Məhkəmə qərarları › İş №2(107)-160/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-160/2021

25.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-160/2021 25.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-05/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxxxxx 2020-ci il tarixli 2(025)-05/2020 nömrəli qətnaməsi ilə iddiaçı Qəbələ rayon Vəndam bələdiyyəsinin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması, bağlanmış yolun açılması və tikilinin sökülməsi” tələbinə dair iddiаsı təmin edilərək Qəbələ rayon Vəndam bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən boşaldılması və həmin torpaq sahəsindən gedən ictimai yol açılması, mübahisələndirilən ərazidə Cavabdeh tərəfindən tikilən 3 kv.m-lik sanitar qovşağın onun öz hesabına sökülməsi qət edilmişdir. İşin halları İddiaçı Qəbələ rayon Vəndam bələdiyyəsi (bundan sonra iddiaçı və ya Qəbələ rayon Vəndam bələdiyyəsi) iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) tərəfindən Qəbələ rayon Vəndam qəsəbəsinin “Girvə” massivində bələdiyyənin mülkiyyətində olan 0,06 ha zəbt olunmuş torpaq sahəsinin məcburi buraxılması, bağlanmış ictimai yolun açılması və həmin torpaq sahəsində inşa olunmuş 3 kv.m. həcmdə sanitar qovşağının məcburi qaydada sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən Qəbələ rayon Vəndam qəsəbəsinin “Girvə” massivində bələdiyyənin mülkiyyətində olan 0,06 ha zəbt olunmuş torpaq sahəsinin məcburi buraxılması, bağlanmış ictimai yolun açılması və həmin torpaq sahəsində sanitar qovşağının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Vəndam qəsəbəsinin sakini Cavabdeh Vəndam qəsəbəsinin “Girvə” massivində Vəndam Bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsindən keçən su çəninə gedən yolu və örüş yolunu zəbt edərək ətrafını tikanlı kol və məftillərlə çəpərləmiş və ərazidə 3 m2 ölçüsündə sanitar qovşağı inşa etmişdir. Cavabdeh bu hərəkətləri ilə həmin ərazidə yaşayan insanların su çəninə və örüş sahəsinə gedən yolunu bağlamaqla onların hərəkətini mümkünsüz etmişdir. Dəfələrlə cavabdehə zəbt etdiyi bələdiyyə balansında olan 0,06 ha torpaq sahəsinin boşaldılması, bağladığı ictimai istifadədə olan yolun açılması təklif edilmiş, ancaq cavabdeh müxtəlif bəhanələrlə torpağın boşaldılmasından, yolun açılmasından və 3 m2 sanitar qovşağının sökülməsindən boyun qaçırmışdır. Bələdiyyə tərəfindən cavabdehin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət olunmuş və həmin müraciət araşdırılmış, cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş, torpaq sahəsinin zəbtdən azad edilməsi üşün zəruri tədbirlərin görülməsi və bələdiyyə mülkiyyətinə məxsus torpaqların üzərində nəzarətin gücləndirilməsi barədə təqdimat göndərilmişdir. Vəndam Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli iclasında təqdimat müzakirə olunaraq Vəndam qəsəbə sakini Cavabdeh tərəfindən qanunsuz zəbt edilərək çəpərə alınmış 0,06 ha bələdiyyə torpağının məcburi qaydada zəbtdən azad edilməsi və həmin sahədə inşa edilmiş 3 m2 həcmində sanitar qovşağın sökülərək götürülməsi üçün Qəbələ Rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Qəbələ rayon Vəndam Bələdiyyəsinin sədri X6 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, 2015-ci ildən bələdiyyə sədri işləyir. 2015-2016-cı illərdə cavabdehə xəbərdarlıq etmişlər ki, qeyd olunan tikili qanunsuzdur. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, istifadəsində olan torpaq sahəsi onun qanuni sahibliyindədir, buna dair ona dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış da verilmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-05/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddiasının təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, çox əvvəllərdən orada sanitar qovşağı olmuş və həmin sanitar qovşağı qətnamədə göstərildiyi kimi 3 kv.metr sahədə yerləşir. Nə üçün hazırkı bələdiyyə sədri seçilməmişdən qabaq ondan şikayət edilməyib, iddia ərizəsində qeyd edilən əhalinin suyu haradan aparılmış, örüş sahəsinə haradan getmişlər. Məhkəmə bu məsələyə ümumiyyətlə diqqət yetirməmişdir. Bundan əlavə o, məhkəmədə ekspert rəyinə şübhə etdiyini bildirmişdir. Çünki dəqiq bilir ki, mübahisə predmeti olan 3 kv.metr sahə onun mülkiyyətində olan torpaq sahəsində yerləşir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-05/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Qəbələ rayon Vəndam Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı yerquruluşu layihəsinin çıxarışdan görünür ki, zəbt edilmiş torpaq sahəsi 0.06 ha təşkil edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********07; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014-cü il) görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən 0,3842 ha olan torpaq sahəsi Cavabdeh və onun ailə üzvləri X1, X8, X7 və X5 məxsusdur. JN-1857C (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ Rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X4 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,38 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli 05 saylı iclas protokolundan görünür ki, iclasda digər məsələlərlə yanaşı Vəndam bələdiyyəsi tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması məsələsinə baxılmış və müvafiq qərar qəbul olunmuşdur. Yazışmalardan görünür ki, İddiaçı vətəndaş Cavabdeh məlumat vermiş, müvafiq tədbirlərin görülməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə vətəndaşa xəbərdarlıq etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-5/2020 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Müstəqil Məhkəmə Ekspertizası” MMC-nin xx.xx.2020-ci il tarixli 148 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan kompleks yerquruluşu sənədlərinə, Vəndam bələdiyyəsinin xəritə materialına, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına əsasən, İddiaçı mübahisələndirdiyi torpaq sahəsi cavabdeh tərəfindən ağac və kollarla çəpərə alınaraq istifadə edilir. Bu mübahisələndirilən ərazinin sahəsi 0.0916 ha təşkil edir və cavabdeh tərəfindən tikilən 3 kv.m-lik sanitar qovşaq bu ərazi daxilindədir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. İşin gerçək halı ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. “Girvə” massivində Vəndam Bələdiyyəsinin mülkiyyətində olan 0.0916 ha torpaq sahəsi və həmin torpaq sahəsindən keçən su çəninə gedən yol və örüş yolunu cavabdeh qanunsuz olaraq zəbt etmiş, ətrafını tikanlı kol və məftillərlə çəpərləmiş və ərazidə 3 kv.metr ölçüsündə sanitar qovşağı inşa etmişdir. İddiaçı tərəfindən vətəndaş Cavabdeh məlumat vermiş, müvafiq tədbirlərin görülməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli 05 saylı iclas protokoluna əsasən iclas keçirilmiş, iclasda digər məsələlərlə yanaşı Vəndam bələdiyyəsi tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması məsələsinə baxılmış və müvafiq qərar qəbul olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Qeyd olunan torpaq sahəsi və yol yeri cavabdehin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin birinci hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin ikinci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bundan başqa MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması haqqında hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X9 Məhkəməsi “X2” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X9 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-05/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-05/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar