Məhkəmə qərarları › İş №2(107)-1464/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1464/2022

27.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1464/2022 27.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İbrаhimоvа Kəmаlə Mübаriz qızının cavabdeh İbrаhimоv Sаbir Muxtаr оğlunа qarşı iş üzrə (açar sözlər: evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürülmə) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı-İbrаhimоvа Kəmаlə Mübаriz qızının nümаyəndəsi vəkili İbrаhimоv Xəyаl Rаhim оğlunun, Cavabdeh- İbrаhimоv Sаbir Muxtаr оğlunun nümаyəndəsi və vəkili Xudiyev Аrаz Sаdəddin оğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə» tələbinə dair mülki iş üzrə Оğuz Rayon Məhkəməsinin 08 sentyаbr 2022-ci il tarixli, 2(054)-328/2022 saylı qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları

1. Hazırkı məhkəmə mübahisəsi İddiaçı (bundan sonra- iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında yaşayış sahəsindən istifadə hüququnun olub olmadığı, müsbət halda yaşayış evinə köçürülmə ilə bağlıdır.

2. Cavabdeh iddiaçının keçmiş qayınatasıdır

3. İddiaçı xx.xx.2009-cu il tarixdə cavabdehin oğlu X4 ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. (Onların birgə nikahda olduqları müddətdə xx.xx.2010-cu il tarixdə X3 adlı bir uşaqları anadan olmuşdur.

4. İddiaçı X4 ilə ailə quran zaman Oğuz rayonu Qarabaldır kəndində yerləşən, cavabdehə məxsus olan evə gəlin köçmüşdür. İddiaçı və azyaşlı uşağı hazırda da həmin ünvanda qeydiyyatdadırlar.

5. İddiaçının əri İbrahim İbrahimov xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

6. İddiaçı ərinin vəfatından sonra 2017-ci ildə başqa bir şəxslə rəsmi nikah qeyd etdirmədən, dini nikah əsasında ailə qurmuş və həmin şəxsin evinə köçmüşdür. Həmin qeyri-rəsmi nikahdan iddiaçının ikinci uşağı doğulmuşdur.

7. İddiaçı 2022-ci ildə qeyri-rəsmi nikahda olduğu şəxsdən ayrılaraq öz valideynlərinin evinə qayıtmışdır və hazırda azyaşlı uşaqları ilə birlikdə öz anasının evində yaşayır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə Оğuz Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdehə məxsus Oğuz rayonunun Qarabaldır kəndində yerləşən yаşаyış evinə istifadə hüququnun yaranması və аzyаşlı uşağı X3 ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda göstərilən faktiki əsaslarından (1-7-ci bəndlər) çıxış edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə ailə quran zaman hazırki iddianın predmetinə aid olan, hazırda istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi fərdi yaşayış evinə cavabdehin razılığı ilə, X2 ailə üzvü kimi köçmüşdür. Həmin vaxtdan onun qeyd olunan evdə yaşamaq hüququ yaranmış, onun azyaşlı uşağı da qeyd olunan evdə yaşadığı müddətdə anadan olmuşdur. Hazırda azyaşlı uşaqları ilə birlikdə öz anasının evində yaşayır. Lakin hazırki vəziyyətdə onun həmin evdə yaşaması üçün lazımi şərait yoxdur. Ona görə də gəlin köçdüyü və qeydiyyatda olduğu evə köçməklə orada yaşamaq istəyir. Ancaq cavabdeh onların həmin evə köçüb yaşamalarına maneə törədir. Hesab edir ki, onun 2009- cu ildə İbrahim İbrahimovla ailə quran zaman gəlin köçdüyü, ərinin atası - hazırki iş üzrə cavabdehə məxsus olan yaşayış sahəsindən istifadə hüququ vardır.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək cavabdehin xüsusi mülkiyyətində olan, Oğuz rayonu Qarabaldır kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşağı X3 ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etmədiyini bildirərək göstərmişdir ki, mübahisə predmetinə aid olan fərdi yaşayış evinə dair 1987-ci ildə cavabdehin adına Texniki pasport tərtib edilmişdir. 2019-cu ildə isə həmin ev qeyd olunan Texniki pasporta əsasən tam mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmışdır və hazırki vəziyyətdə onun xüsusi mülkiyyətindədir. İddiaçı 2009-cu ildə İbrahim İbrahimovla ailə quran zaman qeyd olunan evə gəlin köçsə də, həmin vaxtda evin hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. İddiaçı həmin evin yerləşdiyi təsərrüfatda qeydiyyata alınsa da, sonradan azyaşlı uşağı ilə birlikdə təsərrüfatı tərk edib getmişdir. İddiaçının hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı məhkəmə qərarı qəbul edilmişdir. Qeyd etdiyi əsaslara görə iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

12. Birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmışdır.

13. Оğuz Rayon Məhkəməsinin 08 sentyаbr 2022-ci il tarixli, 2(054)-328/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin xüsusi mülkiyyətində olan, Oğuz rayonu Qarabaldır kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşağı X3 ilə birlikdə həmin evə köçürülmə barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Kаmrаn Süleymаnоv)

14. Birinci instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə X4 xx.xx.2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahda olduqları müddətdə xx.xx.2010-cu il tarixdə X3 adlı bir uşaqları anadan olmuşdur. İbrahim İbrahimov xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İddiaçı azyaşlı uşağı ilə birlikdə 2017-ci ildə hazırki iddianın predmetinə aid olan evi tərk edib getmiş və həmin vaxtdan etibarən qeyd olunan evdə yaşamamışdır.

15. Birinci instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab edib ki, iddiaçı mübahisə predmetinə aid olan evə 2009-cu ilin aprel ayında köçüb yaşamağa başladığından onun həmin evdən istifadə hüquqları ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun olaraq tənzimlənməlidir. Mülki qanunvericiliyin qeyd edilən müddəalarının tələbinə görə isə iddiaçının istifadə hüququ yalnız evin mülkiyyətçisinin notariat qaydasında təsdiqlənən yazılı razılığı ilə və ya o, evin mülkiyyətçisinin ailə üzvü olduğu halda yarana bilərdi. İddiaçı 2009-cu ildə həmin evə köçən zaman onun evdən istifadə hüququ yaranmadığından hazırki vəziyyətdə də iddiaçının mübahisə predmetinə aid olan evdən istifadə hüququnun tanınması üçün hər hansı qanuni əsaslar mövcud deyildir.

16. Birinci instansiyası məhkəməsi hesab edib ki, iddiaçı 2009-cu ilin aprel ayında mübahisə predmetinə aid olan evə köçüb yaşamağa başlasa da və ərinin vəfatından sonra bir müddət həmin evdə yaşasa da, sonradan başqa şəxslə qeyri-rəsmi nikaha daxil olmaqla azyaşlı uşağı ilə birlikdə evi tərk edib daimi yaşamaq üçün başqa ünvana getmiş, sonradan da mübahisə predmetinə aid olan evə deyil, öz valideynlərinin evinə qayıtmışdır və hazırda da azyaşlı uşağı ilə birlikdə orada yaşayır. İddiaçı, özünün də etiraf etdiyi kimi, faktiki olaraq 5 ildən artıqdır ki, mübahisə predmetinə aid olan evdə yaşamır və bu səbəbdən hazırki vəziyyətdə də qeyd olunan ev onun daimi yaşayış yeri hesab edilə bilməz.

17. Birinci instansiya məhkəməsi hesab edib ki, İddiaçının mərhum əri X1 rayonu Qarabaldır kəndində yerləşən, mübahisə predmetinə aid olan fərdi yaşayış evinə dair mülkiyyət hüququna malik olmadığından və iddiaçı da onun ailə üzvü kimi qeyd olunan evə münasibətdə hər hansı hüquq əldə etmədiyindən hazırki vəziyyətdə iddiaçının mübahisə predmetinə aid olan yaşayış evindən istifadə hüququnun tanınmasına və onun azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsinə hər hansı əsas yoxdur.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiаçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarm ailə üzvləri icarədarın arvadı (əri), onlarm uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarm ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarm ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarm və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarmı, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqlarm öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yasayıs sahəsinə olan hüquqlarından məhrum etmir. Ona görə də, Оğuz Rayon Məhkəməsinin 08 sentyаbr 2022-ci il tarixli, 2(054)- 328/2022 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. 20.Məhkəmə kollegiyasının iclasında iddiаçı İbrаhimоvа Kəmаlə Mübаriz qızının nümаyəndəsi (vəkili) İbrаhimоv Xəyаl Rаhim оğlu iddiаçı tərəfindən verilən аpellyаsiyа şikаyətinin təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında cаvаbdeh İbrаhimоv Sаbir Muxtаr оğlunun nümаyəndəsi (vəkili) Xudiyev Аrаz Sаdəddin оğlu iddiаçının apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Оğuz Rayon Məhkəməsinin 08 sentyаbr 2022-ci il tarixli, 2(054)-328/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiаçı İbrаhimоvа Kəmаlə Mübаriz qızı və cаvаbdeh İbrаhimоv Sаbir Muxtаr оğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiаçının və cаvаbdehin iştiraklаrı olmadan baxılmasını mümkün hesab etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ....2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

29. Mаddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

30. 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış;

31. 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

32. Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2005-ci il tarixliu 10/11 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2009-cu ilin aprel ayında, yəni tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasında İ bölmənin 7-ci bəndində qeyd edilmişdir ki, təsərrüfatbaşına uçot kitablarının məlumatlarından maliyyə, sığorta, statistika və digər orqanlar kənd əhalisinin sosial və milli mənsubiyyəti, cins və yaş tərkibi, mövcud ərazidə istifadəsində və xüsusi mülkiyyətində olan yaşayış evləri və digər tikililəri, mal-qaranı, torpağı uçota almaq və digər məlumatlar əldə etmək üçün, yerli kənd ərazi dairələri (vahidləri) ümumtəhsil məktəblərində icbari təhsili təmin etmək məqsədi ilə məktəb yaşlı uşaqların siyahılarını, seçkilərdə və referendumlarda iştirak etmək hüququna malik olanların siyahılarının müəyyən edilməsi və sair üçün istifadə edilir.

33. Həmin göstərişin İİİ bölməsinin 11-ci bəndinə əsasən “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. V. Apellyasiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Оğuz Rayon Məhkəməsinin 08 sentyаbr 2022-ci il tarixli, 2(054)-328/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. İddiaçı ilə cavabdehin oğlu X2 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha girmələri, onların birgə nikahindan xx.xx.2010-cu il bir uşağın doğulması, iddiaçının əri İbrahim İbrahimovun xx.xx.2010-cu il tarixdə vəfat etməsi, iddiaçının 2017-ci ildə başqa şəxslə qeyri-rəsmi nikaha girərək mübahisə predmeti olan evdən daimi yaşamaq məqsədi ilə həmin şəxsin evinə köçməsi, 2022-ci ilin əvvəllərinədək həmin evdə yaşaması və iddiaçının qeyri-rəsmi nikahdan da bir uşağının doğulması işin mübahisələndirilməyən hallarıdır.

45. İş materiallarına əlavə olunmuş mübahisə predmetinə aid olan fərdi yaşayış evinə dair 1987-ci ildə tərtib edilmiş Texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Oğuz (keçmiş Vartaşen) rayon Qarabaldır kəndində 700 kv.m (faktiki 1620 kv.m) həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi vardır.

46. İş materiallarına əlavə edimiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarışdan görünür ki, Cavabdeh 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 301 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüquqlarıı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

47. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 08 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilir ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən qeydiyyata alınmış fərdi yaşayış evinin Cavabdeh adına rəsmiləşdirilməsinə əsas oktyabr 1987-ci il tarixli Texniki pasport olmuşdur.

48. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Oğuz rayon Dövlət Arxivində saxlanılan, Oğuz rayonu Qarabaldır kəndi üzrə 2006-2010cu illərə aid təsərrüfatbaşına kitabının müvafiq səhifəsinin surətindən müəyyən edilir ki, iddiaçı əri X4 və azyaşlı uşağı X3 ilə birlikdə Oğuz rayonu Qarabaldır kəndində cavabdehin ailə başçısı olaraq qeyd edildiyi təsərrüfatda qeydiyyata alınmışdır. X4 xx.xx.2010-cu il tarixdə vəfat etməsi səbəbindən təsərrüfatdan çıxarılmış və “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin ona aid sütununda adının üzərindən çarpaz xətt çəkilmişdir.

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. 50.Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı və onun azyaşlı övladı isə mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan Cavabdeh qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir.

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 27 sentyabr 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyəthüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər.

52. Qeyd edilən qərarda həmçinin göstərmişdir ki, mənzilə dair şikayətçiyə orderin verilməsindən ibarət hərəkət elə bir hərəkətdir ki, bu hərəkətin nəticəsi olaraq şikayətçi mənzilin mülkiyyətçisi hesab edilməlidir, çünki bu order əsasında şikayətçi ilə səlahiyyətli orqan arasında mənzilə dair “sosial kirayə müqaviləsi” bağlanıla bilər ki, həmin müqaviləyə və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərə əməl edərək şikayətçi mənzili pulsuz olaraq özəlləşdirə bilərdi.

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlar” sayılır və mülkiyyət kimi qiymətlədirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

54. Yuxarıda qeyd olunan beynəlxalq və ölkə daxili hüquq normalarının tələblərinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarlarında təsbit edilmiş hüququ mövqeyinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, İddiaçı mübahisəli mənzilə köçən zaman mənzil cavabdeh Sabir İbrahiomovun mülkiyyətində olan əmlak hesab edilirdi. Çünki, həmin vaxt cavabdehin mübahisəli ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, cavabdeh “qanuni gözləntiyə” malik olan şəxs olmuşdur.

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı və onun azyaşlı uşağının mübahisəli yaşayış evinə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onların mübahisəli evə köçürülməsi tələbləri əsassızdır. İddiaçının istinad etdiyi hallar isə əsassızdır. Belə ki, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır.

56. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

57. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair kollegiya qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.

58. Məhkəmə kolegiyası hazırkı mübahisəyə qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54 və 87-ci maddələrinin tətbiqinə dair dəlillərini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında münasibətlər 2009-cu ilin aprel ayında yaranmışdır.

59. Məhkəmə kollegiyası həmçinin, apellyasiya şikayətinin iddiaçının mübahisə predmeti olan yaşayış evinin müvəqqəti tərk etməsi ilə bağlı dəlilini də əsassız sayır. Çünki, iddiaçının yenidən ailə qurmaq niyyəti olmuş və bu məqsədlə də başqa şəxslə qeyri–rəsmi nikaha daxil olaraq həmin şəxsin evinə köçərək sonuncu ilə təxminən 5 il ərzində birgə təsərrüfat aparmışdır.

60. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

61. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

63. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

64. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

67. Ona görə də, iddiаçı İbrаhimоvа Kəmаlə Mübаriz qızı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməli, Оğuz Rayon Məhkəməsinin 08 sentyаbr 2022-ci il tarixli, 2(054)-328/2022 saylı qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiаçı İbrаhimоvа Kəmаlə Mübаriz qızı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Оğuz Rayon Məhkəməsinin 08 sentyаbr 2022-ci il tarixli, 2(054)-328/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar