Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1473/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, İddiaçı Tofiq oğlunun və Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Tofiq oğlunun Cavabdeh MMC-nə qarşı işə bərpa tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(051)-766/2020 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Tofiq oğlu Cavabdeh MMC-nə qarşı onunla əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC 14/K/19/KŞ saylı xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun Cavabdeh MMC-də aparıcı mühəndis işinə bərpa edilməsi və ona xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi buraxılmış iş günləri üzrə əmək haqqı ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək onunla əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC 14/K/19/KŞ saylı xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun Cavabdeh MMC-də aparıcı mühəndis işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(051)-766/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC-nin 14/K/19/KŞ №-li xx xxxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı Tofiq oğlunun Cavabdeh MMC-nə aparıcı mühəndis işinə bərpa olunması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ali təhsillidir. 1991-ci ildən əmək fəaliyyətinə başlamışdır. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. Müharibədən qayıtdıqdan sonra da əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2001-ci ildən X9 Şəbəkə Müəssisəsində işə qəbul edilmişdir. Həmin müəssisədə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2007-ci ildən Mingəçevir YGEŞ MMC-də 2 aylıq sınaq müddəti ilə aparıcı mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2008-ci ildə Xİ ödəniş dərəcəli aparıcı mühəndis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2010-cu ildə “Mingəçevir YGEŞ MMC-nin adı dəyişdirilərək “xxxxxxxxxxxxxx” MMC adlandırılmışdır. Struktur dəyişikliyi ilə əlaqədar İİ dərəcəli aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. 05.02.202-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Əmrlə tanış olduqda ona məlum olmuşdur ki, onun işdən çıxarılması heç bir qanuna əsaslanmır. Ona görə də iddianın təmin olunmasını, Cavabdeh MMC-nin 14/K/19/KŞ saylı xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-də aparıcı mühəndis işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi xx xxx 2020-ci il tаrixli, 2(051)-766/2020 nömrəli qətnaməni çıxararkən maddi və prossesual hüquq normalarını pozmuş, mülki işdə olan maddi sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Mingəçevir Şəhər Məhkəməsi hazırkı qənaətə gələrkən qərarında araşdırmalı olan məqamlara və maddi sübutlara diqqət yetirməmiş, iş üzrə tələb olunan sübutlar təqdim edilməsinə baxmayaraq onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə maddi hüquq normasını düzgün tədbiq etməmişdir. Belə ki İddiaçı “xxxxxxxxxxxxxx”MMC-nin direktorunun xx xxxx 2007-ci il tarixli 43/KŞ №-li əmri ilə 2 ay sınaq müddəti ilə Cəmiyyətin X7 X2 və Təmiri Xidmətinə aparıcı mühəndis vəzifəsinə qəbul edilmiş və onunla xx xxxx 2007-ci il tarixli 142№-li əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin davam etdiyi müddətdə İddiaçı Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və o, bu barədə “xxxxxxxxxxxxxx” MMC-nin rəhbərliyinə məlumat verməmişdir. Bundan sonra, “xxxxxxxxxxxxxx” MMC-yə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli 70/3.3 saylı məktubu daxil olmuş və məlum olmuşdur ki, İddiaçı yuxarıda qeyd olunan məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmlə İddiaçı üzərinə müəyyən vəzifələr, o cümlədən yaşadığı ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan növbəti gün səhər 07:00-dək tərk etməmək və sair qoyulmuşdur. Lakin, qeyd etmək istəyir ki, İddiaçı tutduğu vəzifə təlimatına, yəni “X7 X2 və Təmiri Xidmətinin aparıcı mühəndisinin” Vəzifə Təlimatına görə o, digər vəzifələrlə bərabər EVXdə baş vermiş qəzaların və qüsurların sutkanın istənilən zamanında aradan qaldırılmasında iştirak etmək, qəzadan sonra EVX-yə rəhbər baxış keçirmək vəzifəsini daşıyır. “xxxxxxxxxxxxxx” MMC-nin xidməti ərazisi isə təkcə Mingəçevir şəhərinin ərazisi ilə məhdudlaşmır və bir neçə digər rayonların da ərazisini əhatə etməklə həmin ərazilərə xidmət göstərilir. Belə ki, “xxxxxxxxxxxxxx” MMC-nin balansında 14 rayonu əhatə edən 14 yarımstansiya olmaqla 500 kv-luq, 330 kv-luq, 220 kv-luq, 110 kv-luq uzunluğu 1700 kmdən çox olan 40 ədəd elektrik verilişi xətti var və həmin xəttlər vasitəsi ilə həmin ərazilər elektrik enerjisi ilə təmin edilir. Bu xətlərdə sutkanın istənilən vaxtında qəza və qüsurlar baş verərsə, aparıcı mühəndis tabeliyində olan işçilərlə birlikdə həmin xətlərə xidmət göstərməyə borcludur. Bu baxımdan barəsində azadlığın məhdudlaşdırılması cəzası olan aparıcı mühəndis İddiaçı təlimata uyğun olaraq öz vəzifə funksiyalarını, vəzifə borcunu icra etməsi mümkün deyil. Odur ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin məktubu və Qobustan Rayon Məhkəməsinin hökmü əsas götürülərək İddiaçı öz vəzifə borcunu icra edə bilməməsi səbəbindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xx xxxxxx 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək, sonda Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020ci il tаrixli, 2(051)-766/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Tofiq oğlu birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(051)- 766/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Cavabdeh MMC-nin 14 /K/19/KŞ №-li xx xxxxxx 2020-ci il tarixli əmrindən görünür ki, Məmmədyarov X10 rayon məhkəməsinin 1(026)-16/2019 №-li xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə əlaqədar vəzifə borcunu icra edə bilmədiyinə görə xx xxxxxx 2020-cu il tarixdən Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. AN 098648 nömrəli diplomun surətindən görünür ki, İddiaçı Tofiq oğluna 2007-ci ildə X1 T040000-istilik energetikası, maşın və qurğular, T040100-istilik elektrik stansiyaları ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. 1700708 NT-1 №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 2001-ci ildən Mingəçevir YGEŞ-də (hazırda “xxxxxxxxxxxxxx” MMC-də) müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx xxx 2020-ci il tarixli 166 №-li arayışından görünür ki, İddiaçı Tofiq oğlu Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. Azərbaycan Respublikası Dövlət X12 Mingəçevir şəhər şöbəsinin xx xxx 2020-ci il tarixli **********2 №-li arayışından görünür ki, Məmmədyarov X11 veteranı olduğuna görə sosial müavinət alır və aylıq müavinətinin miqdarı 80 manatdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçıla əmək müqaviləsinə cavabdehin xx xxxxxx 2020-ci il tarixli əmri ilə iddiaçı Qobustan rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyinə, vəzifə borcunu icra edə bilməməsinə görə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində; qanununverciliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını, işçilərin və işə götürənlərin hüquqlarının pozulmasının qarçısının alınmasını, işçilərin və işəgötürünlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları pronsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin edilməlidilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbacan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə görə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müaviləsi işəgötürən tərəfindən ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əmək müqaviləsinin ləğvi üçün əsas kimi iddiaçının məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və vəzifə borcunu icra edə bilməməsi göstərilmişdir. Məhkəmənin hökmü ilə müəyyən müddətdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsas deyildir. İddaiçının hər hansı bir vəzifə borcunu, əmək funksiyasının yerinə yetirməməsi isə iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında müəyyən edilmədi. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər. a) müəssisə ləğv edildikdə; a) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c)peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; b) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; c) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər qeyrimüəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Çünki, cаvаbdeh Əmək Məcəlləsinin bir sıra imperativ tələblərinə riayət etməmiş və həmin Məcəllə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Şikаyətdə isə bu tələblərə ümumiyyətlə riаyət оlunmаsı bаrədə hər hаnsı bir fikir bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(051)-766/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1473/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1473/2020
06.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver