Məhkəmə qərarları › İş №2(107)-1542/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1542/2021

03.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1542/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, onun vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yetkinlik yaşına çatmamış övladları ilə birlikdə evə köçürülmə tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(039)-930/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək onun 22 oktyabr 2004-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanına köçürülmələrinin təmin edilməsinə barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev ) 18 may 2021-ci il tarixli, 2(039)- 930/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 22 oktyabr 2004-cü il təvəllüdlü X1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun sabiq həyat yoldaşı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə sonuncunun valideynləri olmaqla onun sabiq qayınatası və sabiq qayınanasıdır. Cavabdeh1la faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuş, 23 yanvar 2003-cü il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan iki övladları vardır. X8-09.12.2002-ci il təvəllüdlü və X5- 22 oktyabr 2004-cü il təvəllüdlü. Oğulları Namiq artıq yetkinlik yaşına çatmış və həqiqi hərbi xidmət borcunu yerinə yetirməkdədir. Digər övladları yetkinlik yasına çatmamış Türkan isə onun yanında yaşayır. Yevlax Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(039)-423/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh1 iddiası əsasında, aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan övladlarının onun himayəsində saxlanılması qət edilmişdir. Hazırda yetkinlik yaşına çatmamış qızı Türkan ilə birlikdə, yuxarıda göstərilən ünvanda, valideynlərinin evində yaşayır. Orada isə daimi yaşamaqları üçün imkanları yoxdur. Cavabdeh1la ailə həyatı qurduqları gündən, yəni 31 oktyabr 2001-ci il tarixdən, ailə münasibətlərini pozulanadək, yəni 2000-ci ilin yanvar ayının sonunadək ünvan 3 ünvanında fasiləsiz və etirazsız yaşamışlar. Hər üç cavabdehlə birgə ümumi təsərrüfatı idarə etmişlər. Övladları həmin evdə dünyada gəlmiş və orada böyümüşlər. Özünə məxsus cehiz əşyaları və digər əşyaları, habelə qızı Türkana məxsus bütün əşyaları da halhazıradək həmin evdədir. 2000-ci ilin yanvar ayının sonlarında qızı Türkanla birlikdə Yevlax şəhəri R. Balakişiyev küçəsi 38 ünvanından cavabdehlər tərəfindən məcburi çıxarıldıqdan az sonra, ölkədə pandemiya elan edildi, sərt karantin rejimi hökm sürdü və bu səbəbdən də, evdən çıxarıldıqdan sonrakı tez müddətdə iddia tələbini irəli sürə bilməmişdir. Həm də düşünürdü ki, ailələri bərpa edilər. Lakin, Cavabdeh1 nikahın pozulmasını tələb etmişdir. Respublikada torpaq islahatı keçirilən zaman o, və oğlu Namiq Həsənov da, ünvan 2 ünvanından dair həyətyanı torpaq sahəsinə dair torpaq payı almaq hüququna malik subyektlər olmuşlar. Odur ki, ünvan 1 ünvanına dair həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnu təsbit edən sənəddə-JN1712A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də ümumi birgə mülkiyyətçilər sırasına aşağıda göstərilən şəxslər daxildir. DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsindən əldə etdiyi 15 mart 2021- ci il tarixli **********11 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak Dövlət reyestrində qeydiyyata alınmamışdır. Hazırda cavabdehlər onu ünvan 5 ünvana dair onun heç bir haqqı və hüququ yoxdur. Oraya köçərək orada yaşamağına imkan vermirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnaməni qismən qeyri- qanuni və əsassız olmaqla yanaşı, həm də ədalətsiz hesab edir. Belə ki, ona münasibətdə məhkəmə mübahisəyə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2- ci maddəsinin tələblərinə istinad etmişdir. Halbuki , məhkəmə nəzərə almalı idi ki, iş üzrə mübahisə predmeti olan Yevlax şəhəri R. Balakişiyev küçəsi 38 ünvanında yerləşən fərdi yaşayış evi dövlət reyestrində qeydə alınmamışdır. Mülki Məcəllənin 228.2- ci maddəsi mülkiyyətdə olan yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi, şərtləri və xitamını tənzimlədiyindən, eyni zamanda onun mübahisəli mənzilə köçərkən həmin mənzil xüsusi mülkiyyətdə olmadığından, o, istəsə də belə, hazırkı cavabdehlərlə mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün notarial qaydada təstiqlənməklə hər hansı yazılı razılaşma bağlaya bilməz. Ona görə də hesab edir ki, birinci instansiyası məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini hazırkı mülki mübahisəyə tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhfə yol vermişdir, o cümlədən MPM -nin 217.2- ci maddəsinin tələbləri pozulmuşdur. o, Cavabdeh1la ailə həyatı qurduğu gündən, yəni 31 oktyabr 2001- ci tarixdən, ailə münasibətləri pozulanadək, yəni 2020- ci ilin yanvar ayının sonlarınadək Yevlax şəhəri R. Balakişiyev küçəsi ev 38- də fasiləsiz və etirazsız yaşamışdır. Hər üç cavabdehlə birgə ümumi təsərrüfatı idarə etmişlər. Övladları həmin evdə dünyaya gəlmiş və orada böyümüşlər. Özünə məxsus cehiz əşyaları və digər əşyaları, hal- hazıradək Yevlax şəhəri R. Balakişiyev ev 38-dədir. Onu da qeyd edir ki, respublikanın torpaq islahatı keçirilən zaman o, və oğlu Namiq Həsənov da Yevlax şəhəri R. Balakişiyev küçəsi 38 ünvanından həyatyanı torpaq sahəsinə dair torpaq payı almaq hüququna malik subyektlər olmuşlar. Cavabdehlərlə onun aralarında hüquq münasibətlərinin yarandığı zaman, mübahisəli evdə yaşayanların heç birinin mülkiyyətçi olmamasını nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı münasibətlərə həmin münasibətlərin yarandığı zaman qüvvədə olmuş, icarə hüququ ilə evdə yaşayan şəxslərin hüquq və vəzifələrini müəyyən edən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54- cü maddələrinin tələbləri tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 2(039)-930/2021 nömrəli 18.05.2021- ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1la 2001-ci il tarixdə ailə həyatı qurmuşdur. Bitgə nikahdan iki övladı var. 19-20 il mübahisəli evdə yaşamasına baxmayaraq, bu gün cavabdehlər onu evə buraxmır. Hazırda yaşamağa başqa yeri yoxdur. Valideynlərinin yaşadığı ev tamamilə darısqaldır. Evin yerləşdiyi torpaq sahəsində onun da mülkiyyət payı var. Bundan əlavə mübahisəli evin heç bir sənədi yoxdur. Hesab edir ki, onun iddiası tam əsaslıdır, ona görə də şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur. Əvvəla ona görə ki, mübahisəli fərdi yaşayış evinin bu gün də rəsmi sənədi yoxdur. İddiaçı istəsə də cavabdehlə müqavilə bağlaya bilməzdi. Bundan əlavə göründüyü kimi mübahisəli evin yerləşdiyi torpaq sahəsi ümumbirgə mülkiyyət hüququ ilə tərəflərə, o cümlədən də iddiaçıya məxsusdur. Hesab edir ki, bu iş üzrə MM-in 228-ci maddəsinin tətbiqi tamamilə yanlışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının qeyd olunan yaşayış evinə heç bir hüququ yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev ona məxsusdur. Torpaq sənədinə də iddiaçının adı yanlış olaraq düşmüşdür. İddiaçı israr etsə də, o iddiaçını həmin evə buraxmayacaq. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(039)-930/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 15 mart 2021-ci tarixli məktubunda qeyd olunur ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair Yevlax şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1983-cü il tarixli, 15 nömrəli iclas protokolunun çıxarışı əsasında fərdi yaşayış evinin tikdirilməsi üçün Cavabdeh2 adına 0,045 ha torpaq sahəsi ayrılmışdır. Ərazi İdarəsinin elektron məlumat bazasına əsasən JN-1712A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Yevlax şəhərində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, İddiaçı, X3 və X6 adlarına ümumibirgə 6 (nəfər) mülkiyyətində 0,04 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Lakin hüquqi sahibi ərizə ilə müraciət etmədiyi üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-423/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında 23 yanvar 2003-cü il tarixdə qeydə alınmış nikah pozulmuş və birgə nikahdan olan 2004-cü il təvəllüdlü X5 adlı uşaq anası İddiaçı himayəsində saxlanılmışdır. AZ-İİ016544 №-li, 05 dekabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 22 oktyabr 2004-cü il tarixdə Odessa şəhərində anadan olmaqla, atası Cavabdeh1, anası İddiaçıdır Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-1712A KOD 90101002 saylı şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006-ci il tarixli 10 nömrəli qərarı ilə 0,04 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi, kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Yevlax şəhər sakinləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, İddiaçı, X3 və X6 mülkiyyətinə verilmişdir. Yevlax şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1983-cü il tarixli, 15 nömrəli iclas protokolunun çıxarışının surətindən müəyyən olunur ki, fərdi yaşayış evinin tikdirilməsi üçün Cavabdeh2 adına 0,045 ha torpaq sahəsi ayrılmış, ona ayrılan sahədə yaşayış sahəsi 44.0 kv.m olan 2 otaqdan ibarət kürsülü, həyətyanı tikililəri ilə birgə ev tikdirilməsinə icazə verilmişdir. 07 avqust 1985-ci il tarixli müqavilədən görünür ki, Yevlax şəhər XDS Kommunal Təsərrüfat Şöbəsi tərəfindən Cavabdeh2 0,045 ha torpaq sahəsində, yaşayış sahəsi 44.0 kv.m olan 2 otaqdan ibarət kürsülü, həyətyanı tikililəri ilə birgə ev tikdirilməsinə hüquq vermişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesab edir ki, işə baxılarkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun olmamış, eləcə də məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Apellyasiya insatansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış bir sıra pozuntular hazırki instansiyada davam etdirilə bilməz. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 2001-ci il tarixdə ailə qurmuş, 2003-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bigə nikahdan iki övladı var. İddiaçı ailə quran ilk gündən mübahisəli evə gəlin köçmüş və boşanan günədək həmin evdə yaşamış, cavabdehlərlə birgə təsərrüfat idarə etmişdir. Bundan əlavə işin mübahisəsiz halından görünür ki, sözügedən fərdi yaşayış evi sənədsiz olmaqla, altındakı torpaq sahəsi ümumbirgə mülkiyyət hüququ ilə tərəflərə, o cümlədən də iddiaçıya məxsusdur. Göründüyü kimi iddiaçının evdən çıxıb getməsi də heç də könüllü deyil, cavabdehlərlə münasibətləri pozulması səbəbindəndir. Aralarında yaranmış narazılığa görə iddiaçı yetkinlik yaşına şatmayan qızı ilə birlikdə atası evində yaşayır. İddiaçının hazırki yaşayış yeri iradəsindən asılı olmayan səbəbdən atasının evidir. Cavabdeh tərəf iddiaçını evə buraxmadığından o hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İş materiallarından görünür ki, iddiaçının gəlin köçüb yaşadığı zaman mübahisə predmeti olan ev heç kimin mülkiyyətində olmamış, hazırda da xüsusi mülkiyyətdə deyil və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Evin yerləşdiyi torpaq sahəsi digər şəxslərlə yanaşı İddiaçı ümumbirgə mülkiyyətindədir. Mülki hüquq münasibətləri mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə əsaslandığı üçün həmin subyektlərdən birinin vəziyyətini yaxşılaşdıran qanun digər subyektin vəziyyətini pisləşdirir. Belə olan halda mülki qanunvericiliyin mülki hüquq subyeklərindən birinin və ya bir neçəsinin vəziyyətini yaxşılaşdıran normalarının geriyə tətbiqi bütün hallarda istisna olunur. Ona görə də Mülki Prosessual Qanunvericilik imperativ qaydada qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmasını tələb edir. İş materiallarından göründüyü kimi hazırki işdə tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2000-ci ildən sonra yaranmışdır. Mülki Məcəllənin 228-ci maddəsi yaşayış binasının mülkiyyətçisi də orada yaşayan ailə üzvləri arasındakı münasibəti tənzimləyir. Lakin mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından sözügedən evə heç kimin mülkiyyət hüququ yaranmamışdır. Ona görə də hazırki işdə tərəflər arasındakı mübahisəyə birbaşa tətbiq edilməli hüquq norması yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev həmin dövrdə mülkiyyətdə olmadığına görə tərəflər arasındakı mübahisəyə onlar arasında mübahisə edilən hüquq münasibəti yaranan zaman qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2. maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə görə, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2003-cü il tarixdən etibarən mübahisəli ünvanda fasiləsiz olaraq ailə üzvləri ilə birlikdə yaşamaqla təsərrüfat aparması həm iddiaçının, həm cavabdeh tərəfin etirafı ilə tam sübuta yetir. Beləliklə də, iddiaçı qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri qaydasında mübahisəli yaşayış sahəsindən istifadə etmək, yaşamaq hüququ əldə etmişdir. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Belə olan halda məhkəmə kollegiyası tərəflər arasındakı münasibətlərlə bağlı müəyyən olunmuş işin faktiki hallarına qiymət verməklə qeyd edir ki, iddiaçı ilə onun yetkinlik yaşına çatmayan övladı qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələbləri qaydasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə və yaşamaq hüququna malik şəxslər kimi qəbul edilməlidirlər. Bu zaman məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı tərəfin həmin ünvanda qeydiyyatda olub-olmaması və ya hansı tarixdən etibarən mübahisəli ünvanda qeydiyyatda olması önəmli məsələ deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatını, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), həmin Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin və ya qəyyumlarının yaşayış yeri sayılır. Beləliklə məhkəmə kollegiyası sadalanan qanunvericilik aktlarına, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan plenum qərarına istinadən hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(039)- 930/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yetkinlik yaşına çatmamış övladları ilə birlikdə evə köçürülmə tələbinə dair” iddiası təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(039)-930/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. İddiaçı 22 oktyabr 2004-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanda yeləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar