Məhkəmə qərarları › İş №2(107)-159/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-159/2024

25.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-159/2024 25.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və köçürülmə, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli, 2(051)-1088/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun və az yaşlı övladları X6 və X4 Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə atası Cavabdeh1 məxsusdur. O və digər cavabdehlər həmin mənzildə qeydiyyatdadırlar. 2014-cü ildə X9 ilə ailə qurmuşlar və Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2016-cı il tarixdə X7 adlı iki nəfər uşaqları olmuşdur. Uşaqları da onunla birlikdə yaşayırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər onun valideyinləri və qardaşlarıdır. Qeydiyyatda olduğu mənzildə yaşamaq istəyir. Lakin cavabdehlər onu mənzildə yaşamağa qoymurlar. Məcbur olub iki uşağı ilə birlikdə çox çətin vəziyyətdə kirayələrdə yaşayır. Kirayədə yaşamağa da maddi imkanı yoxdur. Ona görə də onun və az yaşlı övladları X6 və X4 Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim E.Cəbrayılzadə) 31 sentyabr 2023-cü il tarixli, 2(051)-1088/2023 saylı qətnaməsi ilə, İddiaçı və övladları X6 və X4 Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə mənzilə köçürülmələri tələbinə dair iddiа tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Mübahisəli mənzil Cavabdeh1 adına X5 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 16 may 1996-cı ildə şəxsi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Həmin mənzildə cavabdeh və ailə üzvləri həmçinin hazırkı iş üzrə iddiaçı olan İddiaçı da yaşamışdır. Sonradan hazırkı iş üzrə İddiaçı 2014-cü il tarixdə ailə quraraq həmin mənzildən getmişdir. İddiaçı özü də izahatında qeyd etmişdir ki, o, 2014-cü il tarixdə həmin mübahisəli evdən köçərək Mingəçevir şəhərində başqa mənzildə öz ailəsi ilə bərabər yaşamağa başlamışdır. İddiaçı 2014-cü il tarixdən iddia verilənədək yəni 2023-cü il tarixədək həmin mənzildə yaşamamışdır. Hazırda isə iddia tələbi irəli sürərək mənzilə köçürülməsini və həmin mənzilə istifadə hüququnun müəyyən edilməsini xahiş edir. Belə ki cavabdehlər iddiaçının həmin mənzilə köçürülməsinə mane olurlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Mübahisəli mənzil Cavabdeh1 adına X5 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 16 may 1996-cı ildə şəxsi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Həmin mənzildə cavabdeh və ailə üzvləri həmçinin hazırkı iş üzrə iddiaçı olan İddiaçı da yaşamışdır. Sonradan hazırkı iş üzrə İddiaçı 2014-cü il tarixdə ailə quraraq həmin mənzildən getmişdir. İddiaçı özü də izahatında qeyd etmişdir ki, o, 2014-cü il tarixdə həmin mübahisəli evdən köçərək Mingəçevir şəhərində başqa mənzildə öz ailəsi ilə bərabər yaşamağa başlamışdır. İddiaçı 2014-cü il tarixdən iddia verilənədək, yəni, 2023-cü il tarixədək həmin mənzildə yaşamamışdır. Hazırda isə iddia tələbi irəli sürərək mənzilə köçürülməsini və həmin mənzilə istifadə hüququnun müəyyən edilməsini xahiş edir. Belə ki cavabdehlər iddiaçının həmin mənzilə köçürülməsinə mane olurlar. İlk növbədə birinci instansiya məhkəməsi nəzərə almışdır ki, iddiaçının həmin mənzilə köçürülməsi üçün onun istifadə hüququnun olması və həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb-qalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, iddiaçı 2014-ci il tarixə qədər həmin mübahisəli mənzildə yaşasa da sonradan iddiaçı ailə quraraq həmin mənzildən könüllü köçmüş və Mingəçevir şəhərində başqa bir mənzildə yaşamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının mübahisəli mənzilə olan ehtiyacı aradan qalxdığından və bununla da iddiaçının istifadə hüququ itirildiyindən mənzilə köçürülməsi də əsassızdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzil 16 may 1996-cı ildə qeydiyyat vəsiqəsi əsasında əldə edildiyindən, həmin tarixdən hər iki tərəfin həmin mənzildə yaşadıqlarından mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına qiymət verərək hesab etmişdir ki, İddiaçı 2014-cü ildə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı mənzilini tərk edərək, daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi üçün İddiaçı yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, onun, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı evin 28 saylı mənzilə olan istifadə hüququnu itirmiş hesab edildiyindən həmin mənzilə köçürülə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçının ailə üzvləri ilə bərabər mənzilə köçürülmə və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarı, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52, 53.3, 54.1, 54.3, 60.1, 60.2, 85, 87-ci maddəsi, Azərbaycan Respublikası MPM-nin 14.1, 88, 77.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o məhkəmədə iddia qaldıraraq qeydiyyatda olduğu və uzun müddət yaşadığı atası Cavabdeh1 məxsus mənzilə köçürülməsini xahiş etmişdir. Belə ki, həmin mənzildə ailə qurana kimi, yəni 2014-cü ilə kimi valideynlərilə birlikdə yaşamışdır. Nikahları pozulandan sonra valideynlərinin mənzilinə qayıtmaq istəsə də onu mənzilə qoymamışlar. Bu məqsədlə məhkəmədə iddia qaldırsa da, məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə qət etmişdir. Qətnamədə qeyd edilir ki, o, ailə qurmağı ilə əlaqədar ər evinə getdikdən sonra mənzilə hüququnu itirmişdir. Bildirir ki, ailə qurduqdan sonra mənzildən getsə də, qeydiyyatda qalmış və daima gəlib-getmişdir. Hazırda yaşamağa yeri yoxdur, kirayələrdə qalmışdır. Valideynlərinin mənzilində yaşamaq üçün normal şərait vardır. Lakin, məhkəmə bunları nəzərə almamışdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 1088/2023 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələri barədə məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: (Yeni Məcəllə) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82-ci maddəsi: 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. 82.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir. 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1088/2023 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli, 2(051)-1088/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olsa da, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli, 2(051)-1088/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd olunan mənzil 16 may 1996cı ildə qeydiyyat vəsiqəsi əsasında əldə edildiyindən, həmin tarixdən hər iki tərəfin həmin mənzildə yaşadıqlarından mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməsinə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 qızıdır. İddiaçı 2014-cü ildə ailə quraraq ər evinə köçmüşdür. Ər evində iki uşağı dünyaya gəlmişdir. Hazırda da kirayədə yaşayır. Göründüyü kimi iddiaçı daimi olaraq atası evini 2014-cü il tarixdən tərk edib, daimi olaraq ər evinə yaşamaq üçün köçdüyündən iddiaçı həmin mənzilə istifadə hüququnu itirmişdir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsi: məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib göstərmədiyidir. Bu mənada kollegiya hesab edir ki, iddiaçının ailə qurub ər evinə gəlin köçərkən ata (ana) evinə geri qayıtmaq niyyətində olduğu inandırcı deyildir, ara-sıra həmin mənzilə gəlib-getməsi isə yaşayış sahəsi ilə bağlılıq kimi deyil, valideyn-övlad bağlılığı olaraq qiymətləndirilməlidir. Bu baxımdan kollegiyanın qənaətinə görə, göstərilən meyarlar nəzərə alındığında iddiaçı mübahisəli mənzildən 2014-cü ildə daimi yaşamaq üçün ər evinə ailə üzvü kimi köçüb getmişdir və həmin mənzilə ara-sıra gəlib-getməsi köçüb getdikləri vaxtdan itirilmiş hesab olunan istifadə hüququnun bərpasına əsas verə bilməz. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli, 2(051)-1088/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli, 2(051)-1088/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar