Məhkəmə qərarları › İş №2(107)-1458/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1458/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1458/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X3, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(039)-1973/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(039)-1973/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. işin halları: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər biri 10 qram olmaqla, cəmi 20 qram 583 əyarlı 2 ədəd üzüyün; 7 qram 583 əyarlı, 1 ədəd qaşlı üzüyün; 10 qram 583 əyarlı, 1 dəst banan formalı sırğa-üzüyün; 18 qram 583 əyarlı, 1 ədəd qədimi saatlı üzüyün; hər biri 7 qram 583 əyarlı biri qaşlı olmaqla 3 ədəd kişi üzüyünün; 27 qram 583 əyarlı 1 ədəd brilyant qaşlı saatın; 17 qram 583 əyarlı 1 ədəd sepin; 8 qram 583 əyarlı 1 ədəd sepin və 7 qram 583 əyarlı 1 ədəd sırğanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müxtəlif vaxtlarda o cavabdehdən faizlə pul götürüb qaytarmışdır. 2011-ci ildə ehtiyacı olduğu üçün özünə məxsus olan 9 adda olan qızıl zinət əşyalarını cavabdehə girov qoyaraq 3500 manat məbləğində 12 faiz sələmə pul götürmüşdür. Hər ay cavabdehə 400 manat pul ödəmiş, lakin son 2 ildə faiz pulu verə bilməmişdir. Sonradan ehtiyacı olduğuna görə qızılların bir hissəsinin qaytarılmasını tələb etdikdə yaşadığı evin sənədini girov qoymağını tələb etmişdir. O evinin sənədini girov qoyduqdan sonra qızılları qaytarmadığı üçün məcburiyyət qarşısında qalıb cavabdehə 18000 manat borclu olmasına dair qəbz yazıb verərək evin sənədini ondan götürmüşdür. Həmin qəbz əsasında pul tələbinə dair verilmiş iddia üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən ondan 18000 manat məbləğində pulun alınıb Cavabdeh verilməsi barədə qətnamə çıxarılmışdır. Dəfələrlə tələb etməcinə baxmayaraq cavabdeh girov qoyduğu qızıl-zinət əşyalarını ona qaytarmamışdır, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı İddiaçı qeyd olunanlara uyğun izahat verib bildirmişdir Yevlax şəhər sakini Cavabdeh sələmçi kimi tanımışdır. Müxtəlif vaxtlarda o Cavabdeh faizlə pul götürüb qaytarmışdır. 2011-ci ildə ehtiyacı olduğu üçün özünə məxsus olan 9 adda olan qızıl zinət əşyalarını Cavabdeh girov qoyaraq 3500 manat məbləğində 12 faiz sələm götürmüşdür. Hər ay cavabdehə 400 manat pul ödəmiş, lakin son 2 ildə faiz pulu verə bilməmişdir. Sonradan ehtiyacı olduğuna görə qızılların bir hissəsinin qaytarılmasını tələb etdikdə yaşadığı evin sənədini girov qoymağını tələb etmişdir. O evinin sənədini girov qoyduqdan sonra qızılları qaytarmadığı üçün məcburiyyət qarşısında qalıb Cavabdeh 18000 manat borcu olmasına dair qəbz yazıb verərək evin sənədini ondan almışdır. Həmin qəbzin əsasında Yevlax Rayon Məhkəməsi tərəfindən ondan 18000 manat məbləğində pulun alınıb Cavabdeh verilməsi barədə qətnamə çıxarılmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh girov qoyduğu qızıl-zinət əşyalarını ona qaytarmır. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək izah etdi ki, cavabdeh sələmçi deyil. İddiaçı bir neçə il ərzində cavabdehdən cəmi 18000 manat borc almış və 2019-cu ildə bu barədə cavabdehə yazılı qəbz də vermişdir. İddiaçı borcunu qaytarmadığı üçün Cavabdeh məhkəməyə mürciət etmiş və məhkəmədə iddiası əsaslı olduğundan təmin edilmişdir. Hazırda İddiaçı cavabdehə olan borcunu qaytarmaqdan yayınmaq üçün qızıl tələbi ilə məhkəməyə müraciət etmişdir. Borc alan zaman iddiaçı cavabdehə qızıl versəydi qəbzdə borcun olmasına dair qəbzdə əks olunardı. İddiaçı ali təhsillidir və müəllimə işləyir. Yəni qəbzi nə üçün yazdığını və orada qızıl məsələsi olsaydı qəbzdə qeyd edilməli olduğu öz əksini tapardı. Cavabdeh nümayəndəsi və vəkili X3 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(039)-1973/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-432/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(039)- 1973/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-432/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.06.2021-ci il tarixli qərarı ilə İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-432/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim işi birtərəfli qaydada araşdırmış və iddia tələbini təmin etməmişdir. Sözügedən mülki iş materiallarında olan hazırki iş üzrə Cavabdeh onun qızıllarının onda olmasını təsdiq edən öz xəti ilə yazdığı qəbzə ümumiyyətlə qiymət verilməmişdir. Həmin əlyazmanın əsli iş materiallarındadır. Əlyazmanın Cavabdeh tərəfindən yazılıb-yazılmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmək əvəzinə Yevlax Rayon Məhkəməsinin hakimi Ruslan Əlizadə (hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatında olan işə də o baxmışdır), nədənsə onun sübutunun olmasını, yəni Cavabdeh əlyazmasının işdə olmasını yaddan çıxararaq qətnamədə bir sözlə qeyd etmişdir ki, qızılların verilməsinə dair sübut təqdim etməmişdir, oradan belə nəticəyə gəlmək olur ki, işdə olan təkzibedilməz sübutuna əhəmiyyət verməyən hakim əvvəlcədən Cavabdeh xeyrinə qətnamə çıxarma qənaətinə gəlmişdir. Yuxarıda qeyd etdiyi kimi hakim Ruslan Əlizadə hər iki işi onun əleyhinə yekunlaşdırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia tələbinin və apellyasiya şikayətinin təmin edilməsini kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.06.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-432/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyalarının verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdeh isə həmin halı qəti inkar etmişdir. İddiaçı məhkəməyə əlyazma təqdim edərək həmin əlyazmanı cavabdeh qızılları ondan alan zaman yazdığını bildirsə də, həmin əlyazmada ad, soyad, tarix və s. göstərilmədiyindən hazırkı mübahisənin həllində sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Ali Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 432/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsini ləğv edərkən göstəriş vermişdir ki, yenidən işə baxan məhkəmə iş üzrə məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsini müzakirə etməli, ekspertiza keçirilməsi nəticəsində həmin əlyazmanın cavabdeh tərəfindən yazılması müəyyən edildiyi halda, cavabdeh tərəfin bu hala münasibətini, qəbzin hazırki iddia tələbi ilə əlaqəsini, əlyazmada göstərilən əşyaların iddia tələbində göstərilən və iddiaçı tərəfindən təqdim edilmiş foto şəkillərdə olan əşyalar olubolmamasını, cavabdehin həmin əşyaları hansı səbəbdən aldığını (qəbzdə əşyalar sadalanmaqla “aldım” yazılmışdır) müəyyən etməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir. Bununla bağlı məhkəmə kollegiyası iş materiallarında olan sübutları tədqiq etməyi zəruri hesab edir. İş materiallarında olan əlyazmadan məlum olur ki, əlyazmada 1 komplekt, 1 sep (nəzik), 8 üzük aldım qeyd edilmişdir. İddiaçı apellyasiya şikayətində iş materiallarında olan qəbzin cavabdeh tərəfindən yazıldığını sübuta yetimək üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini tələb etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib bildirmişdir ki, Yevlax şəhər sakini Cavabdeh sələmçi kimi tanımışdır. Müxtəlif vaxtlarda o Cavabdeh faizlə pul götürüb qaytarmışdır. 2011-ci ildə ehtiyacı olduğu üçün özünə məxsus olan 9 adda olan qızıl zinət əşyalarını Cavabdeh girov qoyaraq 3500 manat məbləğində 12 faiz sələm götürmüşdür. Sonradan ehtiyacı olduğuna görə qızılların bir hissəsinin qaytarılmasını tələb etdikdə yaşadığı evin sənədini girov qoymağını tələb etmişdir. O evinin sənədini girov qoyduqdan sonra qızılları qaytarmadığı üçün məcburiyyət qarşısında qalıb Cavabdeh 18000 manat borcu olmasına dair qəbz yazıb verərək evin sənədini ondan almışdır. Həmin qəbzin əsasında Yevlax Rayon Məhkəməsi tərəfindən ondan 18000 manat məbləğində pulun alınıb Cavabdeh verilməsi barədə qətnamə çıxarılmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh girov qoyduğu qızıl-zinət əşyalarını ona qaytarmır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 bildirmişdir ki, iddiaçı bir neçə il ərzində cavabdehdən cəmi 18000 manat borc almış və 2019-cu ildə bu barədə cavabdehə yazılı qəbz də vermişdir. İddiaçı borcunu qaytarmadığı üçün Cavabdeh məhkəməyə mürciət etmiş və məhkəmədə iddiası əsaslı olduğundan təmin edilmişdir. Hazırda İddiaçı cavabdehə olan borcunu qaytarmaqdan yayınmaq üçün qızıl tələbi ilə məhkəməyə müraciət etmişdir. Əgər qızıllar iddiaçının olsa idi, bu zaman iddiaçı tərəf nə üçün borc almaq məqsədi ilə cavabdehə müraciət edirdi. Bundan başqa əgər qızıllar cavabdehə verilibsə iş materiallarında olan qəbz hansı məqsədir daşıyır. Bütün bu aydınlaşdırılmalı olan məsələlər özü göstərir ki, mübahisə predmeti olan qızıllar cavabdehdə olmamışdır. Ekspertizanın keçirilməsi ilə bağlı məhkəmə kollegiyasının iclasında Cavabdeh bildirmişdir ki, iş materiallarında olan qızllarla bağlı kağız parçasındakı imza ona məxsusdur. Üzərindən uzun müddət keçdiyinə görə dəqiqliklə xatırlamır. Hadisənin üzərindən 10-12 il keçmişdir. Qəbz onun tərəfindən yazılmışdır. Qəbzi yazmaqda məqsədi özünə məxsus qızıllarını geri aldığını qeyd etmək olmuşdur. Belə ki, İddiaçı ona müraciət edərək pul götürməsi üçün girov qoymağa ondan qızıl istəmiş, o da özünə məxsus qızıllarını ona vermişdir. Sonradan Mətanət qızılları qaytaranda isə öz qızıllarını qəbul etməsi barədə qəbzi yazmışdır. Bundan başqa cavabdeh etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərkən etiraz ərizəsində qeyd etmişdir: əlyazmadakı xətt ona məxsusdur (məhkəmə xəttşünasfıq ekspertizası keçirilməsinə ehtiyac yoxdur, ötən məhkəmə prosesində bununla bağlı münasibətini bildirmişdir). Əlyazmada sadalanan qızıllar əslində ona məxsusdur. Həmin qızılları sadalanmaqla "aldım" qeydini ona görə yazmışdır ki, o öz qızıllarını banka girov qoymaq üçün uzun illər bundan öncə (təxminən 10-12 il bundan öncə) İddiaçı vermişdir. Həmin dövrlər çox səmimi münasibətləri var idi və İddiaçı xeyli miqdarda borcdan yaranmışdı və həmin borclarını ödəyə bilmirdi. O da qızıllarını ona görə banka girov qoymaq məqsədilə İddiaçı vermişdir . İddiaçı bankdan qızılları çıxartdıqdan sonra ( özünün deməsinə görə) ona qaytarmışdır. O qızılları İddiaçı verərkən ondan qəbz almışdır, qızılları İddiaçı ona qaytaran zaman o da qəbz vermişdir. (hazırda məhkəməyə təqdim edilən əlyazma həmin qəbzdir). O qızıllarını İddiaçı verən zaman heç bir foto gürüntü çəkilməmişdir. Ötən məhkəmə iclasında bildirmişdir ki, iş materiallarında görüntülənən qızıllar əslində onun qızıllları deyil, o cümlədən mübahisələndirilən qızılları əks etdirmir. O əlyazmada "aldım" yazaraq göstərdiyi qızılları artıq satmışdır. Bundan sonra Cavabdeh nümayəndəsi və vəkili X3 məhkəmə kollegiyasına etiraza verilmiş əlavəni ünvanlamışlar. Həmin etiraza əlavə edilmiş X2 Cəmiyyəti tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli 187 nömrəli qiymətləndirmə rəyinə əsasən

1. Üzük- 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 3 qram çəkidə olan qızlın qiyməti 225 manat;

2. Ortasında adi fionent qaşlı üzük- 2 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 2 qram çəkidə olan qızlın qiyməti 150 manat;

3. Kəpənək formalı üzük- 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 3 qram çəkidə olan qızlın qiyməti 225 manat;

4. Ortasında fionent qaşlı kənarları ağ qaşlı sırğa-üzük dəsti- 7 qram çəkidə 583 əyarlı Bakı istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 7 qram çəkidə olan qızlın qiyməti 525 manat;

5. Qədimi alyans üzük- 2 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 70 manat, satış qiyməti 85 manat olmaqla 2 qram çəkidə olan qızlın qiyməti 170 manat;

6. Ulduz formalı üzük- 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 3 qram çəkidə olan qızlın qiyməti 225 manat;

7. Fantaziya formalı fionent qaşlı üzük- 4 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 2 qram çəkidə olan qızlın qiyməti 300 manat;

8. Adi saat (saatın kənarları yox idi)- 4 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 2 qram çəkidə olan qızlın qiyməti 300 manat;

9. Mafioz formalı sep- 7 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 7 qram çəkidə olan qızlın qiyməti 525 manat;

10. Ərəb toxunuşlu sep- 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 3 qram çəkidə olan qızlın qiyməti 225 manat;

11. Qırmızı qaşlı uşaq üçün sırğa- 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 3 qram çəkidə olan qızlın qiyməti 225 manat. Cəmi ümumi məbləğ 3.095 manat müəyyən edilmiş, rəy verilərkən hazırki bazar iqtisadiiyatında olan tələb və təklifə uyunlaşdırılmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, həm apellyasiya şikayətində qeyd edilən, həm də Ali Məhkəmənin yuxarıda adı çəkilən qərarındakı göstərişə əsasən qəbzdə qeyd edilən əlyazmanın cavabehə məxsus olub-olmamasını aydınlaşdırmaq üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə lüzum qalmır. Göründüyü kimi məhkəmə baxışı zamanı cavabdeh iddiaçının tələb etdiyi qızıllarla bağlı qiymətləndirmə rəyini təqdim edib, əvvəlki məhkəmə çıxışlarından fərqli olaraq iddia tələbi ilə qismən razılaşdığını bəyan etmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasına İddiaçı tərəfindən təqdim edilmiş rəyə əsasən hər biri 10 qram olmaqla, cəmi 20 qram 583 əyarlı 2 ədəd üzüyün; 7 qram 583 əyarlı, 1 ədəd qaşlı üzüyün; 10 qram 583 əyarlı, 1 dəst banan formalı sırğa-üzüyün; 18 qram 583 əyarlı, 1 ədəd qədimi saatlı üzüyün; hər biri 7 qram 583 əyarlı biri qaşlı olmaqla 3 ədəd kişi üzüyünün; 27 qram 583 əyarlı 1 ədəd brilyant qaşlı saatın; 17 qram 583 əyarlı 1 ədəd sepin; 8 qram 583 əyarlı 1 ədəd sepin və 7 qram 583 əyarlı 1 ədəd sırğanın ümumi qiyməti 14.240 min manat müəyyən edilmişdir. Həmin rəy iddiaçı tərəfindən qeyd edilmiş qızıllara baxış keçirmədən, iddiaçının şərh elədiyinə görə, hazırki bazar qiymətlərinə uyğun olaraq olaraq qiymətləndirilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş rəydə göstərilən ümumi qiymətləndirməyə tənqidi yanaşaraq qeyd edir ki, təqdim edilmiş rəy adı çəkilən qızıl-zinət əşyalarına baxış keçirilmədən və hazırki bazar iqtisadiyyatında olan tələb və təklifə uyunlaşdırılmadan tərtib edilmişdir. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. Yuxarıdakı hüquqi mövqeyi hazırkı işin müəyyən edilmiş hallarına tətbiq etdikdə aydın olur ki, tələb edilən əşyaların cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz xarakter daşıması hallarının mövcudluğuna MM-in 157.2-ci maddəsinin bağladığı hüquqi nəticə iddiaçının xeyrinə bir vəziyyət əmələ gəldiyi üçün həmin halları sübuta yetirmək yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi qızılların özünə məxsus olmasını, həmin qızıllların cavabdeh tərəfindən satıldığı halda qızılların dəyərinin 14.424 manat olmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin sübut kimi istinad etdiyi fotoşəkillərlə bağlı qeyd edir ki, iş materiallarında olan fotoşəkillərə nəzər saldıqda, şəkillərin 2011-ci il tarixdə çəkilməsi ilə yanaçı, iddiaçının mübahisəni əvvəldən görüb qızılların ayrı-ayrılıqda şəkillərinin çəkilməsini inandırıcı qəbul etmir və bu baxımdan da, hesab edir ki, qızılların çəkisi və qiyməti iddiaçı tərəfindən mötəbər sübut təqdim edilmədiyindən cavabdehin qəbul etdiyi şəkildəə qəbul edilməlidir. Digər tərəfdən bu ümumi qaydadan istisna təşkil edən sübutetmə yükünü cavabdehə keçirən hallar aşkar edilmişdir. Belə ki, cavabdeh tərəf də məhkəmə kollegiyasının iclasında iddiaçının tələb etdiyi qızılların həqiqətən də özünə məxsus olmasını sübut edə bilməmişdir. Mülki Prosesual Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 88-ci (Sübutların qiymətləndirilməsi) maddəsnə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti və iddiası qismən əsaslı sayılmaqla təmin edilməlidir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən yol verilmiş qeyd edilən pozuntuya diqqət yetirməmiş, nəticədə qanuni olmayan qətnamə qəbul etmişdir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(039)-1973/2020 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia tələbi qismən Cavabdeh qəbul etdiyi hissədə və məbləğdə (3.095 manat) təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(039)-1973/2020 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Vəliyəddin qızının Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin.

1. Üzük- 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 3 qram çəkidə olan qızlın qiyməti 225 manat;

2. Ortasında adi fionent qaşlı üzük- 2 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 2 qram çəkidə olan qızlın qiyməti 150 manat;

3. Kəpənək formalı üzük- 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 3 qram çəkidə olan qızlın qiyməti 225 manat;

4. Ortasında fionent qaşlı kənarları ağ qaşlı sırğa-üzük dəsti- 7 qram çəkidə 583 əyarlı Bakı istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 7 qram çəkidə olan qızlın qiyməti 525 manat;

5. Qədimi alyans üzük- 2 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 70 manat, satış qiyməti 85 manat olmaqla 2 qram çəkidə olan qızlın qiyməti 170 manat;

6. Ulduz formalı üzük- 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 3 qram çəkidə olan qızlın qiyməti 225 manat;

7. Fantaziya formalı fionent qaşlı üzük- 4 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 2 qram çəkidə olan qızlın qiyməti 300 manat;

8. Adi saat (saatın kənarları yox idi)- 4 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 2 qram çəkidə olan qızlın qiyməti 300 manat;

9. Mafioz formalı sep- 7 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 7 qram çəkidə olan qızlın qiyməti 525 manat;

10. Ərəb toxunuşlu sep-3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 3 qram çəkidə olan qızlın qiyməti 225 manat;

11. Qırmızı qaşlı uşaq üçün sırğa-3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 75 manat olmaqla 3 qram çəkidə olan qızlın qiyməti 225 manat dəyərində əmlaklar olmadıqda onun dəyəri və iddiaçının dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumundan 10 manat Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar