona ödənilmişdir. Gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 31843 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 4Ə-804 nömrəli notariat işinin içərisində olan Cavabdeh ilə İddiaçı adlarından olan xx xxxx 2017-ci il tarixli AN-İ seriyalı № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Satıcı” qrafasındakı imza və “Аbduxоv” yazısı; mülki işin 52-ci vərəqəsində olan x xxxxxxxx 2019-cu il tarixli məhkəmə bildirişinin kötüyündəki “İmza:” qrafasındaki imza mülki işin 63-cü vərəqəsində olan xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə bildirişinin kötüyündə ‘ İmza:" qrafasındakı imza və 94-cü vərəqəsində olan xx xxxxxxx 2019-cu il tarixli məhkəmə bildirişinin kötüyündə “İmza:” qrafasından yuxarıdakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 126 manat təşkil edir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, ilk iddaçı onun bacısıdır. xx.xx.2017-ci il tarixdə bacısı Günellə birlikdə ev alqı-satqısı ilə bağlı notariat kontoruna getmişdir. Həmin vaxt Cavabdeh onları notariat kontorunun qarşısında gözləyirdi. Birlikdə notariat kontoruna daxil olduqdan sonra Qədir Məmmədov evin pulunu onlardan istəmişdir. O, 29.000 manatı sayaraq Q.Məmmədova vermişdir. Pul əskinazları da bir bağlama yüzlük, qalanı isə əllilik olmuşdur. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlaka dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən olundu ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh məxsus ünvan 1 A ünvanda yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin fərdi yaşayış evinə dair ******* nömrəli çıxarış almışdır. Lakin tərəflər arasındakı razılaşmaya əsasən cavabdeh yaşlı və heç bir kimsəsinin olmaması səbəbindən ölüm gününədək həmin evdə yaşamalı olmuş, alıcı (iddiaçı) da buna öz etirazını etməmişdir. Bu minvalla cavabdeh təxminən 2019-cu ilin yay aylarınadək heç bir narazlıq etmədən həmin evdə yaşamışdır. Lakin sonradan cavabdeh iddiaçını öz şəxsi mülkiyyətində olan evə buraxmaq istəməmiş, bununla da onlar arasında narazılıq yaranmışdır. Bundan sonra iddiaçı cavabdehdən evini tərk etməsini tələb etmiş, lakin cavabdeh evdən çıxmasına etiraz edərək, şikayət ərizəsi ilə müxtəlif orqanlara müraciət etməyə başlamışdır. Bundan sonra tərəflər hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 82 yaşı olmaqla ömrünün ahıl çağında arvadından (xx xxxx 2017-ci il tarixdə) rəsmi qaydada boşanmaqla hazırda tək yaşayır. O, iş üzrə 3-cü şəxs Abbasova Şöhlət Əliheydər qızı ilə 1964-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və hazırki mübahisəli evi də məhz birgə nikah dövründə əldə etmişlər. Bundan təxminən ay yarım sonra, yəni xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Buradan da göründüyü kimi mübahisəli evə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən arvadın razılğı tələb olunmamış, nikahın pozulması haqqında şəhadətnamə notariat işinə əlavə olunmamaqla, yalnız satıcının “subay” olması barədə ərizəsi ilə kifayətlənilmişdir. Tərəflər arsında münasibət də məhz həmin dövrdə yaranmışdır. Çünki işin faktiki halından göründüyü kimi ilk iddiaçının əri mühafizə xidmətində işləməklə məhkəmənin mühafizə hissəsində xidmətdə olmuşdur. Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin alqı-satqı haqqında müddəalarından görünür ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini ödəməlidir. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3-cü maddələri). Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. İkincisi, ilk iddia ərizəsində, eləcə də apelyasiya şikayətində mübahisəli yaşayış evinin dəyərinin tam ödənilməklə notarial qaydada alınması qeyd edilir. Sözügedən xx.xx.2017-ci il tarixli, 4Ə-804 reyestr nömrəli alqı-satqı müqaviləsinin 4-cü bəndindən müəyyən edilir ki, daşınmaz əmlak 30.000 manata qiymətləndirilmiş, lakin həmin məbləğ X10 74-cü maddəsinin tələbində göstərildiyi kimi bankda açılmış depozit hesabı vasitəsi ilə deyil, iddiaçının bildirdiyi kimi nəqd qaydada ödəniş edilmişdir. Qeyd olunan xx.xx.2017-ci il tarixli, 4Ə-804 reyestr nömrəli alqı-satqı müqaviləsinin 4-cü bəndindən müəyyən edilir ki, mübahisəli daşınmaz əmlak 30.000 manata qiymətləndirilmiş, lakin həmin məbləğ X10 74-cü maddəsinin tələbində göstərildiyi kimi bankda açılmış depozit hesabı vasitəsi ilə deyil, iddiaçının bildirdiyi kimi nəqd qaydada ödəniş edilmişdir. X11 Azərbaycan Respublikasının Qanununun 74-cü madəsinə əsasən notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Depozit hesabının açılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 160-1-ci bəndinə görə daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Üçüncü, işin faktiki halları ilə müəyyən edilir ki, mübahisəli alqı-satqı müqaviləsi xx xxxx 2017-ci il tarixdə bağlanaraq təsdiq edilmış, lakin sonradan, təxminən 2 il keçəndən sonra Cavabdeh notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizə ilə xx.xx.2017-ci il tarixdə İddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin olmasını təsdiq etmiş, həmin müqaviləyə əsasən bütün məbləğin ona ödənilməsini göstərmiş, həmçinin gələcəkdə bununla bağlı heç bir tələbi olmayacağını bildirmişdir. Belə olan halda sual yaranır ki, əgər alqı-satqı anında daşınmaz əmlakın dəyəri tam olaraq ödənilmişdirsə, sonradan hansı səbəbdən cavabdeh müvafiq orqanlara şikayət edirdi və həmin ərizənin yazılmasına nə ehtiyac var idi. Dördüncü, məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlaka dair notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən əmlakın dəyərinin bankda açılmış depozit hesabı vasitəsilə ödənilməməsi və ya müqavilə bağlanan vaxt ödənilməməsi əqdin etibarsızlığı üçün deyil, pulu ödəmək vəzifəsi daşıyan şəxsin həmin əmlakın dəyərini ödəməməsi sübuta yetirildiyi halda, müqavilənin ləğvi və ya müqavilə üzrə pulun ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas ola bilər. Lakin məhkəmə kollegiyasının araşdırması zamanı mübahsiəli daşınmaz əmlakla bağlı yaranmış mübahisə də məhz əmlakın dəyərinin “alıcı” tərəfindən ödənilməməsi ilə bağlı olmuşdur. Beşinci, kollegiya qeyd edir ki, bu növ mübahisələrə baxılarkən ilk növbədə tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. İradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi isə yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına uyğun olaraq, aldatma, əqdin bir tərəfində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirilərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlanmasına səbəb olmaqdır. Aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Altıncı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, notariat əməliyyatı aparılan zaman mülkiyyətçinin (satıcının) nikahın pozulmasına dair şəhadətnaməsi tələb edilməməklə notariat işinə əlavə edilməmiş, notarius yalnız satıcının (mülkiyyətçinin) subay olması barədə ərizəsini almaqla kifaətlənmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən edilmişdir mülkiyyətçi mübahisəsi gedən daşınmaz əmlakı satmamışdın az müddət əvvəl, yəni xx xxxx 2017ci il tarixdə boşanmışdır. Notarius isə bu hala da xüsusi diqqət yetirməmişdir. Hansıki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə əsasən nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Notarius öz vəzifələrini yerinə yetirərkən 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır (Notariat Haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi). Beləliklə də kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxs Abbasova Şöhlət Əliheydər qızı tərəfindən verilmiş iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Nəhayət, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirərək qeyd edir ki, oxşar mübahisə üzrə B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Beləliklə işin faktiki hallarından göründüyü kimi tərəflər arasında mübahisələndirilən alqı-satqı müqaviləsinin olmasına baxmayaraq, həmin müqavilənin bağlanması zamanı Cavabdeh əsl həqiqi niyyəti araşdırılmamış, sonuncunun iradə ifadəsi, əqdin etibarlılığı üçün qanunda nəzərdə tutulmuş şərtlərlə (tələblərlə) qeyri-adekvat olmuşdur. Kollegiya qeyd edir ki, bu kimi əqdlər rəsmiləşdirilərkən əqddəki iradə və iradəni ifadə etmə digər şərtlərlə vəhdət təşkil etməlidir. Məhkəmə kollegiyası sonda iddiaçının, onun nümayəndəsinin və şahid Ruslan Abdurəhimovun ifadəsini əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində Günelin bu işlərdən xəbəri olmadığını bütün, bu işlərlə özü məşğu olduğunu, 30.000 manat pulu da Cavabdeh şəxsən özü verdiyini bildirmiş, apelyasiya icraatı zamanı isə həmin pulu cavabdehə ödəmək üçün arvadı Günellə, qaynı Ruslana verdiyini bildirmişdir. İddiaçı isə cavabdeh Qədir Məmmədova 29.000 manat verildiyini, həmin pul əskinazlarının iki bağlamasının yüzlük, qalanının isə əlli manatlıq əskinazlardan ibarət olduğunu, şahid R. Abdurəhimov isə pulun bir bağlamasının yüz manatlıq əskinasdan ibarət olmasını bildirmişdir. Buradan da göründüyü kimi hər üç şəxsin izahatı arasında kifayət qədər ziddiyət mövcuddur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-52/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar