Məhkəmə qərarları › İş №2(107)-1546/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1546/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1546/2021 26.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(046)-4/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X2 və Cavabdeh5 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 26R000003525 saylı kredit razılaşması üzrə 9812 ABŞ dolları 62 sent əsas, 1440 ABŞ dolları 73 sent faiz, 1792 ABŞ dolları 43 sent cərimə olmaqla, cəmi 13045 ABŞ dolları 78 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Göyçay şəhəri, X5 küçəsi ev 11 ünvanında Cavabdeh2 xüsusi mülkiyyətində olan 1 mərtəbəli yaşayış sahəsi 36.7 kv.m, yardımçı sahəsi 14.4 kv.m, ümumi sahəsi 51.1 kv.m olan 2 otaqlı 12 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, cəmi 13045 ABŞ dolları 78 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin mənzilin açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 ümumi qaydada tutulması, Göyçay şəhəri, X5 küçəsi ev 11ünvanında Cavabdeh2 xüsusi mülkiyyətində olan 1 mərtəbəli yaşayış sahəsi 36.7 kv.m, yardımçı sahəsi 14.4 kv.m, ümumi sahəsi 51.1 kv.m olan 2 otaqlı 12 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4, X1 və Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-4/2020 saylı, 22 yanvar 2020-cu il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X2 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh Əliyev X3 Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qətnaməsindən 09.06.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-4/2020 saylı, 14 iyun 2020-cu il tarixli qərardadı ilə Cavabdeh1 Göyçay Rayon Məhkəməsinin 2(046)-4/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti əlavə edilmiş sənədlərlə birgə, şikayət verilmə müddəti buraxıldığından Cavabdeh1 geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda göstərilir ki, Əliyev X3 Rayon Məhkəməsinin 2(046)-4/2020 saylı 22.01.2020-ci il tarixli qətnaməsini 05.02.2020-ci il tarixdə imza etməklə almış, bundan sonra Cavabdeh1 15.02.2021-ci il tarixdə ərizə ilə qətnamənin ona təqdim edilməsi barədə ərizə ilə müraciət etmiş, cavabdehə məhkəmə aktının təkrar verilməsi qaydası izah edilmişdir. Buna baxmayaraq Cavabdeh1 təkrarən 27.05.2021-ci il tarixdə ərizə ilə qətnamənin ona təqdim edilməsi barədə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-4/2020 saylı 22.01.2020-ci il tarixli qətnaməsi 31.05.2021-ci il tarixdə təkrarən ona təqdim edilmiş, Cavabdeh1 09.06.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin, nəzərə alınmalıdır ki, Göyçay Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozularaq, qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. O bildirmişdir ki, qeyd edilən qətnamə rəsmi qaydada ona təqdim edilməmiş, yekun məhkəmə qərarının elan olunduğu məhkəmə baxışına dəvət edilməmiş, qətnamənin surəti ona təqdim edilməmiş və ümumilikdə həmin qətnamə barədə heç bir məlumatı olmamışdır. 15.02.2021-ci il tarixdə qətnamə mövcud olub-olmaması, əgər mövcuddursa ona təqdim edilməsi ilə bağlı müraciət etsə də, məhkəmə qətnaməni ona təqdim edilməmişdir. Yalnız evin hərraca çıxarılması ilə bağlı müvafiq qurumdan məktub gəldikdə belə qətnamənin mövcudluğu ilə bağlı Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, yalnız rəsmi məktubla müraciət etdikdən sonra 31.05.2021-ci il tarixdə qətnamə qəbzə imza etməklə almışdır. Hesab edir ki, guya 05.02.2020-ci il tarixdə imza etməklə qətnaməni almış, lakin həmin vaxt heç bir yerə imza atmaqla qətnaməni almamışdır. Yalnız 14.06.2021-ci il tarixli qərardad qəbul olunan ərəfədə məhkəmədə poçt qəbzi ona göstərilmiş, həmin qəbzdə adı yazılmamış və orada onun imzası olmamış, atası tərəfindən qəbzə imza atıldığı göstərilir, lakin hesab edir ki, atası da belə qəbzə imza atmamışdır və qəbzdəki imza ona aid deyildir. Buna görə də qərardadının ləğv edilməsini və verilmiş apelyasiya şikayətinin mümkün hesab edilərək apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. əgər o, qətnaməsi 05 fevral 2020-ci il tarixdə almışdırsa, niytə dəfələrlə məhkəməyə gedərək qətnamənin olub-olmaması ilə maraqlanmışdır, niyə 15 fevral 2021-ci il tarixdə ərizə ilə qətnamənin ona təqdim edilməsi barədə ərizə yazmışdır. Bundan əlavə o 27 may 2021-ci il tarixdə məcbur qalaraq ərizə ilə qətnamənin ona təqdim edilməsi barədə müraciət etdikdən sonra qətnamə 31 may 2021-ci il tarixdə ona təqdim edilmişdir. Buna görə də o, Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(046)-4/2020 saylı qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin aidiyyatı üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Göyçay Rayon Məhkəməsinin 2(046)-4/2020 saylı, 25 iyun 2020-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəmə kollegiyasına teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə kollegiyası iclasında iştirak edə bilməyəcəyini və cavabdeh tərəfindən verilmiş şikayətin rədd olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(046)-4/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətini qaytaran birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əliyev X3 Rayon Məhkəməsinin 2(046)-4/2020 saylı 22.01.2020-ci il tarixli qətnaməsini 05.02.2020-ci il tarixdə imza etməklə almış, bundan sonra Cavabdeh1 15.02.2021-ci il tarixdə ərizə ilə qətnamənin ona təqdim edilməsi barədə ərizə ilə müraciət etmiş, cavabdehə məhkəmə aktının təkrar verilməsi qaydası izah edilmişdir. Buna baxmayaraq Cavabdeh1 təkrarən 27.05.2021-ci il tarixdə ərizə ilə qətnamənin ona təqdim edilməsi barədə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-4/2020 saylı 22.01.2020-ci il tarixli qətnaməsi 31.05.2021-ci il tarixdə təkrarən ona təqdim edilmiş, Cavabdeh1 09.06.2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Göründüyü kimi Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş apelyasiya şikayətinin verilmə müddətini buraxmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, Göyçay Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli 2(046)-4/2020 saylı qərardadının ləğv edilməsi barədə şikayətçinin göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 ünvanlanmış ünvan 2 05.02.2020-ci il tarixdə atası (iş üzrə digər cavabdeh) poçt vasitəsi ilə imza etməklə almışdır. Bundan sonra Cavabdeh1 15.02.2021-ci il tarixdə qətnamənin ona təqdim edilməsi barədə ərizə ilə müraciət etmiş, cavabdehə məhkəmə aktının təkrar verilməsi qaydası izah edilmişdir. Buna baxmayaraq Cavabdeh1 təkrarən 27.05.2021-ci il tarixdə ərizə ilə qətnamənin ona təqdim edilməsi barədə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-4/2020 saylı 22.01.2020-ci il tarixli qətnaməsi 31.05.2021-ci il tarixdə təkrarən ona təqdim edilmiş, Cavabdeh1 09.06.2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Göründüyü kimi Cavabdeh1 qeyd edilən müddət ərzində qətnamədən apelyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş apelyasiya şikayətinin verilmə müddətini cavabdeh buraxmışdır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti 1-ci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(046)-4/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 398.0.3, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(046)-4/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar