Məhkəmə qərarları › İş №2(107)-1586/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1586/2021

12.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1586/2021 12.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdehlər Qəbələ şəhər 3 saylı tam orta məktəbinə, Cavabdeh2nə və Azərbaycan Respublikasi Təhsil Nazirliyi 4 saylı Ərazi X1rşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(025)-724/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Qəbələ şəhər 3 saylı tam orta məktəbinə, Cavabdeh2nə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhər 3 saylı tam orta məktəbinin 14 iyun 2017-ci il tarixli, 126 saylı əmrin ləğv edilməsi, həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 20 may 2021-ci il tarixli, 2(025)- 724/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 fevral 2016-cı il tarixdə Qəbələ şəhəri 3 saylı tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə təyin olunmuş, bundan sonra 14 iyun 2017-ci il tarixdə heç bir əsas olmadan işdən azad olunmuşdur. Elə həmin gün 14 iyun 2017-ci il 126 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ancaq onunla bağlanmış olan əmək müqaviləsinə olan dəyişikliklər və müdaxilələr onun xəbəri olmadan aparılmışdır. Bundan başqa əmək müqaviləsinin bağlanması ilə bağlı müqavilə bildirişinə əsasən müddət bitdikdən sonra 15 sentyabr 2019-cu il tarixə kimi uzadılmışdır. Lakin həmin uzadılma ilə bağlı onun məlumatı olmamışdır. Əmək müqavilənə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Ancaq o bildiyi qədər ilə əgər əmək müqaviləsinə xitam verilirsə, hər iki tərəfində məlumatlı olması gərəkir. Əgər hər hansı bir əsaslı səbəb, məhkəmə tərəfindən qəbul edilmiş bir qərar və bu kimi, başqa əsaslı hallar olarsa onun işinə birtərəfli xitam verilməsi qanuna uyğun olardı. Ən əsasıda odur ki, onun müəllimə işlədiyi dövrdə heç bir qayda pozuntusu olmamışdır ki, desin ki, bu səbəbdən əmək müqaviləsinə xitam verilib. Ancaq bu sadaladığı halların heç biri olmadığı üçün o, işinə xitam verilməsini qanunsuz hesab edir. Çünki, onun işinə xitam verilərkən, məktəb tərəfindən ona heç bir bildiriş və ya bu işlə bağlı yəni, onun işdən azad edilməyisiylə əlaqədar ona heç bir qanuni sənəd verilməyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hər hansısa maddəsinə istinad etməmiş və əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar ona təqdim edilməmişdir. Bütün bu səbəblərə görə o işdən çıxarılmağını qanunsuz və qanunlara zidd sayır. Özü ali təhsilli müəllimədir. İşlədiyi müddət ərzində üzərinə düşən müəllimlik öhdəliklərini laiqincə və şərəflə yerinə yetirmişdir. İşdən azad edilməsiylə bağlı dəfələrlə məktəbin direktoru ilə danışığı olub. Bütün sadalananlara əsasən hesab edir ki, onu işdən qanunsuz çıxarılmışdır. Əmək hüququnun pozulduğunu bilən kimi də məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmək müqaviləmə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Əgər əmək müqaviləsinə xitam verilirsə, hər iki tərəfində məlumatlı olması gərəkir. Əgər hər hansı bir əsaslı səbəb, məhkəmə tərəfindən qəbul edilmiş bir qərar və bu kimi, başqa əsaslı hallar olarsa onun işinə birtərəfli xitam verilməsi qanuna uyğun olardı. Ən əsası da odur ki, onun müəllimə işlədiyi dövrdə heç bir qayda pozuntusu olmamışdır. Bu səbəbdən əmək müqaviləsinə xitam verilib. Ancaq bu sadaladığı halların heç biri olmadığı üçün o, işinə xitam verilməsini qanunsuz hesab edir. Çünki, onun işinə xitam verilərkən, məktəb tərəfindən ona heç bir bildiriş və onun işdən azad edilməyi ilə əlaqədar ona heç bir qanuni sənəd verilməyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hər hansısa maddəsinə istinad etməmiş və əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar ona təqdim edilməmişdir. Bütün bu səbəblərə görə o işdən çıxarılmağını qanunsuz və qanunlara zidd sayır. Özü ali təhsilli müəllimədir. İşlədiyi müddət ərzində üzərinə düşən müəllimlik öhdəliklərini laiqincə və şərəflə yerinə yetirmişdir. İşdən azad edilməyi ilə bağlı dəfələrlə məktəbin direktoru ilə danışığı olub. Bütün sadalananlara əsasən hesab edir ki, o işdən qanunsuz çıxarılmışdır. Əmək hüququnun pozulduğunu bilən kimi də məhkəməyə müraciət etmişdir. Lakin Qəbələ Rayon Məhkəməsi bütün bunları nəzərə almamış və iddiası təmin edilməmişdir. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(025)-724/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: İşə baxılmasının vaxtı və yeri haqqında tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etsə də, üzrlü səbəb barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(025)-724/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 01.02.2016-cı il tarixdə doldurulmuş ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktoru Nümayəndə 01.02.2014-cü il tarixli 169 saylı əmri ilə Qəbələ şəhər 3 saylı tam orta məktəbə əvəzlik qaydası ilə ibtidai sinif müəlliməsi təyin edilmişdir. 14.06.2017-ci il tarixdə Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktoru Nümayəndə 04.06.2017-ci il tarixli 126 saylı Əmri ilə məkətbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanan müddətli əmək Müqaviləsi 14.06.2017-ci il tarixdə bitdiyi üçün Əmək Məcəlləsinin 68-ci bəndinə əsasən onun fəaliyyətinə xitam verilmişdir. 01.02.2016-cı il tarixdə tərəflər (məktəb direktoru və iddiaçı) arasında bağlanmış əmək müqaviləsinə dair bildirişdən görünür ki, İddiaçı Qəbələ şəhər 3 saylı tam orta məktəbə ibtidai sinif müəllimə vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə 01 fevral 2016-cı tarixdən 15 sentyabr 2017-ci il tarixədək bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, 01 fevral 2016-cı il tarixli 69 saylı Əmri ilə İddiaçı Qəbələ şəhər 3 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmiş, həmin tarixdə müddətli əmək müqaviləsi bağlanmış, sonuncu dəfə əmək müqaviləsinin müddətinin hansı tarixdən hansı tarixədək artırılması barədə məlumat təqdim olunmamışdır. Məktəb direktorunun 14 iyun 2017-ci il tarixli 126 saylı Əmri ilə Əmək Məcəlləsinin 68 b bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Bundan başqa iddiaçı 14.06.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, iddia müddətini ötürərək, yalnız 22.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı mübahisələndirdiyi əmrin surətini məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verən kollegiya bildirir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsaslı olsa da, iddianın təmin olunması üçün əsaslı sayıla bilməz. Kollegiya apellyasiya şikayətini dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, istinad edilən maddi hüquq normasından göründüyü kimi, iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi üçün iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin ərizəsinin olması mütləq şərtdir. Hazırki halda isə cavabdehlərin heç birinin belə bir ərizəsinin olmamasına baxmayaraq, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericilik iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilməsini nəzərdə tutmuşdur. Lakin iş materiallarında cavabdehlərin hər hansı biri tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyi müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmaqla bu pozuntunu davam etdirə bilməz. Kollegiya həmçinin bildirir ki, işə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, əmək müqaviləsinə müddətin keçməsi əsası ilə xitamının qanuniliyinə qiymət verməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. İşdən azad edilmə barədə əmrin surətinin nə vaxt əldə edilməsi və ya verilməsi barədə tərəflərin mövqeyini aydınlaşdırarkən müəyyən edilmişdir ki, iddiaçı işdən azad edilməsi ilə bağlı məktəb direktoru ilə danışıqlar aparmış, sonda heç bir nəticə əldə edə bilmədiyindən məhkəməyə müraciət etdiyini bildirmişdir. Bundan əlavə işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı hüquqi münasibətə, yəni əmək müqaviləsinə müddətin keçməsi əsası ilə xitamının qanuniliyinə qiymət verməməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməmiş, əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmasına, işçinin (iddiaçının) hansı əsasla işdən azad edilməsinə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən;

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 68-ci (əmək müqaviləsinə xitam verilməsinin əsasları) maddəsinə əsasən;

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarından göründüyü kimi əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya müəyyən müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01 fevral 2016-ci il tarixli 69 saylı əmrə əsasən Qəbələ şəhəri 3 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmiş, həmin tarixdə məktəb direktoru və iddiaçı arasında bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. 14 iyun 2017-ci il tarixli126 saylı əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi səbəbi ilə) İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Bundan əlavə iddiaçının özünün mülahizəsinə, yəni müqavilənin müddətli olmasından xəbərsiz olmasına gəlincə kollegiya bunu heç də inandırıcı hesab etmir və belə hesab edir ki, iddiaçı məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. İddiaçı qeyd olunan əmək müqaviləsini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Belə ki, müqavilədə, müqavilənin müddəti, hansı vəzifəyə təyin olunma, əmək münasibətləri və s. dəqiq müəyyən edilmişdir. Beləliklə kollegiya belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi məhz əmək müqaviləsi müddətinin bitməsi səbəbindən xitam edilmişdir. Göründüyü kimi işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş imperativ normalara istinad edilməklə xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(025)-724/2021 nömrəli qətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Qəbələ şəhər 3 saylı tam orta məktəbinə, Cavabdeh2nə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X1rşı “Qəbələ şəhər 3 saylı tam orta məktəbinin 14 iyun 2017-ci il tarixli, 126 saylı əmrin ləğv edilməsi, həmin məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsinə işə bərpa edilməsi barədə” iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar