Məhkəmə qərarları › İş №2(107)-1508/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1508/2020

14.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1508/2020 14.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X13 və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-28/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-28/2020 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) ilk iddia tələbi təmin edilmiş, İddiaçı icarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması, Cavabdeh İddiaçı qarşı İsmayıllı rayonu Diyallı kəndində “Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən İddiaçı tərəfindən istifadə hüququna edilən maneçiliklərin aradan qaldırılması və İddiaçı 25000 manat alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə müraciət edərək icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazidə yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Diyallı kəndində “Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən İddiaçı tərəfindən istifadə hüququna edilən maneəçiliklər aradan qaldırılması, İddiaçı 25000 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini, Cavabdeh qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İsmayıllı rayon Diyallı bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 10 saylı Qərarı və xx xxxxxx 2003-cü il tarixli icarə müqaviləsi ilə İsmayıllı rayonun Diyallı Bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2 40 hektar torpaq sahəsi 65 il müddətinə müvvəqqəti istifadəyə verilmişdir. Nəsrəddin Musayev həmin torpaq sahəsinə dair xx xxxx 2004-cü il tarixli, JN 42xx xxx 40707018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almışdır. Həmin 40 hektar torpaq sahəsi Nəsrəddin Musayevlə xx xxxx 2014-ci il tarixdə İsmayıllı rayon Dövlət notariat Kontorunda bağladığı icarə müqaviləsinə əsasən 55 il müddətinə, 40.000 manat icarə haqqı müqabilində ona icarəyə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi icarəsində olmaqla əkib-becərmişdir. 2019-cu ilin sentyabr ayında onun xəbəri olmadan və heç bir razıliq əldə etmədən Cavabdeh icarəsində olan 40 hektar torpaq sahəsini qanunsuz olaraq şumlamış və əkmək istəmişdir. O, Cavabdeh torpaq sahəsinin icarəsində olduğunu və qanunsuz hərəkətlərini dayandırmağı bildirsə də o, guya həmin ərazini birlikdə becərmək barədə Nəsrəddin Musayevin nümayəndəsi ilə razılığa gəldiyini bildirərək qanunsuz hərəkətini davam etdirmişdir. Cavabdeh onun icarəsində olan torpaq sahəsini qanunsuz zəbt edərək əkibbecərmək istəyir. İcarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazidə yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılmasını, istifadə hüququna edilən maneəçiliklərin aradan qaldırılmasını tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Nümayəndə İddiaçı iddia tələbini müdafiə etdiyini, Cavabdeh qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək İddiaçı iddia tələbinin təmin edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə etdiyini, İddiaçı iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, İsmayıllı rayonunun Diyallı kəndində doğulmuş və həmin kənddə yaşayır. Torpaq islahatı ilə əlaqədar ailə üzvlərinə əmlak payı kimi torpaq sahəsi Diyallı kəndinin “Qaraquş” adlanan hissəsindən verilmiş və 1997-ci ildən həmin torpaq sahəsini əkib becərmişlər. 2006-cı ildə təkrar islahat keçirilmiş və yenə də ailə üzvlərinə əmlak payı həmin hissədən verilmişdir. 2011-ci ildə üçüncü dəfə islahat aparılmış və əmlak payları “heyvalıq” adlanan ərazidən verilmişdir. Əmlak payı kimi onların mülkiyyətinə verilmiş həmin torpaq sahəsini 2011-ci ilə kimi mülkiyyətçi kimi istifadə etmişlər. O, 14 il ərzində həmin torpaq sahəsinin daşını yığmış, kol-kosdan təmizləmiş, əkinə tam yararlı hala gətirmişdir. Sonradan həmin torpaq sahəsi qanunsuz olaraq Diyallı bələdiyyəsinin mülkiyyətinə verilmiş və ehtiyat fonduna aid edilmişdir. O məcbur qalaraq həmin sahəni icarəyə götürmək üçün Diyallı Bələdiyyəsinə müraciət etmiş və bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin 20 hektarını 12 il müddətinə icarəyə götürmüşdür. Torpaq sahəsi naturada ölçülərək ona təhvil verilmiş, hər il müqavilə ilə müəyyən edilmiş icarə haqqını bələdiyyənin hesabına ödəmiş və torpaq sahəsini təyinatı üzrə əkib beçərmişdir. 2013-cü ildə Nəsrəddin Musayevin nümayəndəsi İlham adlı şəxs artıq 16 il əkib becərdiyi torpaq sahəsi də daxil olmaqla həmin ərazidən 40 hektar torpaq sahəsini 2003-cü ildən icarəyə götürdüklərini bildirmiş və torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələri olmuşdur. 2013-cü ilin avqust ayında İsmayıllı şəhəri “Mincan” kafesində İlhamla görüşmüş və İddiaçı da söhbətdə iştirak etmişdir. İlham həmin 40 hektar torpaq sahəsini Akif Dəmirov adlı şəxsə 65000 manata satmağa razılaşdığını və 5000 manat beh aldığını bildirmişdir. Lakin mübahisəli olduğu üçün Akif Dəmirovla müqaviləni pozacağını bildirmişdir. Təxminən həmin ərazinin 60 hektar olduğunu, onunla sərhəd mübahisəsi olduğunu nəzərə alıb İlham təklif etmişdir ki, o, 40 hektarı da alaraq 20 hektarla birlikdə əkib becərsin. O, 65000 manata həmin torpaq sahəsinin baha olduğunu, ümumiyyətlə maddi imkanının zəif olduğunu bildirdikdə İlham onun mərhum qardaşı ilə yaxın münasibətdə olduğunu, onu zəhmətkeş bir insan kimi tanıdığını bildirib həmin ərazini ona 40000 manata təklif etmişdir. Hətta 20000 manatını əvvəl, qalan 20000 manatını isə bir ildən sonra ödənilməsini bildirmişdir. İddiaçı ona pulla bağlı problem olmadığını, ortaqlı alıb əkib becərəcəklərini bildirmiş və o, İlhamla razılaşmışdır. İddiaçı həmin torpağı almaq üçün və əkib becərilməsinə bir o qədər vəsaiti çatmayacağını bildirərək Həmid, Vüqar, Ağarıza və Yusif adlı şəxsləri də ortaq etməklərini təklif etmişdir. Onlar görüşərək qərara gəlmişlər ki, onun istifadəsində olan 20 hektar torpaq sahəsi yenə şəriksiz istifadəsində qalır. 40 hektar torpağın alınması haqqını, əkib becərilməsi üçün əsas xərci Ağarıza ödəyir və sonuncunun pulu qazanılıb götürüləndən sonra gəlir şəriklər arasında bərabər bölünür. 2013-cü ildən 5 ildir ki, İddiaçı həmin torpaq sahəsini əkib becərir, hər dəfə gəlirdən payını verəcəyini bildirir. Lakin hər dəfə ortaqları bir yerə yığaraq hesablama aparır, nəticə çıxara bilmir. Hər il 40 hektar üçün 4000 manat subsidiya alınmış, bu ildən isə subsidiyanın məbləği artmışdır. Hər il 5000 manat olmaqla 25000 manat payına düşən gəliri ona vermir. İsmayıllı rayonunun Diyallı kəndində “Qaraquş” adlanan ərazisində istifadəsində olan 20 hektar torpaq sahəsindən istifadə hüququna İddiaçı tərəfindən edilən maneçiliklərin aradan qaldırılmasını və İddiaçı 25000 manat alınaraq ona verilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini qarşılıqlı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla əsaslandırmışdır. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-28/2020 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbinə dair iddiasının rədd edilməsini, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddası təmin edilməsini, İsmayıllı rayonunun Diyallı kəndində “Qaraquş” adalanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən istifadə hüuquna İddiaçı tərəfindən edilən maneçiliklərin aradan qaldırılmasını, İddiaçı 25000 manat alınaraq ona verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-28/2020 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələblərinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-28/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, cavabdehin və nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(037)-28/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2004-cü il tarixli, JN 42xx xxx 40707018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 10 saylı Qərarı və xx xxxxxx 2003-cü il tarixli icarə müqaviləsi ilə İsmayıllı rayonun Diyallı Bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün Nəsrəddin Musayevə 40 hektar torpaq sahəsi 65 il müddətinə müvvəqqəti istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2014-cü il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki Nəsrəddin Musayev tərəfindən İsmayıllı rayon Diyallı kəndi ərazisində yerləşən 40 hektar torpaq sahəsi 55 il müddətinə, 40.000 manat icarə haqqı müqabilində İddiaçı icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2011-ci il tarixli, 01 nömrəli icarə müqaviləsində İsmayıllı rayon Diyallı bələdiyyəsi tərəfindən İsmayıllı rayon Diyallı kəndi ərazisində yerləşən “Qaraquş” adlanan ərazidən 20 hektar torpaq sahəsinin 12 il müddətinə Cavabdeh müvəqqəti icarəyə verilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2011-ci il tarixli, 06 nömrəli icarə müqaviləsində İsmayıllı rayon Diyallı bələdiyyəsi tərəfindən İsmayıllı rayon Diyallı kəndi ərazisində yerləşən “Qaraquş” adlanan ərazidən 10 hektar torpaq sahəsinin 5 il müddətinə Cavabdeh müvəqqəti icarəyə verilməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, o, İddiaçı və Cavabdeh tanıyır. 2014-cü il tarixdə İddiaçı onunla görüşərək Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində 40 hektar torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini icarəyə götürmək istədiyini, lakin pulunun az olduğunu bildirərək köməklik istəmişdir. O, Şahinə ilk olaraq 20000 manat pul verdikdən sonra Şahin və şəriklərinin sırasına qatılmışdır. O, Şahinə ümumilikdə 37000 manat pul vermişdir. Həmin pulu sonradan Şahin və şərikləri qaytarmalı idilər. Onlar həmin pulu vaxtında qaytara bilmədiklərinə görə qarşılıqlı razılığa əsasən həmin ərazini əkib pulunu götürmək istəmişdir. Həmin ərazidə bir il yonca əkmiş, lakin bol məhsul olmadığından sonradan taxıl əkmişdir. O, Şahinə verdiyi pulun bir hissəsini həmin ərazini əkərək qazanmışdır. Onların arasında rəsmi ortaqlıq müqaviləsi olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. Mübahisəli ərazi onlara ata-babalarından qalmışdır. Həmin torpağı onlar özləri ərsəyə gətirmişlər. 1996-cı ildən 2011-ci ilə qədər mübahisə olmayıbdır. Başqa şəxslər gəlib orada sahiblik edir. 6 ildə Şahin qardaşı Elşəni aldatmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. O, 2005-ci ildən 2009-cu ilə qədər bələdiyyə sədrinin müavini işləmişdir. 1999cu ildə həmin torpaq sahəsi onlara verilmiş və 2011-ci ilə qədər həmin ərazini əkmişlər. O, öz torpağını Nəriman adlı şəxsə icarəyə vermiş və sonradan qardaşı Elşənə icarəyə verdikdən sonra belə bir mübahisə yaranmışdır. Qardaşı Elşənin digər şəxslərlə şərikliyi olduğunu bilir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, Cavabdeh onun atasıdır. Həmin torpaq sahəsi onların olmuş və o, orada işləmişdir. Onları torpaqdan çıxarmağa görə atasına böhtan atırlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, Cavabdeh onun dostudur. Elşənin öz torpaqlarını şərik kimi qoyduğunu və 6 nəfər ortaq olduğunu bilir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, o, 2016-cı ildən İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri vəzifəsində işləyir. Diyallı bələdiyyəsinin icarəyə verilməsi üçün cəmi 47 ha torpaq sahəsi var. Diyallı Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 10 saylı Qərarı və xx xxxxxx 2003-cü il tarixli icarə müqaviləsi ilə bələdiyyənin ərazisindən Nəsrəddin Musayevə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 40 hektar torpaq sahəsi 65 il müddətinə müvvəqqəti istifadəsinə verilmişdir. Nəsrəddin Musayev həmin torpaq sahəsinə dair xx xxxx 2004-cü il tarixli, JN 42xx xxx 40707018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almışdır. Nəsrəddin Musayev həmin torpaq sahəsini sonradan İddiaçı icarəsinə vermişdir. Cavabdeh mübahisəli ərazidən torpaq sahəsinin ayrılması, həmin ərazinin ona təhvil verilməsi, onunla icarə müqaviləsinin bağlanması və həmin müqavilənin qeydə alınması və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməsinin olmasını təsdiq edən sənədlər bələdiyyədə yoxdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İsmayıllı rayon Diyallı bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 10 saylı Qərarı və xx xxxxxx 2003-cü il tarixli icarə müqaviləsi ilə İsmayıllı rayonun Diyallı Bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün Nəsrəddin Musayevə 40 hektar torpaq sahəsi 65 il müddətinə müvvəqqəti istifadəyə verilmişdir. Nəsrəddin Musayev həmin torpaq sahəsinə dair xx xxxx 2004-cü il tarixli, JN 42xx xxx 40707018 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almışdır. Həmin torpaq sahəsi X7 Məlikov arasında xx xxxx 2014-ci il tarixdə İsmayıllı rayon Dövlət notariat Kontorunda bağlanmış icarə müqaviləsinə əsasən 55 il müddətinə, 40.000 manat icarə haqqı müqabilində sonuncuya icarəyə verilmişdir. İddiaçı icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazidə yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılmasını və istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılmasını tələb edir və iddia tələbinin təmin edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh 1997-ci ildən Diyallı kəndinin “Qaraquş” adlanan hissəsindən verilmiş həmin torpaq sahəsini əkib becərdiyini və əmlak payı kimi mülkiyyətinə verilmiş həmin torpaq sahəsini 2011-ci ilə kimi mülkiyyətçi kimi istifadə etdiyini və Diyallı bələdiyyəsinin mülkiyyətində olan, “Qaraquş” adlanan ərazidən kənd təsərrüfatı məhsulu istehsal etmək üçün 20 hektar torpaq sahəsini 12 il müddətinə icarəyə götürdüyünü bildirir. O, İsmayıllı rayonunun Diyallı kəndində “Qaraquş” adlanan ərazisində istifadəsində olan 20 hektar torpaq sahəsindən istifadə hüququna İddiaçı tərəfindən edilən maneəçiliklərin aradan qaldırılmasını və İddiaçı 25000 manat alınaraq ona verilməsini tələb edir və qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Torpaq sahəsi bələdiyyə tərəfindən Nəsrəddin Musayevə, sonuncu tərəfindən isə İddiaçı icarəyə verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Həmin Məcəllənin 56.6-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir.Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerqurluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) razılığı rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 11-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. Həmin qanunun 11.3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Həmin qanunun 11.9-cu bəndinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. İsmayıllı rayon Diyallı bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 10 saylı Qərarı və xx xxxxxx 2003-cü il tarixli icarə müqaviləsi ilə bələdiyyənin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün Nəsrəddin Musayevə 40 hektar torpaq sahəsi 65 il müddətinə müvvəqqəti istifadəsinə verilmiş və o həmin torpaq sahəsinə dair xx xxxx 2004-cü il tarixli, JN 42xx xxx 40707018 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almışdır. Nəsrəddin Musayev həmin torpaq sahəsini İddiaçı 65 il müddətinə müvvəqqəti istifadəyə vermişdir. Cavabdeh qeyd edilən mübahisəli torpaq sahəsini 2011-ci ilə kimi mülkiyyətçi kimi istifadə etdiyini və Diyallı bələdiyyəsinin mülkiyyətində olan, “Qaraquş” adlanan ərazidən kənd təsərrüfatı məhsulu istehsal etmək üçün 20 hektar torpaq sahəsini 12 il müddətinə icarəyə götürdüyünü bildirsə də ona mübahisəli ərazidən torpaq sahəsinin ayrılmasını, təhvil verilməsini, icarə müqaviləsinin bağlanmasını, həmin müqavilənin qeydə alınmasını və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməsinin verilməsini təsdiq edən sənədlər yoxdur. Cavabdeh İddiaçıla aralarında həmin torpaq sahəsindən birgə istifadə etmək barədə rəsmi ortaqlıq müqaviləsi də olmamışdır. Qeyd edilənlərə dair sübutlar məhkəmələrə təqdim edilməmişdir. Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan torpaq sahəsini cavabdehlərin zəbt etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd etməyi lazım bilir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Şikayətin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(037)-28/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(037)-28/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar