Məhkəmə qərarları › İş №2(107)-1558/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1558/2020

23.09.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1558/2020 23.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-563/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, ******* saylı, RX seriyalı Çıxarışda qeyd olunmuş Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı onunla Cavabdeh1 arasında olan alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qızıdır. 2007-ci il tarixdə qızı hələ ailə həyatı qurmamışdan onun adına Şəki şəhəri 118-ci kvartalından fərdi yaşayış evi tikmək üçün Şəki bələdiyyəsindən 600 kv.m torpaq sahəsi almışdır. Lakin həmin vaxt torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almamışlar. 2009-cu ildə qızı Cavabdeh1 Nadir Şükürov adlı şəxslə ailə qurmuşdur. 2014-cü il tarixdə qızı ona müraciət edərək pul lazım olduğunu və ona görə də həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O isə ya birinə satacaqlarına elə ona satmasını bildirmişdir. Buna görə də aralarında alqı-satqı barədə razılaşmışlar. Həmin torpağın müqabilində qızına 5000 ABŞ dolları və 8000 manat pul vermişdir. Torpağı sənədləşdirməyi üçün də qızı ona xx xxxx 2014-cü il tarixdə ƏN-İ № 394180 nömrəli etibarnamə vermişdir. Lakin həmin vaxt olan pulunu torpağın alınması üçün verdiyindən torpağın sənədləşdirilməsinə imkanı çatmamışdır. Həmin vaxtdan hazıradək torpaq sahəsi onun istifadəsindədir. Aralarında bağlanmış şifahi əqd satıcı və alıcı tərəfindən icra edilərək tərəfindən qızına torpağın dəyəri və qızı tərəfindən isə torpaq sahəsi ona verilmişdir. O, həmin torpaq sahəsinə 2014- cü ildən heç bir maneə olmadan hal-hazıradək sahiblik və ondan istifadə edir. 2018-ci ildə o, həmin torpaq sahəsini sənədləşdirmək üçün qızı X1 adına RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra o, cavabdehdən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsini tələb etsə də aralarında başqa işlərlə bağlı narazılıq yarandığından sonuncu notariat kontoruna getməkdən yayınır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiklərini bildirdilər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, qanunvericiliyin tələbi baxımından Çimnaz xanımın ona qarşı vermiş olduğu iddia ərizəsi qəbul etmir. Belə ki, o, Çimnaz xanımı və onun qızı Natiqə xanımı şəxsən tanımır. Torpağa ehtiyacı olduğundan eşitmişdir ki, Natiqə adlı xanım özünə məxsus 6 sot torpaq sahəsini satır. O, həmin torpaq sahəsini almış, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisində sənədləşdirilmişdir. O, həmin torpaq sahəsini aldıqdan sonra həmin sahədə təmizlik işləri görməklə yanaşı ətrafına hasar hördürmüşdür. Əgər bilsə idi ki, həmin torpaq sahəsi mübahisəlidir, o, heç vaxt torpağı almazdı. Bundan başqa İddiaçı torpaq müqabilində qızı Natiqəyə 5000 ABŞ dolları və 8000 manat pul verdiyini bildirmişdir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh1 arasındakı mübahisənin ona heç bir aidiyyatı yoxdur. Əgər göstərdiyi pulu qızına veribsə o iddianı Cavabdeh1 qarşı qaldıraraq ziyan tələb edə bilər. O, mübahisəli torpaq sahəsini qanunvericiliyin tələblərinə uyğun olaraq pul verib almış və notariat orqanında adına rəsmiləşdirmişdir. Əgər hər hansı mübahisə olsa idi notariat orqanı rəsmiləşdirmə aparmazdı. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclaslarına gəlməmişdir. Birinci instansiya məhkəməsiişə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin xx xxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bundan başqa məhkəməyə xx xxxx 2020-ci il tarixdə iddia ərizəsinə qarşı etiraz göndərərək bildirmişdir ki, o, iddiaçının adına etibarnaməni Şəki rayonunda dövlət aktı əsasında verilən torpaq sahəsindən pay torpağını ayırmaq məqsədilə vermişdir. Lakin iddiaçı bundan sui-istifadə edərək 2015-ci ildə atası dünyasını dəyişəndən sonra ondan qalan miras əmlakı notarial kontorunda adından öz xeyrinə imtina etmiş, sonra isə həmin mirası öz mülkiyyətinə qəbul etmişdir. O, iddiaçının etdiyi əməldən xəbər tutduğu zaman, verdiyi etibarnamənin ləğv edilməsi üçün notariat orqanına müraciət etmişdir. Əlavə olaraq verdiyi etibarnamə əsasında hansı əməliyyətlər olunduğunu öyrənmək üçün Ədliyyə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Ədliyyə Nazirliyi ərizəyə cavab olaraq heç bir əməliyyat aparılmadığını bildirmişdir. Bundan başqa iddiaçı mübahisəli torpaq sahəsi iləbağlı ona heç bir məbləğdə pul ödənişi etməmiş, mülkiyyətində olan digər torpaq sahəsini də öz mülkiyyəti kimi qələmə vemişdir. Bu səbəbdən də Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-563/2020 nömrəli qətnаməsi ilə (hakim P.Hacıyev) İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, ******* saylı, RX seriyalı Çıxarışda qeyd olunmuş Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı onunla Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-563/2020 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, 2007-ci il tarixdə qızı hələ ailə həyatı qurmamışdan onun adına Şəki şəhərinin 118-ci kvartalından fərdi yaşayış evi tikmək üçün Şəki bələdiyyəsindən 600 kv.m torpaq sahəsi almışdıq. Lakin həmin vaxtı torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almamışlar. 2009-cu ildə qızı Cavabdeh1 Nadir Şükürov adlı bir şəxslə ailə qurmuşdur. 2014-cü il taridə qızı ona müraciət edərək pul lazım olduğunu və ona görə də həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O da bildirmişdir ki, özgəyə satınca o, alsın başqasına qismət olmasın. Buna görə də onlar arasında alqı- satqı barədə razılaşmışlar və o, həmin torpağın müqabilində qızına 5000 ABŞ dolları və 8000 manat pul vermişdir. Torpağı sənədləşdirməyi üçün də qızı ona xx xxxx 2014-cü il tarixdə ƏN-İ № 394180 nömrəli etibarnamə vermişdir. O, həmin vaxt olan pulunu torpağın alınması üçün verdiyindən torpağın sənədləşdirilməsinə imkanı çatmamışdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı mövcud deyildi. Torpağın mülkiyyət sənədlərini sonradan o, öz vəsaiti hesabına düzəltdirmişdir. Hazırda da həmin sənədlər ondadır. Həmin vaxtdan hazıradək torpaq sahəsi onun istifadəsindədir. Aralarında bağlanmış şifahi əqd hər iki tərəfindən icra edilərək onun tərəfindən qızına torpağın dəyəri verilmiş və qızı tərəfindən isə torpaq sahəsi ona verilmişdir. o, həmin torpaq sahəsinə 2014-cü ildən heç bir maneə olmadan hal-hazıradək sahiblik və ondan istifadə edir.Hal-hazıradək həmin torpaq sahəsinin vergisini o ödəmişdir. 2018-ci ildə o, həmin torpaq sahəsini sənədləşdirmək üçün qızı X1 adına RX seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra o, cavabdehdən alqı-satqı müqaviləsinin notariat qaydasında edilməsini tələb etsə də cavabdeh aralarında başqa işlərlə bağlı narazılıq yarandığından notariat kontoruna getməkdən yayındı. Hazırda isə Cavabdeh1 həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Cavabdeh2 hazırda torpaq sahəsinin kənarını hasarlayır. O, həmin şəxsə torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də Cavabdeh2 həmin torpaq sahəsini Nadir Şükürovdan aldığını bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxarkən qeyd etmişdir ki, həmin torpaq sahəsi onun tərəfimdən Cavabdeh1 Çimnaz qızından alındığından həmin torpaq sahəsinə Çıxarış da onun tərəfindən alınmış, onun tərəfindən ƏMDK yanında DƏDRX-nin 12 saylı X10 ərizə ilə müraciət edilmiş və bütün rüsumlar onun tərəfindən ödənilmiş və qeyd edilən Çıxarış onun tərəfindən götürülmüşdür. Cavabdeh1 ilə münasibətləri kəskinləşdiyindən Cavabdeh1 ondan qisas almaq məqsədi ilə ƏMDK yanında DƏDRX-nin 12 saylı X10 müraciət edərək sənədinin itdiyini bildirərək həmin Çıxarışın dublikatını almışdır. Buradan da görünür ki, həmin torpaq sahəsi bu illər ərzində onun istifadəsində olmuşdur.Göstərilənlərə əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğun olmadığından, əsassız və qanunsuz olduğundan, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci i! tarixli, 2(075)-563/2020 saylı qətnaməsi ləğv edilərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apelyasiya şika təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-563/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-563/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı vəkili X2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-563/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi mövqeyi onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, ******* saylı, RX seriyalı Çıxarışda qeyd olunmuş Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı onunla Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, İddiaçı ilə Cavabdeh1 arasında belə bir müqavilə bağlanmamış, qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa Cavabdeh1 tərəfindən İddiaçı adına verilmiş etibarnamə məhkəmə qaydasında mübahisələndirilmişdir. Bundan başqa İddiaçı Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı onunla Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsinin bağlandığını, həmin torpaq sahəsi üçün 5000 ABŞ dolları və 8000 manat məbləğində ödəniş etdiyini bildirsə də, qeyd edilənlərlə bağlı iddiaçı hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, bu halın baş verməsi şahid ifadələri ilə təsdiqlənməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə dindirilmiş şahidlər isə hadisəni bilavasitə görməmişdir. Buna görə də Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı onunla Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı bir mötəbər sübut İddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və sübutetmə yükünün iddiaçının üzərinə düşdüyündən iddia tələbi əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X3 bildirmişdir ki, İddiaçı onun anası, Cavabdeh1 isə bacısıdır. Həqiqətən də, torpaq bacısının adına alınmışdır. Lakin sonradan bacısı torpağı satmaq istədiyini bildirmiş, anası İddiaçı 5000 ABŞ dolları və 8000 manat pul verərək torpağı Cavabdeh1 almışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 bildirmişdir ki, İddiaçı onun tanışıdır. İddiaçı qızı Cavabdeh1 adına alınmış torpaq sahəsini satın aldığını eşitmişdir. Belə ki, məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 13 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 fərdi yaşayış evi tikmək üçün bələdiyyənin perspektiv inkişaf fondundan 118-ci kvartalından mülkiyyətinə 600 kv.m torpaq sahəsi satılmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri 118-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisində bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 4Ə-217 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh1 özünə məxsus Şəki şəhəri 118-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsini alıcı Cavabdeh2 satmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********50 nömrəli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-563/2020 saylı qərardadı ilə Şəki şəhəri 118-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulduğundan torpaq sahəsinin dövlət qeydiyyatına alınması dayandırılmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-76/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı adına verilmiş vərəsəlik şəhadətnaməsinin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi, mirasdan onun payının müəyyən edilməsi və verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3355/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycab Respublikası Mülki Məcəlləsinin: -389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). -146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -146.3-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. -152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -152.8-ci maddəsinə əsasən Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. -324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. -324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. -324.6-ci maddəsinə əsasən Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. -389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Yuxarıda qeyd olunan qanun normalarının məzmunundan görünür ki,mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur. O, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Məhkəmə kollegiyası məhkəmə iclası zamanı tədqiq edilən sübutları, iddiaçının və cavabdehin izahatlarını nəzərə alaraq qeyd edir ki, iddiaçının “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddiaçının gətirdiyi arqumentlər yalnız mülahizələrdən ibarətdir və iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, iddiaçı apelyasiya şikayətinin dəlillərinin təsdiqi üçün məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə iş materiallarında olan sübutlar apelyasiya şikayətinin dəlillərini əsassız edir. Ona görə də məhkəmə kollegiyası işin hallarını, araşdırmanın nəticəsini nəzərə alaraq hesb edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 9.3-cü mаddəsinə müvаfiq olаrаq hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Qeyd olunаn Məcəllənin 14.2-ci mаddəsinə müvаfiq olаrаq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin ləğvi üçün Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən Apellyаsiyа instаnsiyа məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-563/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393, 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-563/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar