Məhkəmə qərarları › İş №2(107)-1456/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1456/2023

19.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1456/2023 19.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və üçüncü şəxs DƏDKRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tаrixli, 2(037)- 1314/2023 sаylı “ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn İddiaçı nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən mərhum yoldaşı X3 məxsus olan İsmayıllı şəhəri, Məhsəti küçəsi ev 20-də yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli 01/376 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 13 noyabr 2023-cü il tаrixli, 2(037)-1314/2023 sаylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və üçüncü şəxs DƏDKRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Elman Xəlilov şikayət verərək İsmayıllı Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tаrixli, 2(037)- 1314/2023 sаylı qərardadının ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(037)-19 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq ASC “Xalq” Bankının cavabdehlər Hüseyin Xəlilov, Elxan Xəlilov, İddiaçı, Elman Xəlilov və Nazilə Xəlilovaya qarşı 07 avqust 2014-cü il tarixli **********1914/İP saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Hüseyin Xəlilova məxsus İsmayıllı şəhəri, Məhsəti küçəsində yerləşən 0.06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 68.3 kv.metr yaşayış və 43.67 kv.metr yardımçı sahədən ibarət 1 mərtəbəli, 5 otaqlı 20 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx-xx-2014-cü il tarixli **********1914 Nömrəli kredit müqaviləsi üzrə həmin qətnaməyə əsasən İsmayıllı şəhəri, Məhsəti küçəsində yerləşən 0 06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 68.3 kv.metr yaşayış və 43.67 kv.metr yardımçı sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 20 nömrəli fərdi yaşayış evinə açıq hərracda satılmaqla yönəldilməsi ipoteka predmeti olan fərdi yaşayış evinin torpaq sahəsi və yardımçı tikililərlə birlikdə hərracda ilkin satış qiymətinin 20000 manat müəyyən edilməsi iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İsmayıllı rayon (İcra Qrupu) İcra və probasiya şöbəsi tərəfindən "xxxx" MMC-nin 03 fevral 2021-ci il tarixli 01/376 saylı hərracın keçirilməsinə dair sifariş verilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli 01/376 saylı, hərrac protokoluna əsasən ona məxsus İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20 ünvanında bələdiyyə mülkiyyətində olan 0.0588 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 111.97 kv.metr yaşayış, 68.3 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evini ASC “Xalq” Bankı tərəfindən hansı qiymətə alınması və balansa götürülməsi barədə heç bir məlumatları yoxdur.Bildirmək istəyir ki, hərrac mərkəzində keçirilmiş hərracdan sonra o ASC “Xalq” Bankla danışıqlar aparmışdır. Aparılmış danışıqlardan sonra aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişində onun kredit müqaviləsi üzrə ödəmədiyi vəsaitin ödənilməsi ondan tələb edilmiş və fərdi yaşayış evindən istifadə etməyinə razılıq verilmişdir.O da 2023-cü ilin oktyabr ayının 19-da 4800 manat ödəniş etmişdir. Vərəsəliklə bağlı notariat ofisinə müraciət etdiyi zaman məlum olmuşdur ki, yaşadığı ev təxminən 2 il əvvəl ASC “Xalq” Bankı tərəfindən balansa götürülmüşdür. Bütün gedən proseslərdən onun xəbəri olmamışdır. Hərracın keçrilməsinin etibarsız hesab olunması barədə iddia ilə məhkəməyə müraciət etməyinə baxmayaraq məhkəmə hüquqi şəxsin ünvanı olduğu yerə müraciət etməyini bildirərək sənədlərini geri qaytarmışdır. Qeyd etdiyi əsaslara görə məhkəmənin bu qərardadını qanunsuz hesab edir. Belə ki, MPM-in 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. MPM-in 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə iddialar iddiaçının yaşadığı yerə görə) verilə bilər. AR MPM-nin 36.12-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər. AR MPMiin 36.13-cü və bu məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla,bu məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. AR MPM-nin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyatı tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası MPM-nin 268-ci maddəsinə əsasən şikayət qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan 10 gün müddətə verir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsa, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir. Mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də şikayətin təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(037)-1314/2023 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(037)-1314/2023 saylı qərardadı ilə iddiaçının nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 noyabr 2023cü il tаrixli, 2(037)-1314/2023 sаylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı aidiyyət qaydalarına riayət edərək iş üzrə hüquqi şəxs "xxxx" MMCnin hüquqi ünvanı üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, həmin qaydalara riayət etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-ismin müfafiq hallarında “MPM”) 35.1 və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-in 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia tələbini iki cavabdehə- Cavabdeh1 və "xxxx" MMC-yə qarşı yönəltmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsində göstərilmişdir ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia ərizəsinin məzmunundan görünür ki, tələbə cavab verməli şəxs "xxxx" MMC-dir. Cavabdeh1 formal olaraq cavabdeh kimi göstərilmişdir. Bu baxımdan hazıırkı iddiaya MPM-in 36.2-ci maddəsinə istinad edilərək İsmayıllı Rayon Məhkəməsində baxılması yol verilməzdir. İddiaçının vermiş olduğu şikayətdə MPM-in 36.5-ci maddəsinə istinad etməsi də əsassız olmuşdur. Bundan başqa, iddiaçı yazdığı şikayət ərizəsində birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-1314/2023 saylı qərardadının ləğv edilməsi üçün əsasları konkret olaraq göstərməmiş, şikayətində prosessual qanunvericiliyin aidiyyət məsələlərini tənzimləyən bir neçə maddəsinə etdiyi istinadlardan müəyyən olunur ki, qərardadın ləğvi üçün gətirdiyi əsas məhz müstəsna aidiyyətla bağlıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının müstəsna aidiyyətlə bağlı bildirdiklərinə hüquqi qiymət verərək qeyd edir ki, müstəsna aidiyyət qaydasını tənzimləyən norma hazırkı tələbə şamil edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərarına əsasən müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı aidiyyət qaydalarına riayət edərək iş üzrə hüquqi şəxs "xxxx" MMC-nin hüquqi ünvanı üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, həmin qaydalara riayət etmədən məhkəməyə müraciət etdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İsmayıllı Rayon Məhkəməsi 13 noyabr 2023-cü il tаrixli, 2(037)-1314/2023 sаylı qərardadı ilə iddiaçının nümayəndəsi X1 həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də cavabdehin İsmayıllı Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tаrixli, 2(037)-1314/2023 sаylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi X2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tаrixli, 2(037)-1314/2023 sаylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar