Məhkəmə qərarları › İş №2(107)-1619/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1619/2021

23.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1619/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəbələ X1rşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- əmrin ləğv edilməsi, işə bərpa olunma tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdeh Qəbələ Regional X7nin nümayəndəsi X6 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-708/2021 saylı, 24 may 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Qəbələ X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 və Bərpası Müəssisəsinin 14 avqust 2017-ci il tarixli 30/k saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 05 iyun 2017-ci il tarixdə X11 və Bərpası Müəssisəsinin 55/k nömrəli əmrinə əsasən X11 və X3 meşəbəyiliyinin 1a saylı dolayına 3 (üç) ay sınaq müddətinə meşə gözətçisi işinə təyin olunmuşdur. Həmin əmrlə dolayın təhvil-qəbul işlərinin aparılması üçün yaradılmış komissiyaya 10 (on) gün vaxt verilmişdir. Lakin müəyyən səbəblərdən 1a saylı dolay ona təhvil verilməmişdir. Belə ki, həmin vaxtlarda Nazirlik tərəfindən çox sayda yoxlamalar keçirilmiş, bir müddət sonra müəssisənin direktoru işdən azad edilmişdir. Yeni təyin olunmuş direktor onun işdən azad olunmağı barədə əmr imzalamışdır. Lakin həmin əmr ona təqdim edilməmişdir. Bir müddətdən sonra X11 və Bərpası Müəssisəsi ona qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(054)-418/2018 nömrəli qətnaməsi ilə X11 və Bərpası Müəssisəsinin ona qarşı maddi ziyan tələbinə dair iddiası rədd edilmişdir. Oğuz Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(054)-418/2018 nömrəli qətnaməsindən iş üzrə iddiaçı X11 və Bərpası Müəssisəsi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(107)- 104/2019 qətnaməsi ilə iş üzrə iddiaçı X11 və Bərpası Müəssisəsinin apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(054)-418/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu yaxınlarda işə düzəlmək üçün müraciət edəndə ona məlum olmuşdur ki, X11 və Bərpası Müəssisəsi hələ sınaq müddəti başa çatmamış, 14 avqust 2017-ci il tarixli 30/k saylı əmrlə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad etmişdir. Hesab edir ki, mübahisələndirilən əmr qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Azərbaycan Respublikası Ekologiya və X4 13 iyun 2018-ci il tarixli əmri ilə X11 və Bərpası Müəssisəsi və X8 və Bərpası Müəssisəsi birləşdirilmiş və Qəbələ Regional X7 yaradılmışdır. X5 X7 X11 və Bərpası Müəssisəsinin hüquq varisi kimi tanınmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl o, cavabdehdən həmin əmrin və digər sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərini almışdır. Ona təqdim olunmuş əmrdən çıxarışdan da göründüyü kimi, X11 və Bərpası Müəssisəsinin direktoru heç bir qanuni əsas olmadan həmin əmri imzalamışdır. Həmin əmr imzalanarkən onunla bağlanmış əmək müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək müqaviləsinə xitam verilməsi qaydaları haqqındakı maddələrinin tələbləri pozulmuşdur. Həmin əmri qanunsuz və əsassız hesab edir, ona görə də ləğv olunması xahişi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2(025)-708/2021 saylı, 24 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim E.İsayev) İddiaçı cavabdeh Qəbələ X1rşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 05 iyun 2017-ci il tarixli 55\k saylı əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən Oğuz meşəbəyliyinin 1 saylı meşə dolayısına 3 ay sınaq müddətinə meşə gözətçisi vəzifəsinə təyin edilmiş, həmin tarixdə müəssisə direktoru və iddiaçı arasında sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Müəssisə direktorunun 14.08.2017-ci il tarixli 30\k saylı Əmri ilə Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Buna əsas olaraq Oğuz meşəbəylinin 1a saylı meşə dolayında aparılan yoxlama zamanı 2326.61 manat məbləğində, 263.74 kub.metr həcmində özbaşına qırıntıya yol verildiyi aşkar edilməsi nəticəsində Həmkarlar ittifaqı Komitəsinin 04.08.2017-ci il tarixli 07 saylı protokol göstərilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı 14.08.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, iddia müddətini ötürərək, yalnız 21.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 21.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.2, 296.1, 296.2-ci hissəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsi İddiaçı iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Belə ki, onun şikayətinin, iş üzrə verdiyi izahatların və irəli sürdüyü dəlillərin, o cümlədən şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını onun qanunsuz olaraq sınaq müddətində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmağı təşkil edir. Qəbələ Rayon Məhkəməsi nəinki mübahisələndirilən əmrin qanunsuz olmasına hüquqi qiymət verməmiş, təqdim etdiyi sübutları tam və hərtərəfli araşdırmamış, qiymətləndirməmiş, işə qəbul olunduğu və işdən azad olunduğu tarixləri müəyyənləşdirməmiş, əksinə qətnamənin qəbul olunması üçün əsas kimi qeyd edilmiş dəlilləri onun iddia müddətini ötürməyi kimi qiymətləndirərək, dəqiq araşdırma aparmadan, qanun və normativ aktları səhv təfsir edərək hazırda şikayət etdiyi qanunsuz və əsassız qətnaməni qəbul etmişdir. Cavabdehə müraciəti zamanı və iddia ərizəsində o mübahisələndirilən əmrin surətini bu günlərdə aldığını qeyd etsə də məhkəmə ümumiyyətlə bu halları da nəzərə almamışdır. Hansı səbəbdənsə məhkəmə cavabdehin 08 aprel 2021-ci il tarixli 228 nömrəli məktubuna da münasibət bildirməmişdir. Bildirir ki, onun məhkəməyə təqdim etdiyi Şəki Apellyasiya Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2(107)-104/2019 nömrəli qanuni qüvvəsini almış qətnaməsinin "İş materiallarına əlavə edilmiş sənədlər"in siyahısından da göründüyü kimi iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən əmrin tarixi bir ay geri çəkilərək 05 may 2017ci il tarixli əmr kimi qeyd edilmişdir. Oğuz Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(054)-418/2018 nömrəli qətnaməsində də eynilə mübahisələndirilən əmrin tarixi iş üzrə iddiaçı tərəfindən bilərəkdən uzadılaraq əmrin əsaslı olması görüntüsü yaratmağa çalışılmışdır. Qeyd edilənləri o bu yaxınlarda bilmiş və dərhal cavabdehə müraciət etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh sınaq müddətinin bitdiyi görüntüsünü yaratmaq üçün əmrin tarixini 05 iyun 2017-ci il əvəzinə 05 may 2017-ci il kimi göstərmişdir. Bundan başqa cavabdeh onun işdən azad olunmağı barədə 14 avqust 2017ci il tarixli 30/k saylı əmri də ona bilərəkdən göndərməmişdir. Onun müraciətindən sonra 08 aprel 2021-ci il tarixli 228 nömrəli məktubla mübahisələndirilən əmr, əmək müqaviləsi və işə qəbul olunmağı barədə olan əmr ona göndərilmişdir. Göründüyü kimi o Qəbələ Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(025)-708/2021 nömrəli qətnaməsini poçt vasitəsi ilə rəsmi qaydada 04 iyun 2021-ci il tarixdə almış və məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Əlavə olaraq onu da qeyd edir ki, cavabdeh qanunda nəzərdə tutulan 3 (üç) gün əvvəldən xəbərdarlıq müddətinə də əməl etməmişdir. Qeyd olunanları nəzərə alaraq, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 708/2021 saylı, 24 may 2021-ci il tаrixli qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin 2(025)-708/2021 saylı, 24 may 2021ci il tаrixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qəbələ Regional X7nin nümayəndəsi X9 qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 2(025)-708/2021 saylı, 24 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-708/2021 saylı, 24 may 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 05 iyun 2017-ci il tarixli 55\k saylı əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən Oğuz meşəbəyliyinin 1 saylı meşə dolayısına 3 ay sınaq müddətinə meşə gözətçisi vəzifəsinə təyin edilmiş, həmin tarixdə müəssisə direktoru və iddiaçı arasında sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Müəssisə direktorunun 14.08.2017-ci il tarixli 30\k saylı Əmri ilə Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Buna əsas olaraq Oğuz meşəbəylinin 1a saylı meşə dolayında aparılan yoxlama zamanı 2326.61 manat məbləğində, 263.74 kub.metr həcmində özbaşına qırıntıya yol verildiyi aşkar edilməsi nəticəsində Həmkarlar ittifaqı Komitəsinin 04.08.2017-ci il tarixli 07 saylı protokol göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 05.03.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı işdən azad olunmasını bilmiş, ancaq bununla bağlı məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdür. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həlli zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bundan başqa, əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığının müəyyən edilməsi üçün araşdırma aparılması prosessual qənaət prinsipinə uyğun deyil. İddia müddətinin keçməsinə görə hüququn müdafiəsinin heç bir halda mümkün olmayacağı qabaqcadan görünürsə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparılmasına zərurət yoxdur. Nəzərə alınmalıdır ki, belə araşdırmaya işdə iştirak edən şəxslər vaxt və məsrəf sərf edirlər, onlar bu vaxt və məsrəfləri məhkəmənin araşdırma aparması üçün deyil, hüququn müdafiə edilib-edilməyəcəyi barədə qərar qəbul etməsi üçün sərf etməlidir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələr iradə ifadə etmək üçün verilir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi 1-ci instansiya məhkəməsində izahat verərkən bildirmişdir ki, iddianı qəbul etmir, çünki iddiaçı iddia müddətini buraxıb. Belə məzmunlu izahat “iddia müddətinin tətbiqi barədə ərizə” kimi qiymətləndirilir. Çünki, qanunda ərizənin mütləq yazılı formada verilməsi qeyd olunmayıb, əsas, iradənin ifadəsidir, çünki məhkəmə öz təşəbbüsü ilə iddia müddəti tətbiq edə bilməz. Cavabdeh iddia müddəti barədə iradəsini izahatında bildirib, həmin izahat məhkəmə iclas protokoluna yazılıb. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qıldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiq edilməsini xahiş edib. Beləliklə, məhkəmə kollegiyası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin göstərişinə əsasanaraq hesab edir ki, iddia müddəti keçdiyindən, iddia müddətinin bərpası üçün əsas olmadığından və cavabdeh iddia müddətinin tətbiqi edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 2(025)-708/2021 saylı, 24 may 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-708/2021 saylı, 24 may 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar