Məhkəmə qərarları › İş №2(107)-1598/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1598/2020

27.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1598/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X4 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, cavabdeh X7 direktoru X5 iştirakı ilə, İddiaçı cavabdeh X7 direktoru X8 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-331/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Ələmdar Quliyev adına X7 direktoru X12 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-331/2020 saylı qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddianın təmin olunması, cavabdeh X7 direktorunun 165 №li xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə X11ə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi qət edilmişdir. işin halları: İddiaçı cavabdeh Ələmdar Quliyev adına X11ə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 1980-ci ildə X1 bitirmişdir. 1981-ci ildə X6 laborant kimi işə başlamışdır. 1995-ci ilə kimi peşə məktəbində müxtəlif işlərdə işləmişdir. 1995-ci ilin fevral ayında isə həmin məktəbdə istehsalat təlimi ustasına keçirilmişdir. Peşə məktəbinin direktorunun 165 №-li xx xxxxxx 2019-cu il tarixli əmri ilə işdən azad olunmuşdur. İşdən azad olunmasına əsas kimi onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Belə ki, o, həmin məktəbdə 2018-ci ilin sentyabr ayına kimi müddətsiz əmək müqavləsi ilə işləmişdir. Sonra məktəbə yeni təyin olunmuş direktor ona müddətli əmək müqaviləsi bağlanması lazım olduğunu, müddət bitdikdən sonra yenidən müqavilə bağlanacağını, müddətli əmək müaviləsi bağlanmasına razı olmadığı halda isə işdən azad olunacağını bildirmişdir. Direktorun təkidi ilə, həm də verdiyi vədə inanaraq o, əmək müaviləsinə xitam verilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli ərizəni imzalamağa məcbur oldu. xx xxxxxxxx 2018-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verildi və istehsalat təlimi ustası vəzifəsindən azad olundu. Həmin tarixli əmrlə o, yenidən məktəbə istehsalat təlimi ustası vəzifəsinə qəbul edildi. Eləcə də o, müddətli əmək müaviləsini imzalamağa məcbur oldu. 2019-cu ilin sentyabr ayında direktor yenidən bir müqavilə imzalanmasını təkid edərək, müqavilənin müddətinin uzaldılmasını bildirdi. Bundan sonra o, müddətli əmək müqaviləsi bağlamasına məcbur edilməsi, eləcə də əmək haqqının və məzuniyyət pulunun verilməməsi barədə Dövlət Əmək Müfəttişliyinə ərizə ilə müraciət etməyə məcbur oldu. Əmək Müfəttişliyi onun ərizəsinə cavab olaraq məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. X10 müraciət etməsindən hirslənmiş direktor onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmayacağını bildirərək, xx xxxxxx 2019-cu il tarixliəmrlə onu işdən azad etdi. Əsas kimi isə onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması göstərildi. 38 ildən çox müxtəlif vəzifədə, 24 il isə istehsalat təlimi ustası işlədiyi məktəbdən müqavilənin müddətinin bitməsi səbəbindən işdən azad olunmasını qanunsuz hesab edir. O, işlədiyi müddətdə işdə hər hansı bir nöqsana yol veməmiş, əmək vəzifələrini layiqincə yerinə yetirmişdir. Bundan əlavə o, bacısı ilə birlikdə yaşayır. Bacısı ağır formada şəkər xəstəsidir. İşdən azad olunması onların maddi vəziyyətini daha da ağırlaşdırır. İddianın təmin olunmasını, X7 direktorunun 165 №-li xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, onun müddətli əmək müqaviləsi ilə işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmsını xahiş edir. İddiaçının vəkili X9 da əmr qanunsuz olduğuna görə iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Ələmdar Quliyev adına X7 direktoru X12 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı xx xxxxxxxx 2018-ci il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviəsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Həmin ərizənin verilməsi ilə bağlı iddiaçıya təsir göstərilməmişdir. Elə həmin gün xx xxxxxxxx 2018-ci ildə onların qarşılıqlı razılığı əsasında iddiaçı ilə 1(bir) il müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddəti xx xxxxxxxx 2019-cu ildə əlavə razılaşma əsasında 3(üç) ay müddətinə uzadılmışdır. Lakin iddiaçı işin öhdəsindən gələ bilmədiyinə, tədris prosesi üçün müasir texnologiyanı tam öyrənə bilmədiyinə, eləcə də müqavilənin vaxtı bitdiyinə görə 165 №-li xx xxxxxx 2019-cu il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə xitam verilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdehin vəkili Ömərov Cianşa İlyas oğluda məhkəmə iclasında iddia əsassız olduğuna görə təmin olunmamasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-331/2020 saylı qətnaməsindən narazı qalan cavabdeh X7 direktoruX12 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellysiya şikayəti onunla əsaslandırılmışdır ki, Beləki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İş materiallarından eləcə də məhkəmə qətnaməsinin təsviri hissəsindən da görünür ki, İddiaçı 1981-ci ildən X6 laborant kimi işə başlamış və 2018-ci ilin sentyabr ayına kimi müddətsiz əmək müqaviləsi üzrə çalışmışdır, onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən işdən azad edilmiş və həmin tarixdən bir illik müddətinə müddətli əmək müqaviləsi bağlamaqla təkrar işləməyə başlamışdır. Bu müddət bitdikdən sonra müddətli müqavilənin müddəti 3 aya uzadılmış və bu müddət qurtardıqdan sonra X7 xx.xx.2019-cu il tarixli 165 saylı əmri ilə onun əmək münasibətlərinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə istinad etməklə X7 xx.xx.2019-cu il tarixli 165 saylı əmrinin qanunsuz olması qənaətinə gələrək iddianı təmin edir. Diqqət yetirin məhkəmə qətnamədə qənaətini əsaslandırarkən maddi normanın köhnə redaksiyada olan mətninə istinad edir və qeyd edir ki, müddətli əmək müqaviləsi 5 ilədək müddətə bağlana bilər. Məhkəmə nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 45.1-ci maddəsimin mətni xx.xx.2017-ci il tarixli 675 saylı Azərbaycan Respublikası Qanunu ilə yeni redaksiyada verilmişdir. Həmin maddənin birinci hissəsi yeni redaksiyada aşağıdakı kimi verilmişdir: Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlarıdır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddənin mətni əsas götürüldükdə və iddiaçının cavabdehlə qarşılıqlı razılığı nəzərə alınsa idi məhkəmə yanlışlığa yol verməzdi və nəticədə qanunsuz qətnamə qəbul etməzdi. Məhkəmə ƏM-nin 45.1-ci və 47-ci maddəsinin tələblərini yanlış təfsir etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi prinsipini pozmuş, yəni iddiaçının tələblərini daha üstün tutaraq hüquqi tarazlığı pozmuşdur. İş materiallarından görünür ki, 17.09. 2019-cu ildə müddətli əmək müqaviləsi bağlamış və ondan sonra bir il müddətində məktəbdə çalışmış və qarşı tərəfə heç bir etiraz bildirməmişdir. Göründüyü kimi müddətli müqavilənin müddəti bitdikdən sonra iddiaçıda narazılıq yaranmış və iddia ilə məhkəməyə müraciət etmişdir. Onun müddətli əmək müqaviləsinin bağlanmasına məcbur edilməsi, ona təzyiq və təsir göstərilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qətnamənin nəticə hissəsində İddiaçı X6 istehsalat ustası işinə bərpa olunmasını qət edir. Bununla da məhkəmə tərəflər arasında qeyri müəyyənlik yaradır. Beləki, iddiaçı işə bərpa olunursa onun müddətli və ya müddətsiz işləməsi konkret göstərilməlidir. İddiaçı işə müddətsiz bərpa edilirsə, məhkəmə bu halda əmək, mülki və mülki prosessual qanunvericiliyin tələblərini pozmuş olur. Müddətsiz əmək müqaviləsinə xx.xx.2018-ci il rarixdə ( iddiaçının ərizəsi əsasında) xitam verilmiş və bu haldan iddiaçı şikayət etməmiş və şikayət etmə müddəti buraxılmışdır. Məhkəmə qətnaməsində bu hala hüquqi qiymət verilməmişdir. Digər tərəfdən ƏM-nin 42.1-ci maddəsinin tələblərin görə Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanunvericinin bu yanaşmasını nəzər alsaq məhkəmə əmək qanunvericiliyin ümumi prinsiplərinə və tələblərinə əməl etmir və öz qənaətini mülahizə yürütməklə əsaslandırır. Bu isə MPM-in 217- 220-ci maddələrin tələblərinin pozulması ilə nəticələnir. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququ qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar əsasında təmin edilir. Hakimlər öz funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan müddətlərdə, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən həyata keçirməklə tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli və sübutlar əsasında baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Ələmdar Quliyev adına X7 nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, cavabdeh Ələmdar Quliyev adına X7 nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-331/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan BT 022939 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1977-ci ildə X2 daxil olmuş , 1980-ci ildə metalları kəsməklə emal ixtisası üzrə tam kursu bitirmiş, ona mexanik-texnoloq ixtisası verilmişdir. İşdə olan Ə.Quliyev adına X11 direktoru ilə İddiaçı arasında xx.xx.2005-ci ildə bağlanmış əmək müaviləsindən görünür ki, İddiaçı Peşə məktəbinə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul üdilmiş, müqavilə qeyri-müəyyən müddətə bağlanmışdır. İşə əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1981ci ildə Mingəçevir şəhəri 39 №-li məktəbə laborant qəbul edilmişdir. xx xxxxxx 1995-ci il tarixli əmrlə istehsalat təlimi ustası vəzifəsinə keçirilmişdir. xx xxxxxxxx 2018-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx xxxxxxxx 2018-ci il tarixli əmrlə yenidən istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmişdir. xx xxxxxx 2019-cu il tarixli 165 №-li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşə əlavə olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 11 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı Ə.Quliyev adına X11ə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi 3(üç) ay sınaq müddəti müəyyən edilməklə 1(bir) il müddətinə xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək müddətinə bağlanmışdır. İşə əlavə olunmuş 64 №-li xx xxxxxxxx 2019-cu il tarixli razılaşmada göstərilir ki, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı xx xxxxxxxx 2019-cu il tarixdən 3(üç) ay müddətinə bağlanmışdır. İşə əlavə olunmuş Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbi üzrə 165 №-li xx xxxxxx 2019-cu il tarixli əmrdən görünür ki, məktəbin istehsalat təlimi ustası İddiaçı ilə bağlanmaış əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqavilələrinin müddətinn qurtarması) xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı1980-ci ildə X1 bitirdikdən sonra 1981-ci ildə X6 laborant kimi işə başlamışdır. 1995-ci ilə kimi peşə məktəbində müxtəlif işlərdə işləmişdir. 1995-ci ilin fevral ayında isə həmin məktəbdə istehsalat təlimi ustasına keçirilmişdir. Peşə məktəbinin direktorunun 165 №-li xx xxxxxx 2019-cu il tarixli əmri ilə işdən azad olunmuşdur. İşdən azad olunmasına əsas kimi onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X3 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində; qanununverciliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını, işçilərin və işə götürənlərin hüquqlarının pozulmasının qarçısının alınmasını, işçilərin və işəgötürünlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları pronsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin edilməlidilər. Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin (bundаn sоnrа Əmək Məcəlləsinin) 68ci mаddəsinin İ hissəsinə əsаsən əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqavilələrinə xitam verilməsinin əsasları 68-ci maddədə tənzimlənir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda; Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilməklə (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq işdən çıxarılma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq tərəflərin mübahisələndirmədikləri tələb üzrə, yəni iddiaçının müddətsiz əmək müqaviləsi ilə işə bərpa olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı işdə isə belə müstəsna hal müəyyən edilməmişdir. Bundan başqa Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi; müqavilələr azadlığı hüququ vardır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin hallarından məlum olur ki, tərəflər sözügedən müddətli əmək müqaviləsini sərbəst şəkildə bağlamışlar. Həmçinin iddiaçı həmin müqavilənin müddətli bağlamağa məcbur edildiyini təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020ci il tаrixli, 2(051)-331/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020ci il tаrixli, 2(051)-331/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Ələmdar Quliyev adına X7 direktoru X12tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-331/2020 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X7 direktoru X8 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar