Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1611/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və cavabdehin vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iki uşaqla evə köçürülmə tələbinə dairBalakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-425/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun iki uşağı-X8 və X3 ilə birlikdə ünvan 1ində yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yaşadıqları evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) xx xxxx 2020-ci il tarixli, 2(019)- 425/2020 nömrəli qətnaməsi ilə iddiа təmin edilmiş, İddiaçı azyaşlı uşaqları-xx.xx.2009-cu ildə anadan olmuş X8 və xx.xx.2010-cu ildə anadan olmuş X3 ilə birlikdə Balakən rayonunun Sarıbulaq kəndində yerləşən Cavabdeh2 mülkiyyətində olan, ümumi sahəsi 90,90 kv/m olan fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, nikahlarını xx xxxxxx 2008-ci il tarixdə 08 sayla Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd icra nümayəndəliyində rəsmiləşdirməklə Sarıbulaq kənd sakini Cavabdeh1 ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2009-cu ildə X8 və xx.xx.2010-cu ildə isə X3 adında iki uşaqları olmuşdur. O, Ramazan ilə evlənərkən onun valideynləri Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə yaşadıqları Balakən rayonunun Sarıbulaq kəndində yerləşən evinə gəlin köçmüşdür. Cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Uşaqların hər ikisi həmin evdə yaşadıqları müddətdə dünyaya gəlmişdir. O, 2017-ci ilin iyul ayının sonuna kimi qeyd etdiyi evdə yaşamışdır. O və uşaqları həmin evdə qeydiyyatdadırlar. Cavabdeh1 və onun valideynləri ilə aralarında müntəzəm olaraq ailə münaqişələri olmuşdur. Buna görə də o Ramazandan ayrılaraq atası evinə getmək məcburiyyətində qalmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(019)-830/2019 saylı qətnaməsi ilə Cavabdeh1 ilə aralarında bağlanmış rəsmi nikah pozulmuş və uşaqların hər ikisinin onun yanında saxlanması qət edilmişdir. Hal-hazırda ona məxsus cehiz əşyaları mübahisəli evdədir. O, iki uşağı ilə Balakən rayonunun Gərəkli kəndində yerləşən atasına məxsus evdə yaşayır. Orada onun valideynləri və yaxın vaxtlarda ailə quracaq qardaşı yaşayırlar. Onun iki uşaqla orada yaşamağı çox çətindir. Uşaqlarını öz atası evində baxıb böyütmək istəyir. Dəfələrlə cavabdehlərdən tələb etsə də onlar onu və uşaqları evə buraxmırlar. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-425/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanında yerləşən 90.90 kvm-dən ibarət fərdi yaşayış evi tam, torpaq sahəsinin 2/6 hissəsi onun, torpaq sahəsinin 1/6 hissəsi Cavabdeh3, torpaq sahəsinin 1/6 hissəsi X5, torpaq sahəsinin 1/6 hissəsi oğlu Cavabdeh1, torpaq sahəsinin 1/6 hissəsi qızı X4 paylı mülkiyyətimizə verilmiş və qeyd edilən daşınmaz əmlaka reyestr nömrəsi **********76-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. İddiaçı xx.xx.2008-ci il tarixdə ona məxsus evə köçərkən ona evlərində uzun müddət yaşaması üçün razılıq verməmişdir. Qeyd etdiyi ev və onun yerləşdiyi torpaq sahəsi onun paylı mülkiyyətindədir. İddiaçı 2017-ci ildən atasına məxsus evdə yaşayır və onun yaşadığı ev onun evindən iki dəfə daha böyükdür. Eyni zamanda İddiaçı məhkəməyə iddia qaldıraraq onun evində saxladığı ona məxsus olan cehiz əşyalarının və onun dəyərinin ona verilməsi barədə iddia qaldırmışdır. Həmin işə məhkəmədə baxıldığı müddətdə İddiaçı onun evində olan ona məxsus əşyaları aparmışdır. Bu barədə Akt tərtib edilmişdir. Buradan da görünür ki, İddiaçı əsas yaşayış yeri onun atasının evidir. Odur ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-425/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxslər X10 və X9 heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun vəkili Vəkil apelyasiya şikayətinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-425/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPMin) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-425/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Sarıbulaq kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 207 nömrəli arayışdan görünür ki, X1 2008-ci ildə Sarıbulaq kənd sakini Cavabdeh1 ilə rəsmi olaraq evlənmiş və qayınatası Cavabdeh2 evinə gəlin köçmüşdür. Cavabdeh1 ilə birgə nikahlarından iki uşaqları (xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X3) dünyaya gəlmişdir. X1 2017-ci ilə qədər həmin evdə yaşamış, 2017-ci ilin iyul ayında ailədə yaranmış mübahisələrlə əlaqədar hər iki uşağı ilə birgə Balakən rayonu Gərəkli kəndində yerləşən atası evinə qayıtmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-T seriyalı 084091 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh1, anası X1 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 565807 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş, atası Cavabdeh1, anası X1 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.2499 ha həyətyanı torpaq sahəsi və orada inşa olunmuş ümumi sahəsi 90,90 kv/m fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin 2/6 hissəsi və fərdi yaşayış evi tam Cavabdeh2, torpaq sahəsinin 1/6 hissəsi Cavabdeh1,1/6 hissəsi Cavabdeh3, 1/6 hissəsi X6 və 1/6 hissəsi X4 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun iki uşağı-X8 və X3 ilə birlikdə ünvan 1ində yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yaşadıqları evə köçürülməsi barədə qətnamə çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında hüquq münasibətləri yaranarkən və iddiaçı həmin evdə yaşadığı müddətdə mübahisəli yaşayış evinin heç kimin mülkiyyətində olmamasını, iddiaçının cavabdehlər tərəfindən heç bir qeyd şərt olmadan həmin evə köçürülməsini, iddiaçının cavabdehlərlə birgə təsərrüfat aparmasını, iddiaçının hazırda da daimi yaşayış yerinin həmin ev olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı azyaşlı uşaqları-xx.xx.2009-cu ildə anadan olmuş X8 və xx.xx.2010-cu ildə anadan olmuş X3 ilə birlikdə Balakən rayonunun Sarıbulaq kəndində yerləşən Cavabdeh2 mülkiyyətində olan, ümumi sahəsi 90,90 kv/m olan fərdi yaşayış evinə köçürülməlidirlər. Apelyasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, iddiaçı mübahisəli evə köçürülə bilməz. Apelyasiya tələbi ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Öyrənilən işdən bəlli olur ki, mübahisəli hüquq münasibəti iddiaçının Balakən rayonu, Sarıbulaq kəndində yerləşən mübahisə predmeti olan yаşаyış evinə köçdüyü vaxtda, yəni 2008-ci ildə (rəsmi nikaha daxil olduğu vaxtdan) yaranmışdır. Eyni zamanda o da qeyd olunmalıdır ki, iddiаçının istifаdə hüququ tələb etdiyi ünvan 1ində yerləşən yаşаyış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdən, yəni iddiaçının həmin evə köçdüyü 2008-ci ildən yəni rəsmi nikaha daxil olduğu vaxtdan xx xxxxx 2019-cu tarixə kimi rəsmi olaraq dövlət reyestrində qeydiyyatda olmasa da sözügedən ev cavabdehlərdən Cavabdeh2 (iddiaçının qayınatası) sahibliyində və istifadəsində olmuş, xx xxxxx 2019-cu tarixə də mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasnda cavabdehlərdən Cavabdeh2 adına qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2014-cü il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Həmçinin, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228-ci mаddəsinin və Mənzil Məcəlləsinin (1982-ci il redаksiyаsı) 123-cü mаddəsinin birinci hissəsinin şərh edilməsinə dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin xx xxxx 2001-ci il tаrixli qərаrınа əsаsən, 2000-ci ilin sentyаbr аyının 1-dən sоnrа yаşаyış evindən (mənzildən) istifаdə edilməsi ilə əlаqədаr yаrаnаn hüquq münаsibətləri ilə bаğlı mübаhisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci mаddələrinin qаydаlаrınа uyğun, bu tаrixədək yаrаnmış hüquq münаsibətləri ilə bаğlı mübаhisələr isə Mənzil Məcəlləsinin (1982-ci il redаksiyаsı) 123-cü mаddəsinin qаydаlаrınа uyğun həll edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə daşınmaz əmlakın dövlət reyestrində rəsmi olaraq qeydiyyatdan keçməmiş evdən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar mövcud olmasa da, MM-in 11.5-ci mаddəsinə əsаsən mülki hüquq münаsibətlərini tənzimləyən hüquq nоrmаsının оlmаmаsı və yа оnun qeyri müəyyənliyi məhkəmənin mülki işə bаxmаqdаn imtinа etməsinə əsаs verə bilməz. Belə ki, MM-in 11.1-ci mаddəsinə əsаsən mülki hüquq münаsibətləri mülki qаnunvericiliklə və yа tərəflərin rаzılаşmаsı ilə birbаşа tənzimlənmədikdə və оnlаrа tətbiq edilə bilən işgüzаr аdət оlmаdıqdа həmin münаsibətlərə, əgər bu оnlаrın mаhiyyətinə zidd deyildirsə, оxşаr münаsibətləri tənzimləyən mülki qаnunvericilik nоrmаlаrı tətbiq edilir. Belə ki, işin halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan ev iddiaçı həmin evə köçməmişdən əvvəl Cavabdeh2 tərəfindən inşa edilməklə onun sahibliyində və istifadəsində olduğundan onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi və məhz bu huquqa istinadən onun xüsusi mülkiyyət hüququ reyestrdə qeydə alınaraq, onun mülkiyyətinə keçmişdir. Ona görə də bu münasibətlərə analogiya üzrə dövlət mənzil fonduna aid münasibətləri tənzimləyən normalar deyil, xüsusi mülkiyyətdə olan mənzillərdən istifadə hüququnun əldə edilməsi ilə bağlı münasibətləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməli idi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mübahisə həm «Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 228-ci mаddəsinin və Mənzil Məcəlləsinin (1982-ci il redаksiyаsı) 123-cü mаddəsinin birinci hissəsinin şərh edilməsinə dаir» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin xx xxxx 2001-ci il tаrixli Qərаrınа, həm də Mülki Məcəllənin 11-ci maddəsinə əsasən qanunun analogiyası üzrə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci mаddələrinin tələbləri tətbiq olunmaqla həll olunmalıdır. MM-in 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-in 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qeyd edilən Plenum qərarının tələbləri baxımından sübutlara müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, cavabdehlərin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməyərək gəldiyi nəticəni qanunauyğun əsaslandırmamışdır. Ona görə də iddia təmin edilə bilməz. MPM-in 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-425/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. Qeyd olunanlarla yanaşı, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsində isə göstərilir ki, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-425/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməsin. İddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu ona aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1611/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1611/2020
12.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver