Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1613/2020 03.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, maraqlı şəxs X3 iştiraklı ilə, Ərizəçi mirasın qəbulu müddətinin bərpa edilməsi tələbinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(033)-359/2020 nömrəli qətnaməsindən iş üzrə ərizəçilər Ərizəçi, X4, X10 və X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(033)-359/2020 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) Ərizəçi xx xxxxxx 2014-cü ildə vəfat etmiş anası X1 miras qalmış X14 küçəsi 33 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. İşin halları Ərizəçi məhkəməyə müraciət edərək bildirmişdir ki, anası X9 xx xxxxxx 2014-cü ildə vəfat etmiş, anasına məxsus X14 küçəsi 33 saylı ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. O , mərhum anasından miras qalmış mirasa vərəsəlik hüququ haqında şəhadətnamə almaq üçün Zaqatla rayon Notariat Ofisinə müraciət etmişdir. Notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edərək bildirmişdir ki, mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüş və müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görmüşdür. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Qətnаmədən nаrаzı qalan ərizəçilər Ərizəçi, X4, X10 və X5 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçilər Ərizəçi, X4, X10 və X5 qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli 2(033)-359 2020 saylı qətnaməsi ilə xx xxxxxx 2014-cü ildə vəfat etmiş anaları X1 miras qalmış X14 küçəsi 33 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin bərpa edilməsinə dair tələbləri təmin olunmamışdır. Tələblərinin təmin olunmaması qəti olaraq düzgün deyil və qanunaziddir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)- 359/2020 saylı qətnaməsini ləğv edərək, ərizəsinin təmin edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçilər Ərizəçi, X4, X10 və X5 ,maraqlı şəxs X16 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X13 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-359/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, ərizəçilər Ərizəçi, X4, X10 və X5 apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-359/2020 nömrəliqətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında “xxxxxxx” MMC-in xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, X7 ilə X6 xx xxx 1961-ci ildə nikahlarını bağlamışlar. Birgə nikahdan onların 1962-ci ildə X17, 1964- cü ildə X4, 1967-ci ildə Ərizəçi, 1968-ci ildə Quliyev X11, 1971-ci ildə X10, 1973-cü ildə X8 və 1976-cı ildə X5 doğulmuşdur. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 2015- ci ildə vəfat etmişdir. İş materiallarında olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2014-cü ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in ******* nömrəli Seriya MA olan çıxarışın surətindən görünür ki, ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına qeydə alınmışdır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən ərizəni təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə MM-in) 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-in 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İstinad edilmiş qanunvericilik normalarının məzmunundan göründüyü kimi qanunverci mirasın qəbulunu iki qaydada, yəni vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması ilə müəyyən etmişdir. Həmçinin, yuxarıda istinad edilmiş mülki qanunverciyiə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Eləcədə, yuxarıda iqtibas edilmiş normaya görə həmin norma (MM-1248.1-ci maddəsi) mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpasını deyil, məhkəmənin gecikdirmənin səbəbini üzrlü saydığı halda uzada bilməsini ehtiva edir. Halbuki, öyrənilən işdən bəlli olur ki, ərizəçinin anasının ölümündən beş ildən artıq vaxt keçmişdir. Belə olan halda isə məhkəmə kollegiyası ərizəçinin tələbi ilə razılaşmır və bu fikrdədir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə kollegiyası ərizəçilərə izah etmək istəyir ki, əgər onlar həqiqətən sözügedən mirasa yiyəlik edirlərsə, bu mirası faktiki qəbul etmilərsə, onda mirasın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edə bilərlər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamə qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün MPM-in 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlar əsasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-359/2020 saylı qətnaməsi ərizəçilər Ərizəçi, X4, X10 və X5 ,maraqlı şəxs X12 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçilər Ərizəçi, X4, X10 və X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-359/2020 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1613/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1613/2020
03.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver