Məhkəmə qərarları › İş №2(107)-1535/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1535/2021

03.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1535/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh4 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt edilmiş fərdi yaşayış evlərindən məcburi çıxarılmaları” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(016)-296/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus Ağsu rayonunun Kirdə kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 14.07.2020-ci il tarixli ********** nömrəli olan 77.90 kv.metr, 14.07.2020-ci il tarixli ********** nömrəli olan 70,5 kv.metr, 14.07.2020-ci il tarixli ********** nömrəli olan 103.20 kv.metr xüsusi mülkiyyətindəki 3 fərdi yaşayış evlərinin qanunsuz olaraq zəbt etmiş cavabdehlər tərəfindən boşaldılmasını və onların oradan çıxarılmasını xahiş etmişdir. Ağsu rayon Məhkəməsinin (hakim A.Əsgərov) 06 aprel 2021-ci il tarixli, 2(016)- 296/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçıya məxsus Ağsu rayonu, Girdə kəndində yerləşən ümumi sahəsi 77.90 kv.metr, 70,5 kv.metr və 103.20 kv.metr olan fərdi yaşayış evləri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən boşaldılaraq, cavabdehlər həmin fərdi yaşayış evlərindən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reestri Xidmətindən 14.07.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli olan 77.90 kv.metr, 14.07.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli olan 70,5 kv.metr, 14.07.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli olan 103.20 kv.metr olan 3 fərdi yaşayış evi vardır. Həmin evlərin hər üçünü bir ailə Kəlbəcər rayonunun Ağcakənd kəndindən olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 2002-ci ildən qanunsuz olaraq zəbt edərək orada yaşayırlar. Qanuni sahibin razılığı olmadan onlar evlərin bir neçəsini mal-qara üçün tövləyə, ot və yem anbarına çevirməklə yararsız hala salmışlar, həyətdəki ağacları doğrayıb yandırmışlar. Evlərin və həyətyanı sahələrin illik 1.500 manatlıq vergiləri də qanuni sahib tərəfindən ödənilmişdir. Həmin ailənin Bakı şəhəri, Xəzər rayonundakı Qala kəndində fərdi həyət evi olmasına və Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün tikilmiş evlərdən onlara mənzil təklifinə baxmayaraq, ona məxsus olan evləri boşaldıb getmələrinə dair dəfələrlə edilmiş təkliflərinə məhəl qoymayaraq həmin evləri qanunsuz olaraq zəbt etməkdə davam edirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, hakim məcburi köçkün olduqlarını nəzərə almamışdır. Həmçinin də onların məskunlaşdığı binalar olduğu Girdə kəndində digər məcburi köçkünlər də var ki onlarda o evlərdə yaşayır, çox sayda boş evlər də vardi ki hakim də evlərin kimlərin tərəfindən zəbt edilməsini müəyyən etmək üçün ya yerində baxış keçirməliydi ya da texniki ekspertiza təyin etməklə həqiqətəndə sözgedən evdə bizlərin məskunlaşması real müəyyən edilməliydi. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehlər 20 ildən çoxdur həmin əmlakda yaşayır. Düzdür, həmin əmlaklar cavabdehə məxsus olmasa da, iddiaçıya da aidiyyəti yoxdur. İddiaçı mübahisəli əmlakları qanunsuz yolla sənədləşdirib. Ona görə də birinci instansiya məhkəməsini qətnaməsinin ləğv olnmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(016)-296/2021 nömrəlii qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağsu rayonu, Kirdə kəndində yerləşən 77.90 kv.metr olan fərdi yaşayış evi və 0.1197 hektar torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağsu rayonu, Kirdə kəndində yerləşən 70.5 kv.metr olan fərdi yaşayış evi və 0.12 hektar torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağsu rayonu, Kirdə kəndində yerləşən 103.20 kv.metr olan fərdi yaşayış evi və 0.20 hektar torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ağsu rayon İcra Hakimiyyəti Başçısının Xanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, cavabdehlər Kəlbəcər rayonundan məcburi köçkün düşməklə, 1997-ci ildən hal-hazıra kimi müvəqqəti olaraq Ağsu rayonu, Girdə kəndində yaşayırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakların araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir . Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər, eləcə də həmin əmlakın neçə illərdir onlar tərəfindən istifadə edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermir. Çünki, yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisələndirdiyi əmlaklar tam mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən yaşayış sahəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf əmlaka mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(016)-296/2021 nömrəlii qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar