Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1551/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli fakt, əmək kitabçası, pensiya təminatı, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filalının nümayəndəsi X7 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)- 302/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək onun 15 sentyabr 1972-ci il tarixdən 07 may 1974-cü il tarixədək və 20 may 1976-ci il tarixdən 14 mart 1999cu il tarixədək Yevlax X9 Birliyində işlədiyi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (ərizə dəqiqləşdirilmişdir). Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi Yevlax şəhər X9 Birliyində (şəhər OBPİT) 1972-ci ildən 1999-cu ilədək işləmişdir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə və eyni zamanda Azərbaycan Respublikası X14 filialına müraciət etsə də, 1972-ci ildən 1999-cu ilədək Yevlax şəhər X9 Birliyində işləməyi ilə bağlı qeyd olunan müəssisənin əmr kitabları və əmək haqqında sənədləri mühafizə olunmaq üçün X16 təhvil verilmədiyindən iş stajını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi tərəfindən ona ünvanlanmış imtina məktubunda 1972-ci ildən 1999-cu ilədək Yevlax şəhər X9 Birliyində işləməyi rəsmiləşmədiyi üçün həmin illərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Onun həqiqətən 1972-ci ildən 1999-cu ilədək Yevlax şəhər X9 Birliyində işləməyinə onunla birlikdə işləyən iş yoldaşları da şahiddirlər və bunu onlar da təsdiqləyə bilər. Onun əmək stajını müəyyən etmək mümkün olmadığından, hazırda ona pensiyaya çıxması üçün ciddi maneələr yaranmışdır. O, bu maneələrin təsiri altında qalaraq qanunla müəyyən olunan əmək stajının rəsmi qaydada Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax Rayon Şöbəsinə təqdim edə bilmir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 2(039)- 302/2021 saylı, 18 may 2021-ci il tаrixli ilə (hakim G.Cavadova) ərizə təmin edilmiş, Ərizəçi 15 sentyabr 1972-ci il tarixdən 07 may 1974-cü il tarixədək və 20 may 1976-ci il tarixdən 14 mart 1999-cu il tarixədək X20 Müəssisəsi Birliyində aşpaz işləməsi ilə əlaqədar əmək stajının olması faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçi 15 sentyabr 1972-ci ildən 07 may 1974-cü ilədək, 20 may 1976-cı ildən 14 mart 1999-cu ilədək Yevlax şəhər X9 Birliyində aşpaz kimi fəaliyyət göstərmiş, işlədiyi müəssisə ləğv olunmuş və müəssisənin əmr kitabları və əmək haqqı sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Ərizəçi DSMFnin Yevlax rayon filialına müraciət etsə də, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı olmadığı üçün əmək pensiyası hüququnu təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatdan məlum olmuşdur ki, o, ərizəçinin sinif yoldaşı və dostudur. O, Yevlax şəhər X9 Birliyində 1971-ci ildən 1993cü ilədək işləmiş və həmin illərdə o, Yevlax rayonunun ərazisində fəaliyyət göstərən müxtəlif yeməkxanalarda aşpaz kimi fəaliyyət göstərmişdir. Ərizəçi də həmin dövrdə tütün zavodunda aşpaz kimi işləmişdir. Sonradan o, iş yerini dəyişsə də, Sabir ictimai iaşə müəssisəsi ləğv olunanadək həmin zavodda aşpaz kimi işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatdan məlum olmuşdur ki, o, Yevlax şəhər X9 Birliyində 1978-ci ildən 1993-cü ilədək işləmişdir. Belə ki, həmin illərdə o, Yevlax rayonunun ərazisində yerləşən müxtəlif yeməkxanalarda aşpaz kimi fəaliyyət göstərmişdir. O, işlədiyi dövrdə Ərizəçi tütün zavodunda aşpaz kimi işləmişdir. Hər ikisi müəssisə ləğv olunduqdan sonra işdən çıxmışlar. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qeyd olunan hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab etmişdir ki, Ərizəçi 15 sentyabr 1972-ci il tarixdən 07 may 1974-cü il tarixədək və 20 may 1976-ci il tarixdən 14 mart 1999-cu il tarixədək Yevlax X9 Birliyində aşpaz işləməsi ilə əlaqədar əmək stajının olması faktı müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərararı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsi, 307.2.11-ci 308-ci, 310-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 302/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsi əsassızdır, maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə istinad etmişdir. Orada qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Eyni zamanda, ərizəçinin şahidləri məhkəmə iclasında izahat vermişlər. X3 qeyd etdi ki, o, ərizəçinin sinif yoldaşı və dostudur. O, Yevlax şəhər X9 Birliyində 1971-ci ildən 1993-cü ilədək işləmiş və həmin illərdə o, Yevlax rayonunun ərazisində fəaliyyət göstərən müxtəlif yeməkxanalarda aşpaz kimi fəaliyyət göstərmişdir. İddiaçı Ərizəçi də həmin dövrdə tütün zavodunda aşpaz kimi işləmişdir. Sonradan o, iş yerini dəyişsə də, Ərizəçi ictimai iaşə müəssisəsi ləğv olunanadək həmin zavodda aşpaz kimi işləmişdir. X1 qeyd etdi ki, o, Yevlax şəhər X9 Birliyində 1978-ci ildən 1993-cü ilədək işləmişdir. Belə ki, həmin illərdə o, Yevlax rayonunun ərazisində yerləşən müxtəlif yeməkxanalarda aşpaz kimi fəaliyyət göstərmişdir. O, işlədiyi dövrdə Ərizəçi tütün zavodunda aşpaz kimi işləmişdir. Hər ikisi müəssisə ləğv olunduqdan sonra işdən çıxmışlar. Bu səbəblə də, məhkəmə ərizə tələbini təmin etmişdir. Bununla əlaqədar apellyasiya şikayətlərini təqdim edirlər və məhkəmə tərəfindən icraata qəbul edilib hüquqi qiymət verilməsini xahiş edirlər. İş materiallarına əsasən ərizəçinin işləməsi faktını təsdiq edən hallar, sənədlər və materiallar mövcud olmadığından ərizə təmin edilməməlidir. Lakin, bu hallar birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməmiş, məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən Yevlax Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli 2(039)-302/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizə tələbi rədd edilməklə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən ərizəçi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli 2(039)-302/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiyanın iclasında iştirak edən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filalının nümayəndəsi X12 iş üzrə qanuni qərar qəbul ediləsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: 87-ci maddəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24.09.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-c il tarixli Qərarının 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 2(039)- 302/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)- 302/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ərizəçi 15 sentyabr 1972-ci ildən 07 may 1974-cü ilədək, 20 may 1976-cı ildən 14 mart 1999-cu ilədək Yevlax şəhər X9 Birliyində aşpaz kimi fəaliyyət göstərməsini qeyd etmiş, işlədiyi müəssisə ləğv olunmuş və müəssisənin əmr kitabları və əmək haqqı sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Ərizəçi DSMF-nin Yevlax rayon filialına müraciət etsə də, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı olmadığı üçün əmək pensiyası hüququnu təmin etmək mümkün olmamışdır. İddiaçı isə həmin müəssisədə aşpaz işləməsini təsdiq edə biləcək hər hansı bir sübut növü məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi barədə dəlilləri əsaslıdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə və eyni zamanda Azərbaycan Respublikası X14 filialına müraciət etsə də, 1972-ci ildən 1999-cu ilədək Yevlax şəhər X9 Birliyində işləməyi ilə bağlı qeyd olunan müəssisənin əmr kitabları və əmək haqqında sənədləri mühafizə olunmaq üçün X16 təhvil verilmədiyindən iş stajını müəyyən etmək mümkün olmamışdır. Ərizəcinin bu dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X14 filialına müvafiq sorğu verilmiş, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X14 filialı tərəfindən cavab verilmişdir. Arayışda qeyd edilmişdir ki, Yevlax şəhər X9 Birliyin əmr kitabları 01 avqust 1973-cü ildən 30 dekabr 1995-ci ilə qədər, əmək haqqı sənədləri 1984cü ildən 1995-ci ilədək X16 təhvil verilmişdir. X15 mühafizə olunan Yevlax şəhər X9 Birliyinin əmr kitabları və əmək haqqı sənədləri yoxlanılmış, Ərizəçi həmin illərdə işləməyinə dair qeyd tapılmadığı aşkar edilmişdir. Göründüyü kimi ərizəçi ərizəsini kifayət qədər əsaslandırmamış, ərizənin təmin edilməsi üçün sübutlar təqdim etməmişdir. Şahidlərin ifadələrinə gəldikdə isə kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə şahid ifadələri digər sübutlarla yanaşı qiymətləndirilir. Hazırkı halda isə ərizəçi tərəfindən şahid ifadələrindən başqa hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda şahidlər Yevlax şəhər X9 Birliyində 1971-ci ildən 1993-cü ilədək işləmələrini qeyd etmiş, ərizəçi isə ərizədə 1999-cu ilədək işlədiyini qeyd etmişdir. Yəni 1993-cü ildən 1999-cu ilə qədər işləməyinə dair ümumiyyətlə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən ərizəçi arxiv sənədlərinin sel və daşqın nəticəsində yoxa çıxdığını bildirmiş, ancaq kollegiya həmin dəlili inandırıçı hesab etmir. Belə ki, kollegiyanın sorgusu əsasında arxiv idarəsindən məlumat alınmış, hər hansı bir sel və ya daşqın barədə məlumat qeyd edilməmişdir. Göründüyü kimi ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)- 302/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)- 302/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov
Ayaz Mahmudov