Məhkəmə qərarları › İş №2(107)-1452/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1452/2021

05.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1452/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçı Qəbələ Regional X4 nümayəndəsi X12, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil (vəkil sonuncu prosesdə iştirak etmir) iştirakı ilə İddiaçı Qəbələ Regional X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(025)-468/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı Qəbələ Regional X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı Qəbələ Regional X14 cavabdehlər X3 qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən Vəndam meşəbəyiliyinin 07 saylı dolayının 99-cu kvartalının 16-cı bölməsində zəbt etdiyi 1.05 ha meşə fondu torpağının boşaldılması və ərazinin Qəbələ Regional X14nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 may 2021-ci il tarixdə iddiaçı Qəbələ Regional X14 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək iş üzrə cavabdeh X2 qardaşı Cavabdeh2 ikinci cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(025)-468/2021 nömrəli (hakim E.İsayev) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı Qəbələ Regional X14 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X18 cavabdehlər Rəhimov Ramil Vəli oğlu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti və Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə qarşı iddia qaldıraraq, onunla cavabdeh Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi arasında bağlanmış 0.80 ha torpaq sahəsinə dair 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərək həmin əraziyə qardaşı Rəhimov Ramil Vəli oğlunun adına yeni icarə müqaviləsinin bağlanması, habelə gələcəkdə həmin əraziyə və ərazidə olan onun tərəfindən aparılmış mövcud tikililərə heç bir iddiasının olmayacağı barədə adından yazılaraq Bakı şəhəri 51 nömrəli notariat kontorunda təsdiqlənmiş 21.11.2013-cü il tarixli ərizə, habelə həmin ərizə əsasında onunla bağlanmış 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və cavabdeh Rəhimov Ramil Vəli oğlu ilə yeni icarə müqaviləsinin bağlanması barədə Meşələrin İnkişafı Departamentinin 16.12.2013-cü il tarixli 453/ü nömrəli əmri və həmin əmrə əsasən cavabdeh Rəhimov Ramil Vəli oğlu arasında bağlanmış 23.12.2013-cü il tarixli 03 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, ona məxsus obyekt və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh Rəhimov Ramil Vəli oğlunun qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı X18, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbinin "ona məxsus obyekt və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh Rəhimov Ramil Vəli oğlunun qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsinə dair" hissəsindən imtina etdiyi üçün məhkəmənin həmin tarixli qərardadı ilə iddiaya həmin hissədə xitam verilmişdir. Hal hazırda mübahisəli 1.05 ha meşə fondu torpağı Rəhimov Ramil Vəli oğlunun oğlu Cavabdeh1 qanunsuz zəbtində və istifadəsindədir. Hazırda* qış fəsli olduğundan həmin ərazidə istirahət rekreasiya fəaliyyəti göstərilmir, yalnız obyektin mühafizəsi həyata keçirilir. Cavabdeh1 məktub göndərilmiş və ərazinin boşaldılaraq təhvil verilməsi üçün vaxt verilmişdir. Əks halda məhkəməyə müraciət olunacağı ona bildirilmişdir. Lakin cavabdeh həmin tələbə əməl etmir, ona görə də onlar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Qəbələ Regional X14 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Birinci instansiya Məhkəməsinin qeyd edilən Qətnaməsi maddi - hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual- hüquq normalarının tələblərini pozmaqla həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edildiyindən həmin qətnamə qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə Məhkəmənin Qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qəbələ Rayon Məhkəməsi isə qeyd olunan maddələrin tələblərini pozmuş, iş üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normalarına dəqiq riayət etməmiş, tətbiq edilməli olan qanun və normativ aktları tətbiq etməmişdir. Hazırki mülki işin materiallarından da aydın görünür ki, onların şikayətlərinin, iş üzrə verdikləri izahatların və irəli sürdükləri dəlillərin, o cümlədən apellyasiya şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdikləri əlavə sübutların əsasını onların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilərək qanunsuz istifadə edilməsi təşkil edir. Qəbələ Rayon Məhkəməsi isə nəinki mübahisələndirilən torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edilməsini, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini nəzərə almamış, əksinə dəlil və sübutları cavabdehlərin xeyrinə izah etməyə çalışmışdır. Hazırki mülki işə məhkəmə baxış zamanı ilk növbədə iddiaçının hüquqlarına və qanuni mənafelərinə cavabdehlər tərəfindən zərəz vurulduğunu sübut etmək üçün kifayət qədər dəlillər təqdim etməklərinə baxmayaraq Qəbələ Rayon Məhkəməsi şikayət etdikləri qətnaməsində bu dəlilləri nəzərə almamışdır. Məhkəmə cavabdehlərin hansı səbəbdən iddiaçıya və Meşələrin İnkişafı Xidmətinə icarə müqaviləsi bağlamaq üçün müraciət etməmələrinə də münasibət bildirməmişdir. Məhkəmə iclasında cavabdehlərin vəkili Vəkil cavabdehlərin ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuş digər qardaşları tərəfindən mübahisəli ərazinin ona icarəyə verilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edildiyini göstərsə də həmin xüsusat qətnamədə qeyd edilməmişdir. Bundan başqa məhkəmə cavabdehlərin atasının adına olmuş müqavilənin ləğv olması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğuna, cavabdehlər tərəfindən bütün xəbərdarlıqlara baxmayaraq icarə müqaviləsinin bağlanması barədə müraciət edilməməsinə də hüquqi qiymət verməmişdir. Məhkəmə mübahisələndirilən əraziyə yerli baxış keçirsəydi cavabdehlərin həmin ərazidən istifadə edib-etmədiklərini müəyyən edərdi. Bundan başqa ərazidə meşə dolayına gedən yolun bağlandığını və obyektin mühafizəsinin kimin tərəfindən təşkil edildiyini müəyyən etmək mümkün olardı. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Qəbələ Regional X4 nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək, sonda təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin və üzərində yerləşən obyektin ona heç bir aidiyyəti yoxdur. O və qardaşı Natiq heç vaxt həmin obyekti işlətməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 da apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin və üzərində yerləşən obyektin ona heç bir aidiyyəti yoxdur. O, heç vaxt həmin obyekti işlətməmişdir. Həmin obyekt əvvəllər atası tərərfindən işlədilsə də, sonradan əmisi ilə atası arasında münaqişə olduğundan atası həbs olunmuşdur. O vaxtdan əmlak tam fəaliyyətsizdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehlərin vəkili apellyasiya şikayətinə etiraz edərək, sonda təmin olunmamamsını xahiş etmişdir Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlərin vəkili məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(025)-468/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası 2 saylı yerli İqtisad Məhkəməsinin 24 aprel 2007-ci il tarixli 157/2-8 3 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 və bərpası müəssisəsinin tikililərin-cavabdehin öz vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə gətirilərək boşaldılmasına dair ilk iddia tələbi rədd edilməsi, X13 qarşılıqlı iddia tələbi isə ödənilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin 22 sentyabr 2006-cı il tarixli 421/ü saylı əmri ləğv edilsin və sahibkar X18 ilə X17 və bərpası müəssisə arasında bağlanmış icarə müqaviləsi 10 (on) il müddətinə uzadılması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(025)-792/2018 nömrəli qətnaməsi ilə iddiaçı X13 iddiası təmin edilərək, iddiaçı X18 ilə cavabdeh Qəbələ rayon MM və BM arasında bağlanmış 0,80 ha torpaq sahəsinə dair 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərək həmin əraziyə qardaşı X7 adına yeni icarə müqaviləsinin bağlanması, habelə gələcəkdə həmin əraziyə və ərazidə olan onun tərəfindən aparılmış mövcud tikililərə heç bir iddiasının olmayacağı barədə adından yazılaraq Bakı şəhəri 51 nömrəli Notariat kontorunda təsdiqlənmiş 21.11.2013-cü il tarixli ərizə, habelə həmin ərizə əsasında onunla bağlanmış 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və cavabdeh Rəhimov Ramil Vəli oğlu ilə yeni icarə müqaviləsinin bağlanması barədə Meşələrin İnkişafı Departamentinin 16.12.2013-cü il tarixli 453/ü nömrəli əmri və həmin əmrə əsasən cavabdeh Qəbələ rayon MM və BM ilə X16 arasında bağlanmış 23.12.2013-cü il tarixli 03 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddiasının təmin edilməsi, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən X8 məxsus obyekt (“Su tayı” İstirahət Mətkəzi) və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh Rəhimov Ramil Vəli oğlunun qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli 2- (107)-2411/2018 saylı qətnaməsi ilə cavabdeh Rəhimov Ramil Vəli oğlu və vəkili X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(025)-792/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli 2-(102)-1341/2019 saylı qərarı ilə cavabdeh Rəhimov Ramil Vəli oğlu və vəkili Bağırov Amid Vahab oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2(107)- 2411/2018 saylı qətnaməsi qismən - üçüncü şəxs X5 Rəhimov Ramil Vəli oğlu və X15 qarşı “obyektin qeyri-qanuni sahiblikdən geri tələb edilməsi” iddiasının təmin edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2- (107)- 1772/2019 saylı qətnaməsi ilə cavabdeh Rəhimov Ramil Vəli oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il "tarixli, 2(025)- 792/2018 saylı qətnaməsi - qismən yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasının təmin edilərək Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən obyekt (“Su Tayı" istirahət mərkəzi) və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh Rəhimov Ramil Vəli oğlunun qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2019- cu il tarixli 2-(102)-7479/2019 saylı qərardadı ilə Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 və cavabdeh Rəhimov Ramil Vəli oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2-(107)- 1772/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli 2-1(107)-370/2020 saylı qərardadı ilə iddiaçı Rəhimov Ramil Vəli oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2- 1(116)-1158/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qəbələ rayon Təhsil şöbəsi Sənan Hacıyev adına Zalam kənd tam orta məktəbi tərəfindən 03 may 2021-ci il tarixdə verilmiş 04 saylı arayışdan görünür ki, X1 rayon Sənan Hacıyev adına Zalam kənd tam orta məktəbində 15.09.2019-cu il tarixdən (kimya) müəllim işləyir və hal-hazırda iş fəaliyyətinə davam edir. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası 24.09.2021-ci il tarixdə Qəbələ rayonunun Vəndam kəndinin ərazisində yerləşən mübahisəli əmlaka və torpaq sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlak meşə daxilində böyük bir ərazini əhatə etməklə fəaliyyəti dayandırılmış, həyətə giriş qapısı bağlıdır. Həyətin daxilində olan qeyri-yaşayış sahəsi və koteclər işlək vəziyyətdə deyil. Baxış zamanı cavabdehlər həmin obyektin neçə vaxtdır fəaliyyət göstərmədiyini, icarə müqaviləsinin onlarla deyil, atası ilə bağlandığını bildirmişlər. Atalarının hazırda Şəki Ağır Cinayətlər Məhkəməsində cinayət işinin olduğunu, bu səbəbdən atası tərəfindən də işlədilməsinin qeyri-mümkün olduğunu bildirdilər. Yerli baxışda iştirak edən meşə nəzarətçisi X10 da mübahisəli əmlakın neçə vaxtdır qapısının bağlı olduğunu, fəaliyyət göstərmədiyini, ümumiyyətlə cavabdehləri həmin ərazidə görmədiyini bildirdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Kollegiya şikayətin dəlilləri ilə bağlı mülki və torpaq qanunvericiliyinin mülkiyyət hüququnun həyata keçirilməsinin əsaslarını və qaydalarını tənzimləyən müvafiq hüquq normalarının təhlilini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin məhz cavabdehlər tərəfindən zəbt edildiyi bildirilsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehlər həmin obyektin onlara heç bir aidiyyətinin olmadığını, icarə müqaviləsinin ataları Ramil İsmayılovla bağlanıldığını, atalarının da barəsində həbs qətimkan tədbiri seçildiyindən neçə vaxtdır ki, istintaq təcridxanasında olduğunu bildirmişlər. Bundan əlavə 24.09.2021-ci il tarixdə məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilərkən həqiqətən müəyyən edilmişdir ki, mübahisəsi gedən obyekt və torpaq sahəsi tamamilə fəaliyyətsiz vəziyyətdə olmaqla, heç kim tərəfindən istifaə olunmur. Kollegiya belə qənaətə gəlir ki, hazırki mübahisə üzrə cavabdehlərin mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti və bağlılığı mövcud deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Qəbələ Regional X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(025)-468/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar