Məhkəmə qərarları › İş №2(107)-1498/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1498/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1498/2020 15.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hаkimlər - X8 və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-223/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-223/2020 saylı qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin edilmiş, Cavabdeh 4250 manat borc məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4280 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx xxxxxxx 2019-cu il tarixində bağlanmış razılaşmaya əsasən 4250 (dörd min iki yüz əlli) manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili və nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh uzun müddətdir ki, tanıyır. Mübahisə predmeti olan “HYUNDAİ ELANTRA” minik markalı (buraxılış ili: 2013, rəngi: ağ, mühərrik: N/Z SİLİNME, Ban: KMHDH41E6EU877857) 99-SH- 953 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin ödəniş kimi etdiyi 7000 (yeddi min manat) manat məbləğində pulun razılaşmaya əsasən 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pulu vermişdir. Qalan məbləğ olan 4250 (dörd min iki yüz əlli) manat pulun qısa müddətdə qaytarılması barədə xx xxxxxxx 2019-cu il tarixində öz xətti ilə izahat (iltizam) yazmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh qalan borcunu müəyyən edilmiş qaydada və müddətdə tam qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borclu olduğu məbləğlərdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda iddiaçıya qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən tələb olunan pulun yalnız 2050 manat məbləğində hissəsində real borcdur, borcun qalan hissəsini ödəmişdir. “HYUNDAİ ELANTRA” minik markalı 99-SH- 953 dövlət qeydiyyat nişanlı avtomobilin satılması və 4250 manat borcun qalması iləbağlı qəbzdəki əlyazma ona məxsusdur və, o, özü imzalamışdır. Qəbzdə 4250 manat yazılsa da, həmin borcdan 2050 manat qalmışdır. O, həmçinin iddianın mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat pulun tutulması hissəsi ilə də razı deyildir. Sonda isə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Onun 2200 manatı Aydına verməsi ilə bağlı sübutları var. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-223/2020 saylı qətnаməsinin qismən ləğv edib, onun İddiaçı 2200 manat pulun verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini etiraz edərək, şikayətin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)- 223/2020 saylı qətnаməsinin qismən ləğv edərək iddiaçıya 2200 manat pulun qaytarılması, qalan məbləğin ondan tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və vəkili təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)- 223/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Cavabdeh, şahidlər X2, X6, İddiaçı və X10 tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı “HYUNDAİ ELANTRA” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili alarkən ona 4250 manat borcunun qaldığını təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, “HYUNDAİ ELANTRA” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh arasında olan söhbət zamanı o da iştirak etmişdir. Cavabdeh maşının dəyərinin bir hissəsini – 2750 manatı İddiaçı ödədi, qalan 4250 manatı isə yaxın zamanda ödəyəcəyi ilə bağlı vəd verdi. Bununla bağlı Cavabdeh qəbz yazdı və şahid olaraq o da bu qəbzi imzalamışdır. Söhbət zamanı cavabdeh qalıq borc ilə bağlı heç bir etiraz bildirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı ilə yaxın dostdurlar. O, İddiaçı tərəfindən Cavabdeh “HYUNDAİ ELANTRA” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasının və ilkin olaraq 2750 manat ödəniş edilməsinin şahidi olmuşdur. Ödəniş ediləndən sonra qalan 4250 manatın yaxın zamanda qaytarılması ilə bağlı tərəflər razılaşdılar və bunu yazılı olaraq təsdiqlədilər. Qəbz yazılanda o da orda olmuş və şahid olaraq qəbzi imzalamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə “HYUNDAİ ELANTRA” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manat qarşılığında satmış, Cavabdeh qeyd edilən puldan 2750 manat ödəmiş, qalan 4250 manat pulu isə yaxın zamanda ödəyəcəyi ilə bağlı vəd vermiş, bu barədə cavabdeh tərəfindən iddiaçıya yazılı surətdə qəbz verilmişdir. Tərəflər arasında minik avtomobilinin alqı-satqısı baş vermiş olsa da, alqı-satqı zamanı cavabdeh avtomobilin dəyərinin bir hissəsini ödəyə bilmədiyinə görə, iddiaçıya borclu qalmasına dair qəbz yazmışdır. Deməli, tərəflər arasında sonradan borc münasibətləri yaranmışdır. Cavabdeh tərəf həmin qəbzin ona məxsus olmasını və özü tərəfindən yazıldığını təsdiq edir. Cavabdeh birinci instansiya məhkəməsinin, eləcə də məhkəmə kollegiyasının iclasında İddiaçı 4250 manat borcunun olduğunu və bu barədə qəbz imzaladığını etiraf etmiş və ziddiyyətli izahat verərək həmin borcun 2050 manatını və ya 2200 manatını qaytardığını bildirmişdir. Apelyasiya şikayətində isə cavabdehin iddiaçıya 2200 manat borcu qaldığı göstərilmişdir. Lakin cavabdeh həmin pulun 2050 manatının qaytarılmasına dair məhkəmələrə hər hansı sübut növü təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçıya 4250 manat borcunun olmasını sübutetmə yükü iddiaçının, etiraf etdiyi 4250 manat məbləğində borcun 2050 manatını qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunun qeyd olunan normasından da göründüyü kimi hazırkı mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olubolmaması yoxlanılmalıdır. Cavabdeh yazılı qəbz (iltizam) əsasında iddiaçıya 4250 manat borc pulu yaxın zamanda ödəyəcəyi ilə bağlı vəd vermişdir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, sonuncu apelyasiya şikayətində qeyd etdiyi halları sübut edən dəlilləri məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Mülki Məcəllənin 529.1-cu maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Beləliklə, apelyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Halbuki, Mülki Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-223/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-223/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar