Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1567/2020 05.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı pay torpağı üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 2-32/2007 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia tələbi rədd edilmişdir. xx xxxx 2020-ci il tarixdə İddiaçı sözügedən qətnamədən apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. İddiaçı birinci instansiya məhkəməsi iclasında izahat verərək göstərmişdir ki, 2020-ci ildə o, qardaşı Həmid Ovçuyev və bacısı Mehriban Eminova ilə birlikdə cavabdehlər Cavabdeh1 və Seymur Rəsulova qarşı əkin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və torpağa mülkiyyət hüququna maneçiliklərə qadağa qoyulması tələbləri ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 özünün və Ata Rəsulovun cavabdeh, onun iddiaçı olduğu mülki iş üzrə məhkəmənin xx xxxxxx 2007-ci il tarixli 2 - 32 / 2007 nömrəli qətnaməsini təqdim edərək əvvəllər həmin mübahisəyə mahiyəti üzrə baxılaraq qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə həmin iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğuna görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. 2007-ci ildə İsmayıllı Rayon Məhkəməsinin icraatında olmuş, özünün iddiaçı olduğu mülki iş üzrə məhkəmə qətnaməsi həmin vaxt ona verilməmiş, həmin iş üzrə məhkəmə qətnaməsinin mövcudluğundan cavabdehlər Cavabdeh1 və Seymur Rəsulova qarşı iddia qaldırdığı 2(037)-367/2020 nömrəli mülki iş üzrə xx xxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məlumatlı olmuşdur. O, məhkəmənin xx xxxxxx 2007-ci il tarixli 2 - 32 / 2007 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdehlərə qətnamədən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçının ərizəsinə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə cavabdehlərin iştirakları olmadan baxılmasını qərara almışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-32/2007 saylı qərardadı ilə İddiaçı vəsatəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 2-32/2007 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-367/2020 saylı qərardadından narazı qalan İddiaçı həmin qərardadın ləğv edilməsini,apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə verdiyi vəsatətin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsi qərardadının ləğv edilməsini, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə verdiyi vəsatətin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsi qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh X2 lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-32/2007 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iclasında işə mahiyyəti üzrə baxılarkən müəyyən olunmuşdur ki, iş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 2-32/2007 nömrəli qətnaməsinin ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi rədd edilmişdir. İş materiallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 2-32/2007 nömrəli qətnaməsi 2001-2007-ci illərdə məhkəmədə baxılmış işlər üzrə baxılmış işlərin materialları ilə birlikdə məhv edilmişdir. İddiaçılar İddiaçı, Mehriban Eminova və Həmid Ovçuyevin cavabdehlər Cavabdeh1 və Seymur Rəsulova qarşı əkin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və torpağa mülkiyyət hüququna maneçiliklərə qadağa qoyulması tələblərinə dair 2(037)-367/2020 nömrəli mülki iş üzrə keçirilmiş məhkəmə hazırlıq iclasında xx xxxxxx 2007-ci il tarixli 2- 32/2007 nömrəli qətnamənin və iddia ərizəsinin Cavabdeh1 tərəfindən təqdim edilmiş surətləri iş materiallarında saxlanılmış və həmin qətnamənin bir surəti də iddiaçının ərizəsinə əsasən ona göndərilmişdir. Hazırda məhkəmədə həmin mülki işə aid sənəd yoxdur. İddiaçı məhkəmə qətnaməsindən 13 ildən çox müddət keçəndən sonra apelyasiya şikayəti vermişdir. Məhkəmə İddiaçı tərəf olduğu mülki işin nəticəsindən və iş üzrə yekun məhkəmə qərarının mövcudluğundan 13 il ərzində məlumatlı olmamasını ağlabatan hesab etmir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq məhkəmənin xx xxxxxx 2007-ci il tarixli 2-32/2007 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü səbəblərdən baş vermədiyindən vəsatətin təmin edilməməsi, buraxılmış müddətin bərpa edilməsindən imtina olunması və apelyasiya şikayətinin qaytarılması barədə qərardad qəbul edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Ona görə də qeyd olunan əsaslara görə iddiaçının iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatətinin təmin edilməsi haqda qərardad çıxarılması işin faktiki hallarına uyğun deyil. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-32/2007 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-32/2007 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1567/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1567/2020
05.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver