Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1529/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlakda payın müəyyən edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili X4 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-703/2021 saylı, 20 may 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı Dövlət notariat kontorunda bağlanılmış 16 oktyabr 2008-ci il tarixli, 4Ə-2/366 nömrəli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə "xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1954-cü il tarixdə X5 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. 1966-cı ildə hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini inşa etdirmişlər. Həmin vaxtdan o, həmin evdə yaşayır və həmin evin yarısının mülkiyyətçisidir. Lakin 10 gün qabaq öyrənmişdir ki, 16 oktyabr 2008-ci il tarixdə onun xəbəri və razılığı olmadan mərhum əri X5 birgə nikah zamanı əldə etdikləri, ümumi birgə mülkiyyətlərində olan daşınmaz əmlakı, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini oğulları Cavabdeh1 bağışlamışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-703/2021 saylı, 20 may 2021-ci il tаrixli, qətnaməsi ilə (hakim P.Hacıyev) İddiaçı “Şəki rayonu 2 saylı Dövlət notariat kontorunda bağlanılmış 16 oktyabr 2008-ci il tarixli, 4Ə-2/366 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində onun payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli əmlak tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra evdə qeydiyyatda olan şəxslərin, o cümlədən İddiaçı razılıqları 16 oktyabr 2008-ci il tarixli, 4Ə-2/366 reyestr nömrəli bağışlama müqaviləsi ilə Cavabdeh1 bağışlanılmışdır. Əmlak kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş və hazırda "xxxx" KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı bağışlama müqaviləsindən xəbəri olmadığını bildirsə də iş materiallarında onun 16 oktyabr 2008-ci il tarixli razılıq ərizəsi mövcuddur və ərizə notariat kontoru tərəfindən təsdiqlənmişdir. Bundan başqa notarius tərəfindən tərəflər arasında qeyd edilən müqavilə bağlanarkən həmin müqavilənin bağlanmasında etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmiş, qeyd olunan mübahisəli mənzilə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmişdir. Həmçinin, iddiaçı onun tərəfindən verilmiş razılıq ərizəsinin etibarsızlığını və ya həmin ərizəni imzalamağa məcbur edildiyini (zorakılıq və ya hədələmə) sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində onun payının müəyyən edilməsini xahiş etsə də, hazırda əmlak "xxxx" KB ASC-nin tam mülkiyyətində olduğundan və əmlakın bağışlanmasında hər hansı qanunsuzluğa yol verildiyi aşkar edilmədiyindən iddiaçı əmlakda payının müəyyən edilməsini məhkəmə qaydasında tələb etməkdə haqlı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 71-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı, 14.1-ci, 14.2.1-ci, 140-cı, 144.1-ci, 144.2-ci, 146.1-ci, 213.1-ci, 213.2-ci, 213.5-ci, 324.1-ci, 324.4-cü, 334.1-ci, 337.2-ci, 339.1-ci, 339.2-ci, 339.2-ci, 666.1-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işi, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, 1954-cü il tarixdə X6 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. 1966-cı ildə hazırda ünvan 1 -nvanında yerləşən fərdi yaşayış evini inşa etdirmişlər. Həmin vaxtdan o həmin evdə yaşayır və həmin evin yarısının mülkiyyətçisidir. Lakin məhkəməyə müraciət etməmişdən 10 gün qabaq öyrənmişdir ki, 16 oktyabr 2008-ci il tarixdə onun xəbəri və razılığı olmadan onun və mərhum əri X5 onların birgə nikah zamanı əldə etdiyi və onların ümumi birgə mülkiyyəti olan daşınmaz əmlakı yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh1 bağışlamışdır. Evin tikilmə tarixi və onaların mərhum X5 ilə nikahlarının tarixinə nəzər yetirdikdə birmənalı sübut olunur ki, həmin daşınmaz əmlak onların birgə nikah zamanı əldə etdikləri daşınmaz əmlakdır və həmin daşınmaz əmlakın 1/ hissəsinin mülkiyyətçisidir. Ona görə də mərhum əri X5 onun icazəsi və razılığı olmadan 2 onun mülkiyyətini bağışlamışdır. Bununla da onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Lakin birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Abbasova Bibi- xanım Nəsib qızı və X9 tərəfindən ünvan 2 ünvanlanmış 16 oktyabr 2008ci il tarixli notarial ərizələrinin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı və X2 Məhərrəməli Adıgözəl oğluna məxsus əmlakın Cavabdeh1 bağışlanılmasına etirazlarının olmadığını bildirmişlər. Lakin dəfələrlə tələb edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həmin ərizənin surəti ona təqdim edilməmiş, həmin sənədlər məhkəmə tərəfindən sorğu verilərək əldə edilməsinə baxmayaraq məhkəmə iclasına qədər ona göndərilməmiş, məhkəmə iclasında vəkili və nümayəndəsi tərəfindən həmin ərizənin onlara təqdim edilərək tanış olmaqları və həmin ərizənin onun tərəfindən yazırlaraq imzalanıb imzalanmasının dəqiqləşdirilməsi üçün məhkəmə iclasının təxirə salınması, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə şifahi vəsatət verilsə də məhkəmə yekunlaşmışdır. Halbuki, onun vəkili və nümayəndəsi tərəfindən həmin ərizənin onun tərəfindən yazılıb imzalanmadığı qeyd edildiyindən həmin ərizənin onun tərəfindən yazılıb imzalanmasının müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etməli idi. Lakin göründüyü kimi məhkəmə prosesi kobud şəkildə onun hüquqlarının pozulması ilə keçirilmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 2(075)-703/2021 saylı, 20 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnanamə qəbul ediməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-703/2021 saylı, 20 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsi və 3-cü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Mülki Məcəllənin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: -bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; -hədiyyə alanın əmlakı artır; - hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; -hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; -hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllənin məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirərək Şəki Rayon Məhkəməsinin 2(075)- 703/2021 saylı, 20 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 2(075)-703/2021 saylı, 20 may 2021-ci il tаrixli qətnaməsini bağışlama müqaviləsinin etibarsızlığı hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli Şəki Rayon Məhkəməsinin 2(075)-703/2021 saylı, 20 may 2021-ci il tаrixli qətnaməsi apellyasiya şikayətinə münasibətədə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edildi ki, mübahisəli əmlak tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra evdə qeydiyyatda olan şəxslərin, o cümlədən İddiaçı razılıqları 16 oktyabr 2008-ci il tarixli, 4Ə-2/366 reyestr nömrəli bağışlama müqaviləsi ilə Cavabdeh1 bağışlanılmışdır. Əmlak kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş və hazırda "xxxx" KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlili olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı şikayətdə qeyd edir ki, bağışlama müqaviləsindən xəbəri olmayıb. Halbuki iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı mübahisəli evin əri tərəfində bağışlanması zamanı 16 oktyabr 2008-ci il tarixdə evin bağışlanmasına etiraz etməməsi barədə razılıq ərizəsi mövcuddur və ərizə notariat kontoru tərəfindən təsdiqlənmişdir. Bundan başqa notarius tərəfindən tərəflər arasında qeyd edilən müqavilə bağlanarkən həmin müqavilənin bağlanmasında etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmiş, qeyd olunan mübahisəli mənzilə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmişdir. Kollegiya şikayətin birinci instansiya məhkəməsində şifahi vəsatət verərək xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etdiklərini ancaq birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətin təmin etməməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolları nəzərədn keçirilərəkən müəyyən edilir ki, iddiaçı tərəf belə bir vəsatətlə məhkəməyə müraciət etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın təmin edilən olması barədə iddiaçının apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 2(075)-703/2021 saylı, 20 may 2021-ci il tаrixli qətnaməsi apelyasiya şikayətinə münasibətədə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 2(075)-703/2021 saylı, 20 may 2021-ci il tаrixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1529/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1529/2021
30.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver