Məhkəmə qərarları › İş №2(107)-147/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-147/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-147/2022 14.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-856/2021 saylı, 25.08.2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, yaşları ilə əlaqədar dişlərində problemlər olduğu üçün stamotoloqa müraciət etmək qərarına gəlmişlər və bu məqsədlə Zaqatala rayonu, Danaçı kəndinin mərkəzində diş həkimi kimi fəaliyyət göstərən, lakin sonradan təhsili və lisenziyası olmayan həkimlik fəaliyyəti ilə məşqul olduğunu bildikləri iş üzrə Cavabdeh müraciət etmişlər. Sonuncu onlara yüksək keyfiyyətli protez dişlər hazırlamaq adı ilə hər birindən ayrı-ayrılıqda 1400 (bir min dörd yüz) manat olmaqla ümumilikdə 2800 (iki min səkkiz yüz) manat pul tələb etmiş və onlar sonuncu ilə bu barədə razılaşmışlar. Bir müddət sonra Cavabdeh onlara zəng vuraraq protez dişlərin hazır olduğunu və təhvil almaq üçün fəaliyyət göstərdiyi yerə gəlmələrini bildirmişdir. Cavabdeh stamotoloji fəaliyyətlə məşğul olduğu Zaqatala rayonu, Danaçı kəndinin mərkəzində yerləşən binaya getdikləri zaman sonuncu tərəfindən hazırlanmış protez dişlərlərin vəd verdiyi materialdan hazırlanmadığını və protez qəlibinin onların ağzılarına uyğun olmadığını müəyyən etmişlər. Bu səbəbdən də Cavabdehndan pullarını geri tələb edərək, protez dişlərlərdən imtina etmişlər. Lakin, cavabdeh onlardan götürdüyü pulu geri qaytarmayacağını bildirərək, onları fəaliyyət göstərdiyi kabinetdən qovmuşdur. Bundan sonra onlar dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsələr də, Cavabdeh onları aldadaraq aldığı pulun geri qaytarılmasına nail ola bilməmişlər və onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli, 2(033)-856/2021 saylı qətnaməsi ilə (hakim V.Məmmədov) iddia təmin edilərək, Cavabdeh cəmi 2800 (iki min səkkiz yüz) manat pul vəsaitinin alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq iddiaçılara verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçıların sifarişi ilə onlara protez dişlər hazırlamağı, iddiaçılar isə cavabdehə hər biri 1400 manat olmaqla ümumilikdə 2800 manat muzd ödəməyi öhdələrinə götürmüşlər. İddiaçılar razılaşdırılmış muzdu ödəmişlər, cavabdeh də protezləri hazırlayıb iddiaçılara təhvil vermişdir. İddiaçılar isə işin keyfiyyətsiz icra olunması əsası ilə protez dişlərdən imtina etmiş və ödədikləri muzdu cavabdehdən geri tələb etmişlər, cavabdeh, imtina etdiyi üçün isə polis orqanına şikayət etmişlər. İddiaçılar protez dişlərlərin vəd verdiyi materialdan hazırlanmadığını və protez qəlibinin onların ağzılarına uyğun olmadığını müəyyən etdikləri səbəbindən cavabdehdən pullarını geri tələb edərək, protez dişlərlərdən imtina etdiklərini, lakin cavabdehin onlardan götürdüyü pulu geri qaytarmayacağını bildirərək, onları fəaliyyət göstərdiyi kabinetdən qovduğunu iddia etmişlər. Cavabdeh iddiaya etirazında iddiaçıların protez dişləri 7 ay istifadə etdikdən sonra qaytarmalarını göstərsə də, onun bu göstərdiyi Zaqatala RPŞ-də araşdırma aparılarkən verdiyi izahatı ilə təkzib edilmişdir. Belə ki, həmin vaxt cavabdeh iddiaçıların protez dişləri 1 ay istifadə etdikdən sonra ona qaytardıqlarını bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə, iddiaçıların müvafiq sübut təqdim etmədiklərini nəzərə alaraq, protez dişlərin dərhal deyil, 1 ay sonra ona qaytardıqlarına dair cavabdehin Zaqatala RPŞ-də araşdırma aparılarkən verdiyi izahatını işin hallarına uyğun sayır. Məhkəmə, eyni zamanda onların bir ay sonra protez dişlərdən imtina etmələrini, eləcə də cavabdehin pullarını qaytarmaqdan imtinada ifadə olunan hərəkətsizliyindən polis orqanına şikayət etmələrini nəzərə alaraq diş protezlərinin qüsurla düzəldildiyinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun saymışdır. Eyni zamanda, cavabdehə stamotoloji fəaliyyətlə məşğul olması üçün lisenziyanın verilməməsi də onun işin icra edildiyi dövrdə bu sahədə zəruri bilik və bacarığa malik olmadığını, diş protezlərinin qüsurla düzəldildiyini təsdiq edir. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçılara adətən istifadə edildiyi məqsədlərə yarayan diş protezləri vermədiyindən, diş protezlərinin keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğundan, bununla da iddiaçıların onlardan imtina edib və dəyərləri üzrə ödədikləri pul məbləğinin qaytarılmasını tələb etmək hüquqları yarandığından, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, keyfiyyətsiz əşyaya görə ödənilmiş cəmi 2800 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçılara verilməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 581.1, 581.2, 587.2.1, 762.1, 762.2, 752.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında göstərilən xidmət və qiymət barədə razılaşma olmuş və onlar şifahi qaydada razılığa gəlmişlər. Cavabdeh tərəfindən razılaşmada nəzərdə tutulan xidmət göstərilmiş və uzun müddət sonra heç bir əsaslı səbəb göstərilmədən verdikləri pul tələb olunmuşdur. Məhkəmə yalnız iddiaçıların iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. İddiaçıların protez dişləri sadəcə bəyənmədikləri üçün verdikləri pulu geri almaq istəklərini yerinə yetirməkdə cavabdehi borclu hesab etmişdir. Halbuki iddiaçılar sözügedən protez qəliblərinin onların ağızlarına uyğun olmaması, onların arzu etdikləri materialdan hazırlanmadığı barədə heç bir sübut təqdim etməmişdir. İddiaçılar onlara təqdim olunan və uzun müddət istifadə etdikləri protezin keyfiyyətsiz və ya qüsurlu olmasına dair heç bir sübut təqdim etmədikləri halda məhkəmə onların tələbini məqbul hesab etmişdir. Hansı ki, göstərilən maddənin məzmumu məsələyə aydın şəkildə izah verir. İş materiallarında iddiaçıların təqdim etdiyi heç bir sübut yoxdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçıların irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada ekspertiza təyin edilməli və müvafiq rəy alındıqdan sonra qərar qəbul etməli idi. İddiaçılar sözügedən protez qəliblərinin onların ağzına uyğun gəlməməsini göstərməsi məhkəmədə tələbin əsaslı olması haqqında əminlik yaratmamalı idi. Əvvəlki bənddə qeyd edildiyi kimi məhkəmə iddiaçıların onlara düzəldilən protezi bəyənmədikləri üçün pullarını geri istədiyini müəyyən etmişdir. Lakin müəyyən edilən bu halın nə ilə, hansı mötəbər sübutla öz təsdiqini tapması sübuta yetirilməmişdir. Məhkəmə isə sadəcə iddiaçıların göstərdikləri ilə kifayətlənmiş və müvafiq araşdırma aparmamışdır. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qətnamədə istər maddi istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Sübutetmə vəzifəsi həm MPM-in tələbləri baxımından, bu işdə də xüsusilə Mülki Məcəllənin 1132-ci maddəsinin tələbinə görə (Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur) iddiaçının üzərinə qoyulmuşdur. Hazırda apellyasiya instansiyasına bəzi sübutlar-cavabdehin diplomu, şəxsi tibbi kitabçanın surəti, soyadın dəyişdirilməsi haqqında şəhadətnamə təqdim olunur. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh "xxxx" MMC-də müalicədə olduğundan (Müalicə kitabçası əlavə edilir) həmin sübutları əldə edib məhkəməyə təqdim edə bilməmişdir. Hazırda apellyasiya instansiyasına bəzi sübutlar-cavabdehin diplomu, şəxsi tibbi kitabçanın surəti, soyadın dəyişdirilməsi haqqında şəhadətnamə təqdim olunur. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh "xxxx" MMC-də müalicədə olduğundan (Müalicə kitabçası əlavə edilir) həmin sübutları əldə edib məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən Zaqatala Rayon Məhkəməsinin 2(033)-856/2021 saylı, 25.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbi əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 856/2021 saylı, 25.08.2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-856/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-856/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıların sifarişi ilə onlara protez dişlər hazırlamağı, iddiaçılar isə cavabdehə hər biri 1400 manat olmaqla ümumilikdə 2800 manat pul ödəməyi öhdələrinə götürmüşlər. İddiaçılar razılaşdırılmış məbləği ödəmişlər, cavabdeh də protezləri hazırlayıb iddiaçılara təhvil vermişdir. İddiaçılar isə işin keyfiyyətsiz icra olunması əsası ilə protez dişlərdən imtina etmiş və ödədikləri muzdu cavabdehdən geri tələb etmişlər, cavabdeh, imtina etdiyi üçün isə polis orqanına şikayət etmişlər. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru X6 cinayət işi başlanmasının rədd edilməsi haqqında 03 may 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı1 və İddiaçı2 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Cavabdeh birinci instansiya məhkəməsindən apellyasiya şikayəti vermişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçılar sözügedən protez qəliblərinin onların ağızlarına uyğun olmaması, onların arzu etdikləri materialdan hazırlanmadığı barədə heç bir sübut təqdim etməmişdir. İş materiallarında iddiaçıların təqdim etdiyi heç bir sübut yoxdur. Əvvəlki bənddə qeyd edildiyi kimi məhkəmə iddiaçıların onlara düzəldilən protezi bəyənmədikləri üçün pullarını geri istədiyini müəyyən etmişdir. Lakin müəyyən edilən bu halın nə ilə, hansı mötəbər sübutla öz təsdiqini tapması sübuta yetirilməmişdir. Məhkəmə isə sadəcə iddiaçıların göstərdikləri ilə kifayətlənmiş və müvafiq araşdırma aparmamışdır. Məhkəmə kollegiyası apellyatorun dəlilləri ilə razılaşaraq bildirir ki, apellyasiya şikayətinə əlavə edilmiş diplomun surətindən görünür ki, cavabdeh Əliyeva X7 Dövlət Tibb Akademiyasının həkim-stomatoloq fakültəsini bitirmişdir. Həmçinin iş materiallarında olan Şəxsi Tibbi kitabçadan X1 kimi fəaliyyət göstərmişdir. Dağıstan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 002110 saylı sertifikatından görünür ki, X3 Stomatologiya Müəssisəsində təcrübə keçmişdir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X2 dəyişdirilərək Əliyeva olmuşdur. Məhkəmə kollegiyası həmçinin işin obyektiv araşdırılması məqsədilə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən qərardad iddiaçılar ekspertizada iştirak etmədiklərindən icra olunmadan geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə qanunun mənasından görünür ki, iddiaçılar təyin edilmiş ekspertiza üzrə müayinəyə getməməklə cavabdeh tərəfindən irəli sürülmüş arqumetləri qəbul etmiş sayılır. İddiaçılar məhkəmə kollegiyasına iddiaları sübut edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli, 2(033)-856/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-856/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar