Məhkəmə qərarları › İş №2(107)-1604/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1604/2021

28.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1604/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəlişi təmin edən yolun açılması və torpaq sahəsinə su buraxılmasının cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(063)-18/2018 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehə qarşı gediş-gəlişi təmin edən yolun açılması və torpaq sahəsinə su buraxılmasının cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar Rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə onların ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,51 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun açılması, yaşadıqları fərdi yaşayış evinin arxa tərəfində yerləşən torpaq sahəsinin suvarılması, həmin torpaq sahəsinə su buraxılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(063)-18/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ucar rayonu, Qaradağlı kəndində yerləşən Ucar Rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş 0,51 hektar ölçüdə torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş 6 metr enində yolun açılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 (yüz) manat İddiaçı və 100 (yüz) manat Cavabdeh X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİKCTREAZ22) və mütəxəssis rəylərinin dəyərinə görə 60 (altmış) manat İddiaçı və 60 (altmış) manat Cavabdeh Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin (kod 200071, VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, VÖEN:**********, hesab N.AZ23AİİB********************) xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2(107)-2887/2018 nömrəli qətnaməsi ilə iş üzrə Ucar Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən, onun apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(102)-2519/2019 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2(107)- 2887/2018 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Mahir Abbasov ərizə ilə məhkəməyə müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrini rəhbər tutaraq müvafiq məhkəmə qətnaməsinin icra edilməsi üçün həmin qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 2(063)- 18/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən Ucar rayonu, Qaradağlı kəndində yerləşən Ucar Rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş 0,51 hektar ölçüdə torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş 6 metr enində yol açılması qət edilmişdir. Müvafiq icra sənədinin icrası ilə əlaqədar 18 mart 2021-ci il tarixli akta uyğun olaraq icra sənədində qeyd olunmuş tələblər aydın olmadığından icra sənədinin icrası mümkün olmamışdır. Belə ki, icra sənədində göstərilən yol 6 metr enində olmadığı üçün və yol yerinin mərkəzindən su arxı keçdiyi üçün icra sənədini icra etmək mümkün olmamışdır. Ucar Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(063)-18/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı gediş-gəlişi təmin edən yolun açılması və torpaq sahəsinə su buraxılmasının cavabdehə qadağan edilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(063)-18/2018 nömrəli qətnaməsinə izah verilməsi barədə Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Mahir Abbasovun ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(063)-18/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyası hesab edir ki, şikayət əsaslı deyildir. Ona görə də şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ucar Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(063)-18/2018 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(063)-18/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 363, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(063)-18/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar