Məhkəmə qərarları › İş №2(107)-1488/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1488/2021

10.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1488/2021 10.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Zərdab rayon Məlikumudlu Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 oğu və Cavabdeh2 qarşı “cavabdehlərin torpaq sahəsindən məcburi olaraq çıxarılması və inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(035)-129/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı Zərdab rayonu Məlikumudlu Bələdiyyəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən Məlikumudlu kəndi ərazisindəki bələdiyyə fonduna aid “Ferma sahəsi” adlanan yerdən zəbt etdikləri əkinə yararlı 1.2 ha torpaq sahəsindən məcburi olaraq çıxarılmalarına və onların zəbt etdikləri həmin sahədə (ölçüləri 7x4m, 4x2m, 20m x 5m, 7 x4m) ümumi sahəsi 164 kv.m müvəqqəti inşa edilmiş tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 12 aprel 2021-ci il tarixli, 2(035)- 129/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Mehdiyev X1 ərazisində bələdiyyə fonduna aid “Ferma sahəsi” adlanan ərazidə zəbt etdikləri 1,2 ha torpaq sahəsindən çıxarılması və həmin sahədə inşa etdikləri (ölçüləri 7 x 4 m, 4 x 2 m, 20 m x 5 m, 7 x 4m) ümumi sahəsi 164 kv.m olan tikililərin cavabdehlər tərəfindən və ya onların hesabına sökülməsi, iş üzrə ödənilməli olan 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət mədaxilinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Zərdab rayonun Məlikumudlu kəndi ərazisində “Ferma sahəsi” adlanan ərazidə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bir neçə ildir ki, qanunsuz olaraq zəbt edərək orada qamışdan müvəqqəti tikililər tikmişlər. dəfələrlə cavabdehlərdən həmin ərazinin boşaldılması tələb edilsədə cavabdehlər sözügedən ərazidən çıxamaışlar. Bələdiyyə torpağının cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunması barədə Zərdab Rayon İcra Hakimiyyətinə məlumat verilmişdir. 21.12.2020-ci il tarixdə bələdiyyə sədrinin, icra hakimiyyəti aparatının şöbə müdiri Ramiz Məmmədovun, RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri Sahid Əhmədovun, Məlikumudlu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Ağaverdi Novruzovun, Zərdab rayon PŞ-nin İTB-nin polis sahə rəisi əvəzi Sadiq Rəhimovun və hazırki Cavabdeh2 iştirakı ilə sözügedən əraziyə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, cavabdehlər Məlikumudlu kəndi ərazisindəki bələdiyyə fonduna aid olan “Ferma sahəsi” adlanan ərazidə 1.2 ha torpaq sahəsini zəbt edərək orada 7 x4m, 4 x 2m, 20m x 5m, 7 x 4m ölçüdə qamışdan müvəqqəti tikililər inşa etmişlər. Həm bələdiyyənin, həm də icra hakimiyyətinin əməkdaşları tərəfindən cavabdehlərə ərazidən çıxmaları və orada inşa edilmiş tikililərinin sökülməsi barədə xəbərdarlıq olunsa da, cavabdehlər tərəfindən ərazi boşaldılmamış və tikililər sökülməmişdir. Bununla da cavabdehlər sözügedən torpaq sahəsini qanunsuz olaraq öz istifadələrində saxlamaqla bələdiyyənin torpaq üzərində qanuni əsaslarla qorunan mülkiyyət hüquqlarını pozmuşlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərdab rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli № 2(035)-129/2021 saylı qətnaməsi əsassız və qanunsuz olduğu üçün ləğv edilməli iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmalıdırr. Zərdab rayonu Məliumııdlu kəndi ərazisində "Ferma sahəsi" adlanan yerdə olan 1.2 ha torpaq sahəsinin iddiaçı Zərdab rayonu Məlikumudlu Bələdiyyəsinin mülkiyyətində olmasına dair heç bir hüququ sənəd yoxdur. Həmin torpaq sahəsi dövlət mülkiyyətidir. Buna görə də zərurət var idi ki iş üzrə məhkəmə ekspertizası keçirilsin. Ancaq birinci instansiya məhkəməsi bunu təmin etməmişdir. Zərdab Rayon Məhkəməsi Məlikumudlu Bələdiyyəsinin əsassız iddiasını təmin edilməsinə dair qanunsuz qətnamə çıxarmışdır. Birinci məhkəmə instansiyası birtərəfli məhkəmə araşdırması aparıb əsassız və qanunsuz qətnamə çıxartmışdır. Hansı ki, işin hallarının obyektiv araşdırılması üçün həmin sözügedən torpağın kimin mülkiyyətində olması araşdırılmalı idi. Qeyd edilənlərə əsasən Zərdab rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(035)- 129/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 21.12.2020-ci il tarixdə Zərdab rayonu Məlikumudlu kəndində Zərdab RİHB Aparatının şöbə müdiri R.Məmmədov, Zərdab RİHB Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri S.Əhmədov, Zərdab RİHB-nin Məlikumudlu kənd inzibati ərazi dairəsi üzrəümayəndəsi A.Novruzov, Məlikumudlu Bələdiyyəsinin sədri M.Abdurahmanova, Zərdab rayon PŞ-nin İTB-nin polis sahə rəisi əvəzi S. Rəhimov, Məlikumudlu kənd sakini Cavabdeh2 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Məlikmudlu kənd sakini Cavabdeh2 “Ferma sahəsi” adlanan, Məlikmudlu Bələdiyyə fonduna aid olan əkinə yararlı torpaq sahəsini (1.2 ha hissəsini) zəbt edərək qanunsuz olaraq ölçüləri (7 x4m), (4 x2m), (20 x5m), (7 x 4m) olan müvəqqəti tikililər inşa etmişdir. Qanunsuz tikililərin ümumi sahəsi 164 kv.m təşkil edir. Cavabdeh2 qanunsuz inşa etdiyi tikililərin sökülməsi barədə xəbərdarlıq edilmişdir. (Cavabdeh2 aktı imzalamaqdan imtina etmişdir) Hadisə yerinin fotoşəkillərindən görünür ki, ərazidə qamış materialdan tikilmiş dörd ədəd müxtəlif tiklilər vardır. Birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdehlər fotoşəkildə əks olunan tikililərin onlara məxsus iddia olunan tikililər olduğunu təsdiq etmişlər. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, cavabdehlər Zərdab rayonun Məlikumudlu kəndi ərazisində “Ferma sahəsi” adlanan ərazidə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini (iddiaya görə 1.2 ha, cavabdehlərin bildirməsinə görə 0.12-0.15 ha) qanunsuz zəbt edərək orada qamışdan özlərinin yaşamaları, qoyun-quzularının və toyuq-quşlarının saxlanması üçün dörd ədəd müvəqqəti tiklilər tikmişlər. Cavabdehlərdən həmin ərazinin boşaldılması tələb edilsə də, onlar sözügedən ərazidən çıxmamış, tikliləri sökməmişlər. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin dövlətə məxsus olduğunu, həmçinin birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza keçirilmədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir. İkinçisi, cavabdeh özü birinci instansiya məhkəməsində ifadə verərkən həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olmamasını mübahisələndirməmiş, əksinə həmin ərazinin bələdiyyə torpağı olmasını etiraf etməklə, müvəqqəti, yəni özünə məxsus olan 0.12 ha torpaq sahəsində ev tikildikdən sonra çıxağcaqlarını bildirmişdir. Göründüyü kimi cavabdeh özü mübahisəli torpaq sahəsinin onlara məxsus olmadığını bildirməklə, bələdiyyəyə məxsus torpaq sahəsində məskunlaşdığını inkar etməmişdir. Üçüncüsü, iş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə bələdiyyəyə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçı tərəfin qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Dördüncüsü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Beşincisi, cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyini bildirsə də, müqayisəli tədqiqat üçün torpaq sahəsi ilə bağlı hər hansı rəsmi sənəd təqdim etməmiş, mübahisəli ərazi ilə bağlı özünün subyektiv hüququnun olmasını təsdiq edə bilməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(035)-129/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar