Məhkəmə qərarları › İş №2(107)-155/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-155/2023

30.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-155/2023 30.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-qanuni zəbt olunmuş torpaq sahəsinin qaytarılması, qeyri-yaşayış tikilisinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- qeyri-qanuni zəbt olunmuş torpaq sahəsinin qaytarılması, qeyriyaşayış tikilisinin sökülməsi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-qanuni zəbt olunmuş torpaq sahəsinin qaytarılması, qeyri-yaşayış tikilisinin sökülməsi tələbinə dair Oğuz Rayon Məhkəməsinin 2(054)-376/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, onun xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,08 hektardan ibarət hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş kanalizasiya quyusu və digər qurğuların onun vəsaiti hesabına sökülməsi, 0,12 hektar həyətyanı torpaq sahəsinin qeyri-qanuni zəbt olunmuş 0,08 hektardan ibarət hissəsinin Cavabdeh2, 0,02 hektardan ibarət hissəsinin isə Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə, həmin tarixli AA 517737 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun xüsusi mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsinin 0,08 hektardan ibarət hissəsi Cavabdeh2 tərəfindən, 0,02 hektardan ibarət hissəsi isə Cavabdeh1 tərəfindən heç bir qanuni əsas olmadan və onun iradəsi ziddinə zəbt edilmişdir. Eyni zamanda, 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,08 hektardan ibarət hissəsində Cavabdeh2 tərəfindən kanalizasiya quyusu və digər qurğular inşa edilmişdir. O özü və digər şəxslərin vasitəsilə cavabdehlərdən onun xüsusi mülkiyyətində olan torpaq sahəsini qaytarmalarını dəfələrlə xahiş etmişdir. Lakin cavabdehlər onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini heç bir qanuni əsas olmadan istifadə edir və ona öz mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməyə imkan vermirlər. Ona görə də o, xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəslərinin cavabdehlərdən alınaraq ona qaytarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin 2(054)-376/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Süleymanov) iddia tələbinin təmin edilməsi, Cavabdeh2 Oğuz rayonu Muxas kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 517737 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,12 hektar torpaq torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş cəmi 0,08 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı qaytarılması, qeyd olunan torpaq sahəsində yerləşən qeyri-yaşayış tikilisinin (kanalizasiya quyusu və digər qurğular) Cavabdeh2 vəsaiti hesabına sökülməsi, Cavabdeh1 Oğuz rayonu Muxas kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 517737 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,12 hektar torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş cəmi 0,02 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı qaytarılması, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin, həmçinin, iş üzrə mütəxəssis arayışının verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 95 manat müayinə və tədqiqat xərci - cəmi 195 manat məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı oğluna ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçının xüsusi mülkiyyətində Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan, xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,0817 hektardan ibarət hissəsi Cavabdeh2 tərəfindən, 0,0221 hektardan ibarət hissəsi isə Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. Qeyri-yaşayış tikilisi 0,12 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan 0,0817 hektar torpaq sahəsində inşa edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı özünün xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,08 hektardan ibarət hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş kanalizasiya quyusu və digər qurğuların onun vəsaiti hesabına sökülməsi, 0,12 hektar həyətyanı torpaq sahəsinin qeyri-qanuni zəbt olunmuş 0,08 hektardan ibarət hissəsinin Cavabdeh2, 0,02 hektardan ibarət hissəsinin isə Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbinin əsası olaraq həmin torpaq sahəsinə dair onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə, eyni zamanda, mütəxəssis arayışına və ona əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxeminə istinad etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər, iddiaçıya məxsus torpaq sahəsini və ya həmin torpaq sahəsinin bir hissəsini zəbt etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq iddiaçıya məxsus olan torpaq sahəsini, yaxud onun bir hissəsini zəbt etmədiklərini bildirmişlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Birinci instansiya məhkəməsi cavabdehlərin iddia tələbinə etiraz olaraq izahatlarında göstərdikləri, iddiaçıya məxsus olan torpaq sahəsini, yaxud onun bir hissəsini zəbt etmədikləri, iddiaçının atasının onların məlumatı olmadan, 0,12 hektar torpaq sahəsinə dair qeyri-qanuni yollarla öz qızının adına mülkiyyət hüququnu tanıyan sənədlər əldə etdiyi barədə dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər iddiaçının öz mülkiyyəti üzərində dövlət qeydiyyatına alınmış hüquqlarının məhdudlaşdırılmasına, onun özünün xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüquqlarını tam və sərbəst şəkildə həyata keçirməsinə maneə olmasına səbəb ola və bu xüsusatlar özü-özlüyündə cavabdehlərin etirazlarının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilə bilməz. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq bir hissəsinin Cavabdeh2, bir hissəsinin isə Cavabdeh1 tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdehlər özləri də mübahisəli ərazinin onların istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin özlərinə aid olduğunu iddia etmişlər. Mütəxəssis arayışına əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemi ilə də həmin torpaq sahəsinin sənəd üzrə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Mülki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid olan 0,12 hektar həyətyanı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsindən qanunsuz olaraq istifadə etmələri iddiaçının əmlak hüquqlarının pozulması, onun öz torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə etmələrinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Birinci instansiya məhkəməsinə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlmişdir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbt olunduğu müəyyən edilən hissəsindən çıxarılmalıdırlar. İddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş hissələri boşaldılaraq iddiaçıya təhvil verilməli, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış tikilisi sökülməlidir. Birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən zəbt olunmuş və boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsinin miqdarını müəyyən edərkən qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş hissələrinin mütəxəssis arayışına görə müvafiq olaraq 0,0817 hektar və 0,0221 hektardan ibarət olduğu müəyyən olunsa da, iddiaçı müvafiq olaraq 0,08 hektar və 0,02 hektar torpaq sahələrinin boşaldılmasını tələb etdiyindən və məhkəmə prosesinin gedişində də iddia tələbinin həcminin artırılması barədə ərizə verilmədiyindən, habelə, torpaq sahələrinin ölçüləri arasındakı fərq cüzi olsa da, məhkəmənin iddia tələbindən kənara çıxması üçün qanunda göstərilən müstəsna hallar mövcud olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində əsasən məhkəmə iddia tələbindən kənara çıxmadan hazırki tələbə iddia ərizəsində qeyd edilən iddia tələbi çərçivəsində - müvafiq olaraq 0,08 hektar və 0,02 hektar torpaq sahələrindən çıxarılma, həmin miqdarda torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi, 0,08 hektar torpaq sahəsində yerləşən qeyriyaşayış tikilisinin (kanalizasiya quyusu və digər qurğular) sökülməsi tələbi məzmununda baxılmasını qanunauyğun hesab etmişdir. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyriqanuni zəbt edilmiş, müvafiq olaraq 0,08 hektar və 0,02 hektardan ibarət hissələrindən çıxarılmalı, həmin torpaq hissələri boşaldılaraq iddiaçıya təhvil verilməli, qeyd olunan 0,08 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış tikilisi (kanalizasiya quyusu və digər qurğular) Cavabdeh2 vəsaiti hesabına sökülməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülk Prosessaul Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi uzun müddətdən bəri onun istifadəsində olmuş, o, həmin torpaq sahəsinin kənarlarına hasar çəkməyə 15.000 manata qədər vəsait sərf etmişdir. Həmin vaxt iddiaçı və ya atası buna heç bir münasibət bildirməmişlər. Ancaq sonradan iddiaçının atası hansısa yollarla həmin torpaq sahəsinə dair öz qızının adına mülkiyyət hüququnu tanıyan sənədlər almışdır. O, iddiaçıya məxsus olan torpaq sahəsini, yaxud onun bir hissəsini zəbt etməmişdir. Lakin məhkəmə araşdırılması zamanı MPM-in göstərilən tələbləri nəzərə alınmamış, torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək üçün Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmiş, həmin qurumun verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubuna əsaslanaraq qətnamə qəbul edilmişdir. Cavab məktubunda iddiaçının adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,0817 hektardan ibarət hissəsi Cavabdeh2, 0,0221 hektardan ibarət hissəsi isə Cavabdeh1 istifadəsində olması, qeyri yaşayış tikilisi 0,12 hektar həyətyanı torpaq sahəsinin onun istifadəsində olan 0,0817 hektar torpaq sahəsində inşa edilməsi göstərilmişdir. Hansı ki, məhkəmənin sorğusuna cavab verən qurumla iddiaçıya çıxarışı verən eyni qurumdur. Yəni həmin qurum üçün işin nəticəsi birbaşa maraq doğurur. Halbuki DƏDRX-də bir qayda olaraq hər hansı daşınmaz əmlak qeydiyyata alınan zaman əlavə tikili, qanunsuz tikili və yaxud zəb olunma halları aşkar edilən zaman qeydiyyatın aparılmasından imtina olunur. Bu iş üzrə isə iddiaçıya çıxarışın verilməsi təəccüblü haldır. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tаrixli, 2(054)-376/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tаrixli, 2(054)-376/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirirlər, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tаrixli, 2(054)-376/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tаrixli, 2(054)-376/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tаrixli, 2(054)-376/2022 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan, xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,0817 hektardan ibarət hissəsi Cavabdeh2 tərəfindən, 0,0221 hektardan ibarət hissəsi isə Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. Qeyri-yaşayış tikilisi 0,12 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan 0,0817 hektar torpaq sahəsində inşa edilmişdir. Hazırda iddiaçı özünün xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,08 hektardan ibarət hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş kanalizasiya quyusu və digər qurğuların onun vəsaiti hesabına sökülməsi, 0,12 hektar həyətyanı torpaq sahəsinin qeyri-qanuni zəbt olunmuş 0,08 hektardan ibarət hissəsinin Cavabdeh2, 0,02 hektardan ibarət hissəsinin isə Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş yuxarıda qeyd edildiyi qaydada həll edilmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, torpaq sahəsi uzun müddətdən bəri onun istifadəsində olmuş, o, həmin torpaq sahəsinin kənarlarına hasar çəkməyə 15.000 manata qədər vəsait sərf etmişdir. Həmin vaxt iddiaçı və ya atası buna heç bir münasibət bildirməmişlər. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi 15.000 manatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 həmin xərcin çəkilməsi ilə bağlı iddiaçının hər hansı bir təqsirinin olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçının təqsirinin olduğu təqdirdə isə bununla bağlı məhkəmədə iddia qaldıra bilməsi hüququ izah edilməklə apelyasiya şikayəti əsassız hesab edilməlidir. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, iddiaçının atası hansısa yollarla həmin torpaq sahəsinə dair öz qızının adına mülkiyyət hüququnu tanıyan sənədlər almışdır. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, 0,12 hektar torpaq sahəsinə dair qeyri-qanuni yollarla iddiaçının adına mülkiyyət hüququnu tanıyan sənədlər əldə etdiyi barədə dəlilləri əsassızdır. Həmin dəlillər iddiaçının öz mülkiyyəti üzərində dövlət qeydiyyatına alınmış hüquqlarının məhdudlaşdırılmasına, onun özünün xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüquqlarını tam və sərbəst şəkildə həyata keçirməsinə maneə olmasına səbəb ola və bu xüsusatlar özü-özlüyündə cavabdehlərin etirazlarının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilə bilməz. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq bir hissəsinin Cavabdeh2, bir hissəsinin isə Cavabdeh1 tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdehlər özləri də mübahisəli ərazinin onların istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin özlərinə aid olduğunu iddia etmişlər. Ekspert rəyi ilə torpaq sahəsinin yerləşmə sxemi ilə də həmin torpaq sahəsinin sənəd üzrə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Şikayətin üçücü dəlili ondan ibarətdir ki, iddiaçıya məxsus olan torpaq sahəsini, yaxud onun bir hissəsini zəbt etməmişdir. Lakin məhkəmə araşdırılması zamanı MPM-in göstərilən tələbləri nəzərə alınmamış, torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmiş, həmin qurumun verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubuna əsaslanaraq qətnamə qəbul edilmişdir. Cavab məktubunda iddiaçının adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,0817 hektardan ibarət hissəsi Cavabdeh2, 0,0221 hektardan ibarət hissəsi isə Cavabdeh1 istifadəsində olması, qeyri yaşayış tikilisi 0,12 hektar həyətyanı torpaq sahəsinin onun istifadəsində olan 0,0817 hektar torpaq sahəsində inşa edilməsi göstərilmişdir. Hansı ki, məhkəmənin sorğusuna cavab verən qurumla iddiaçıya çıxarışı verən eyni qurumdur. Yəni həmin qurum üçün işin nəticəsi birbaşa maraq doğurur. Halbuki DƏDRX-də bir qayda olaraq hər hansı daşınmaz əmlak qeydiyyata alınan zaman əlavə tikili, qanunsuz tikili və yaxud zəb olunma halları aşkar edilən zaman qeydiyyatın aparılmasından imtina olunur. Bu iş üzrə isə iddiaçıya çıxarışın verilməsi təəccüblü haldır. Kollegiya hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının 12 aynvar 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 11 oktyabr 2023-cü il tarixli 3- 16-16/2-10/3981 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 1-ci sual üzrə Oğuz rayonu, Muxas kəndi ərazisində yerləşən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat, **********89 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 517737 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçım xüsusi mülkiyyətinə verilmiş 0.12 hektar torpaq sahəsinin koordinatları təyin edilmişdir. 2-ci sual üzrə İddiaçı məxsus Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. 3-cü sual üzrə İddiaçı məxsus Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan 0.0817 hektar hisəsində qeyri-yaşayış tikilisi (sanitar qovşaq) inşa edilmişdir. 4-cü sual üzrə İddiaçı xüsusi mülkiyyətində olan 0.12 hektar torpaq sahəsinin 0.0817 hektar hissəsi Cavabdeh2, 0.0221 hektar hissəsi Cavabdeh1 istifadəsindədir. Torpaq sahəsinin 0.0156 hektar hissəsi İddiaçı öz istifadəsində olması müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tаrixli, 2(054)-376/2022 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tаrixli, 2(054)-376/2022 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əli) manatı Cavabdeh2dan tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar