Məhkəmə qərarları › İş №2(107)-1527/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1527/2020

16.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1527/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Tarix-Diyarşünaslıq muzeyinin direktoru X3 və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdehlər X14 İdarəsi, Şəki Tarix-Diyarşünaslıq muzeyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-655/2020 nömrəli qətnaməsindən cavabdeh Dövlət Turizm Agentliyi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxx 2020-ci il tarixli, 2(075)- 655/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Şəki Tarix-Diyarşünaslıq muzeyinin İddiaçı işdən azad olunması barədə xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma (boşdayanma) müddəti üçün orta aylıq əmək haqqı ödənilməklə işlədiyi və hal-hazırda Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Tarix-Diyarşünaslıq muzeyində əvvəlki işinə bərpa edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər X14 İdarəsinə və Şəki Tarix-Diyarşünaslıq muzeyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Tarix-Diyarşünaslıq muzeyinin direktorunun xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və işləmədiyi dövr üçün əmək haqqının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iş üzrə icraat zamanı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi də cavabdeh qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Şəki Pedaqoji texnikumunun İbtidai sinif müəllimi fakultəsini bitirməklə orta-ixtisas təhsillidir. Əmək fəaliyyətinə daha öncədən başlasa da, 1997-ci ildə Şəki Tarix-Diyarşünaslıq Muzeyində muzey baxıcısı vəzifəsinə təyin edilmiş, 2001-ci ildən isə həmin muzeydə kiçik elmi işçi vəzifəsində işini davam etdirmişdir. Muzeydə 23 il işləmişdir. Şəki Tarix-Diyarşünaslıq muzeyi X4 tərkibində olduğu zaman 2-ci kateqoriya statusuna aid olmuşdur. Şəki Tarix-Diyarşünaslıq muzeyində 22 nəfər muzey işçisi çalışmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və ““Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 356 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki X4 tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq muzeyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar ona və digər muzey işçilərinə onların Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə keçmələri ilə bağlı ərizə yazdırmışlar. Buna görə də hamı kimi, struktur daxilində başqa işə keçirilmə barədə ərizə yazmışdır. Həmin vaxt o, başqa təşkilata deyil, yalnız struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət X8 strukturlarında işə keçirilməsi üçün məlum ərizəni yazmışdır. Belə ki, o, həmin vaxt başqa işəgötürənlə müqavilə bağlamamış və ya başqa hər hansı qeyri-rəsmi öhdəliklə işə girməmiş, əksinə, əvvəlki iş yerində işinə davam etmişdir. Lakin sonradan Agentliyin Kadrlar şöbəsindən bildirmişlər ki, 6 nəfər muzey işçisinin ştatı ixtisar olunmuşdur. Ərizə yazsa da, xx xxxxxx 2020-ci il tarixdək işə getmiş və davamiyyət cədvəlini imzalamışdır. Lakin sonra muzeyin müdiri ona ştatının ixtisar, onun isə işdən azad olunduğunu bildirmişdir. Buna əsas kimi isə onun işdən azad olunması barədə yazdığı ərizə bildirilmişdir. Halbuki, ona həmin ərizənin Şəki Tarix- Diyarşünaslıq muzeyinin Azərbaycan Respublikası Dövlət Turizm Agentliyin tabeçiliyinə keçməsi ilə bağlı yazıldığı bildirilmişdi. Beləliklə o, aldadılmaqla iradəsi ziddinə işdən azad olunmuşdur. Bundan başqa, bildirmişdir ki, o təkbaşına, yalnız 85 yaşlı ağır xəstə olan anası ilə birlikdə yaşayır. Onun başqa gəlir yeri yoxdur. İşdən azad olunması onun üçün maddi, mənəvi və psixoloji sarsıntılara səbəb olmuşdur. Hesab edir ki, Şəki Tarix- Diyarşünaslıq muzeyinin direktorunun xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmri əsassız və qanunsuzdur. Ona görə də, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru X11 izahat verərək göstərmişdir ki, İddiaçı xx xxxxxx 1997-ci il tarixdən əmrə əsasən muzey baxıcısı işinə təyin edilmişdir. xx xxxx 2001-ci il tarixdən həmin muzeyin kiçik elmi işçisi vəzifəsinə keçirilmişdir. Bildirmişdir ki, iddiaçı işlədiyi dövrdə özünü həmişə nizam-intizamlı işçi kimi göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və ““Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 356 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki X4 tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq muzeyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Şəki X4 tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, X20 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyasının hər biri ayrılıqda fəaliyyət göstərən qurum kimi Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Elektron müqavilə bağlamaq, sistemə salınması və çıxarılması ŞRMİ-nin səlahiyyətində olmuşdur. Muzeyin VÖEN-i, elektron imzası olmadığı üçün o, elektron müqavilə bağlamaq, sistemdən çıxartmaq səlahiyyətinə malik olmamışdır. Buna görə də işdən çıxmaq üçün bütün kollektiv üzvləri məzmunu başqa işə keçməklə əlaqədar olan ərizələrini Mədəniyyət İdarəsinin rəisinin adına yazmışlar. Buna görə də iddiaçı xx xxxxxx 2020-ci il tarixdən müqaviləsinə xitam verilərək sistemdən çıxarılmışdır. Muzeydə 3 elmi işçi ştatı olmuş, ştat cədvəlində yalnız bir elmi işçi saxlanıldığı üçün orta ixtisas və orta təhsilli elmi işçi ştatları ləğv edilmişdir. İşdə yalnız ali ixtisas təhsilli, magistraturanın “Muzeyşünaslıq” şöbəsini bitirmiş elmi işçi saxlanılmışdır. İddiaçının tutduğu elmi işçi vəzifəsinə ali təhsil tələb olunduğundan İddiaçı ali təhsilli olmadığı üçün işdə saxlanılmamışdır. Muzeydə vakant yer olmadığı üçün iddiaçını başqa işlə də təmin etmək mümkün olmamışdır. Belə ki, iddiaçıdan ərizə onun sruktur daxilində işlə təmin edilməsi məqsədilə alınmışdır. İddiaçı heç vaxt ona başqa işəgötürənlə müqavilə bağladığını deməmiş və bu barədə hər hansı müqaviləni ona təqdim etməmişdir. Ərizə yazdıqdan sonra da iddiaçı işə davam etmişdir. Bildirmişdir ki, İddiaçı bir işçi kimi hər hansı nazarılığı olmamış, bir işçi kimi ondan razı olmuşdur. Sadəcə muzeydə ştatlarda ixtisar edildiyindən iddiaçını işlə təmin etmək mümkün olmamış və buna görə də ərizəsi nəzərə alınaraq onunla əmək müqaviləsinə xitam verilmişdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndəsi X13 izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və ““Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 356 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki X4 tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq muzeyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki X4 tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, X20 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyasının hər birinin ayrılıqda fəaliyyət göstərən qurum kimi Dövlət Turizm Agentliyinin tabeliyinə verilməsi və həmin müəsissələrdə mühasib ştatı mövcud olmadığı üçün mühasibatlıq uçotunun əvvəllər X14 İdarəsi tərəfindən icra edilməsi bu qurumların hər birinin Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilən ştat cədvəlində hər qurum üçün mühasib ştatının ayrılmasına ehtiyac doğurmuşdur. Buna görə də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən xx.xx.2020-ci il tarixində təsdiq edilmiş Şəki Tarix-Diyarşünaslıq Muzeyinin ştat cədvəlində 1 elmi işçi ştatı nəzərdə tutulmuş və digər 2 elmi işçi ştatı ləğv edilərək mühasib ştatı əlavə edilmişdir. İddiaçıın fərdi əmək müqaviləsinə Şəki X4 xx.xx.2020-ci il tarixli, 10 nömrəli əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xitam verilmişdir. X14 İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ştat vahidləri və tarifləşmə cədvəlindən görünür ki, iddiaçı iddia ərizəsində qeyd edildiyi kimi “kiçik elmi işçi” ştatı üzrə deyil, “elmi işçi” ştatı üzrə vəzifə tutmuşdur. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Şəki Tarix-Diyarşünaslıq Muzeyinin ştat cədvəli üzrə ixtisarlar aparılarkən İddiaçıın Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi kollegiyasının xx xxxx 1998-ci il tarixli 13-7 nömrəli qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin tarif-ixtisas sorğu kitabçası”nın 76-cı hissəsinə əsasən ümumiyyətlə nə “kiçik elmi işçi”, nə də “elmi işçi” ştat vahidinin tələblərinə uyğun olmadığı bəlli olmuşdur. İddiaçı tərəfindən ali təhsilini təsdiq edən hər hansı sənəd Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə təqdim edilmədiyi üçün saxlanılmış “elmi işçi” ştat vahidi üzrə muzeyin qeyd edilən tələblərə uyğun gələn digər əməkdaşı həmin vəzifəyə təyin edilmişdir. Həmçinin iddiaçının fərdi əmək müqaviləsinə öz ərizəsi əsasında Şəki X4 əmri ilə xitam verildiyi üçün mövcud əmək qanunvericiliyinə əsasən Dövlət Turizm Agentliyinin həmin işçini işə qəbul etmək öhdəliyi yaranmamışdır. Hesab edir ki, iddia əsassızdır. Cavabdeh Şəki X4 direktoru X7 birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş və məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-655/2020 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev аpelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı əmək müqaviləsinə işəgötürən Şəki X4 xx.xx.2020-ci il tarixli əmri ilə xitam verilməsini nəzərə almamış və məhkəmə qətnaməsində həmin əmrə münasibət bildirilməmişdir. Belə ki, Şəki Tarix- Diyarşünaslıq Muzeyinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrində həmin əmrin Şəki X4 xx.xx.2020-ci il tarixli əmri əsasında qəbul edildiyi qeyd olunur. Məhkəmə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrini ləğv edərək işə bərpa olunduğu günədək məcburi iş buraxma (boşdayanma) müddəti üçün orta aylıq əmək haqqı ödənilməklə işlədiyi və hal-hazırda Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Tarix-Diyarşünaslıq Muzeyində əvvəlki işinə bərpa edilməsi haqqında qətnamə qəbul etmişdir. Başqa sözlə, Məhkəmə hesab etmişdir ki, işəgötürən X14 İdarəsi və işçi İddiaçı arasında xx.xx.2020-ci il tarixinədək mövcud olmuş əmək münasibətlərinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktorunun texniki səhv olaraq qəbul etdiyi, özlüyündə əhəmiyyətsiz sənəd olan 01 nömrəli əmri ilə xitam verilmişdir. Halbuki, İddiaçı Şəki Tarix-Diyarşünaslıq muzeyinin Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərdiyi dövrdə (xx xxxxxx 2019-cu il tarixindən başlayaraq) Muzeylə heç bir əmək müqaviləsi mövcud olmamış və iddiaçı tərəfindən Muzeyin Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərdiyi dövrdə iddiaçının işəgötürəni qismində çıxış etməsinə dair heç bir sübut (əmək müqaviləsi) təqdim edilməmişdir. Beləliklə, Məhkəmə iddiaçının işəgötürəninin Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Tarix-Diyarşünaslıq Muzeyi olması barədə səhv qənaətə gəlmişdir. İddiaçının əvvəlki işəgötürəninin Şəki X6ması məhkəmə prosesində iddiaçı tərəfindən etiraf olunmuş, həmçinin X14 İdaərisinin rəisi Mirvari Zeynalova tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 10 nömrəli əmrlə də təsdiq edilmişdir. Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Yaqut Cəlalova tərəfindən verilmiş, Muzeylə əmək müqavilələri olmayan şəxslərin işdən çıxarılması haqqında xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmr isə heç bir hüquqi nəticə yaratmayan sənəd hesab edilməlidir. Lakin faktiki olaraq Məhkəmə sözügedən əmri etibarlı və hüquqi nəticə yaradan əmr hesab edərək əmrin ləğv edilməsini iddiaçının işə bərpa olunması üçün əsas olaraq görmüşdür. Halbuki, Muzeyin direktorunun belə bir səhvə yol verməsi iddiaçının Muzeyə işə qəbul (bərpa) olunması üçün deyil, yalnız direktorun öz işəgötürəni tərəfindən intizam məsuliyyətinə cəlb olunması üçün əsas ola bilər. Buna görə də, Şəki Tarix- Diyarşünaslıq Muzeyinin xx xxxx 2020-ci il tarixli əmrinə əsasən Muzeyin fərdi əmək müqavilələrinə xitam verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli əmri texniki səhv kimi qəbul edildiyi və hüquqi əhəmiyyəti olmadığı üçün ləğv edilmişdir (əmrin surəti əlavə olunur). Hesab edirlər ki, Şəki Tarix-Diyarşünaslıq muzeyinin Dövlət Turizm Agentliyinin tabeliyinə verildiyi vaxtdan iddiaçının işdən çıxarıldığı vaxta qədər qəbul edilmiş hüquqmüəyyənedici aktların xronoloji ardıcıllıqla sadalanması birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsassız olduğunun müəyyən edilməsi üçün xüsusi əhəmiyyət kəsb edəcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və ““Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli 356 nömrəli Qərarının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Bu qərarın qəbuluna qədər Muzey Mədəniyyət Nazirliyinin Şəki X4 nəzdində dövlət müəssisəsi statusuna malik olmadan fəaliyyət göstərmiş, Muzeydə çalışan şəxslərin işəgötürəni Şəki X6muşdur. Dövlət Turizm Agentliyinin xx.xx.2019-cu il tarixli 14 nömrəli Qərarı ilə Şəki X1 təsdiq edilmiş və müvafiq olaraq vergi orqanlarında qeydiyyatdan keçdikdən sonra xx.xx.2020-ci il tarixində Muzey rəsmi olaraq dövlət müəssisəsi statusu əldə etmişdir. Məlumat üçün qeyd edirlər ki, iddiaçı və digər cavabdeh tərəfindən Muzeyin Şəki X4 nəzdində fəalliyyət göstərdiyi tarixdə (xx xxxxxx 2019-cu il tarixinədək) işəgötürən qismində çıxış etməsi üçün hüquqi şəxs statusuna malik olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Çünki Muzey yalnız Dövlət Turizm Agentliyinin tabeliyinə verildikdən və müvafiq dövlət qeydiyyatdan keçirildikdən sonra hüquqi şəxs statusu almış və işəgötürən qismində çıxış etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndinə əsasən müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq etmək Agentliyin sədrinin səlahiyyətlərinə şamil edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki X4 nəzdində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, X20 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyasının hər birinin ayrılıqda fəaliyyət göstərən təsisat kimi Dövlət Turizm Agentliyinin tabeliyinə verilməsi və həmin müəsissələrdə əvvəllər mühasib ştatı mövcud olmadığı üçün mühasibatlıq uçotunun əvvəllər X14 İdarəsi tərəfindən icra edilməsi bu qurumların hər birinin Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilən ştat cədvəlində hər qurum üçün mühasib ştatının ayrılmasına ehtiyac doğurmuşdur. Yuxarıda qeyd olunan səbəblərə görə və Agentliyin tabeliyinə verilmiş müəsissələrin əməkdaşlarının əmək haqlarının vaxtında ödənilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən xx.xx.2020-ci il tarixində qüvvəyə minmiş Şəki Tarix- Diyarşünaslıq Muzeyinin ştat cədvəlində 1 elmi işçi ştatı nəzərdə tutulmaqla mühasib ştatı əlavə edilmişdir. İddiaçı fərdi əmək müqaviləsinə Şəki X4 xx.xx.2020-ci il tarixli 10 nömrəli əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xitam verilmişdir. Göründüyü kimi, Dövlət Turizm Agentliyi tərəfindən Şəki Tarix- Diyarşünaslıq Muzeyinin ştat cədvəlinin təsdiq edildiyi tarixdən 27 gün sonra İddiaçı X14 İdarəsi ilə bağlanmış əmək müqaviləsinə işçinin ərizəsi əsasında Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Yaqut Cəlalova tərəfindən Şəki X4 xx.xx.2020-ci il tarixli əmri əsasında verilmiş 01 nömrəli əmr isə texniki səhv xarakteri daşımış və hüquqi qüvvəsi olmayan əhəmiyyətsiz sənəd olmuşdur. Belə ki, Muzey İddiaçı işəgötürəni qismində çıxış etmədiyindən onun əmək müqaviləsinə də xitam verə bilməzdi. İddiaçı iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, Şəki Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən deyil, X14 İdarəsi tərəfindən işdən çıxarılmışdır. Ona görə də məhkəmə tərəfindən Şəki Tarix-Diyarşünaslıq Muzeyinin sözügedən əmrinin ləğv edilməsi heç bir hüquqi nəticə yarada bilməz. X19- Diyarşünaslıq Muzeyinin əmək qanunvericiliyinə uyğun olaraq İddiaçı da daxil olmaqla X14 İdarəsi tərəfindən işdən azad olunan əməkdaşları işə qəbul etmək öhdəliyi olmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçının fərdi əmək müqaviləsinə öz ərizəsi əsasında Şəki X4 əmri ilə xitam verildiyi üçün mövcud əmək qanunvericiliyinə əsasən Şəki Tarix-Diyarşünaslıq Muzeyinin həmin işçini işə qəbul etmək öhdəliyi yaranmamışdır. Həmçinin iddia ərizəsində iddiaçının X14 İdarəsi tərəfindən verilmiş başqa işə keçmək vədinə yanılmaqla əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazdığı qeyd edilsə də, bildiririk ki, iddiaçıya Şəki Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən işə qəbul ediləcəyinə dair heç bir vəd verilməmiş və belə bir vədin verilməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin muzeyin ştat cədvəlində 1 elmi işçi ştatının nəzərdə tutulması digər cavabdeh X14 İdarəsinə əvvəlcədən məlum olmuşdur. Şəki Tarix-Diyarşünaslıq Muzeyinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrində həmin əmrin Şəki X4 xx.xx.2020-ci il tarixli əmri əsasında qəbul edildiyi qeyd edilmişdir. Lakin həmin əmrin surəti X14 İdarəsi tərəfindən Dövlət Turizm Agentliyinə və Muzeyə təqdim edilməmişdir. Həmin əmrin Dövlət Turizm Agentliyinə təqdim edilməsi üçün xx.xx.2020-ci il tarixli məktubla X14 İdarəsinə müraciət edilsə də, məktub bu günə qədər cavablandırılmamış, lakin sözügedən əmrin surəti Şəki Rayon Məhkəməsinin icraatında olan eyni məsələyə dair 2(075)-693/2020 nömrəli iş üzrə məhkəmə prosesi çərçivəsində iş materialı olaraq Dövlət Turizm Agentliyinə təqdim edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli məktubla iddiaçı ilə X14 İdarəsi arasında bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surətinin verilməsi üçün X14 İdarəsinə müraciət edilmişdir. İddiaçı tərəfindən onun əmək müqaviləsinə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmri ilə xitam verilməsi sübut edilməmişdir. Bütün bunlara əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul ediməlidir. Apelyasiya baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndəsi X13 apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Xahişini apelyasiya şikayətinin dəlilləri ilə əsaslandırdı. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Tarix-Diyarşünaslıq muzeyinin direktoru X11 da apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-655/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-655/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan ИТ-1231851 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1997-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Şəki Tarix-Diyarşünaslıq muzeyində əvvəlcə muzey baxıcısı, sonra isə kiçik elmi işçi vəzifəsində işləmişdir. İş materiallarında olan Şəki Tarix-Diyarşünaslıq muzeyinin xx xxxxxx 1997-ci il tarixli, 105 nömrəli Əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı x xxxxxx 1997-ci il tarixdən Şəki Tarix-Diyarşünaslıq muzeyinə baxıcı vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. İş materiallarında olan Şəki Tarix-Diyarşünaslıq muzeyinin xx xxxx 2001-ci il tarixli, 170 nömrəli Əmrinin təsdiq edilmiş surətindən görünür ki, muzeyin baxıcısı İddiaçı başqa işə keçirildiyi üçün işdən azad edilərək həmin tarixdən muzeyin kiçik elmi işçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin xx xxxxxx 2019-cu il tarixli, 66 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, həmin əmrlə Lahıc Tarix-Diyarşünaslıq, Şəki Tarix-Diyarşünaslıq, X20 Sənəti muzeylərinin, Şəki Dövlət Rəsm Qalereyasının, Xınalıq kənd və Basqal qəsəbə mədəniyyət evlərinin fəaliyyətinə birbaşa nəzarət X5 Mərkəzinə həvalə edilmiş, İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinin Hüquq sektoruna (Q.Xeyirxəbərli) Lahıc Tarix-Diyarşünaslıq, Şəki Tarix-Diyarşünaslıq, X20 Sənəti muzeylərinin, Şəki Dövlət Rəsm Qalereyasının, Xınalıq kənd və Basqal qəsəbə mədəniyyət evlərinin əsasnamələrinin bu əmrə uyğunlaşdırılmasının təmin edilməsi, Ümumi şöbəyə (C.Abbasova) bu əmrin surətinin X5 Mərkəzinə, Lahıc Tarix-Diyarşünaslıq, Şəki Tarix-Diyarşünaslıq, X20 Sənəti muzeylərinə, Şəki Dövlət Rəsm Qalereyasına, Xınalıq kənd və Basqal qəsəbə mədəniyyət evlərinə çatdırılmasının təmin edilməsi və Aparatın rəhbəri K.Qasımova əmrin icrasına nəzarət tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin xx xxxxxx 2019-cu il tarixli, 14 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Lahıc Tarix-Diyarşünaslıq, Şəki Tarix-Diyarşünaslıq və X20 Sənəti muzeylərinin, Şəki Dövlət Rəsm Qalereyasının, Xınalıq kənd və Basqal qəsəbə mədəniyyət evlərinin əsasnamələri yeni redaksiyada təsdiq edilmiş, Sənədlərlə iş və təminat şöbəsinə (C.Abbasova) bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əsasnamələrin Lahıc Tarix- Diyarşünaslıq, Şəki Tarix-Diyarşünaslıq və X20 Sənəti muzeylərinə, Şəki Dövlət Rəsm Qalereyasına, Xınalıq kənd və Basqal qəsəbə mədəniyyət evlərinə göndərilməsinin təmin edilməsi və Lahıc Tarix-Diyarşünaslıq, Şəki Tarix-Diyarşünaslıq və X20 Sənəti muzeylərinə, Şəki Dövlət rəsm Qalereyasına, Xınalıq kənd və Basqal qəsəbə mədəniyyət evlərinə fəaliyyətlərinin bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əsasnamələrin tələblərinə uyğun qurulmasını təmin etmələri tapşırılmışdır. İş materiallarında olan İddiaçı Şəki X4 rəisi M.Zeynalovaya ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı başqa işə keçməsi ilə əlaqədar olaraq onun xx xxxxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi əsas götürülərək İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Şəki Tarix-Diyarşünaslıq Muzeyinin xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, həmin Muzeydə çalışan və aşağıda adları qeyd olunan işçilərin ərizələri nəzərə alınaraq başqa işə keçmələri ilə əlaqədar olaraq onlarla, o cümlədən İddiaçı ilə bağlanılmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx xxxxxx 2020-ci tarixdən xitam verilməsi və onlara axırıncı haqq-hesab ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Şəki Tarix-Diyarşünaslıq muzeyi müdriyyətinin xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 356 nömrəli qərarına əsasən bir sıra mədəniyyət müəssisələrində, o cümlədən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, X20 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalareyasında Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli, 255 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"na daxil edilməsi nəzərə alınaraq və Muzeyin kiçik elmi işçisi İddiaçı başqa işə keçməsi ilə əlaqədar olaraq onunla bağlanmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xitam verilməsi və İddiaçı axırıncı haqq-hesab ödənilməsi əmr edilmişdir. Əsas: X14 İdarəsi rəhbərliyinin xx.xx.2020ci il tarixli, 10 nömrəli əmri. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə iş üzrə cavabdeh Şəki Tarix- Diyarşünaslıq muzeyi İddiaçı qeyri-qanuni olaraq işdən çıxarmışdır. Ona görə də Şəki Tarix-Diyarşünaslıq muzeyinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmri ləğv edilməli və İddiaçı boşdayanma günlərinin əvəzi ödənilməklə, kiçik elmi işçi olaraq işlədiyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Tarix- Diyarşünaslıq muzeyində əvvəlki işinə bərpa edilməlidir. Məhkəmə iddiаçının iddiа tələbini əsaslı hesab edərək təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və ““Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli 356 nömrəli Qərarının 2-ci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki X4 tabeliyində fəaliyyət göstərən Şəki Tarix- Diyarşünaslıq Muzeyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarına əsasən Şəki Tarix-Diyarşünaslıq Muzeyi xx xxxxxx 2019-cu il tarixdən Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq Dövlət Turizm Agentliyinin tabeliyinə verilmiş, bununla Muzeyin mülkiyyətçisi də dəyişilmiş və onun yeni mülkiyyətçisi Dövlət Turizm Agentliyi olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə, qeyd edilən vəziyyətdə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin işçilərinin müqəddəratı Əmək Məcəlləsinin 63-cü maddəsində nəzərdə tutulmuş qaydada həll edilməli idi. Həmin norma mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi qaydasını müəyyən edir. Əmək Məcəlləsinin 63-cü maddəsinə görə:

1. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.

2. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.

3. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Qanunun tələbinə müvafiq olaraq cavabdeh Dövlət Turizm Agentliyi digər cavabdeh Şəki Tarix-Diyarşünaslıq Muzeyinin əmlakını və işçilərini (rəhbər işçilər istisna olmaqla) olduğu vəziyyətdə qəbul etməli (təhvil götürməli) idi. Bundan sonra həmin işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla, o cümlədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi üzrə “işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi” əsası ilə ləğv edilə bilərdi. Eyni zamanda, işçinin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilərkən ona işəgötürən tərəfindən həmin Məcəllənin 77-ci maddəsi ilə müəyyən olunmuş təminatlar verilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinə görə:

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Konkret halda da İddiaçı ilə əmək müqaviləsinə cavabdehlər Dövlət Turizm Agentliyi və Şəki Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən yalnız əmək qanunvericiliyinin şərh olunan tələblərinə əməl edilməklə xitam verilə bilərdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə eyni qənaətdə olaraq hesab edir ki, İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxarılması qanunsuz olmuşdur. Belə ki, iddiaçı ərizə yazaraq “başqa işə keçirilmələri ilə əlaqədar” işdən çıxarılmasını xx.xx.2020-ci il tarixdə işəgötürəndən xahiş etsə də, o, bu ərizəni başqa müəssisə, idarə və təşkilatda başqa işə keçirilməsi üçün deyil, struktur dəyişikliyi ilə bağlı Dövlət Turizm Agentliyinin tabeliyinə verilmiş Şəki Tarix-Diyarşünaslıq Muzeyində başqa işə keçirilməsi məqsədilə yazmışdır. Bu hal məhkəmə araşdırması zamanı Şəki Tarix-Diyarşünaslıq muzeyinin direktoru X11 tərəfindən verilmiş izahatla da təsdiq olunur. O, məhkəmə iclasında bildirmişdir ki, “Muzeydə vakant yer olmadığı üçün iddiaçını işlə təmin etmək mümkün olmamış, iddiaçıdan ərizə onun sruktur daxilində işlə təmin edilməsi məqsədilə alınmışdır. İddiaçı heç vaxt ona başqa işəgötürənlə müqavilə bağladığını deməmiş və bu barədə hər hansı müqaviləni ona təqdim etməmişdir. Muzeydə ştatlarda ixtisar edildiyindən iddiaçını işlə təmin etmək mümkün olmamış və buna görə də ərizəsi nəzərə alınaraq onunla əmək müqaviləsinə xitam verilmişdir”. Digər tərəfdən, Əmək Məcəlləsinin 59-cu maddəsinə görə, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Göründüyü kimi, İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxarılması nə işin faktiki hallarına, nə də onun iradəsinə uyğun olmamışdır. Cavabdeh Dövlət Turizm Agentliyinin apelyasiya şikayətindən görünür ki, onun qənaətincə tabeliyinə verilmiş Şəki Tarix-Diyarşünaslıq Muzeyinin İddiaçı işdən azad edilməsi barədə əmr verməyə ixtiyarı olmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hər bir halda iddiaçı S.X9 Mədəniyyət İdarəsi rəhbərliyinin xx.xx.2020-ci il tarixli, 10 nömrəli əmri əsasında verilmiş Şəki Tarix-Diyarşünaslıq Muzeyi müdriyyətinin xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli əmri ilə işdən azad edilmiş və iddiaçının əmək kitabçasında da sonuncu əmrə istinad edilmişdir. Ona görə də İddiaçı məhz Şəki Tarix-Diyarşünaslıq Muzeyinin xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli əmrini mübahisələndirmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı iddia tələbi əsaslıdır və cavabdehlər Dövlət Turizm Agentliyi və Şəki Tarix-Diyarşünaslıq Muzeyi iddiaçını öz işinə bərpa etməklə ona məcburi iş buraxma (boşdayanma) dövrü üçün orta aylıq əmək haqqı ödənilməsini, onu öz işinə bərpa etmək və ya başqa uyğun iş təklif etmək mümkün olmadıqda isə iddiaçıya məhkəmə qətnaməsi icra olunan vaxtadək məcburi iş buraxma (boşdayanma) dövrü üçün orta aylıq əmək haqqı həcmində kompensasiya və onun ştatının ixtisara düşməsi ilə əlaqədar Əmək Məcəlləsinin 77-ci maddəsində müəyyən olunmuş birdəfəlik ödəniş verməklə müvafiq əsasla işdən azad olunduğu (əmək müqaviləsinə xitam verildiyi) barədə əmr verilməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən cavabdeh Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-655/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-655/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar