Məhkəmə qərarları › İş №2(107)-1527/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1527/2021

05.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1527/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı «cavabdehin evdən çıxarılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- evdən çıxarılma tələbi; mənzildən istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, Yevlax Rаyоn Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(039)-353/2021 saylı qətnaməsindən iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «cavabdehin evdən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona aid olan əşyaları ilə birlikdə mülkiyyətində olan Yevlax rayonu, Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh ona məxsus Yevlax rayonu, Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Yevlax rayonu, Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evi vardır. Həmin ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı 20 noyabr 2019-cu il tarixli çıxarışı əsasında ona məxsusdur. X2 cavabdehlə 25 iyul 2017-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Ailə münasibətləri baş tutmadığından Yevlax Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(039)-1803/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin buna baxmayaraq cavabdeh onun evindən çıxmır. Bununla yanaşı hər gün evdə dava salır. Elə bir gün olmur ki, evdə mübahisə olmasın. Onların bir evdə yaşamağı qeyri mümkündür. Dəfələrlə Cavabdeh evindən çıxmasını bildirsə də, evdən çıxmaqdan imtina edir. Öz evində rahatçılıq tapa bilmir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rаyоn Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(039)-353/2021 saylı qətnaməsi ilə (hakim R. Əlizadə) iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus Yevlax rayonu, Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının X2 ilə Cavabdeh 25 iyul 2017-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Cavabdeh iddiaçıya məxsus Yevlax rayonu, Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Yevlax Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə X5 ilə Cavabdeh arasında 25 iyul 2017-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin evdən çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Hazırki iş üzrə cavabdeh olan Cavabdeh evin mülkiyyətiçisinin oğlunun arvadı olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması barədə iddia ərizəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci, 30.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə həll olunmamış, maddi və prosessual hüquq normaları, xüsusilə Mülki Prosessual Məcəllənin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrini pozmuşdur. Belə ki, apelyator 06 yanvar 2020-ci il tarixində boşanmışdır, 3 uşaq onun himayəsindədir və onlara çətinliklə baxır. X3 ilə ailə münasibətləri müddətində həmin evdən istifadə hüququnu iddiaçı özü tanımışdır. Bu səbəbdən də onun həmin evdə yaşamağı qanuni və əsaslıdır. Bundan əlavə onun 3 uşağı ilə heç bir yaşayış yeri də yoxdur. Odur ki, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rаyоn Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(039)-353/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddanın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X4 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rаyоn Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(039)- 353/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddanın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rаyоn Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(039)-353/2021 saylı qətnaməsinin ləğv edilməməsini xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Yevlax Rаyоn Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(039)-353/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddanın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli iş üzrə Yevlax Rаyоn Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(039)-353/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçının X2 ilə Cavabdeh 25 iyul 2017-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Cavabdeh iddiaçıya məxsus Yevlax rayonu, Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Yevlax Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə X5 ilə Cavabdeh arasında 25 iyul 2017-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin evdən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərarında deyilir; Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsli isə qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsini, baba və nənənin nəvələrini saxlamaq vəzifəsini, nəvələrin baba və nənəni saxlamaq vəzifəsini, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsini müəyyən edir. Həmin fəsildə qaynatanın və ya qaynananın gəlini saxlamaq vəzifəsi müəyyən edilməmişdir. Daha sonra kollegiya qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi qeyd olunan normanın dispozisiya şərtlərindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilməlidir ki, cavabdehin iddiaçıya məxsus evdən çıxmaması mülkiyyət hüququna maneçilik törədilməsinə dəlalət edir. Hazırkı işin faktiki halları ilə qeyd edilən normanın dispozisiya şərtləri bir-biri ilə uzlaşır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı 20 noyabr 2019-cu il tarixli çıxarışına əsasən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçı məxsusdur. Cavabdeh isə həmin evdən çıxmamaqla iddiaçının mülkiyyət hüququna maneçilik törədirlər. Halbuki, cavabdehin həmin evdən istifadə hüquqlarına əsas verəcək sübutlar mövcud deyil. Belə olan halda, iddiaçının mülkiyyətə maneçiliyə son qoyulması (cavabdehin evdən çıxarılması) tələbi Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən haqlıdır. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzrə alaraq hesab edir ki, ev xüsusi mülkiyyət kimi 20 noyabr 2019-cu il tarixli çıxarışa əsasən İddiaçı adına qeydiyyatdan keçdiyindən, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan, cavabdehin X5 ilə nikah qeydi 06 oktyabr 2020-ci il tarixli qətnamə ilə pozulduğundan və cavabdeh İddiaçı ailə üzvü hesab edilmədiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə və Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ olmadığından apelyasiya şikayəti təmin edilə bilməz. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Yevlax Rаyоn Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(039)-353/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rаyоn Məhkəməsinin 16 mart 2021-ci il tаrixli, 2(039)-353/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar