Məhkəmə qərarları › İş №2(107)-1587/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1587/2021

08.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1587/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahibliyindən geri alınaraq qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-5/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-5/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) ilk iddia qismən təmin olunmuş, JN-0777 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə verilmiş 0.79 ha torpaq sahəsinin 0.54 ha hissəsi (Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq) Cavabdeh sahibliyindən geri alınması və İddiaçı qaytarılması, ilkin iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı torpaq alqı-satqısına görə 4000 (dörd min) manat pul, qeyri yaşayış tikilisinin-tövlənin tikilməsinə xərclənmiş 5746,80 (beş min yeddi yüz qırx altı manat səksən qəpik) manat pul, cəmi 9746,80 (doquz min yeddi yüz qırx altı manat səksən qəpik) manat pulun tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi, pulun ödənilməsi ilə Cavabdeh torpaq sahəsinin qaytarılmasının eyni vaxtda icra olunması, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatının İddiaçıdan, digər 25 manatının isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ekspertiza tədqiqatının dəyəri olan 600 manatın 300 manatının İddiaçı, digər 300 manatının isə Cavabdeh tutularaq “X15” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 75 manatının İddiaçı, digər 75 manatının isə Cavabdeh tutularaq Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-0777 Kod 40614018 saylı Dövlət Aktı ilə onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,79 ha torpaq sahəsinin Cavabdeh Eyyub oğlunun qeyri-qanuni sahibliyindən geri alınaraq, onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən qarşılıqlı iddia tələbinə əsasən 5500 manat torpaq alqı-satqısına görə verilmiş, 26310 manat müxtəlif tikililərə xərclənmiş cəmi 31 810 manat vəsaitin və 50 000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və ailə üzvləri - həyat yoldaşı X3, övladları X10, X11, X12 və X16 Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997- ci il tarixli, 25 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.79 ha torpaq sahəsinə JN-0777 Kod 40614018 olan Torpağa mülkiyyət hüququqna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. 2011-ci ilin iyun ayında həmin torpaq sahəsini Cavabdeh Eyyub oğluna müvəqqəti istifadəyə vermişdir. Həmin vaxt Dövlət Aktının əslini də ona verdi. Bir müddətdən sonra Cavabdeh Eyyub oğlundan ona və ailə üzvlərinə məxsus Dövlət Aktına əsasən verilmiş torpaq sahəsini tələb etdikdə, onlara məxsus torpaq sahəsini qaytarmaqdan imtina etdi. Cavabdeh onun torpağını zəbt etməklə, torpağı özünki hesab edir və həmin əraziyə onu buraxmır. Həmçinin, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə mübahisəni həll etmələrini xahiş etmişdir. Oradan ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18.01.2011-ci il tarixdə Mıxlıqovaq kəndi ərazisində kənd İƏN-nin binasında kənd bələdiyyəsinin sədri V.Həbibovun, Mıxlıqovaq kənd lƏN-si Z.Cəfərovun, bələdiyyənin baş mühasibi M.Cavadovun, cavabdehin, onun həyat yoldaşı Seyidova Nəzakətin iştirakı ilə torpaq sahəsinin satılrnaslna dair Akt tərtib etməklə, 4000 pulu 0,54 ha torpaq sahəsinin dəyəri olaraq cavabdehə verməklə və aktı imzalamaqla JN-777 saylı Dövlət aktında göstərilən, “Söyüd tala” adlanan sahədə yerləşən 0,54 ha torpaq sahəsini, bundan əlavə həmin tarixdə həmin vəzifəli şəxslərin, onun, cavabdehin, JN-776 saylı Dövlət aktı ilə mülkiyyətçi olan X5 iştirakı ilə torpaq sahəsinin satılmasına dair Akt tərtib edərək JN-776 saylı Dövlət aktında göstərilən “Söyüd tala” adlanan sahədə yerləşən 0,18 ha torpaq sahəsini almağı barədə aktı imzalamaqla Seyidova Safuraya 1500 manat pulu vermişdir. Cavabdeh isə ona torpaq sahəsinin sənədlərinin əsillərini aktda göstərilən vəzifəli şəxslərin iştirakı ilə vermişdir. Həmin tarixdə 0,54 ha torpağa görə cavabdehə verdiyi 4000 manatın və 0,18 ha torpağın satışına görə Seyidova Safuraya 1500 manat verməyinə görə alış akt tərtib olunmuş və imzalar edilmişdir. Torpq alqı-satqısı notarial qaydada aparılmasa da, yuxarıda qeyd olunan vəzifəli şəxslərin torpaq alqı-satqısında iştirak etmələri, alıcı və satıcı olaraq aralarında heç bir narazıçılığın olmaması və torpağın dəyərinin cavabdehə o dövr üçün artıqlaması ilə ödədiyini nəzərə alaraq apardığı torpaq alqı-satqısının mötəbərliyinə inanmış və keçən 9 il ərzində həmin ərazidə fərdi yaşayış evi tikmişdir. Bundan əlavə 17x8 m ölçüdə tövlə tikərək tikintiyə 10,500 manat vəsait xərcləmişdir. Həmin torpaq sahəsində həyətin iki tərəfinə kubik qala çəkmişdir. Qalanın tikintisinə 3050 kubik işlənib, 3050x70=2100 manat xərclənib, ancaq kubik daşı üçün. Bundan əlavə həmin qala tikintisinə 2,5 ton sement işlənib ki, bunun da dəyəri 280 manat təşkil edir. Qalanı tikən ustalara 700+1300=2000 manat usta xərci verijib. Həmin tikinti bir ay davam etməklə hər gün 25 manat yeməyə pul xərcfəmiş. Yəni bir aya 750 manat yeməyə pul xərclənib. Yuxarıda qeyd etdiyi kimi cavabdehlə bağladığı müqavilənin, yəni torpaq alqı-satqısının mötəbərliyinə əmin olduğuna görə əraziyə 50 ədəd fındıq kolu əkmiş, yəni fındıq bağı salmışdır. Torpaq sahəsinin kənarını daş hasardan sona şabalıd basdırması alıb basdırmış, basdırmaların ümumi sayı 80 ədəd olmaqla birini 5 manata almışam.80x5=400 manat. Bundan əlavə 03 top dəmir tor (setka) almış, hər topun dəyəri 60 manata, yəni 60x3=180 manat. Bundan əlavə 04 top kollu məftil almış, hər topun dəyəri 45 manata, yəni 4x45=180 manat. Ərazidə bir mərtəbəli bir otaqlı (yardımçı tikilərlə birlikdə) fərdi yaşayış evi tikmişdir. Evin dəyəri 10 000 manat dəyərində olmaqla hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Bundan əlavə həyətə daxil olmaq üçün 620 manat dəyərində dəmir darvaza qoymuşdur. Cavabdeh həmin hərəkətləri ilə onun və ailə üzvlərinin 10 illik zəhməti və əziyyəti hesabına yaratdığı təsərrüfatı məhv etməklə ailəyə mənəvi ziyan vurmuşdur. Mənəvi ziyanı 50 000 manat məbləğində qiymətləndirir. Cavabdehlə bağladığı alqı-satqı müqaviləsinin mötəbərliyinə inanıb ərazidə təxminən 26310 manat dəyərində tikinti işləri aparmışdır. Cavabdeh isə hazırda ondan satdığı torpaq sahəsini geri almağa çalışır. Onun bu hərəkətləri haqsızlıq və ədalətsizlikdir. Əgər cavabdeh iddia tələbini davam etdirərsə qarşılıqlı iddia ərizəsində qoyduğu pul tələbini - 31810 manat xərclənmiş məbləğin və 50 000 manat mənəvi ziyan tələb edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələblərini müdafiə etdiyini və qarşlıqlı iddianı qəbul etmədiyini bildirərək ilkin iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X17 ilkin iddiannı qəbul etmədiyini və qarşlıqlı iddianı müdafiə etdiyini bildirərək, qarşılıqlı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianı təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin əvvəlki icalsında ifadə vermiş şahid X18 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, Mıxlıqovaq bələdiyyəsinin sədri vəzifəsində işləyir. İddiaçı və Osmanov X4 müraciət etmişlər. Onların arasında torpağın alqı-satqısı ilə bağlı akt tərtib edildi və torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh satılmışdır. Hər ikisi onun yanında akta qol çəkmişlər. 18 sot və 54 sot torpaq sahələri Cavabdeh satılmışdır. Bu mübahisə yarandıqdan sonra Ramizdən bunun səbəbini soruşmuş, Ramiz isə cavabında Xanoğlanın mərkəzdə onu söydüyünü və bu səbəbdən acığa düşüb onu məhkəməyə verdiyini bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)- 5/2021 saylı qətnaməsi ilə Cavabdeh qarşılıqlı iddia ərizəsi qismən təmin edildiyindən razı deyil və hesab edir ki qətnamə əsassız və qanunsuzdur. Cavabdeh əsassız olaraq bildirmişdir ki, 18.01.2011-ci il tarixdə Mıxlıqovaq kənd ərazisində kənd İƏNnin binasında kənd bələdiyyəsinin sədri V.İ ləbibovun. Mıxlıqovaq kənd İƏN-si Z.Cəfərovun, bələdiyyənin baş mühasibi M.Cavadovun cavabdehin, onun həyat yoldaşı Seyidova Nəzakətin iştirakı ilə torpaq sahəsinin satılmasına dair AKT tərtib etməklə, 4000 manat pulu 0.54 ha torpaq sahəsinin dəyəri olaraq cavabdehə verməklə və AKT-ı imzalamaqla JN-777 saylı Dövlət Aktında göstərilən. “Söyüd tala" adlanan sahədə yerləşən 0.54 ha torpaq sahəsini, bundan əlavə həmin tarixdə həmin vəzifəli şəxslərin, onun cavabdehin, JN-776 saylı Dövlət Aktı ilə mülkiyyətçi olan X6 iştirakı ilə torpaq sahəsinin satılmasına dair AKT tərtib edərək JN-776 saylı Dövlət Aktında göstərilən "Söyüd tala” “Söyüd lala'" adlanan sahədə yerləşən 0.18 ha torpaq sahəsini almağı barədə AKT-ı imzalamaqla Seyidova Safuraya 1500 manat pul vermişdir və Dövlət Aktlarının əsillərini onlara təqdim olunmuş və həmin torpaq sahələrində fərdi yaşayış evi, tövlə və s. tikilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Cavabdeh “dəymiş ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi qanunsuz olduğundan rədd olunmalıdır. O və ailə üzvləri Torpağa mülkiyyət hüququna dair JN-0777 Kod 40614018 saylı Dövlət Aktı ilə onların xüsusi mülkiyyətində olan 0.79 ha torpaq sahəsinin 0.54 ha hissəsini Cavabdeh satmamışlar və istifadə olunması üçün qarşılıqlı razılıq əsasında icarəyə vermişlər. Qətnaməyə əsasən dəymiş ziyan hesablanmış, 9746.80 manat pul ondan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Halbuki, 10 il ərzində onun istifadə etdiyi 0.79 ha kənd təsarüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsindən əldə etdiyi məhsulun gəlirini bildirməyi özünə borc bilməmişdir. O da iddiaçı kimi həmin torpaq sahəsini icarəyə verdiyi üçün 10 il ərzində mülki dövriyyə şəraitində həmin torpaq sahəsindən əldə edəcəyi gəlirin (əldən çıxmış faydanın) hesablanaraq dəymiş maddi ziyanın ödənilməsini tələb etməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində 18.01.2011-ci il tarixdə cavabdehin, iddiaçının və həyat yoldaşı Seyidova Nəzakətin və digər vəzifəli şəxslərin iştirakı ilə torpaq sahəsinin satılmasına dair AKT tərtib etməklə, 4000 manat pulu 0.54 ha torpaq sahəsinə görə, bundan əlavə həmin tarixdə həmin vəzifəli şəxslərin, cavabdehin, iddiaçının, JN-776 saylı Dövlət Aktı ilə mülkiyyətçi olan X5 iştirakı ilə 1500 manat pulu 0.18 ha torpaq sahəsinə görə verməklə AKT-lar tərtib edilmişdir. Halbuki, qeyd olunan AKT-lar saxtadır və həmin AKT-dakı imzalar ona və digər ailə üzvünə məxsus deyil. Həqiqəti əks etdirən AKT-lar isə 06.05.2011-ci il tarixində tərtib olunmuş və 0.72 ha torpaq sahəsinə görə 1200 manat qarşılığında 10 il müddətinə icarəyə verilmişdir. Göründüyü kimi qarşlıqlı iddia tələbi saxta sənədlər və qanunsuz tələblər mülahizələr üzrə yazılaraq verilmişdir. Məhkəmə iclasında zərurət olmadığı halda şahid dindirilmişdir ki, şahid də Cavabdeh yaxın şəxs olmaqla, ifadələrində də hər hansı konkret faktı deyil, istədikləri kimi təxmini hadisələri deyərək bildirmişdir. Lakin, məhkəmə qeyd etdiyi faktiki halları və AKT-ların saxta olmasını tərtib olunarkən onun və həyat yoldaşının ümumiyyətlə tərəf olaraq iştirak etmədiyini, imza atmadığını nəzərə almamışdır. AKT-dakı çəkilən imzalar isə ona məxsus deyil və saxtadır. Ona görə də məhkəmə qarşılıqlı iddia tələbini hərtərəfli, tam və obyektiv araşdırmamış, həmin imzaların həqiqi olub-olmamasının dəqiqləşdirilməsi üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin etməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-5/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın tam təmin olunması və qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-5/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş JN-777 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 18 yanvar 2011-ci il tarixli “Torpaq sahəsinin satılmasına dair” Aktın surətindən görünür ki, İddiaçı özünə və ailə üzvlərinə məxsus olan 0.54 ha torpaq sahəsini 4000 manat qarşılığında Cavabdeh satmışdır. Alqı-satqı mülkiyyətçinin bütün ailə üzvlərinin razılığı və iştirakı ilə aparılmışdır. İş materiallarına əlavə edilmiş 18 yanvar 2011-ci il tarixli “Torpaq sahəsinin satılmasına dair” Aktın surətindən görünür ki, X13 özünə və ailə üzvlərinə məxsus olan 0.18 ha torpaq sahəsini 1500 manat qarşılığında Cavabdeh satmışdır. Alqı-satqı mülkiyyətçinin bütün ailə üzvlərinin razılığı və iştirakı ilə aparılmışdır. "xxxx" MMC-nin 30.09.2020-ci il tarixli, 355 saylı ekspert rəyi ilə müəyyən edilir ki, hüquqmüəyyənedici sənədlərə əsasən kameral şəraitdə tədqiqat işləri aparıldı. Belə ki, ekspertizaya təqdim edilmiş sənədlərdə iddiaçılara Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-777 saylı Dövlət Aktı mövcuddur. Lakin bu dövlət aktının planı hissəsində torpaq sahəsinin qeyd olunan koordinatları köhnə koordinat sistemi olan “Pulkovo-42” sistemində tərtib edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Kadastr və Reyestr məlumat bazasında Beynəlxalq koordinat sistemi olan “WGS-84” koordinat sistemindən (Grid, UTM-39N) istifadə olunduğundan köhnə koordinat sistemindən yeni koordinat sisteminə keçiddə torpaq sahəsinin coğrafi yerləşmə mövqeyində koordinat uyğunsuzluğu yaranmışdır. Bu səbəbdən cavabdeh X22 məxsus JN-777 saylı dövlət Aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini naturada təyin etmək mümkün olmamışdır. Naturada JN-777 saylı Dövlət Aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini təyin etmək mümkün olmadığına görə cavabdehin iddiaçıya məxsus JN-777 saylı dövlət aktında qeyd olunan torpaq sahəsini zəbt edib-etməməsini müəyyənləşdirmək mümkün olmamışdır. "xxxx" MMC-nin 16.12.2020-ci il tarixli, 586 saylı ekspert rəyi ilə müəyyən edilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən işlənən Dövlət Aktlarının pianşet hissəsi köhnə koordinat sistemi olan “Pulkovo-42” koordinat sistemində tərtib olunmuşdur. Sonradan bu köhnə məlumatların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən elektron məlumat bazasına inteqrə edilməsi zamanı Dövlət Aktlarının pianşet hissəsində daşınmaz obyektlərin məkan göstəriciləri ilə naturadakı (yer səthi üzərində) həqiqi yerinin məkan göstəriciləri arasında uyğunsuzluq ciddi məsafədə koordinat sürüşmələri və konfiqurasiya fərqləri yaranmışdır. Məhz sözügedən Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində iddia predmeti olan JN-777 saylı Dövlət Aktının plan hissəsində göstərilən daşınmaz obyektin məkan göstəricilərinin natura üzrə uyğun gəlməməsi səbəbindən mülki işə əlavə edilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Bu səbəbdən cavabdeh İddiaçı məxsus JN-777 saylı Dövlət Aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini naturada təyin etmək mümkün olmamışdır. Naturada JN-777 saylı Dövlət Aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini təyin etmək mümkün olmadığına görə cavabdehin iddiaçıya məxsus JN-777 saylı dövlət aktında qeyd olunan torpaq sahəsini zəbt edibetməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021-ci il tarixli, 10/565 saylı ekspert rəyi ilə müəyyən edilir ki, 1-ci və 2-ci suallar üzrə Mərkəzdə torpaq sahələrinə dair baza və arxiv məlumatlarının olmaması səbəblərindən, eləcədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin rəyi bu günədək mərkəzə təqdim olunmadığından mübahisəli torpaq sahəsi üzrə tədqiqat aparması mümkün olmamışdır. 3cü və 4-cü suallar üzrə Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən mübahisəli torpaq sahəsində inşa edilmiş tövlə tikilisi üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 5746.8 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 15.04.2020-ci il tarixli 2(025)-133/2020-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən təqdim edilmiş13 avqust 2020-ci il tarixli, **********11 saylı mütəxəssis rəyindən görünür ki, JN-777 saylı (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsi tamamilə Cavabdeh tərəfindən istifadə olunur. Sözügedən torpaq sahəsində cavabdeh tərəfindən qeyri yaşayış tikilisi (tövlə) inşa edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən təqdim edilmiş13 avqust 2020-ci il tarixli, **********11 saylı mütəxəssis rəyindən aydın olur ki, İddiaçı tərəfindən mübahisələndirilən 0.79 ha torpaq sahəsinin 0.54 ha hissəsi tamamilə Cavabdeh tərəfindən istifadə olunur. Sözügedən torpaq sahəsində cavabdeh tərəfindən qeyri yaşayış tikilisi (tövlə) inşa edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.5, 157.6, 157.7 və 157.8-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ilkin iddia ərizəsində adı qeyd olunan JN-077 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş torpaq sahəsi ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ailə üzvilərinin birgə mülkiyyətindədir. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qeyd olunan 0.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsini 18 yanvar 2011-ci il tarixli Torpaq sahəsinin satılmasına dair akta əsasən 4000 manat qarşılığında almışdır. Hazırda İddiaçı 0.79 ha torpaq sahəsini Cavabdeh yalnız müvəqqəti istifadəyə verdiyini iddia edərək həmin torpaq sahəsini geri tələb edir. Osmanov X14 Ramiz Zakir oğluna həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradır, torpaq sahəsi qaytarılacağı təqdirdə isə JN-077 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə mövcud olan torpaq sahəsinin 0.54 ha hissəsinin, həmçinin JN-076 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə mövcud olan torpaq sahəsinin 0.18 ha hissəsinin alqısatqısına görə verilmiş 5500 manat pul vəsaitinin və 26310 manat müxtəlif tikililərə xərclənmiş pul vəsaitinin İddiaçı tutularaq ona verilməsini tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünə və ailə üzvülərinə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, iş materiallarına, təqdim edilmiş mütəxəssis rəyinə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, JN-0777 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə verilmiş 0.79 ha torpaq sahəsinin 0.54 ha hissəsi (Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq) Cavabdeh sahibliyindən geri alınsın və İddiaçı qaytarılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-cı il tarixli 25 saylı qərarı ilə JN-077 nömrəli kod: 40614018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən onların mülkiyyətinə verilmiş 0.79 hektar torpaq sahəsinin bütövlükdə qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh oglu tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən maneə törədildiyini iddia etsədə də bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin bir hissəsinin - 0.54 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Qarşılıqlı iddia ərizəsinə gəldikdə isə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh istifadəsində yalnız 0.54 ha torpaq sahəsinin olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 4000 manat pul məbləği və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021-ci il tarixli, 10/565 saylı ekspert rəyi ilə müəyyən olunduğu kimi, həmin torpaq sahəsində aparılmış tikinti işləri üçün çəkilmiş xərclər üzrə 5746.8 manat məbləğində pul vəsaiti İddiaçı tutulmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşlıqlı iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı torpaq sahəsinin alqı-satqısına verilmiş 5500 manatı, həmin torpaq sahələri üzərində müxtəlif tikililər inşa edilməsi üçün xərclənmiş 26310 manat vəsaiti və 50000 manat mənəvi ziyanı tələb etsədə də bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı yalnız 0.54 ha torpaq alqı-satqısına görə 4000 (dörd min) manat pul, həmin torpaq sahəsi üzərində olan qeyri yaşayış tikilisinin-tövlənin tikilməsi üçün 5746,80 (beş min yeddi yüz qırx altı manat səksən qəpik) manat pul vəsaitinin Cavabdeh tərəfindən xərcləndiyi müəyyən olunmuşdur. Cavabdeh qarşlıqlı iddia tələbinin qalan hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, JN-0777 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə verilmiş 0.79 ha torpaq sahəsinin 0.54 ha hissəsi (Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq) Cavabdeh sahibliyindən geri alınsın və İddiaçı qaytarılmalı, ilkin iddianın qalan hissəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, İddiaçı torpaq alqı-satqısına görə 4000 (dörd min) manat pul, qeyri yaşayış tikilisinin-tövlənin tikilməsinə xərclənmiş 5746,80 (beş min yeddi yüz qırx altı manat səksən qəpik) manat pul, cəmi 9746,80 (doquz min yeddi yüz qırx altı manat səksən qəpik) manat pul tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməli, pulun ödənilməsi ilə Cavabdeh torpaq sahəsinin qaytarılması eyni vaxtda icra olunmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçıdan, digər 25 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ekspertiza tədqiqatının dəyəri olan 600 manatın 300 manatı İddiaçı, digər 300 manatı isə Cavabdeh tutularaq “X15” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 75 manatı İddiaçıdan, digər 75 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddianı qismən təmin edərkən ilk iddianın təmin olunmamış, qarşılıqlı iddianın isə təmin olunmuş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin verdiyi 11 noyabr 2021-ci il tarixli 4/1475 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 30-cu vərəqində olan 18 yanvar 2011 -ci il tarixli alış aktında “Seyidov R”, “İddiaçı Z” sözlərinin qarşısındakı imzalar; 31 -ci vərəqində olan 8 yanvar 2011 -ci il tarixli alış aktında “Seyidov R”, “İddiaçı Z” sözlərinin qarşısındakı imzalar; 32-33-cü vərəqlərində olan 18 yanvar 2011 -ci il tarixli torpaq sahəsinin satılmasına dair 2 ədəd alış aktında “Seyidov R” sözlərinin qarşısındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 31 -ci vərəqində olan 8 yanvar 2011 -ci il tarixli alış aktında “Seyidova N”, “Seyidov Nəzakət M” sözlərinin qarşısındakı imzalar; 32-ci vərəqində olan 18 yanvar 2011 -ci il tarixli torpaq sahəsinin satılmasına dair alış aktında “Seyidova N” sözlərinin qarşısındakı imza - X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 31-ci vərəqində olan 8 yanvar 2011 -ci il tarixli alış aktında “Seyidova N”, “Seyidov Nəzakət M” sözlərinin qarşısındakı imzaların; 32-ci vərəqində olan 18 yanvar 2011 -ci il tarixli torpaq sahəsinin satılmasına dair alış aktında “Seyidova N” sözlərinin qarşısındakı imzanın – X2 imzasına oxşadılmaqla icra olunma əlamətləri müəyyən edildi. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hər iki iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh sahibliyindən geri alınması və ona qaytarılmasını tələb etdiyi torpaq sahəsi JN-0777 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə verilmiş 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsidir ki, həmin hissədə Cavabdeh ekspert rəyi ilə müəyyən edilmiş 5746,80 manat dəyərində qeyri-yaşayış tikilisi – tövlə tikmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, Cavabdeh İddiaçı 4000 manat ödəməklə yuxarıda göstərilən torpaq sahəsini almışdır və orada tikdiyi qeyri-yaşayış sahəsi torpaq sahəsi ilə birlikdə iddiaçıya qaytarılmalıdır. İddiaçı yuxarıda göstərilən maddələrin tələbi baxımından həmin daşınmaz əmlaka mülkiyyət hüququ əldə edə bilməyəcəkdir. Amma bu hal onu cavabdehin vəsaiti hesabına onun razılığı ilə inşa etdiyi daşınmaz əmlakları özündə saxladığı üçün həmin əmlakların dəyərini ödəmək öhdəliyindən azad etmir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində aktların saxta olması və həmin aktlardakı imzaların ona və ailə üzvlərinə aid olmaması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, yuxarıda göstrilən məhkəmə-ekspertizası tədqiqatının nəticəsi ilə apellyatorun qeyd etdikləri təkzib edildiyindən inandırıcı deyildir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, öz iddiasının təmin olunmuş və cavabdehin qarşılıqlı iddiasının təmin olunmamış hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi hər iki iddianı qismən təmin edərkən ilk iddianın təmin olunmamış, qarşılıqlı iddianın isə təmin olunmuş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissələrdə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-5/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 127 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-5/2021 nömrəli qətnaməsi mübahisələndirilən ilk iddianın təmin olunmamış, qarşılıqlı iddianın isə təmin olunmuş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 127 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar