Məhkəmə qərarları › İş №2(107)-1481/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1481/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1481/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı “şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə (Açar sözlər: iddia- mənzildən çıxarılma, şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı qızının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-178/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı Vyaşevlav qızı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38, mənzil 38-dən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, X1 adından 06.12.2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda cavabdeh İddiaçı adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 1 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233nömrəli, 01.03.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçının atası X2 ilə anası X5 1985ci il tarixdə rəsmi nikaha daxil olmaqla nikah bağlamışlar. Valideynlərinin rəsmi nikahında ondan başqa bir bacısı da anadan olmuşdur. Atasının mülkiyyətində olan Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, Ev 38, mənzil 38 ünvanında yerləşən mənzildə anadan olan andan yaşamışdır. Atası ilə anası arasında bağlanılmış nikah rəsmi olaraq 27.06.2008- ci il tarixində pozulmuşdur. Atası 06.12.2012-ci il tarixdə mülkiyyətçisi olduğu Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, Ev 38, mənzil 38 ünvanında yerləşən mənzili ona vəsiyyət etmişdir. Hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01.03.2017-ci il tarixli çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Atası 27.06.2016 - cı il tarixdə vəfat etmişdir. Cavabdehlə iddiaçının atası 03.12.2008-ci il tarixdə ailə həyatı qurmuş, lakin onların övladları olmamışdır. Cavabdehin hazırda iddiaçının mülkiyyətində yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdeh iddiaçıya məxsus mənzil üzərində rahat şəkildə sərəncam verə bilmir, iddiaçının mülkiyyətinə verilmiş əmlakdan sərbəst şəkildə istifadə etmək niyyətindədir. Buna görə də Cavabdeh Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 38, mənzil 38-dən çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddanı belə əsasladırmışdır ki, mərhum X2 ilə 03 dekabr 2008-ci il tarixdə rəsmi nikah bağlamışlar. Mərhum X1 yaşadığı ünvan 1 ünvanda yerləşən mənzildə yaşayaraq ümumi təsərrüfatı idarə etmiş və aralarında heç bir qeyd şərt olmamışdır. Birgə nigah dövründə ümumi birgə vəsaitləri hesabına ünvan 1 ünvanda yerləşən mənzili özələşdirmişlər. Həmçinin birgə nigah dövründə ünvan 1 ünvanda yerləşən mənzilin divarları suvanmış, mənzilin mətbəxi təmir olunub, hamam tikilib, otaqlar təmir olunub, mənzilin elektrik naqilləri sökülüb yenisi ilə əvəz edilmiş, kanalizasiya sistemi, su xətti çəkilmiş və mənzildə yenidən qurma işləri aparılmışdır. Bundan əlavə X2 vəfat etdikdən sonra həmin mənzildə yaşamış, mənzilin komunal xərcləri (su, qaz və elektrik pulu) onun tərəfindən ödənilmişdir. Mərhum əri X1 Bakı şəhərində yaşayan qızları Vyaçeslav vəfat etdikdən sonra onunla əlaqəni tamamilə kəsmiş, miras qalmış mənzildən istifadə etməmişlər. İddiaçı ünvan 4 ünvanda yerləşən mənzilə onun xəbəri olmadan Göyçay rayon Notariat Ofisindən vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzilə dair adına DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən çıxarış verilmişdir. Halbu ki, ərindən miras qalmış qeyd edilən mənzil onun tərəfindən qəbul edilməklə idarə edilmiş, miras əmlakı qəbul etmişdir. İddiaçı isə 4 ay 28 gün sonra notariat kontoruna vəsiyyətnamə üzrə miras əmlakı qəbul etmək üçün ərizə ilə müraciət etmişdir. Hesab edir ki, İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 4 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233-nömrəli, 01.03.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Onunla İddiaçı arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməli idi. Belə ki, Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına qanunsuz olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Mülki Məcəllənin 1291-ci maddəsinin tələbi pozulmuş, İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən onun mirası qəbul edib-etməməsi araşdırılmamış, onunla miras qoyan arasında nikah münasibətlərinin olduğuna heç bir əhəmiyyət verilməmişdir. Bununla da miras əmlakdan pay almaq hüququ məhdudlaşdırılmışdır. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 2(046)-178/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim İ. Fəttahov) ilkin iddia rədd edilmiş, İddiaçı Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38, mənzil 38-də yaşayan Cavabdeh çıxarılması barədə tələbinin təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsi X1 adından 06.12.2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda cavabdeh İddiaçı adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 1 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233-nömrəli, 01.03.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, bu Qətnamənin Göyçay rayon notariat kontorunda cavabdeh İddiaçı adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 1 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 0995233-nömrəli, 01.03.2017-ci il tarixli çıxarışın ləğv edilməsi üçün əsas olması və qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilkin iddia üzrə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xüsusi mülkiyyətində olan Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, 38 saylı mənzildən ilkin iddia üzrə Cavabdeh çıxarılmasını tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mərhum X2 ilə nikah bağlayaraq ailə qurmuş ünvan 4-də birgə yaşadığını, X2 vəfat etdikdən sonra miras əmlak olan həmin mənzili faktiki idarə edərək qəbul etmiş, Göyçay rayon Notariat kontorunda qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən onun miras əmlakda yaşamaqla faktiki olaraq həmin əmlakı idarə etməklə qəbul etdiyi nəzərə alınmamış, buna görə də vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin mənzilə dair İddiaçı adına verilmiş 01.03.2017-ci il tarixdə RX ******* çıxarışı ləğv edilməlidir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mərhum X2 ilə Cavabdeh nikah bağlayaraq ailə qurmuş, onlar mərhum X1 mülkiyyətində olan ünvan 4- də yaşamışlar. Cavabdeh X1 birinci növbəli vərəsəsi olaraq, X2 vəfat etdikdən sonra miras qalmış ünvan 4-də yaşamaqla faktiki idarə etmiş, həmin mənzilə aid komunal xərcləri ödəmiş, həmin mənzilə faktiki olaraq yiyələnmişdir. Beləliklə Cavabdeh qeyd edilən mənzili faktiki idarə etməklə miras əmlakı qəbul etdiyinin şəksiz nümayiş etmişdir. Buna görə də ilkin iddia təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə bildirmişdir ki, Cavabdeh mərhum əri X2 vəfat etdikdən sonra miras qalmış Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, 38 mənzili faktiki idarə etmiş, həmin mənzildə yaşayır, mənzilə dair bütün komunal xərcləri ödəyir. Cavabdeh mərhum X1 birinci növbəli vərəsəsi olduğunu qanunun imperativliyi ilə öz əksini tapır. Mərhum X2 Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, 38 mənzili qarşılıqlı iddia üzrə cavabdeh (qızı) İddiaçı vəsiyyət etdiyini baxmayaraq Cavabdeh həmin miras əmlakdan məcburi payı vardır. İddiaçı Vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən, Cavabdeh miras qoyanla nikah münasibətlərində olduğunu, birinci növbəli vərəsə olduğu, miras əmlak olan həmin mənzildə yaşamaqla mirası faktiki qəbul etdiyi nəzərə alınmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı verilmiş Vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnaməyə əsasən DƏDXR-nin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş RX ******* nömrəli 01.03.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı, 1159.1.1-ci, 1193-cü, 1194-cü, 1243.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, Cavabdeh maraqlı şəxs Göyçay rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması barədə ərizə ilə Göyçay rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 28 avqust 2017-ci il tarixli 2(046)-2519/2017 saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38, 38 saylı mənzildən ibarət miras əmlakın ərizəçi Cavabdeh tərəfindən qəbul etmə faktının müəyyən edilməsi və həmin mənzilə dair ərizəçinin mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə barədə hazırkı mülki işə baxılarkən məlumat almış və 09 aprel 2021 -ci il tarixdə qətnamənin surətini əldə edərək hüquq və vəzifələrinə toxunan şəxs kimi 23 aprel 2021-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Hazırkı işə baxılarkən apellyasiya şikayətinin surətini nümayəndəsi hakimə təqdim etsə də, hakim hazırki iş üzrə icraatı, ərizəçi Cavabdeh maraqlı şəxs Göyçay rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması barədə işə baxılıb qurtaranadək dayandırmamışdır. Qanunun tələbinə görə Cavabdeh mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması barədə ərizəsi baxılmamış saxlanılacağı labüddür. Belə olduğu halda miras əmlakın vərəsələr arasında bölünməsi məsələsi həll edilməmiş qalacaqdır. Hesab edir ki, hakim hazırkı iş üzrə iddia tələbindən kənara çıxaraq onun vəsiyyət üzrə, cavabdehin isə məcburi payını müəyyən etməli idi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-178/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını, miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-178/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını, miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən avabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-178/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorun dəlili birinci birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılmaması, eyni zamanda miras əmlakda olan payların müəyyən edilməsi tələbidir. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 2(046)-178/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 2(046)-178/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-178/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhum X2 ilə Cavabdeh nikah bağlayaraq ailə qurmuş, onlar mərhum X1 mülkiyyətində olan ünvan 4- də yaşamışlar. Cavabdeh X1 birinci növbəli vərəsəsi olaraq, X2 vəfat etdikdən sonra miras qalmış ünvan 4də yaşamaqla faktiki idarə etmiş, həmin mənzilə aid komunal xərcləri ödəmiş, həmin mənzilə faktiki olaraq yiyələnmişdir.Cavabdeh qeyd edilən mənzili faktiki idarə etməklə miras əmlakı qəbul etdiyinin şəksiz nümayiş etmişdir. Mərhum X2 Göyçay şəhəri, U.Hacıbəyov küçəsi, ev 38, 38 mənzili qarşılıqlı iddia üzrə cavabdeh (qızı) İddiaçı vəsiyyət etmişdir. İddiaçı verilmiş Vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnaməyə əsasən DƏDXR-nin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş RX ******* nömrəli 01.03.2017-ci il tarixli çıxarış almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmıır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, Cavabdeh maraqlı şəxs Göyçay rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması barədə ərizə ilə Göyçay rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 28 avqust 2017-ci il tarixli 2(046)-2519/2017 saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38, 38 saylı mənzildən ibarət miras əmlakın ərizəçi Cavabdeh tərəfindən qəbul etmə faktının müəyyən edilməsi və həmin mənzilə dair ərizəçinin mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə barədə hazırkı mülki işə baxılarkən məlumat almış və 09 aprel 2021 -ci il tarixdə qətnamənin surətini əldə edərək hüquq və vəzifələrinə toxunan şəxs kimi 23 aprel 2021-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Hazırkı işə baxılarkən apellyasiya şikayətinin surətini nümayəndəsi məhkəməyə təqdim etsə də, məhkəmə hazırki iş üzrə icraatı, ərizəçi Cavabdeh maraqlı şəxs Göyçay rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması barədə işə baxılıb qurtaranadək dayandırmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, iş materialları və tərəflərin izahatından müəyyən edilir ki, Cavabdeh mərhum əri X1 birinci növbəli vərəsəsi olaraq, X2 vəfat etdikdən sonra miras qalmış ünvan 4-də yaşamaqla faktiki idarə etmiş, həmin mənzilə aid komunal xərcləri ödəmiş, həmin mənzilə faktiki olaraq yiyələnmişdir. Cavabdeh qeyd edilən mənzili faktiki idarə etməklə miras əmlakı qəbul etdiyinin şəksiz nümayiş etmişdir. Qnunvericiliyin tələbinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yəni kollegiya qeyd edilənlərlə diqqətə çatdırmaq istəyir ki, Göyçay Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli 2(046)-2519/2017 saylı qətnaməsinə əsasən Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38, 38 saylı mənzildən ibarət miras əmlakın ərizəçi Cavabdeh tərəfindən qəbul etmə faktının müəyyən edilməsi və həmin mənzilə dair ərizəçinin mülkiyyət hüququnun tanınması hazırkı iş baxılarkən hər hansı bir əhəmiyyətə malik deyildir. Belə ki, Cavabdeh mirası qəbul etməsi üçün ayrıca bununla bağlı məhkəməyə müraciət etməsinə lüzum yodur. Çünki o, mirası qəbul etdiyi andan artıq miras əmlakın mülkiyyətçisidir. Digər tərəfdən apelyasiya şikayətinin nəticə hissəsindən görünür ki, apelyator miras əmlakın tərəflər arasında paylara uyğun bölünməsini xahiş edir. Yəni artıq apelyator cavabdehin miras əmlak faktiki qəbul etməyi ilə razılaşır. Ona görə də iş üzrə icraatın dayandırılmaması barədə şikayətin dəlilləri əsassızdır. Bundan başqa kollegiya miras əmlakın tərəflər arasında paylara uyğun bölünməsi barədə şikayətin dəlillərinə qiymət veərək qeyd edir ki, şikayət həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəf belə bir tələblə məhkəməyə müraciət etməmişdir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı halda isə müstəsna hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün qətnamə çıxarılmışdır. Ona görə də iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-178/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-178/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar