Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1464/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- mənzilə köçürülmə tələbi, mənzildən istifadə hüququ,) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-56/2021 saylı, 04 mart 2021-ci il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X1 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə rəsmi nikahlarından anadan olmuş 03.10.2008-ci il təvəllüdlü X5 və 28.06.2016-cı il təvəllüdlü X4 ilə birlikdə cavabdehlərin yaşadıqları və cavabdeh X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınmasına və həmin mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 ilə 2007-ci il oktyabr ayında rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Cavabdeh1 ilə evlənən zaman cavabdehlər qeyd-şərtsiz onu öz ailə üzvləri kimi qəbul etmişlər və cavabdehlərin yaşadıqları həmin dövrdə Ağdaş RİH-nin balansında olan və 09.07.2011-ci il tarixdə özəlləşdirilən ünvan 1 ünvanında yerləşən mübahisəli mənzilə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını və digər əmlakını həmin evə yerləşdirmişdir. Şəxsən cavabdehlərin razılığı ilə həmin təsərrüfata qeydiyyata alınmışdır. Uşaqlarının hər ikisi həmin evdə anadan olmuşdur. O həmin mənzilə gəlin köçən zaman mübahisəli mənzil kommunal mənzil olmaqla mənzilin mülkiyyətçisi olmadığından yazılı razılaşma haqqında müqavilə bağlamaq mümkün olmamışdır. Cavabdeh1 ilə ailə münasibətləri pisləşdiyindən ayrılmışlar və aralarında qeyd edilmiş nikah Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulan zaman iki nəfər uşaqları onun himayəsində saxlanılmışdır. Cavabdehlər onu gəlin köçüb yaşadığı və əmlakı yerləşdirilmiş mənzildən çıxarmışlar. Hazırda o iki nəfər azyaşlı uşaqları ilə birlikdə yuxarıda göstərdiyi ünvanda valideynlərinə məxsus olan, uşaqlarının normal şəraitdə sağlam böyüməsi və təhsil almaları üçün şəraiti olmayan fərdi yaşayış evində yaşamağa məcbur olmuşdur. Bir müddət bundan əvvəl ona məlum olmuşdur ki, cavabdehlər onun da qeydiyyatda olduğu, kommunal mənzilə ondan xəbərsiz və saxtakarlığa yol verərək Ağdaş Mənzil İstismar Sahəsindən onun adı qeyd edilməmiş həmin mənzildə qeydiyyatda olanlara arayış əldə etməklə order almış, həmin order və saxta arayış əsasında mənzili DƏDRX-nin 17 saylı Ərazi İdarəsində cavabdeh X1 adına qeydiyyata aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almışlar. Hesab edir ki, iddiaçı Cavabdeh1 ilə ailə quran zaman cavabdehlər onu özlərinə məxsus mənzilə qeyd-şərtsiz qəbul etdikləri, onu həmin evdən çıxarana kimi onlarla birlikdə ailə üzvü kimi təsərrüfatı birgə idarə etdiyi, həmin mənzilə onların razılığı ilə qeydiyyata alındığı, özünə məxsus cehiz əşyaları və digər əmlakları yerləşdirildiyi və gəlin köçən zaman mənzilin mülkiyyətçisi olmadığı üçün razılaşma barədə müqavilə bağlamaq mümkün olmadığı üçün həmin evdən istifadə hüququ yaranmışdır. Azyaşlı olmaqla on dörd yaşına çatmamış uşalarının yaşayış yerinin valideynlərinin yaşayış yerinin olmasını, ona görə də mübahisəli mənzildən onlarla bərabər istifadə hüquqlarının olmasını cavabdehlərin nəzərinə çatdırmaqla həmin mübahisəli evə köçməyə təşəbbüs göstərsə də, cavabdehlər buna razı olmamışlar və imkan verməmişlər. Bununla da cavabdehlər tərəfindən iddiaçının və uşaqlarının qanunvericilikdə nəzərdə tutulmuş hüquqları kobudcasına pozulmuşdur. Ona görə də iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 2(014)-56/2021 saylı, 04 mart 2021-ci il tаrixli qətnaməsi ilə (hakim N. Əliyev) iddia təmin edilmiş, İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından anadan olmuş uşaqları 03.10.2008-ci il təvəllüdlü X5 və 28.06.2016-cı il təvəllüdlü X4 ilə birlikdə cavabdehlərin yaşadıqları, 09.07.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olub, ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət 48 saylı kommunal mənzilə köçürülməsi, kommunal sahələrindən istifadə hüququnun tanınması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 07 noyabr 2007-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikah qeydiyyatına girməklə evlənərək ailə qurmuşlar və o “İsmayılova” soyadını qəbul etmişdir. İddiaçı Cavabdeh1 ilə evlənən zaman qeyd-şərtsiz cavabdehlərə məxsus yaşayış evinə köçmüşdür və özünə məxsus cehiz əşyalarını və digər əmlaklarını həmin evə yerləşdirmişdirməklə onlarla birlikdə yaşamağa başlamışdır və 2018-ci ilədək cavabdehlərlə birlikdə təsərrüfatı idarə etmişdir. İddiaçının Cavabdeh1 ilə rəsmi nikahlarından doğulmuş iki nəfər uşaqları 03.10.2008-ci il təvəllüdlü X5 və 28.06.2016-cı il təvəllüdlü X4 həmin mənzildə anadan olmuşdur. İddiaçının Cavabdeh1 ilə ailə münasibətləri pislədiyindən cavabdehlər onu iki nəfər azyaşlı uşaqlarıı ilə birlikdə həmin evdən çıxarmışdır. Aralarında qeyd edilmiş nikah məhkəmənin qətnaməsi ilə pozulmuş, iki nəfər uşaqlar iddiaçının yanında saxlanılmış və onların 18 yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə aliment qət edilmişdir. İddiaçı mübahisəli mənzilə gəlin köçərkən və yaşadığı müddətdə mübahisəli ev dövlət qeydiyyatına alınmamışdır. Həmin vaxt cavabdehlərin mübahisəli mənzil üzərində mülkiyyət hüquqları mövcud olmamışdır Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı 2007-ci il tarixdə Cavabdeh1 ilə ailə quraraq, mübahisəli evə gəlin köçüb. Cavabdeh 2007-ci ildən 2018-ci ilə qədər mübahisəli evdə yaşayıb, həmin nikahdan iki uşaqları olub. Beləliklə, cavabdehin iddiaçının ailə üzvü olduğu və bu səbəbdən mübahisəli yaşayış sahəsindən cavabdehlərlə birlikdə yararlanmaq və faydalanmaq qənaətinə gəlmək olar. İddiaçı 07 noyabr 2007-ci il tarixdə cavabdehlərin yaşadığı ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət 48 saylı kommunal mənzilə gəlin köçdüyündən, Cavabdeh1 ilə ailə münasibətləri pozulduğu günədək faktiki olaraq mübahisəli evdə cavabdehlərlə yaşayıb birgə təsərrüfat apadığından, Cavabdeh1 ilə rəsmi nikahlarında doğulmuş iki nəfər uşaqları həmin mənzildə anadan olduğundan və bununla da həmin mənzildə istifadə hüququ qazandığından İddiaçı iddiası təmin edilməli, o, Cavabdeh1 ilə rəsmi nikahlarından doğulmuş iki nəfər uşaqları 03.10.2008-ci il təvəllüdlü X5 və 28.06.2016-cı il təvəllüdlü X4 ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 3 ünvanında yerləşən 3 otaqdan ibarət olan 48 saylı mənzilə köçürülməlidir və yaşayış otaqlarından və kommunal sahələrindən istifadə hüququ tanınmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 32-33-cü, 43-cü, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8-ci bəndi, qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü, 54-cü maddələri, «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 №-li Qərarının 7-ci bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul olunduğundan qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 2007-ci ildə rəsmi nigaha girərək ailə qurmuşlar. Ailə qurduqdan sonra yaşamağa evi olmadığından iddiaçı ilə mənzil alana qədər müvəqqəti olaraq valideynlərinə məxsus qeyd edilən mənzildə yaşamışlar. Sonradan iddiaçı ilə ailə münasibətləri pozulmuşdur. İddiaçı ilə nikahda olduqları zaman mənzilin mülkiyyətçisi tərəfindən iddiaçının qeyd edilən mənzilə istifadə hüququnun yaranmasına və onun mənzilə qeydiyyata salınmasına etiraz edilmişdir. İddiaçının hazırda mülkiyyətçinin hüquqlarına və mənafelərinə zidd olaraq mənzilə köçürülməsi tələbi tam qanunsuz və əsassızdır. Bununla bağlı qeyd edirlər ki, əvvala iddiaçı qeyd edilən maddənin mətnindən göründüyü kimi, mübahisəli mənzilin icarədarı olan Rəmziyyə İsmayılovanm ailə üzvü olmamışdır. İddiaçının icarədar ilə birlikdə yaşayan digər şəxs statusuna gəldikdə isə qeyd etmək lazımdır ki, iddiaçı icarədar ilə ümumi təsərrüfat aparmamışdır. İddiaçı icarədar ilə deyil, onunla birlikdə birgə təsərrüfat idarə etmiş və qeyd edilən mübahisəli mənzildə müvəqqəti yaşamışlar. İddia ərizəsində iddiaçının ünvan 4 ünvana güya onların mülkiyyətçinin razılığı ilə qeydiyyata düşməsi barədə tələbi əsassızdır və məhkəməyə təqdim etdiyi ünvan 4 ünvanda qeydiyyatını bildiriən şəxsiyyət vəsiqəsi isə saxta sənədlər əsasında 2011-ci ilin noyabr ayında alınmışdır. Həmin 2018-ci ilin sonlarında qeyd edilən şəxsiyyət vəsiqəsini əsas götürərək qeyd edilən mübahisəli mənzilə qeydiyyata düşməsinə dair iddia qaldırılan zaman tərəflərindən Ağdaş rayon prokurorluğuna şikayət ərizəsi veilmiş, araşdırma zamanı qeyd edilən şəxsiyyət vəsiqəsinin saxta arayış əsasında alındığı ortaya çıxmış və sonradan ondan qeyd edilən vəsiqə alınaraq yenidən başqa ünvana dair vəsiqə verilmişdir. Həmin ünvan da bina evi olmadığı məlumdur. Eyni zamanda tərəflərindən 2019-cu ilin yanvar ayında Ağdaş rayon MTİTM-dən almış olduqları arayışdan da görünür ki, İddiaçı ünvan 4 ünvanda qeydiyyatda yoxdur. Qeyd edilən xüsusatların dəqiqləşdirilməsi üçün Ağdaş rayon prokurorluğundan şikayət ərizələri əsasında başlanılmış cinayət işi materialları və Ağdaş rayon Pasport Qeydiyyat idarəsindən isə iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olan sənədlər tələb edilməlidir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini və Ağdaş Rayon Məhkəməsinin 2(014)-56/2021 saylı, 04 mart 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək,/ iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 2(014)-56/2021 saylı, 04 mart 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 2(014)-56/2021 saylı, 04 mart 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və cavabdeh X3 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2 Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (köhnə redaksiya) Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsаsən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı: Həmin qərara əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyaının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16.10.1992-ci il tarixli, 2 nömrəli Qərarının 7-ci bəndinin 7-ci abzasına əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin əri (arvadı) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 2(014)-56/2021 saylı, 04 mart 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı 07 noyabr 2007-ci il tarixdə Cavabdeh1 ilə ailə quraraq, cavabdehlərin yaşadığı ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət 48 saylı kommunal mənzilə gəlin köçüb. İddiaçı 2007-ci ildən 2018-ci ilə qədər mübahisəli evdə yaşayıb, həmin nikahdan iki uşaqları olub. İddiaçı cavabdehlərlə birlikdə yaşamaqla birgə təsərrüfat aparmış və mənzili idarə etmişdir. Bununla da iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Mübahisəli mənzil 09.07.2011-ci il tarixdə özəlləşdirilmişdir. 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 nikahları pozulmuşdur. Hazırda cavabdehlər iddiaçını mübahisəli mənzilə buraxmırlar. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ildən sonra yarandığına və mübahisə olunan ev müvafiq dövlət qeydiyyatına alınmadığına görə, tərəflər arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin mаddəalarına uyğun olaraq həll edilməlidir. Bu səbəbdən mövcud mübаhisə ilə bаğlı yаrаnаn münаsibətlərin birbаşа həlli qаnunvericilikdə nəzərdə tutulmаdığındаn, 01 oktyаbr 2009-cu il tаrixədək qüvvədə olmuş Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 53-54-cü mаddələrinin normаlаrı tətbiq olunmаlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, İddiaçı 07 noyabr 2007-ci il tarixdə Cavabdeh1 ilə ailə quraraq, cavabdehlərin yaşadığı ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət 48 saylı kommunal mənzilə gəlin köçüb. İddiaçı 2007-ci ildən 2018-ci ilə qədər mübahisəli evdə yaşamaqla cavabdehlərlə birgə təsərrüfat aparmış və mənzili idarə etmişdir. Kollegiyanın qənaətinə görə iddiaçı cavabdehlərlə ümumi təsərrüfat apardığından iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Mübahisəli mənzil 09.07.2011-ci il tarixdə özəlləşdirilmişdir. Kollegiya hesab edir ki, mübahisəli mənzil cavabdeh X1 adıana özəlləşdirilərkən artıq mübahisəli mənzili yüklü formada qəbul etmişdir. Yəni cavabdeh X1 mülkiyyət hüququnun yaranması iddiaçının istifadə hüququnun itirilməsinə əsas olmamışdır. Kollegiya şikayətin iddiaçının mübahisəli mənzilin icarədarı olan Rəmziyyə İsmayılovanm ailə üzvü olmaması hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə əsassızdır. Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi iddiaçı 11 ilə yaxın müddətdə icarədar ilə birlikdə ailə üzvü kimi ümumi təsərrüfat aparmışdır. Şikayətin digər dəlili olan iddiaçının mübahisəli mənzildə müvəqqəti yaşamasına dair hissəsinə münasibət bildirən kollegiya qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, tərəflərin izahatı və iş materialları ilə müəyyən edilir ki, iddiaçı 11 ilə yaxın müddətdə icarədar ilə birlikdə ailə üzvü kimi nikahları pozulan kimi mübahisəli mənzildə yaşamışdır. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-56/2021 saylı, 04 mart 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-56/2021 saylı, 04 mart 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1464/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1464/2021
23.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver