Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-161/2021 15.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı qızının cavabdeh Balakən rayonu Katex kənd 1 saylı körpələr evi-uşaq bağçasına qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Balakən rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-553/2020 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Məmməd qızı cavabdeh Balakən rayonu Katex kənd 1 saylı körpələr evi uşaq bağçasının müdiri Cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1 saylı əmrin ləğv edilməsi və əvvəlki iş yerinə Balakən rayonu Katex kənd 1 saylı körpələr evi uşaq bağçasında xadimə-dayə işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-553/2020 saylı qətnaməsinə əsasən İddiaçı Məmməd qızının cavabdeh Balakən rayonu Katex kənd 1 saylı körpələr evi uşaq bağçasına qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, işə baxan məhkəmə tərəfindən maddi və prosesual hüquq normativlərinin tələbləri kobud şəkildə pozulmuş , işin faktiki hallarına obyektiv hüquqi qiymət verilməmiş , işə birtərəfli qeyri obyektiv mənə qarşı qərəzli baxılmış, maddi hüquq normaları səhv təsvir edilmiş nəticədə də əsassız qətnamə çıxarılmışdır . Bu səbəblərdən də şikayət edilən məhkəmə qətnaməsi ləğv edilməlidir. Belə ki, qətnamədə göstərilən cavabdehin müdafiə tərəfinin iddiaya qarşı verdiyi izahatında yeganə hüquqi mövqeyi iddia müddətinin ötürülməsini göstərməsi olmuşdur. Bu da onu göstərir ki, cavabdeh tərəfin iddianın əsaslı olduğunu qəbul edir. Lakin, məhkəmə cavabdeh təşkilatı müdafiə edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini kobud surətdə pozmasını, həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmədiyini göstərmişdir. Məhkəmə İddiaçı öz əmək funksiyasını yerinə yetirdiyi halda cavabdeh təşkilatın onun yerinə kənardan başqa işçinin işə götürməsini və onunla daimi müqavilə bağlaması halını ədalətli olduğu barədə nəticəyə gəlmişdir. Bundan başqa mülki işdən görünür ki, cavabdeh təşkilat öz işini Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri ilə deyil, göstərişlə işçi götürür, işdən çıxarır, əmək müqavilələri bağlayır. Birinci instansiya məhkəməsi işə baxarkən xx xxx 2015-ci il tarixdə 50 nömrəli və xx xxxxxx 2020-ci il tarixdə 1 nömrəli əmrlərin cavabdeh bağça müdirəsi Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbi kobud surətdə pozulması halına hüquqi nəticə verməmişdir. Məhkəmə iddia tələbinin yalnız cavabdeh Balakən rayon Katex kənd 1 saylı körpələr uşaq bağçasının müdiri Cavabdeh Məhəmməd qızı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 1 saylı əmrinin ləğv edilməsi hissəsinə qətnamənin əsaslandırıcı hissəsində münasibət bildirsə də iddianın həmin hissəsini kənarda qoymuş və mülki işə Balakən rayonu Katex kənd 1 saylı körpələr evi-uşaq bağçasına qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının alınması hissəsinə hüquqi nəticə vermişdir. Yuxarıda qeyd olunanlara əsasən Balakən rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-553/2020 nömrəli qətnaməsinin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Balakən rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-553/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 İddiaçı ilə oxşar məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 Vəkil oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Balakən rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-553/2020 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-553/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxx 2015-ci il tarixli 50 nömrəli əmrdən görünür ki, Katex kənd 1 saylı körpələr evi uşaq bağçasının 1 b/qrup xadimədayə Ölkəliyeva Nigar Adil qızı xx.xx.2015-ci il tarixdə bağçadan analıq məzuniyyətinə buraxıldı, onun yerinə müvəqqəti olaraq Xanlayeva (İsmayılova) Məmməd qızı müvəqqəti olaraq təyin edilsin. (Əsas Ölkəliyevanın xəstəlik vərəqəsi). 03 fevral 2020-ci il tarixli 1 nömrəli əmrdən görünür ki, Katex kənd 1 saylı körpələr evi uşaq bağçasının müvəqqəti işlə təmin olunmuş 1 b/qrupun xadimədayəsi İsmayılova (Xanlayeva) Əminə Məmməd qızının xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi bitdiyinə görə işinə xitam verilsin. (Əsas xx.xx.2015-ci il tarixli onunla bağlanmış əmək müqaviləsi). xx.xx.2019-cu il tarixli 16 nömrəli əmrdən görünür ki, Katex 1 saylı körpələr evi uşaq bağçasının müvəqqəti xadimə-dayəsi Xanlayeva Əminə Məmməd qızı xx.xx.2019-cu i tarixdən 27.Xİ-2019-cu il tarixə qədər 126 günlük müqavilə müddəti bitmədiyi üçün növbəti hamiləliyə, doğuma qədər və doğumdan sonrakı məzuniyyətə buraxılsın. (Əsas Xanlayevanın 986577 №li xəstəlik vərəqəsi). xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən Balakən rayon İcra Hakimiyyəti Başçısının Katex kənd icra nümayəndəliyi ilə işçi İddiaçı Məmməd qızı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Balakən rayon İcra Hakimiyyəti Başçısının Katex kənd icra nümayəndəliyi X13 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2020-ci il tarixli xxxxxxx0001X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya Sistemində qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, həmin müqavilə Balakən rayon İcra Hakimiyyəti başçısının Katex kənd İcra nümayəndəliyi ilə X7 arasında Balakən rayon Katex kənd 1 saylı uşaq bağçası körpələr evinə işə götürülməsi ilə əlaqədar bağlanmışdır. xx.xx.2016-cı il tarixli 54 nömrəli əmrdə göstərilmişdir ki, Xanlayeva Əminə Məmməd qızı Katex kənd 1 saylı körpələr evi uşaq bağçasının 1 böyük qrup əvəzedici xadimə dayəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi analıq məziyyətinə buraxılsın. 1 böyük qrupun daimi işlə təmin olunmuş əsas xadimə dayəsi xx.xx.2016cı il tarixdə öz işinə başlasın. 01 aprel 2017-ci il tarixli Balakən rayonu Katex kənd 1 saylı Körpələr evi-uşaq bağçasının 2 nömrəli əmrdən çıxarışdan görünür ki, Balakən rayonu Katex kənd 1 saylı Körpələr evi uşaq bağçasının əvəzedici xadimə dayəsi X7 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qismən ödənilən analıq məzuniyyətinə buraxılsın. (X1 ərizəsi) xx.xx.2017-ci il tarixli 21 nömrəli əmrdə göstərilmişdir ki, X8- Katex kənd 1 saylı körpələr evi uşaq bağçasının orta qrupun xadimə dayəsi (1 oklad işi) xx.xx.2017-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edilsin. Onun 1 oklad işinin 0.5 oklad işi kiçik qrup dayəsi Məmmədova Ayselə və 0.5 okladı isə texniki işçilərin məzuniyyət işinin əvəzedicisi X6 həvalə edilsin. xx.xx.2017-ci il tarixdən-xx.xx.2017-ci il tarixə kimi Məmmədova Ayselin işi 0.83 oklad müvəqqəti hesab edilsin. Məmmədova Günelin işi 0.5 oklad müvəqqəti hesab edilsin. xx.xx.2017-ci il tarixli 22 nömrəli əmrdə göstərilir ki, Məmmədova Aysel Məmməd qızı və X9 Katex kənd 1 saylı körpələr eviuşaq bağçasınınmüvəqqəti işi əvəz edən işçiləri xx.xx.2017-ci il tarixdən işdən azad edilsin. Onların əvəz etdiyi 1 oklad iş Rayon İcra Hakimiyyətindən göndərilən Əhmədova Aynur İmran qızına həvalə edilsin. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 fevral 2020-ci il tarixli Balakən rayon Katex kənd 1 saylı körpələr eviuşaq bağçasının1 nömrəli Əmrdən çıxarışda göstərilir ki, ki, Balakən rayonu Katex kənd 1 saylı uşaq bağçası körpələr evinin əvəzedici xadimə dayəsi İsmayılova (Xanlayeva) Əminə Məmməd qızı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinin müddəti bitdiyinə görə işinə xitam verilsin.(X2 ilə bağlanmış əmək müqaviləsi). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti 18 saylı Region üzrə X11 tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli ********** nömrəli məktubda göstərilmişdir ki, «Sizin Balakən rayonu Katex kənd 1 saylı körpələr evi uşaq bağçasında müddətsiz müqavilə əsasında işlə təmin edilməyinizlə bağlı X11 Xidmətinə ünvanladığınız təkrar müraciətinizə X11 Xidmətinin Qax regional ərazi şöbəsində baxılmışdır. Balakən rayon İcra Hakimiyyətinin Başçısının Katex kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Qax regional mərkəzinə ünvanladığı məktubdan və təqdim etdiyi sənədlərdən məlum oldu ki, Siz xx xxx 2015-ci il tarixdən etibarən Katex kənd 1 saylı uşaq bağçası-körpələr evində müddətli müqavilə əsasında əvəzçilik üzrə xadimə vəzifəsinə işə qəbul olunmuşunuz. xx xxxxxx 2016-cı il tarixdə siz hamiləliyə və doğuşa görə sosial məzuniyyət hüququndan istifadə etmisiniz. Həmçinin xx xxxxx 2017-ci il tarixdən ərizəniz əsasında qismən ödənişli sosial məzuniyyətə buraxılmısınız. Siz sosial məzuniyyətə çıxdıqda müddətsiz əmək müqaviləsi əsasında çalışan Nigar Ölkəliyeva öz işinə qayıtmışdır. xx xxxxxxx 2017-ci il tarixdə Nigar Ölkəliyeva öz ərizəsinə əsasən işdən azad edilmiş, xx xxxxxxx 2017-ci il tarixdə Əhmədova (Çuxova) Aynur İmran qızı müddətsiz əmək müqaviləsi əsasında həmin vəzifəyə işə qəbul edilmişdir. Sizinlə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən Sizə istifadə edilməmiş məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməmişdir. Bu səbəbdən işəgötürən Taralova X3 Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilmişdir.Qeyd olunanlarla razılaşmadığınız təqdirdə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır». Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2015-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Xanlayeva(İsmayılova) Əminə Məmməd qızı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Balakən rayon Katex kənd 1 saylı uşaq bağçası körpələr evində əmək müqaviləsi üzrə xadimə vəzifəsində işləmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının, onun nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Məmməd qızı xx xxx 2015-ci il tarixdə Balakən rayon Katex kənd 1 saylı uşaq bağçası körpələr evinin 50 nömrəli əmri ilə əvəzçilik üzrə xadimədayə işinə qəbul edilmişdir. xx xxxxxx 2016-cı il tarixdən o,xx.xx.2017-ci il tarixə kimi analıq məzuniyyətinə, xx xxxxx 2017-ci il tarixdə isə xx xxxxxx 2020-ci il tarixədək qismən ödənilən analıq məzuniyyətinə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə o öz ərizəsinə əsasən işinin icrasına başlamış, xx xxxxxx 2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı Məhəmməd qızı Balakən Rayon Katex kənd 1 saylı Körpələr evi uşaq bağçasının 03 fevral 2020-ci il tarixli 1 nömrəli əmri ilə əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən azad edilmişdir. İddiaçı 09 iyul 2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrindən və prinsiplərindən bəhs edən həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7-ci maddəsinin 2 və 2-1-ci bəndlərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179- cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən isə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73- cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Əmək Məcəllənin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, birinçi instansiya məhkəməsi işin hallarını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, İddiaçı Məmməd qızının Balakən rayon Katex kənd 1 saylı uşaq bağçası körpələr evinə müddətli əmək müqaviləsi ilə xadimə-dayə işinə qəbul edilməsini, müqavilə müddəti başa çatdıqdan sonra onun işinə xitam verilməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa,iddia müddətinin tətbiqi barədə cavabdehin nümayəndəsinin ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxx 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. Hazırkı işdə iddiaçının müvafiq subyektiv hüquqa malik olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulmamasını nəzərə alaraq hesab edir ki, iddia müddəti tətbiq oluna bilməz. Apellyasiya şikayətində və iddiaçı kollegiya iclasında verdiyi izahatında o, analıq məzuniyyətdə olan zaman əmək müqaviləsinə xitam verilməsi dəliləri ilə razılaşmayan kollegiya bununla baglı qeyd edir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə öz ərizəsinə əsasən işinin icrasına başlamış, Balakən Rayon Katex kənd 1 saylı Körpələr evi uşaq bağçasının 03 fevral 2020-ci il tarixli, 1 nömrəli əmri ilə əmək müqaviləsinin müddəti bitdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə prosesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək mülki iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər və ya qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-553/2020 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-553/2020 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-161/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-161/2021
15.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver