Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-151/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-660/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-660/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 12515,81 (on iki min beş yüz on beş manat səksən bir qəpik) manat borc, 500 (beş yüz) manat əldən çıxmış fayda, 500 (beş yüz) manat mənəvi zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 12515,81 (on iki min beş yüz on beş manat səksən bir qəpik) manat borcun, əldən çıxmış faydanın əvəzi olaraq, hər aya 1 faiz olmaqla, 20 aya görə borcun 20 faizi həcmində, yəni 2503,16 (iki min beş yüz üç manat 16 qəpik) manatın, vurulmuş mənəvi zərərə görə cavabdehdən 500 (beş yüz) manat təzminatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq, İddiaçı MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçının nümayəndəsi (vəkili) X1 izahat verərək bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2016-xx.xx.2016-cı il tarixədək olan dövrdə Cəmiyyətdən ümumilikdə 25.329,15 (iyirmi beş min üç yüz iyirmi doqquz manat on beş qəpik) manat dəyərində müxtəlif növ uşaq bezləri və qida məhsulları almışdır. Qəbul etdiyi malın üzərinə əlavə 30,08 (otuz manat səkkiz qəpik) qiymət fərqi gəlinərək 25.359,23 (iyirmi beş min üç yüz əlli doqquz manat iyirmi üç qəpik) mal qəbul etməsi müəyyən olunmuşdur. Müqavilənin şərtinə görə cavabdeh aldığı malın dəyərini 30 gündən gec olmamaq şərti ilə ödəməli idi. Ayrıca cavabdehlə İddiaçı MMC arasında bağlanmış Əmək Müqaviləsinin 5-ci bəndində tərəflərin birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddiməsuliyyət daşınması qeyd edilmişdir. Qeyd olunan dövrdə Cavabdeh satışdan müxtəlif tarixlərdə 9755,37 manat məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və 3088 manat məbləğində malı anbara qaytarmışdır. Nəticədə Cavabdeh maddi məsuliyyətində 12515,81 manat borcu – mal qalığı qalmışdır. Həmin çatışmazlığı cavabdehin iştirakı ilə yenidən araşdırmaq məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə iddiaçı tərəfindən cavabdehin yaşadığı ünvan 1 ünvanına teleqram göndərilmiş, əlavə olaraq cavabdehlə telefon əlaqəsi saxlanaraq İddiaçı MMC-nə gələrək audit yoxlamada iştirakı gözlənilsə də cavabdeh naməlum səbəbdən yoxlamaya gəlməmiş və iştirak etməmişdir. Bu səbəblə də təkrar araşdırma onun iştitakı olmadan aparılmışdır. Həmçinin cavabdehin cinayət əməlləri barədə Nərimanov rayon prokurorluğuna İddiaçı MMC tərəfindən müraciət edilmişdir. Nərimanov rayon prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın”da Cavabdeh ilə İddiaçı MMC arasında olan hüquqi mübahisənin mülki xarakterli olması səbəbi ilə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Bütün qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-660/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-660/2019 nömrəli qətnaməsindən Cavabdeh аpellyasiya şikаyəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırmışdır ki, onun iddiaçıya heç bir borcu yoxdur. İşdən azad olunanda o, qalıq malı hansı mağazalara təhvil verməsi barədə MMC-yə lazımi qaydada ətraflı məlumat vermişdir və ondan sonra MMC-nin əməkdaşları həmin mağazalarla əlaqə saxlayıb mallarını və ya pulları oradan götürməli idilər. Belə ki, o özüdə işə düzələndə ondan qabaq işləmiş ekspeditorun təhvil verdiyi mallarla bağlı mağazalarla əlaqə saxlayıb qalıq pulu yığıb MMC-yə təhvil vermişdir. O, heç bir yerdə işləmir, iki azyaşlı övladı var, oğlu Məhəmməd epilepsiya xəstəliyindən əziyyət çəkir, bilmir haradan pul tapıb ailəsini dolandırsın, uşağına dərman alsın, iddiaçı isə haqsız yerə ondan külli miqdarda pul tələb etməklə onu və ailəsini məhv etmək istəyir. Oğlunun bu günə kimi müalicəsinə qohum və tanışlarının köməyi ilə 30000 manata qədər pul xərclənibdir. Həkimlərin rəyinə görə 14 yaşına qədər bir bu qədər də xərcin çəkilməsinə ehtimal var və çox guman ki, müalicəsinin xaricdə davam etdirilməsinə ehtiyac olacaqdır. Hazırda oğlunun xəstəliyinə görə əlillik dərəcəsi almaq üçün müvafiq sənədlər hazırlanıb TSEK-na göndərilir və sonradan o müalicəyə xarici dövlətlərin birinə göndərilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmənin elektron ünvanına məktub göndərərək üzrlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, bunun səbəbinin övladının müalicəsi ilə bağlı olmasını göstərmiş, buna görə də məhkəmə iclasının mümkün qədər uzadılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh “xxxx” MMC-nin satış təmsilçisi vəzifəsinə qəbul edilməsi haqqında tərəflərin aralarında xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli Audit Aktlarından görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan “xxxx” MMC-nin satış təmsilçisi Cavabdeh maddi məsuliyyətində 12515 manat 81 qəpik mal qalığı qalmışdır. Auditorlar tərəfindən tərtib edilmiş Cavabdeh xx xxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək dövrdə fəaliyyətinə dair cədvəldən görünür ki, Cavabdeh “xxxx” MMCnə olan qalıq borcu 12515,81 manat təşkil edir. Nərimanov rayon prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh istintaqa verdiyi izahatda göstərmişdir ki, 2016-cı ilin iyun ayında həmin şirkətə ekspeditor vəzifəsinə işə qəbul olunmuş və həmin ilin dekabr ayının 5-də işdən azad olunmuşdur. Onun ekspeditor kimi işlədiyi ərazi Bakı şəhəri Nizami rayonunu əhatə etmiş və ona təqdim olunan cədvəldəki obyektlərlə işləmişdir. Orada qeyd olunan onun şirkətə olan 12,471,82 manat borcunun 7,182,83 manatı ondan əvvəl həmin ərazidə işləmiş ekspeditorun borcu olmuşdur. O, ərazini təhvil götürəndə şirkətin təftişi Anar müəllimlə obyektlərə çıxmış və təhvil götürdüyü obyektlərdən təxminən 5-6 obyekt artıq bağlanmışdır. O, 2016-cı ilin dekabr ayının 1-2 tarixlərində onun ərazisində olan Azər Əliyevin işlətdiyi “Vip” marketin şirkətə olan 923,21 manatını həmin obyektdən tam olaraq alsa da, həmin vaxt maddi imkanı zəif olduğundan həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Ola bilsin ki, cədvəldə adında olan digər obyektlərdən də hər hansı məbləğ alsın və şirkətə ödəməsin. Bunu o, həmin əraziyə nəzarət edən şirkətin təftişi ilə yenidən obyektlərə çıxmaqla dəqiqləşdirəcəkdir. Ümumiyyətlə, obyektlərdən yığıb lakin şirkətə ödəmədiyi pulların miqdarını dəqiqləşdirdikdən sonra dərhal həmin məbləği şirkətə ödəyəcəyinə söz vermişdir. Həmin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Nərimanov rayon prokurorunun köməkçisi X2 299-c-17 saylı materialı nəzərdən keçirib, 299-c-17 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsini qərara almışdır. Nərimanov rayon prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında qeyd edilmişdir ki, toplanmış materiala əlavə edilmiş xx.xx.2017-ci il tarixli Audit Aktından görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan “xxxx” MMC-nin satış təmsilçisi Cavabdeh fəaliyyətində 12515 manat 81 qəpik çatışmazlıq aşkar edilmişdir. İşin gerçək halı ondan ibarətdir ki, Cavabdeh “xxxx” MMC-nin satış təmsilçisi vəzifəsinə qəbul edilməsi haqqında tərəflərin aralarında xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Cavabdehin həmin əmək müqaviləsinin hüdudlarında göstərdiyi fəaliyyəti nəticəsində iddiaçıya borcu yaranmışdır. İddiaçı cavabdehin ona 12515,81 manat borcunun olduğunu bildirir. Cavabdeh isə 2016-cı ilin iyun ayında həmin şirkətə ekspeditor vəzifəsinə işə qəbul olunduğunu və həmin ilin dekabr ayının 5-də işdən azad olunduğunu bildirmişdir (Nərimanov rayon prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı). O, bildirmişdir ki, qeyd olunan şirkətə olan 12,471,82 manat borcunun 7,182,83 manatı ondan əvvəl həmin ərazidə işləmiş ekspeditorun borcu olmuşdur. Habelə, ərazisində olan Azər Əliyev adlı şəxsin işlətdiyi “Vip” marketin şirkətə olan 923,21 manatını həmin obyektdən tam olaraq alsa da, həmin vaxt maddi imkanı zəif olduğundan öz şəxsi ehtiyacları üçün xərcləmiş, həmçinin cədvəldə adında olan digər obyektlərdən də hər hansı məbləğ alıb şirkətə ödəməməsi də mümkündür. Göründüyü kimi, cavabdeh şirkətə olan borcunu dolayısı ilə etiraf etmişdir. Bununla yanaşı, işdə olan Nərimanov rayon prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli Audit Aktları və auditorlar tərəfindən tərtib edilmiş Cavabdeh xx xxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək dövrdə fəaliyyətinə dair Cədvəldə əks olunanlar ilə “xxxx” MMC-nin satış təmsilçisi Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan fəaliyyəti nəticəsində maddi məsuliyyətində 12515 manat 81 qəpik mal qalığının qalması müəyyən edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Göründüyü kimi, iş materialına əlavə edilmiş xx xxx 2016-cı il tarixdən 31-dekabr 2016-cı il tarixədək olan dövrdə Cavabdeh o, fəaliyyətinə dair cədvəldən məlum olur ki, Cavabdeh iddiaçı “xxxx” MMC-nə olan qalıq borcu 12515,81 manat təşkil edir. Ancaq həmin məbləğin “xxxx” MMC-nə ödənilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və belə bir sübut iş materialında öz əksini tapmır. Belə ki, Nərimanov rayon prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsdiq edilmiş surətindən göründüyü kimi Cavabdeh istintaqa verdiyi ifadəsində ”xxxx” MMC-nə borcunun olduğunu bildirməsi ilə yanaşı ”xxxx” MMC-dən alış-veriş etdiyini etiraf etmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdehnun iddiaçı “xxxx” MMC-yə olan 12515,81 manat təşkil edir. Məhkəmə həmçinin iddianın əldən çıxmış fayda hissəsinə münasibət bildirərək qeyd edir ki, həqiqətən də cavabdeh artıq 3 ilə yaxındır ki, vaxtında şirkətə qaytarılmalı olan məbləği “xxxx”a qaytarmamış, beləliklə də şirkəti bu illər ərzində müəyyən fayda götürməkdən məhrum etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı əldə çıxmış faydanı da tələb etməkdə haqlıdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşsa da, hesab edir ki, iddianı Cavabdeh 500 (beş yüz) manat mənəvi zərərin tutularaq iddiaçı “xxxx” MMC-nə verilməsi hissəsində təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərər çəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərər çəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərər çəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərər çəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiya hesab edir ki, iddia tələbində cavabdeh tərəfindən 500 manat məbləğində mənəvi zərər dəydiyi qeyd edilsə də, həmin faktlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya bu qənaətə gəlir ki, iddia tələbinin cavabdehdən mənəvi zərər məbləği olaraq 500 manat məbləğin alınaraq iddiaçıya verilməsinə dair hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini mənəvi zərər hissəsində təmin etməklə səhvə yol vermişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyаsı işin gerçək hallarını, iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikаyəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-660/2019 nömrəli qətnaməsi qismən, yəni 500 (beş yüz) manat mənəvi zərərin tutularaq İddiaçı MMC-nə verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-660/2019 nömrəli qətnaməsi qismən, yəni 500 (beş yüz) manat mənəvi zərərin tutularaq İddiaçı MMC-nə verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın və iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-151/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-151/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver