Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-149/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və X4 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X5, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 2(051)-1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə, iddianın təmin edilməsi, iddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılması və mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikasının Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 15 avqust 2013-ci il tarixli “230” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzviləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli yaşayış kompleksində bina 5-də yerləşən 50 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər 1 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə Azərişıq və Azərsudan abonentin sərfiya göstəriciləri və akt əlavə olunur). Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 50 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Həmin qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-249/2023 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)- 249/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2023cü il tarixli, 2(102)-2846/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-249/2023 nömrəli iş üzrə 02 mart 2023-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdrılması məqsədilə Mingəçevir şəhərində 504 mənzilli yaşayış kompleksi tikilərək köçkünlərə verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il tarixli 65 saylı qərarı ilə “Məcburi Köçkünlərin müvəqqəti yerləşdrilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin yaşayış sahələrinin verilməsi Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin qeyd edilən qərarı ilə təsdiq edilmiş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, yəni ağır vəziyyətdə məskunlaşmış köçkünlərə belə yaşayış sahələrinin verilməsini həyata keçirmişdir. Qeyd edilən yaşayış sahəsi onlara verilənədək Mingəçevir şəhərində yerləşən 6 saylı məktəb binasında ağır vəziyyətdə yaşayırdıq. Ağır vəziyyətdə yaşadığımız nəzərə alınaraq Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 15 avqust 2013-cü il tarixli 230 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən onlara Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli yaşayış kompleksində bina 5 də yerləşən 50 nömrəli 3 otaqlı mənzil verilmişdir. Böyük oğlu Cavabdeh4 artıq ailə qurub və bir övladı da dünyaya gəlib və ailəsi ilə birlikdə oda qeyd edilən mənzildə onlarla birlikdə yaşayır. Ümumiyyətlə bütün ailənin yeganə yaşayış yeri qeyd edilən yaşayış sahəsidir. Məhkəmə tərəfindən araşdırılsa məlum olar ki, bütün ailənin yeganə yaşayış yeri qeyd edilən mənzildir və onların yaşamaq üçün başqa yerləri yoxdur. Qərar icra olunacağı halda bütün ailə küçədə qalmalı olacaq. Onların kirayədə yaşamağa belə gücləri yoxdur. Qətnamədə qeyd edilir ki, Mingəçevir şəhəri 1 saylı Mənzil Komunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Qeyd edir ki, bu tamamilə əsassız bir fikirdir. Belə ki, onların evinə həqiqətən baxış keçirilsə, aydın olardı ki, mənzildə həqiqətən də yaşayış var. Sadəcə olaraq məhkəmə xx.xx.2022-ci il tarixdə keçrilərkən məhkəmənin yeri və vaxtı barədə bildiriş onlara vaxtında verilməmiş və poçtalyon tərəfindən həmin gün çatdırılmışdır. Bu səbəbdən məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumatımız olmamışdır. Bu barədə Azərpoçtdan onlara təqdim edilmiş zərfin surətini də şikayətə əlavə etmiş və zərfin surətinə baxarkən görünür ki, onlara məhkəmənin keçirildiyi gün, yəni günün ikinci yarısı çatdırılmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixlərdən əvvəl keçrilən digər iki məhkəmə iclasında onlar iştirak etmişlər. xx.xx.2022-ci il tarixdə gəlini X1 şəhər xəstəxanasında uşaq dünyaya gətirdiyi üçün onlar evdə olmamışlar. Belə bir vaxtda birinci instansiya məhkəməsinin hakimi evə baxış keçirmək üçün gəlmiş və evdə kimsə olmadığından qapını açan olmamış və hakimdə belə nəticəyə gəlmişdir ki, evdə yaşayış yoxdur. Ancaq qeyd etdiyi kimi həmin gün gəlini xəstəxanada olduğundan evdə heç kəs olmamışdır. Bununla bağlı uşağın doğum haqqında arayışını da şikayətə əlavə etmişdir. O arvadı ilə birlikdə fermada başqasının malqarasına baxaraq aylıq əmək haqqı alırıq və evə gecə saatlarında gəlirik. Oğlu Cavabdeh4 hazırda müddətli həqiqi hərbi xidmətdədir. Yəni bildirmək istəyir ki, evdə yaşayış var. Gündüzlər isə hamı işdə olduğundan evdə heç kim olmur. Aktın tərtib olunma tarixinə baxsaq yəqin ki, aydın olar ki, akt onlar evdə olmadığı saatlarda tərtib edilmiş və ətraflı araşdırma aparılmamışdır. Hesab edirlər ki, məhkəmə onların başqa yaşayış sahəsinin olmasını və adlarına hər hansı mənzil olub olmamsı ilə bağlı məsələni araşdırmalı idi. Bu qərarı çıxararkən yeddi nəfərdən ibarət böyük bir ailənin evi olmadığı halda harada yaşaya biləcəyi məsələsini də nəzərdən keçirmək lazım idi. Qeyd edilən mənzil onlara verilərkən müvafiq dövlət qurumu tərəfindən ailənin yaşayış vəziyyəti yoxlanılmış və ağır vəziyyətdə yaşadığıları üçün onlara məcburi köçkün kimi ev verilmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsi baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X9 bildirdi ki, həmin mənzilə 5 dəfə baxış keçirilməsinə baxmayaraq onları evdə tapa bilməmişlər. Bu barədə onlar akt da tərtib etmişlər, eyni zamanda qapıya xəbərdarlıqları da qoyub getmişlər. Cavabdehlər Mingəçevirdə təsərrüfatla məşğul olurlar. Evə gəlib getsələr də, mütəmadi yaşamırdılar. Lakin bir ildən artıqdır ki, həmin mənzildə yaşayış var. Cavabdeh4 öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, onlar təsərrüfatla məşğuldurlar. Bundan başqa həmin vaxtlarda onun gəlini tələbə olduğundan o dərsdə, oğlu isə işdə olurdu. Buna görə də Departamentin nümayəndələri gəldikləri zaman evdə heç kim olmamışdır. Onlar əvvəlcə hər gün gəlib gedirdilər. Lakin sonradan oğlunu evləndirmiş və oğlu öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Onların yaşamağa başqa evləri yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Cavabdeh2 ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh4 bildirdi ki, o ailə qurduqdan sonra ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüququ məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli, 2(102)-2846/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-249/2023 nömrəli iş üzrə 02 mart 2023-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2023cü il tarixli, 2(102)-2846/2023 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İlk olaraq, hazırkı iddianın qanuni əsasını Mənzil Məcəlləsinin 100.3-cü maddəsi (kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə ... xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) təşkil edir. Həmin normanın dispozosiya şərtlərinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilməsi üçün kirayə müqaviləsi üzrə vəzifələr kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən yerinə yetirilməməlidir. İddiaçı xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2013-cü il tarixli kirayə müqaviləsinin 5.4-cü bəndi ilə nəzərdə tutulan belə vəzifələr kimi (kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) Müqavilənin 5.7.1 və 5.7.2-ci bəndlərinə (kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) istinad edir. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının qeyd olunan arqumentlərini qəbul edərək, qətnaməsində göstərmişdir ki, “... iş materiallarında olan protokoldan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilmişdir. Yerli baxış zamanı cavabdehlərin evdə olmaması məhkəmənin yerli baxış keçirməsindən imtina etməsi üçün əsas deyildir. Əslində məhkəmənin niyyəti də baxış zamanı cavabdehlərin həmin mənzildə yaşayıb yaşamamalarını müəyyən etmək olmuşdur. Ancaq yerli baxış zamanı cavabdehlərin həmin mənzildə yaşamadığı müəyyən olmuşdur.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə araşdırması natamam aparılmış, bunun nəticəsində də mübahisənin maddihüquqi əsası kimi çıxış edən qanunvericilik normaları işə düzgün tətbiq edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilən gün ailənin gəlininin doğum evində uşaq dünyaya gətirməsi və cavabdehlərin həmin gün mənzildə olmamalarının səbəbinin bu faktla əlaqələndirilməsi məntiqdən və ağlabatanlıqdan uzaq deyil. Çünki, ailə dəyərləri onun hər bir üzvünün qarşılıqlı səyi ilə bərqərar olur. Digər tərəfdən, cavabdehlərin yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə və həm də üzrlü səbəb olmadan yaşamamaları, habelə, onların yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etməmələri, yəni başqa yaşayış sahəsinə malik olmaları halları birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməmiş, bununla bağlı hər hansı mötəbər sübuta istinad olunmamışdır. Məhkəmə kollegiyası bildirir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar). Məhkəmə kollegiyası, həmçinin, bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X10rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67). Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, təhlil olunan işdən aydın olur ki, iddiaçı xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2013-cü il tarixli kirayə müqaviləsinin 5.4-cü bəndi ilə nəzərdə tutulan belə vəzifələr kimi (kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) Müqavilənin 5.7.1 və 5.7.2-ci bəndlərinə (kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) istinad edir. Həmçinin, iddianın əsası kimi 05 yanvar 2022-ci il tarixli, 28 fevral 2022-ci il tarixli, 04 aprel 2022-ci il tarixli və 13 iyun 2022-ci il tarixli aktlara istinad edir. Hansıki, həmin aktlarda göstərilir ki, 504 mənzilli qəsəbədə yerləşən 5 №-li bina, 50 №-li mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin mənzildə, uzun müddətdir ki yaşayış yoxdur. Eyni zamanda işə əlavə olunmuş 28 fevral 2022-ci il tarixli, 04 aprel 2022-ci il tarixli, 05 may 2022ci il tarixli və 13 iyun 2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 mənzildə öz yaşayışını təmin etməyəcəyi təqdirdə kirayə müqaviləsinin ləğv olunacağı və sözügedən mənzilin onlardan alınacağı ilə bağlı məlumat verilmişdir. Öz növbəsində cavabdehlər iddiaya etiraz edərək bildirmişlər ki, birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilən gün ailənin gəlininin doğum evində uşaq dünyaya gətirməsi onların həmin gün mənzildə olmamalarına səbəb olmuşdur. Digər oğlu isə həmin zaman həqiqi hərbi xidmətdə olmuşdur. Hazırda böyük oğlu Cavabdeh4 artıq ailə qurub və bir övladı da dünyaya gəlib və ailəsi ilə birlikdə o da qeyd edilən mənzildə onlarla birlikdə yaşayır. Bundan əlavə məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, o həmin binada 9-cu mərtəbədə yaşayır. 8-ci mərtəbədə isə hazırki işdə cavabdehlər yaşayır. Onlar qonşudurlar. Onları həmişə evə gəlib gedəndə görürdü. Cavabdeh1 təsərrüfatla məşğuldur. Hazırda da həmin evdə Cavabdeh4 ailəsi ilə birlikdə yaşayır. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X9 bildirdi ki, həmin mənzilə 5 dəfə baxış keçirilməsinə baxmayaraq onları evdə tapa bilməmişlər. Bu barədə onlar akt da tərtib etmişlər, eyni zamanda qapıya xəbərdarlıqları da qoyub getmişlər. Cavabdehlər Mingəçevirdə təsərrüfatla məşğul olurlar. Evə gəlib getsələr də, mütəmadi yaşamırdılar. Lakin bir ildən artıqdır ki, həmin mənzildə yaşayış var. Cavabdeh4 öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Öyrənilən işdən bəlli olduğu kimi, iddiaçı faktiki olraq cavabdehlərin yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə və həm də üzrlü səbəb olmadan yaşamamaları, habelə, onların yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etməmələri, yəni başqa yaşayış sahəsinə malik olmaları barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Bu səbəbdən də, kollegiya bu fikirdədir ki, iddiaçı da öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmədiyindən iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və MPM-in 372, 384, 392, 403- 405-ci maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-149/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-149/2024
23.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver