Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1641/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Cavabdeh5 Bəniyaz oğlunun iştirakı ilə İddiaçı cavabdehlər X2, Seyidova (Müzəffərova) Simuzər Mirrzalı qızı, Cavabdeh3 Bəniyaz oğlu, Cavabdeh4 Bəniyaz oğlu və Cavabdeh5 Bəniyaz oğluna qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq geri qaytarılması (təhvil verilməsi), vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 iyun 2021- ci il tarixli, 2(025)-1/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı, cavabdeh X1 vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Seyidova (Müzəffərova) Simuzər Mirrzalı qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ona geri qaytarılması (təhvil verilməsi), vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.Mülkiyyət hüququ ilə ona (İddiaçı) məxsus olan, Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsinə aid olan daş hasarın sökülməsi səbəbindən mülkiyyət hüququnun pozulması ilə müşaiyət olunan və cavabdehlər tərəfindən davam etdirilən qanunsuz əməllərə son qoyulması, 2. Mülkiyyət hüququ ilə ona (İddiaçı) məxsus olan, Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsinə aid olan daş hasarın sökülməsi ilə vurulmuş 10 000 (on min) manat məbləğində maddi ziyanın və 20 000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi, 3. Mülkiyyət hüququ ilə ona (İddiaçı) məxsus olan, Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş hər hansı bir özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin və daş hasarın əvvəlki vəziyyətinə gətirilərək bərpa edilməsi və əvvəlcədən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 09.04.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəmə ərizə təqdim edərək bu ərizənin mülki işə əlavə edilməklə, İddiaçı cavabdehlərə qarşı verdiyi iddia tələbinin müddəalarının dəyişdirilmədən qüvvədə saxlanılması və əlavə olaraq mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsinə aid olan daş hasarın sökülməsi səbəbindən həmin torpaq sahəsində yerləşən digər tikililərin sökülməsinə görə 15 000 (on beş min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 01 iyun 2021-ci il tarixli, 2(025)-1/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsinin 33 kv.metr hissəsinə (Azərbaycan Respublikası “X3” MMC tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq) cavabdehlərin istifadəsinə son qoyulması, torpaq sahəsi və sökülmüş daş hasarın əvvəlki vəziyyətinə gətirilərək bərpa edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi Ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Seyidova (Müzəffərova) Simuzər Mirrzalı qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq “X3” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı, cavabdeh X1 vəkili Vəkil2 apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 Bəniyaz oğlu izahat verərək bildirmişdir ki, iddaçı ilə aralarında olan mübahisəni artıq qarşılıqlı razılaşma yolu ilə həll etmişlər. Bu səbəbdən də iddiaçı iddiadan imtina etmişdir. Ona görə də iddiaçının iddiadan imtina etməsinə etiraz etmir və Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı 13.10.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbindən imtina etdiyini və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən İddiaçı iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 47-ci və 52.1-ci. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və nümayəndəsi X4 iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Qəbələ Rayon Məhkəməsinin 01 iyun 2021- ci il tarixli, 2(025)-1/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası cavabdeh X1 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, İddiaçı və nümayəndəsi X6 iddiadan imtina etdiyindən və həmin imtina məhkəmə tərəfindən qəbul edildiyindən, artıq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurəti qalmamışdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdehlər X2, Seyidova (Müzəffərova) Simuzər Mirrzalı qızı, Cavabdeh3 Bəniyaz oğlu, Cavabdeh4 Bəniyaz oğlu və Cavabdeh5 Bəniyaz oğluna qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq geri qaytarılması (təhvil verilməsi), vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 iyun 2021- ci il tarixli, 2(025)-1/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1641/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1641/2021
19.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver